news-inner
clock10:00 calendar-gray 01 Fevral 2015 view-gray103 dəfə oxunub
view-gray103 dəfə oxunub

Siz o zırramanı mütləq tanıyırsınız HEKAYƏ

Kulis.Az Cəlil Məmmədquluzadənin “Zırrama” hekayəsini təqdim edir.

LAYİHƏ: BAZAR OXUSU

Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən:

- Molla əmi, yəqin ki, məni tanımırsan?

Doğrudan da tanımadım və kişinin üzünə baxa-baxa qaldım və bilmədim nə deyim.

- Buy, buna bax ey, niyə tanımırsan? Mən sənin həmşərinəm də! Niyə, hacı Novruz ağanı tanımırsan? Mən hacı Novruz ağanın qardaşı oğluyam da! Öz həmşərini tanımırsan? – Dedim:

- Bağışla, vallah tanımıram! – Kişi bir az da ucadan başladı:

- Niyə? Qala məhəlləli hacı Novruz ağanı tanımırsan? Niyə, sən özün neçə dəfə uşaqlıqda bizə gəlmisən; biz ki, bir məhəllənin uşağıyıq. – Dedim:

- Vallah, əzizim, bağışla, tanımırdım; indi ki, deyirsən bir məhəllənin uşağıyıq, xub, xoş gördük, buyur gedək qonağımız ol!

Təzə həmşərim o biri əlimi də aldım əlinə və dedi:

- Yox, əmoğlu, mən sizə getmənəm, əvvəl sən bizə gərək gələsən, sonra mən sizə gedəm; yoxsa, canın üçün getmənəm. Mənzilim bu yavıqdadır.

Və bu sözləri deyə-deyə əllərimdən yapışıb başladı məni çəkməyə. – Dedim:

- Sağ ol, iltifatın artıq olsun, indi gedə bilmərəm; çünki çox yorğunam. İnşallah bir özgə vaxt gələrəm.

Həmşərim bu sözləri eşitcək, guya ki, cuşə gəldi:

- Sən öləsən qoymanam. Gərək gedək bizə. Bu saat samavarım dəmdədi. Sən öləsən, gərək gedəsən. Qasım ağa da bizdədi. Mirzə Abbas da bizdədi. Onları evdə qoydum, gəldim səni də aparam. Çox da səni görmək arzusundadırlar. Deyiblər Mollanı gətirməmiş evə gəlməyəsən.

Mən bilmirdim Qasım ağa kimdir, hansı Mirzə Abbasdır; onların da kim olmaqlarını soruşsa idim, dostum başlayacaqdı onların da atalarından və əmilərindən bit yekə tarix açmağa. Ancaq onu elədim ki, əllərimi bir təhərlə həmşərimin əlindən qopartdım və özümü soxdum küçə qapımızdan içəri və geri çönüb bir dəfə üzr istədim. Pilləkənləri yuxarı qalxanda küçədən rəfiqimin uca səsini hələ eşidirdim; daha bilmirdim nə deyir…

Girdim evə və başladım bir tikə çörək yeməyə. Bizim balaca qız boşqabları stolun üstünə qoyanda dedi ki, bir adam gəlmişdi səni qonaq çağırırdı. Mən dinmədim (çörək ağzımda idi). Qızım duzu stolun üstünə qoyanda da dedi ki:

- Gələn adam deyirdi ki, mənim adım Qurbanqulu bəydir. Novruz ağanın qardaşı oğluyam. Deyirdi Molla Nəsrəddin bizim həmşərimizdi. Səni də küçədə gözləyirdi. Bax, budu, indi də genə küçənin ortasında var-gəl eləyir.

Axşam vaxtı çay içdiyim yerdə küçədən bir adam məni çağırdı. Başımı qalxızıb gördüm ki, Qurbanqulu bəy əllərini belinə qoyub, başını da bir az dikəldib, bizim akoşkaya tərəf boylanır. Mən cavab vermədim.

- Molla əmi, salamünəleyküm. Buyur bizə, çay içək. – Dedim:

- Bəy, hazır çayımız stolun üstündə. Sən qabaqca özün buyur bizə. – Və uşağı göndərdim küçə qapısını açsın.

- Molla əmi, and olsun sənin canına, gəlmənəm; sən qabaqca bizə təşrif gətirməsən, mən sizə gəlmənəm.

Mən genə haman təklifi elədim. Amma rəfiqimin halətindən elə başa düşdüm ki, heç vəchlə bizə gəlməyəcək. Papağımı qoyub yendim küçəyə və nə qədər həmşərim təkid elədi, mən onlara gedə bilmədim və üzr istədim. Amma bununla bərabər dostum məni xeyli yordu; çünki beş dəqiqənin içində bəlkə min beş yüz söz danışdı. Qabaqca genə haman müqəddimədən başladı ki, Novruz ağanın qardaşı oğludur, əmisini atlı sultanı eləyiblər, özünü qubernat öz yanında baş sekretar eləyib, böyük qardaşı Xəlil ağa teleqraf naçalniki olub, kiçik qardaşı Məmmədhüseyn bəy əfsər olub, İrəvandan Məşədi Cəfər gəlib gedir Moskvaya, Məşədi Qurbanəli gəlib Tiflisə, özünə diş qayıtdırsın, Sarvanlardan çox zəvvar gəlib Xorasana gedir, Hacı Həsən ağanın oğlu Möhsün naxoş olub, həkimə gətiriblər, Rus ilə Osmanlının Kars üstə danışıqları var və araları sərinləyib, qaçaq Pirverdiyə 8 il Sibir kəsiblər, Naxçıvanda pendir bir az bahalanıb və daha da belə-belə xəbərləri barmaqları ilə saymaqda idi.

Mən xudahafiz elədim və istədim uzaqlaşam. Qurbanqulu bəy istədi yapışa əlimdən və məni saxlaya, dartındım və özümü qurtardım. O mənim dalımca genə danışırdı; amma daha uzaq idi.

Haman gecənin səhəri elə bildim yuxuda mənə bu sözləri deyirlər: “Əmim Novruz ağanı atlı sultanı eləyiblər, qardaşım teleqraf naçalniki olub, Məşədi Qurbanəli gəlib diş qayırtdırmağa…”

Gözlərimi açdım, gördüm hava təzə işıqlanır. Bir az da o tərəfə-bu tərəfə baxdım və bildim ki, küçədə danışan var. Rəfiqim Qurbanqulu bəyin səsini haman saat tanıdım və bir az da təəccüb elədim; onun üçün də köynəkçək durdum, gəldim akoşkanın qabağına və gördüm ki, Qurbanqulu bəy genə əlləri belində durub küçənin ortasında və mənim kimi bir üzüyola allah bəndəsi ilə qarın-qarına verib ucadan deyir:

- Rus ilə Osmanlının arası sərindi. Qaçaq Pirverdiyə 8 il Sibir kəsiblər. Hacı Həsən ağanın oğlu Möhsünü gətiriblər həkimə…

Uşaqlara yavaşca dedim ki, akoşkaya tərəf gəlməsinlər və məni soruşan olsa, desinlər gedib idarəyə. Yavaşca bir stəkan çay içib, bir tikə çörək yeyib hazırlaşdım evdən çıxmağa. Amma necə çıxım? Necə çıxım ki, bu zalım oğlu məni görməsin? Özgə yol da yox idi.

Allah rast saldı, həmşərim nə təhər oldusa, küçədən yox oldu. Çıxdım küçəyə və ehtiyatlı keçib getdim.

Aradan bir gün keçdi. Həmşərimi daha küçədə görmədim; bilmədim başı nəyə qarışıb, ya bəlkə şəhərdən köçüb gedib.

O biri gün genə günortadan 3 – 4 saat keçdikdə ac və yorğun gəlirim evə. Bir az da fikirli idim; amma yadımda deyil nə fikirdə idim.

Küçəmizə yetişən kimi ürəyim qırp düşdü; Qurbanqulu bəy genə əlləri belində küçənin ortasında var-gəl eləyirdi və yoldan keçən bir rusla uzaqdan-uzağa bilmədim nə danışırdı. Dedim ki, bəlkə xəlvətcə özümü soxam evə; amma olmadı: zalım oğlu, deyəsən ov tulası kimi hiss eləyirdi. Uzaqdan məni görcək çığırdı:

- Salaməleyküm, Molla əmoğlu! Əmoğlu, çoxdandır görsənmirsən? Deyəsən bizdən iltifatını kəsibsən? Heç demirsən, vilayətimizdən gələn kim, gedən kim? Əmim Novruz ağanı atlı sultanı eləyiblər, özüm də indi qubernat yanında baş sekretaram. Xəlil ağa teleqraf naçalniki olub. İrəvandan Məşədi Cəfər gəlib Moskvaya gedir. Məşədi Qurbanəli gəlib Tiflisə, özünə diş qayıtdırmağa. Sarvanlardan da çox zəvvar gəlib. Hacı Həsən oğlu Möhsün naxoş olub, həkimə gətiriblər. Rus ilə Osmanlının araları pozulubdu. Qaçaq Pirverdiyə 8 il Sibir kəsiblər…

Mən doğrudan da çox ac idim və çox da yorulmuşdum və bunu da bilirəm ki, insan necə çətinliyə düşsə, gərək tab gətirsin və nə eləyir eləsin, amma gərək ədəbi və nazikliyi əlindən qoymasın. Bunu mən bilə-bilə, vallah, genə tab gətirə bilmədim və dinməz-söyləməz özümü soxdum dalana, qalxdım evimizə və çörək istədim.

İnsafımın və vicdanımın yanında məsul olaram əgər yalan desəm ki, təqribən yarım saat mənim təamım çəkdi və yarım saat da çay içib, uşaqlarla söhbətim çəkdi. Bu bir saat müddətində rəfiqim Qurbanqulu bəy genə haman küçənin ortasında əlləri belində durub, gahdan bir yol ilə gəlib gedənlərdən bəzi üzü yolaların qabağını kəsib, birinə deyirdi ki, əmim Novruz ağanı atlı sultanı eləyiblər, birinə deyirdi ki, Məşədi Qurbanəli gəlib Tiflilsə, özünə diş qayıtdırmağa, birinə də deyirdi ki, qardaşım Məmmədhüseyn bəy qoşun böyüyü olub.

Dünən mən idarədə qeyri həmşərilərimin birinə rast gəldim və bu keyfiyyət yadıma düşdü. Ona dedim:

- Gözün aydın olsun, bizim gözəl vilayətdən buraya bir həmşərimiz də gəlib. – Dedi:

- Kimi deyirsən? – Dedim:

- Novruz ağanın qardaşı oğlu Qurbanqulu bəyi.

Mənim bu sözümün cavabında indiki həmşərim Qurbanqulu bəy barəsində tək bir söz buraxdı; amma bilmirəm bu nə sirrdir ki, o söz mənim yadımdan heç çıxmır.

Dedi:

- Ay Molla əmi, hələ o zırrama haradan gəlib səni tapıb? – Dedim:

- Zırrama nəyə deyirsən? – Dedi:

- Zırrama haman adama deyirəm ki, onun adı Qurbanqulu bəydir, özü də Novruz ağanın qardaşı oğludur və özü də bizim gözəl vətənimizin meyvəsidir. – Dedim:

- Bir də de! – Dedi:

- Zırrama!

Amma heç yadımdan çıxmır.

news-inner-user

16143 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020