Güldən ağır söz

Güldən ağır söz
18 fevral 2015
# 17:28

Şair Elşən Əzimin şeirləri haqqında

Elşən Əzimin şeir sevənlər ilə təması da özünəməxsusdur. “Haçansa bir şirin şeir yazmışam, Dişində onunmu şirəsi qalıb” sualı ilə açıq-aşkar fikir mübadiləsinə hazır olduğunu nümayiş etdirir.

Oxuculardan biri kimi deyə bilərəm ki, səndən nə gizlədim, bu belədir. Sən, şeirləri dişimizin dibində şirə qoyan şairlərdənsən. Niyəsi də odur ki, özün hər şeyi səmimi etiraf edirsən: “Şeirimdən bir edam kötüyü yonub, Vurdular boynumu sözümün üstə”. Elə hər şey sözünün üstündə olduğu üçün həmkarlarının yanında söz altında qalmağı özünə yaxın buraxmadın. Çünki kimin nəyi, necə yazdığına da yaxşı bələdsən. “Əli qələm tutmur ha, Qələm əlindən tutub, Şeir yazmaq öyrədir”. Maraqlı taktikadır, “qələm əlindən tutub” misrasını iki tərəfə çəkə bilərik. Bir tərəfi odur ki, qələm özünü sənin əlində yaxşı hiss edir, sənin şeir yazmağından məmnundur. Digər tərəfdən, qələmin əlindən tutmağı məcazi məna da daşıyır. Yəni, qələmi əlində bir alət edib maddi vəziyyətini tənzimləyənlərə işarə edərək konkret sözünü də çatdırırsan: “Kəsişməz sən gedən yolla, Sinəmin söz küçələri”.

Elşən Əzimin poeziyası ümumi cəhətləriylə birgə xüsusiliyi ilə də seçilir. O da hamı kimi öz yaradıcılığında şifahi xalq ədəbiyyatından yetərincə bəhrələnib. Lakin fikri ifadə formasına görə tamamilə orijinal yol seçib. Onun “İt hürən tərəfin nağılı”, “Susmaq qızıldırsa” və s. kimi şeirləri başdan-başa folklora istinadən qələmə alınıb. Lakin ənənəvi mövzularda novatorluq iddiasını təsdiqləyə bilib. Bunu istənilən şeirindən gətirdiyimiz nümunə ilə sübut edə bilərik:

Hər nağılın göy üzündən

Üç alma düşən vaxtı var.

İki başın bir qazanda,

Qaynayıb bişən vaxtı var.

Bəndin ilk misraları nağılların sonluğuna istinadən yazılıb. Nağılların söylənilib bitdiyinin çox şahidi olmuşuq, amma göylərdən almanın düşməyəcəyinə də əminik. Maraqlısı budur ki, həmin janrda alma niyə məhz göy üzündən düşür, bəyəm əcdadlarımız ağacdan üç alma düşdü deyə bilməzdilərmi?! Bəlkə də, belə olsaydı uşaqlar elə körpəlikdən həqiqəti eşitməyə vərdiş edərdilər.

Elşən Əzimin şeirlərinin maraqlı cəhətlərindən biri də odur ki, o, xalq dilində olan deyimlərə özünəməxsus nəfəs verir. “Başıma çoxdan kül olub, Gözümə də kül üfürmə” və ya “İsrafil çalmazdan öncə qamışı, Dünyanın boyuna ölçür deyəsən” misralarında başına kül olmaq, gözünə kül üfürmək, boyuna qamış ölçmək frazemləri xalq danışıq dilindən götürülmüşdür.

Gözümdən su içən kədər,

Heç su içmir gözüm səndən.

Hara baxdım sən göründün,

Dönən deyil üzüm səndən.

Bu bənddə də məcazi mənalı deyimlər poetik yükə malikdir. İlk misralarda maraqlı bir qarşılaşdırma edilmişdir. Kədərin susuzluqdan ciyəri yananda yalnız göz yaşıyla gözünün qurdunu öldürür. Məhz buna görə də, şairin kədərdən gözü su içmir, ona şübhəylə yanaşır. Bu şübhələrə rəğmən ondan üzü dönməyəcəyinə əmindir. Səbəbini də açıqlayır ki, üzümü döndərməyə bir tərəf qalmayıb, hara baxıramsa sən görünürsən. Bir dəfə təsadüfən gözü ağaca sataşmışdı: “Bir ağac görmüşdüm, elə bilirdim, Mələk qanadından yaz düşüb yerə. Soruşdum kim əkib? Dedilər heç kim, Qarğa dimdiyindən qoz düşüb yerə”. Nümunədə “qarğa dimdiyindən qoz düşər” ifadəsi xatırladılıb.

Ayrı bir şeirində poeziya üçün tamam yad olan sözün çox mükəmməl cinas yaratdığını görürük. “Divarı, bəlkə də, ahım qurudub, Çiçək şəkilləri oboyda solub. Sağ olmuş taleyim elə yarıdıb, Pöhrə arzularım o boyda solub”. İlk misralarda qüvvətli mübaliğədən istifadə edilmişdir. Necə ah çəkibsə, nəinki divar quruyub, hətta üzərinə yapışdırılmış oboyun üstündəki çiçəklər də solub. “Pambıq da əlimdən düşsə, Daş olur ayağımacan” misraları da mübaliğəlidir. Öz əlindən düşən pambıq öz ayağına çatana qədər daşa çevrilir. Öz əli və öz ayağı bir-biri ilə təzad yaradır. Misraların davamı da maraqlıdır: “Qələm də sözümü çalır, Gözümdən varağımacan”. Qələmin sözümü çalmağı iki məna verə bilər, bir odur ki, mən nə deyirəmsə, qələm də onu ifa edir, onu çalır. Bir də qələm də sözümü oğurlayır, məndən söz alır mənasında.

Bu dünya qocalıb vaxtı yetişib,

Bu dünya bəzəkli şar kimi şişib.

Nə vaxtsa Allahın gözündən düşüb,

İndi ha fırlanır yerini tapmır.

Dünyanın bəzəkli şar kimi şişirdilməsi məcaziliyi ilə yanaşı həqiqəti də əks etdirir, yəni həqiqi mənada yer kürə formalıdır. Üçüncü misrada isə Allahın gözündən düşüb ifadəsi də bir neçə cür anlaşıla bilər. Həm Allahın gözündən yerə düşüb, Yer planeti yaranıb, həm də məcazi mənada Allahın gözündə öz dünyəviliyini itirib mənasını verir. Son misrada isə bədii və coğrafi qarşıdurma yaradılıb. Əslində yer öz oxu ətrafında fırlanır, şair isə ona məcazi fon verib. Bu cür taktika onun şeirlərinin özəyidir demək olar. “Bu közün işartısına, Bir körpənin gözü düşür” nümunəsindən də bunu sezmək olar. Gözü düşür həm xoşuna gəlir anlamı verir, həm də ölçüsü uyğun gəlir mənasına yaxınlaşır. Yəni bir közün ölçüsü bir körpənin gözü boydadır. Şairin satirik çalar qatdığı şeirlərində də müxtəlif yozumlu mənalandırmaya can atıldığını görmək olar. “Qal kürsüdə, qal masada, Yağ masada, bal masada, Adamlığın olmasa da, Adamın varsa adamsan”. Elşən Əzim hətta bir çox tarixi proseslərə də öz baxış bucağından qiymət verib.

Yorğun gözlərimin yuxusu çindi,

Yenə yada düşdün, qəlbim uçundu.

Bir incə çiçəyə qonmaq üçündü,

Bir arı zəhməti, bir pətək ömrü.

Bənddəki qafiyələndirilmiş sözlərin seçimi heyrət doğurur. “Aşiqlər bir eşqin övladlarıdır, Göz gözə sataşan kimi qan çəkir”. İlk misra iqrari hökm kimi qəbul olunandır. İkinci sətirdə isə fikirlər haçalanır. Göz gözə sataşır-qan çəkir, yəni sataşanda qan düşür. Həm də eyni eşqin övladları eyni qanı daşıyırlar. “Qan çəkir” ifadəsi dilimizdə qohumluq anlamına gələn mənada da işlənir. “Bölünmüşəm, həsrətini, Param çəkməz, param çəkər” misraları isə param-parça olmağın zirvə nöqtəsidir. “Sonra da qış gəldi özündən razı, Gəlib bir balaca üşütdü məni. Təbiət vaxtında gətirdi yazı, Nə bilim, bəlkə də, eşitdi məni”. Digər bəndində isə “Xəyalım silindi göydən iz kimi, Çünki dalğalandı göy dəniz kimi. Göy donu tərpəndi göy dəniz kimi, Yeddi rəng içində göy nədi bildim” qafiyələnməsində yepyeni bir cinasla tanış oluruq. Lakin ən maraqlısı odur ki, sonucda Göyün nə olduğu məlum olur. O, həm təbiəti, həm səmanı, həm də türklüyü ifadə edir. Elşən Əzimin şeirlərinin dərinliklərinə vardıqca öz aləminə düşürsən, özün-özünə gəlirsən və onun ən ağır sözü olmaq istəyirsən.

Çəkdiyim bəsimdi, az deyərəmmi?

Elşənə tab gətir, döz deyərəmmi?

Sənə güldən ağır söz deyərəmmi?

Sənə sözdən ağır gül tapa bilsəm.

# 2595 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #