Arvadın adını söyüş kimi çəkənlər

Arvadın adını söyüş kimi çəkənlər
26 yanvar 2015
# 13:17

Ailədən söz düşəndə adətən deyirik: “Əşşi, avropalı nə qanır evlilik nədir? Bu gün ərə gedir, sabah boşanır. Ailə dediyin bizdəki kimi olar: qız ağ gəlinliklə girdiyi qapıdan birdə ağ kəfənlə çıxar”.

Açması odur ki, yəni bizlərdə ailə birdəfəlik qurulur və ömürlük davam edir.

Xüsusən də rayonlarda ailə bağları daha möhkəmdir. Hələ kəndləri demirəm, ər-arvadı ancaq ölüm ayırır. Bir az romantik səsləndi deyəsən, amma gerçək budur. Görürsən ki, yumağa dönmüş qarıdır, yanında əlində əsa əri dayanıb. Yaxınlaşıb nənədən söz soruşursan, gözü ərinin üzündə qalır. “ Mən bilmirəm, kişi bilər”-deyir. Hələ də ərindən çəkindiyi hər halı ilə bəlli olur. Sualı qocaya ötürürük. Məlum olur ki, 50 ilin ailəsidir.

Nənə-baba ilə sağollaşıb, qonşuya keçirik. Bələdçimiz kənddəki ailələrin möhkəmliyindən ağızdolusu danışır. Dediyinə görə, boşanma kimi “rüsvayçılıq” bu tərəflərdə nadir hallarda baş verir.

Daha bir uzunömürlü cütlüyün evində qonaq oluruq. Əmi o qədər “siz də məni bağışlayın”-deyib, üzrxahlıq etdi ki, qorxuya düşdüm. Fikirləşdim ki, yəqin söyüş söyəcək. Axırıncı dəfə üzr istəyib, ağzını açanda, gözümü qıyıb dilindən çıxacaq pis sözü gözləyirdim ki, dedi:

- Uşaqların anası...

Çönüb qadına baxdım. Bu yerlərdə uşaqların anası olmaq nə ayıb iş imiş!

40 illik ailənin sirrini öyrənmək üçün qadına yönəldim. “Filankəs xanım, sizdə...” demişdim ki, arvadlar gülüşməyə başladı. Pərt oldum. O gün öyrəndim ki, “xanım” xitabı hər yerdə keçərli deyil. Xüsusən də ucqar kəndlərdə elə zənn edirlər ki, ancaq tanınmış və “sosyete” qadınlara belə müraciət etmək olar. Hətta evin kişisi qaşlarını çatıb “Bura şəhər yeri döyül, “xala” de”-söyləyincə, “xanım” sözünü birdəfəlik yığışdırdım.

Nə isə, xalanın dediyinə görə, 17 yaşı olanda kişi pambıq tarlasından qaçırıb. Özünün də könlü olub. Ərə gedən kimi boynuna uşaq düşüb, bu minvalla 4 bala dünyaya gətirib. 40 illik ailəsindən danışarkən, indiki qızları da tənqid etdi:

- Döyülmüşük də, söyülmüşük də, amma qıçamızı qırıb ər evində oturmuşuq. İndiki qızlara bir təpik dəyən kimi dədəsigilə qaçır. Belə ailə olar? Elə bilirsən, mənim qara günüm olmayıb? Kişi qocalıb, indi-indi dava-dalaşı yerə qoyub. Kür adam idi, elə mahna axtarırdı ki, məni döysün. Balaca gədə ağlayanda deyirdi ki, ay köpəyin qızı, kəs o küçüyün səsini. Uşağı sakitləşdirə bilməyəndə, əlinə nə keçsə təpəmə atırdı (ağ saçlarının altındakı çapığı göstərir. Dediyinə görə, boşqab yarasının izidir).

Söhbətə qonşu qadın da qoşulur. O da öz ailəsinin möhkəmliyindən həvəslə danışır:

- Hər ailədə söz-söhbət olur. Gərək dözəsən. Təzə gələndə evdə 2 baldızım da vardı. Çəkdiyim zülmü kimsə görməyib. Qardaşlarını öyrədib, hər axşam məni döydürürdülər. Bir dəfə küçədən keçəndə anam çığırtıma gəldi. Gördü ağzımın-burnumun qanı bir-birinə qarışıb. Dedi ki, bu bədbəxtin günahı nədir ki, belə döyürsən? Ərimin acığı tutdu ki, anan niyə mənim işimə qarışır? 5 il dədəmin evinə getməyə qoymadı. Dözüb oturdum, ailəm dağılmadı. Bu gün-sabah oğlum əsgər gedəcək.

Başqa bir davamlı ailənin qadın nümayəndəsi də öz təcrübəsini bizimlə bölüşür:

- İstəyirsənsə, ailən möhkəm olsun, gərək bir neçə qarın doğasan. Onda kişi də səni boşaya bilmir. Məni qovanda deyirdim ki, uşaqları dədəm evindən gətirməmişəm. Aparmıram, zəhmət çəkib özünüz baxarsınız. Qaynanam da məcbur qalıb, evdən çıxarmırdı. Sonra ərim Rusetə getdi. Adamın üstündə Allah var, hər il Novruzda 1 həftəlik gələrdi. Elə olurdu 10 gün qalardı, gərək düz danışasan. 4-5 il sonra kişinin ayağı rayondan kəsildi. 10 ildir nə gəlir, nə də bir qəpik göndərir. Ailəmi dağıtmadım, 3 uşağı birtəhər böyütdüm. Böyük gədəm məktəbi bitirib. İndi pulunu da istəmirəm, təki qayıdıb gəlsin, ailəmizin başında dursun. Kənddə mənim kimi o qədər gəlinlər var ki. Rusetdən oğlanı zorla gətizdirib evləndirirlər. Toydan 1 ay sonra bəy qaçıb gedir. Qızlar da ailəsini dağıtmayıb, mənim kimi illərlə ərin yolunu gözləyirlər.

Uzunömürlü ailələrin çoxillik arvadları ilə söhbətim xeyli çəkdi. Hər biri ailənin möhkəmliyində qadının rolunu qeyd edirdi: dözməlisən, dözməlisən, dözməlisən...

Ailənin dağılmasını istəmirsənsə, səsini çıxartma. Qoy, ər səni döysün, başında boşqab qırsın, üzünə tüpürsün, dişlərini sındırsın, dədə-anana söysün. Heç nə olmaz. Yadına sal ki, anan, xalan, bibin, hətta nənən də belə arvad olub. Kişi həmişəlik belə davakar və söyüşcül qalmayacaq, qocalanda düzələcək. Birdə gözünü açacaqsan ki, saçında qara tük qalmayıb, uşaqların böyüyüb, qapına elçilər gəlir. Sadəcə bir 30 il döz ki, ailən dağılmasın. Sən tək deyilsən, uzunömürlü ailələrin çoxu dözümlü arvadların hesabına yaşayır.

Bir sözlə, cavanlığın, sağlamlığın, arzuların, ləyaqətin, mənliyin qurban olsun sənin ailənə!

# 892 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #