Ginekoloqdakı gəlin və qaynana

Ginekoloqdakı gəlin və qaynana
9 fevral 2015
# 14:00

Onlar

Onlarla tez-tez rastlaşıram. Avtobuslarda, xəstəxanalara yaxın dayanacaqlarda, müxtəlif poliklinikalarda. Üzlərindəki ümidsizlik ifadəsi də üst-başları kimi nimdaş olur.

Bəziləri kəndlərdən elə birbaşa xəstəxanaya gəlirlər. Bəziləri paytaxtı birinci dəfə elə palatanın pəncərəsindən görürlər.

Onların yaddaşında Bakı naməlum küçələrdən və dərman qoxulu xəstəxana dəhlizlərindən ibarət olur. Yadlarında da həmişəlik bu şəkildə qalır.

Bu dəfə onları özəl klinikaların birində gördüm. Üç nəfər idilər; gənc ər-arvad, bir də ana. Nəzərimi gəlinin geyimi cəlb eləmişdi.

Gəlin

Əslində, ona gəlin deməyə adamın dili də gəlmirdi, yaşı on səkkizdən, uzağı on doqquzdan artıq olmayan çəlimsiz bir uşaqdı. Amma hiss olunurdu ki, artıq bir neçə ildi ailə qurub. Üzündəki daş kimi donuq, yanındakı yaşlı qadından fərqlənməyən solğun ifadə onu canlı insandan çox, heykələ bənzədirdi.

Və bu “uşaq” qışın ortasında nazik parçadan qollu bir don, onun da üstündən qolsuz gödəkçə geyinmişdi. Paradoks yaradan, nəzəri cəlb edən isə bu geyimin aksessuarları idi. Əgər bunlara aksessuar demək mümkündüsə.

O, düz bir ovuc qızıl taxmışdı. Donun qolunun üstündən qızıl qolbaq, gödəkçənin üstündən boyunbağı, iri sırğalar və əlin hər iki barmağında üzüklər. Hamısı da qızıl.

Məsələdən hali olmayanlar onu zövqsüzlükdə, görməmişlikdə suçlaya bilərlər. Hal əhli isə yaxşı bilir ki, əsl səbəb bunların heç biri deyil. Bu “uşağ”ın öz yaşına, zövqünə, geyiminə, nə bilim istəyinə uyğun bjüteriya alıb taxması mümkün deyildi. Ona düşmən gözü çıxaran bir ovuc qızıl alınmışdı və onları adam arasına çıxanda nümayiş etdirmək tələb olunurdu. Üstəgəl onları bəlkə də birinci dəfə gəldiyi Bakıya da taxmayıb, hara taxacaqdı ki.

Bu durumda o gəlin ərinin ailəsinin sərvətini, zövqünü podiuma çıxaran maneken funksiyası daşıyırdı. Bu qızıllar onun gödəkcəsinin olmayan qoluydu, saçının pozulmuş sığalıydı, baxışlarının itmiş işığıydı, nə bilim, üzündə qocalıb daşlaşmış uşaqlığıydı. Yəni, bütün bunların hamısını əvəz etmək vəzifəsində çıxış edirdi.

Bu daş-qaş onun deyildi, ailənin ümumi büdcəsinə daxildi. Ağır günün gərəyiydi. Onlardan birini satıb, məsələn, özünə bir gödəkcə ala bilməzdi. Bəlkə baldızının əməliyyatına, bəlkə qaynının əsgərliyinə lazım olacaqdı. Bəlkə gələcəkdə öz evi üçün sərmayə rolunu oynayacaqdı. Ən yaxşı halda o bu qızılları öz gəlininə hədiyyə edəcəkdi.

Tanıdığım təzə evlənmiş bir cütlük var. Oğlan qızı kənddə qoyub Bakıya işləməyə gəlmişdi. Və tezliklə küçədə tanımadığı bir qıza sataşmaq üstündə inzibati cəza alıb cərimə olunmuşdu. Kənddəki sevgilisi, yəni təzə evləndiyi qadın toy hədiyyəsi olan qızıllarını satıb pulunu ərinə yollamışdı.

Bu qızcığaz da həmin gəlinlər silsiləsindən bir nüsxə idi. Nə ilk nüsxəydi, nə də son.

Qaynana

Yaşlı qadın çox böyük ehtimalla gəlinin qaynanası idi. Üzündə aydın hiss olunan, hətta mən deyərdim, açıq-aşkar nümayiş edilən narazı ifadə vardı. Düzdü, gəlinini həkimə gətirən qaynananın üzündə narazı ifadə olmamalıdı və çoxusunda da olmur. Amma bəzilərində rast gəlmək mümkündür. Qızını həkimə gətirən heç bir ananın üzündə isə bu ifadəyə rast gəlmək mümkün deyil.

Amma mən bu yaşlı qadını qınamaq niyyətindən min ağac uzağam. Yəni, insanlara təkcə müşahidə və müzakirə obyekti kimi yanaşıb, ancaq ittiham etmək mənlik deyil. Ona görə də bu qadınların iksinin də yanındaydım. Yaşlısının da, cavanının da.

Mən hakim deyiləm, birini müdafiə edib, digərini suçlamaq məcburiyyətim yoxdu. Gəlinin hüquqsuzluğunu sübut etməklə yanaşı, qaynananı da anlamaq azadlığım var.

Bu yorğun, yaşlı qadının da narazı olmağa, gəlinini özünə borclu hesab etmək üçün öz səbəbləri vardı. Yəqin ki, bu qızı oğlu üçün seçib bəyənmiş, min bir əzab əziyyətlə toy eləmiş, el adətiylə bir ovuc qızıl almış və indi də çox güman ki, el qınağına tuş gəlməmək üçün onu həkimə gətirmişdi (Onlar ginekoloqun növbəsindəydilər və o həkimin yanına adətən kəndlərdən uşağı olmayan qadınlar gəlirdi).

Gəlin qucağına qızdan-oğuldan bir uşaq alandan sonra həyatın sıxıb suyunu çıxartdığı bu qarının vəzifəsi bitmiş sayılacaq və bütün itirdiklərini qarşılığı olacaq bir diqqət tələb etməyə özünü tamamilə haqlı sanacaqdı.

Tipik azərbaycanlı qaynana, yəni. O, xarakter deyildi, xarakterlər özünü belə asanlıqla ələ vermir. Gəlini kimi saysız-hesabsız nüsxələrdən biriydi.

Ədəbiyyat da hüquq deyil ki, yalnız insanları- qurbanları ittiham etsin. O, cəmiyyəti- bu nüsxələri durmadan çoxaldan “kserokopiya maşınını” günahlandırmalıdı.

Ər

Onun da yaşı çox olmazdı. Həyat yoldaşından və anasından fərqli olaraq yaxşı geyinmişdi. Hiss olunurdu ki, şəhərdə yaşayır. Çox güman ki, arvadını kənddə qoyub bura işləməyə gəlmişdi. Ən azından o, qadınlar kimi kəndin palçığını ayaqqabılarında gətirməmişdi. Rayon avtobusundan düşüb birbaşa klinakaya gəldiyi hiss olunmurdu.

Nə elədiyini, harada olduğunu yaxşı bilirdi. Kassanın yanında dayanıb müayinələrin pulunu ödəməklə məşğuldu. Nəinki yanlarına gəlmək, qadınlar tərəfə heç baxmırdı.

Başqaları

Klinikanın yaraşıqlı, işıqlı dəhlizində müayinəyə gəlmiş başqa gənc xanımlar da vardı. Əyinlərində isti, rahat gödəkcə, baxışları işıltılı, saçları səliqəli idi. Üz-gözlərində qorxu, həyəcan, naz-qəmzə, şıltalıq bir-birinə qarışmışdı. Ana olmağa hazırlığın dadını çıxarırdılar. Biri başını yanında-divanda oturmuş ərinin çiyninə qoymuş, o biri kresloda oturub qarşısında çömbəlmiş ərinin əlindən tutmuşdu.

Bizim “bala gəlin” divanın bir küncündə-qaynanasının yanında büzüşüb oturmuşdu, donuq bir maraqla onları seyr edirdi. Hətta onun bu marağı da canlı deyildi, sanki kənddə oturub televizorda film seyr edirdi. Eyni dövrdə yaşamalarına-eyni statusu daşımalalarına baxmayaraq bu qadınlar ondan serial qəhrəmanları qədər uzaq idi.

O ətrafındakılar kimi heç nəyin həyəcanını hiss etmirdi, necə instinktlə, cəmiyyətin diqtəsiylə ailə qurmuşdusa, eləcə də ana olmağa hazırlaşırdı. Gələcəkdə övladını da belə böyüdəcəkdı, ana olmağın dadını çıxarmadan, zövqünü duymadan. O da öz oğlunu min bir əziyyətlə böyüdəcək, el adətiylə toy edəcək, bir ovuc qızıl alacaq, eynən qaynanası kimi bir gün üzündə narazı bir ifadəylə öz gəlinini həkimə aparacaqdı.

Ən yaxşı halda, əri şəhərdə bir ev qaralayıb onu da yanına gətirəcəkdi. Ən pis halda isə fantaziyanın ucu-bucağı görünmür. Bəlkə uşağı bir neçə il olmadığı üçün qaynanası el birliylə onu boşayacaq, bəlkə əri şəhərdə başqa bir qadına bağlanacaq, bəlkə uzun-uzadı müalicənin, ya evdə doğuşun fəsadları, bir sözlə, qurbandan qatilə qədər uzun bir yol.

Amma gəlin biz ona gələcəklərin ən gözəlini diləyək, qayınanasına insaf, ərinə sədaqət arzulayaq. İstəməyə heç özünün də fantaziyasının çatmadığı, ağlına belə gətirmədiyi firavan bir həyat. Çünki bundan sonra hər nəyi olsa, yenə də əskik qalan şeyləri çox olacaqdı.

Bir son zəng xatirəsi olmayacaqdı, məsələn. Sinif yoldaşlarıyla çəkdirdiyi bir “məzun”u. Orta məktəb attestatı, abuturiyent həyacanları, ali məktəb həyatı olmayacaqdı. Ona görə də taleyin bundan sonra üzünə gülməsi çox arzuolunandı.

Bütün bədbin diaqnozlara rəğmən, həyat bəzən kiməsə borclarını artıqlamasıyla ödəyəcək qədər comərd davranmağı da bacarır.

# 1112 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #