Bakının xristian kəndləri - ARAŞDIRMA

Bakının xristian kəndləri - <span style="color:red;">ARAŞDIRMA
7 fevral 2015
# 09:00

Cavid Ağa

Bakının qədimliyi barədə çox yazılıb, çox deyilib. Amma bu əfsanələrin çoxu İsanın doğumundan daha qədimə getmir. Xristianlıq, Zərdüştilik və İslam – hamısı barədə uzun danışılıb. Arxeoloji məlumatlar, dəniz səviyyəsinin artıb-azalmasının şəhərə təsiri barədə çox məlumatlar var. Məsələn, bilirik ki, bir vaxtlar Nargin adasınacan ayaqla getmək olurmuş. Hələ dəniz səviyyəsi o qədər qalxmayıbmış. Bilirik ki, bir vaxtlar Səbayıl qəsri olubmuş, Pirallahı adasında qüllələr olubmuş, Sınıqqala məscidi bir vaxtlar Zərdüşti məbədi olubmuş və s.

Bəs Bakının yaddaşının daha qədim qatları? Yoxsa, onun tarixi daha da qədimdir? Hazırladığım bu yazıda qədim mənbələrdən məlumatlar toplamışam. Əvvəlcə din faktorundan danışaq.

Bu gün Bakı kəndlərindən olan Nardaran dinin mövqeyinin ən güclü olduğu kəndlərdir. Lakin Nardaran bu barədə heç də tək deyil, Bakı kəndlərinin çoxu bu xüsusiyyətə malikdir. Bakı kəndlərinin şiəliyə gəlməsi Səfəvilər dövrünə təsadüf edir. Bəlkə də şiəliyin Bakıya gəlməsi deməliydim. Çünki Əbdürrəşid Bakuvinin ərəbcə yazdığı “Kitab təlxis əl-əsar və əcaib əl-Malik əl-Qəhhar” kitabında Bakı əhalisinin şafii məzhəbindən olan sünnilər olduğunu qeyd edir. Həmçinin Bakı kəndlərindən bəzilərinin xristian kəndi olduğunu yazır. Bu kitab Ziya Bünyadov tərəfindən 1971-ci ildə tərcümə olunaraq çap edilib, maraqlananlar əldə edə bilər.

Bakının “Badu Kubə” adı da düşünüldüyü qədər qədim deyil, bu adın tarixi XVII əsrdən daha əvvələ getmir. Yəni Bakı haqda məlumatlarımız islami mənbələrlə məhdudlaşır. Qafqaz Albaniyası dövründə isə Bakı heç bir məlumat verilmir. Tarixi mənbələrin qıtlığı zamanı bizə qalan təkcə dini əfsanələr olur.

Ən məşhur əfsanə həvari Varfolomeyin əfsanəsidir. Bu əfsanə kitab kimi 1703-cü ildə İohann Albert Fabritsi tərəfindən çap olunub. Kitab İsanın həvarisi Varfolomeyin xristianlığı yayma cəhdlərindən bəhs edir. Varfolomeyin əsas məqsədi Hindistan torpaqlarını xristianlaşdırmaq olur. Hindistan o dövrün coğrafi anlayışına görə İran, Midiya, Azərbaycan daxil olmaqla çox geniş bir zona idi. Varfolomey gəlib sağlamlıq tanrısı Astarot tanrının məbədində zəvvar cildində oturur və ibadətləri seyr edir. Amma tanrı xəstənin sağalması üçün bir insanın da qurban edilməsini tələb edirmiş. Varfolomey belə bir nəticəyə gəlir ki, Astarot əslində şeytandır və o insanı özü xəstələndirir ki, ona qurban verilsin və o, qurban verilmiş şəxsin ruhunu ələ keçirsin. Astarot həvariyə xəstəni görə sağalda bilmir və xalq bu dəfə başqa bir tanrının Beçerin yanına gedirlər.

Beçer həvarinin tapılmasını əmr edir. Varfolomey isə bu vaxtı xəstələri sağaldaraq, onları xristian dininə gətirirmiş. Bunu eşidən həmin ölkənin –çarı Polim Varfolomeydən öz xəstə qızını da sağaltmasını istəyir və daha sonra özü də xristian olur. Buna qəzəblənən çarın böyük qardaşı Astiaq həvarinin tutulması əmrini verir.

Astiaqın özü isə Albanopolis adlanan şəhərin çarıymış. Astiaq Varfolomeyi həbs edir, Varfolomey isə Albanopolisin tanrısı olan Baldadın bütünü dağıdır. Astiaq isə Varfolomeyi başə aşağı halda çarmıxa çəkir, yandırır və başını kəsir. Bunu isə Baldadın məbədinin önündə edir. Bir çox araşdırmaçı, tarixçi və teoloqa görə Albanopolis məhz Bakı olmuş, Baldadın məbədi Qız qalasının yanındakı “Bazar yeri” kimi də bilinən “Tağlı ibadətgah” olmuşdur. Çar dövründə həmin yerdən bir az aralı kiçik bir kilsə ucaldılmışdı, indi o kilsə yoxdur, lakin pravoslav xristianlar hələ də Varfolomeyin edam günü Qız qalası yaxınlığında dua edir.

Bakı haqqında digər əfsanə “Munisnamə”də görünür. Bu əsər Əbu Bəkr ibn Xosrov əl-Ustad tərəfindən yazılmışdır. 365 səhifədən ibarət bu kitab, hazırda Britaniya muzeyindədir. Neçə il səhvən onu “1001 gecə nağılları” zənn edibmişlər. Bu kitabda Səbail adlı bir tanrıdan bəhs edilir. Bu tanrı dəniz tanrısıdır. O yer və dəniz arasındakı balansı qoruyur, dəniz küləklərinə nəzarət edir. Bir zamanlar dənizin ortasında ucalan Səbail qəsrinin adı bu tanrının nəsillərdən-nəsillərə ötürülmüş adı ola bilərmi? Bəlkə də qəsrin yerində əvvəllər bu tanrının bir məbədi olmuşdu? Xəzərin Poseydonu üçün belə bir məbəd qeyri-adi olmazdı. Üstəlik Azərbaycandakı ən qədim kilsə və məscidlərin bütpərəst məbədləri üzərində qurulduğunu düşünsək heç də fantastik bir ideya deyil.

“Munisnamə”dəki digər tanrının adı Bərhaildir. Bu tanrı şərq və qərbin, gecə və gündüz tanrısıdır. Bir sözlə, o Səbail kimi yer kürəsi ilə yox, kosmosla əlaqəlidir. Günləri uzadıb-qısaldır, sağ əlindən səhəri açır, sol əli isə axşamı gətirir. Bu tanrıların əsl adının fərqli olduğunu düşünürəm. Çünki il sonluğu yəhudi dinindəki mələklərə verilən bir şəkilçidir. Mikail, Cəbrail kimi bu tanrılara sonradan ad verildiyini düşünürəm.

Yazının son hissəsində isə Bakının çox güman əfsanəvi qədim hökmdarından danışacam. XIV əsrdə “Libro del Conosçimiento de todos los regnos“ (Bütün hökmdarlıqlar haqda məlumat) adlı, Kastiliyada anonim bir müəllif tərəfindən yazılmış bir kitabda Bakı şəhərinin adını necə alması barədə məlumata rast gəlinir. Müəllif qeyd edir ki, şəhərə Bakı adını o şəhərin hökmdar verib (mənbədə “Bacu” kimi qeyd olunur). Və bu hökmdarın adı da “Don Baku” kimi verilir (mənbədə “Don Bacus”). Xalq ona tanrı kimi tapınmağa başlayır və şəhərə də onun adını verir. O həmçinin dənizi də öz adı ilə adlandırır. Müasir tədqiqatçıların fikrincə isə anonim müəllif heç vaxt bu yerlərdə olmamış, səyahətçilərin dilindən eşitdiklərini qələmə almışdır.

Bakının qədim tarixi haqqında əlimizdə sadəcə əfsanələr var. Əfsanə olmayan, yazılı tarix isə atəşpərəstlikdən daha əvvələ gedə bilmir və bəlkə bunu kimsə istəmir. Zərdüştilikdən bəhs edərkən, daim onun təktanrılı din olduğunu deyirlər. Eləcə Göytanrı dinindən də. Bütpərəstlik hələ də kimlərisə qorxudur. Halbuki, o, həmişə bizimlədir, folklorumuzdadır. Bir gün Bakı kəndlərinə yolunuz düşsə və alçaq hasarlı bir bağın küncündə öküz kəlləsi görsəniz, bunu başa düşəcəksiniz.

# 952 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #