Müasir poeziyamız

Müasir poeziyamız
19 yanvar 2015
# 15:26

Kulis.Az Cavanşir Yusiflinin “Azərbaycan poeziyası müasir dövrdə” məqaləsini təqdim edir.

Azərbaycan poeziyası qədimliyinə görə deyil, içindəki məna savaşına və yaşadığı təbəddülatlara görə daha çox diqqəti cəlb edir. Nə üçün? – dərhal bu sual doğur. Ədəbiyyatda “qədimlik” anlayışı, fikmizcə, bir balaca vulqar səslənir, çünki ədəbi prosesin qanunauyğunluqları elədir ki, bəzən bir dəfə keçdiyin yolu dəfələrlə təkrarlayırsan, nəqarat kimi... Burda yüz illər boyu düz keçdiyin yol qırılır, sınır, necə deyərlər, “marşrutdan çıxır”, elə təsəvvür yaranır ki, guya əvvəlki ənənəsindən, yəni “qədimliyindən” ayrılır, ancaq his və duyğuların tufanqabağı vəziyyəti min illər sonranın axtarışlarının trayektoriyasını qabaqcadan cızmağa qadirdir. Ancaq məsələnin bütün qəlizliyi ondadır ki, bunu heç kəs bilmir, hər kəs ayrılıqda və hamı bir yerdə özünü bu yolun ilk mühəndisi sayır. Və heç kəs də bu iddiasında haqsız deyil.

Azərbaycan poeziyası bir çox dillərdə yaranıb, dünyaya demək istədiyi və dediyi mətləbləri bir neçə dildə sınayıb – bəlkə də bu, onun taleyinin içindəki “mistik oyunların” diqtə elədiyi bir həqiqətdir. Ənənəyə görə Orta əsr Azərbaycan şairi könül nəğmələrini eyni zamanda həm türk (Azərbaycan), həm fars, həm də ərəb dillərində səsləndirib. Ancaq bu mətnlər bir-birinin təkrarı və ya başqa dilə tərcüməsi olmayıb. Bu mətnlər daha çox bir qəlbin, bir həqiqətin müxtəlif dillərdə təzahürü, o dilin imkanları çərçivəsində yerlə kosmos arasındakı “lallığın” açarı rolunu oynayıb.

XX əsr Azərbaycan şeiri artıq bütün bu “mistik oyunlardan” ayrılaraq öz məcrasına yığılmağı ilə diqqəti cəlb edir. İlk Azərbaycan ədəbiyyatı tarixi materiallarının yazarı Firidun bəy Köçərlinin fikrincə, adı keçən epoxa “Azərbaycan türklərinin ədəbiyyatında bir intibah dövrüdür”. Şərqdə ilk demokratik respublikanın çöküşü ilə zaman-zaman və mərhələ-mərhələ yığılıb gələn, konsentrasiya olunan poetik enerji dağıldı, nəticə etibarı ilə bu o deməkdir ki, artıq bu məqamda bir bütövdən və tamdan deyil, qəlpələrdən söhbət gedə bilər. Elə buna görə də sovet dövründə Azərbaycan poeziyasında (və ədəbiyyatında) qəribə bir poetik formul formalaşdı: hər bir qətlə yetirilən, repressiya olunan şairin deyə bilmədikləri mətləblər onların xələflərinin qələmində pöhrələndi. Ona görə də bu məqamda məsələn, Əhməd Cavad və Səməd Vurğun qarşıdurmasından deyil, daha çox yeni və köhnə şeir, yeni və köhnə poetik düşüncə münasibətlərindən (poetik düşüncənin ideologiyaya məğlub olmasından-! ) söz açıla bilər. Bu məqamda həm də baş verən cahanşümul hadisələrin bədii fikrə, poetik təfəkkürə təsirindən və bu sahələrdə açdığı şırımlardan bəhs edilə bilər. Ancaq bir həqiqət də var ki, məsələn, keçən əsrin repressiya qasırğasında boğulan Müşfiqi təkrar etmək, onun deyə bilmədiklərini sapa düzmək çətindir və mümkün deyildir. Çıxış yolu nədir? Bu nakam şairlərin hər birini təkcə ortadan qırılan, dağıdılan tale kimi deyil, həm də bir üslub hadisəsi kimi nəzərdən keçirmək.

Bəzən belə sullar eşidilir: cağdaş Azərbaycan şeiri dünya şeiri, poeziyası ilə müqayisədə necə təsir bağışlayır, yaxud: Azərbaycanda adına “böyük” deyilən şairlər dünya poeziyası ilə müqayisə etdikdə məlum olur ki, onlar lokal səviyyədə “böyük şairlərdir”. Bu məsələni necə aydınlaşdırmalı? Bu doğrudanmı belədir? Təqribən bu kimi analogiyalar aparmaq olar. XVII əsr şairi Saib Təbrizinin poetik mətnlərinə üz tuturuq, onun mətn məkanında yaratdığı möcüzənin nə qədər gözəl, necə təkrarsız olduğunun şahidi oluruq. Sonra gəlirik yaradıcılığı XX əsrin sonu XXI əsrin əvvəllərinə təsadüf edən şairlərin mətnlərinə, Füzulidə, Saibdə, Molla Pənah Vaqif, seyid Əzim, Sabir və digərlərində gördüyümüz “bədii oyunları” bu nümunələrdə tapa bilmirik. Birbaşa məntiqlə hərəkət etməli olsaq, deyə bilərik ki, müraciət etdiyimiz dövrlərdən son zamanlara qədər Azərbaycan (türk) dilində yaranan poetik mətnlərdə geriləmə müşahidə edilir. Poeziyanı, şairlərin poetik irsini araşdırarkən “mütəxəssislər” bəzən yuxarıda qeyd etdiyimiz birbaşa məntiqlə hərəkət edirlər və qəribə, heç bir normal məntiqə sığmayan nəticələr hasil olur. Əgər poetik fikrin inkişafı doğrudan da bu “mütəxəssislərin” qənaətinə söykənsəydi, onda heç bir millətin poeziyasında “üslub dəyişməsi” hadisəsi baş verməzdi və bu olmayanda artıq ədəbiyyatdan, yeni bədii düşüncədən söz açmağın əhəmiyyəti qalmazdı. Sovet dövrü bitdikdən sonra, dövlət müstəqilliyi illərində keçmişin poetik irsi imtahana çəkildi – məsələn, bu gün bizə S.Vurğun, S.Rüstəm və ya R.Rza lazımdırmı? Bu suala birbaşa cavab verməyək. Analoji hadisələri fikrimizdə tutmaqla böyük bir epoxanın faktoloji mənzərəsinin təhlilinin nəticələrini təqdim etməyə çalışaq.

XX əsrin dahi ədəbiyyatşünası Mixail Baxtin yazırdı: “...Poetik obrazda sözün dar mənasında bütün hərəkət – söz-obrazın dinamikası sözlə predmet arasında baş verir. Söz tükənməz zənginliyin və əşyanın özünün ziddiyyətli müxtəlifliyinin içinə, onun “bakirə” hələ “deyilməmiş təbiətinin” içinə qərq olur; buna görə də o, öz kontekstindən kənarda nəyinsə olmasını nəzərdə tutmur (şübhəsiz ki, dil xəzinəsindən başqa). Söz əşyanın ziddiyyətli söz şüurunu və bu şüurun ən müxtəlif və çeşidli indisini yaddan çıxarır”. Füzulinin, Nəsimin, Xətainin... hər bir qəzəlini oxusaq, bu fikrin müəyyən mənada dəqiqliyinin şahidi olarıq. Füzulidə sözlə əşya bir-birinin içinə “batıb”, söz əşyanın içində “qəzaya uğrayıb”, kənarda baş verən olayların bu mətnə qətiyyən təsiri yoxdur, amma o, kənardakı bütün aləmləri bu sözün, özünün batıb qərq olduğu “bataqlığın” içinə çəkir.

Keçən əsrin 60-cı illərdə ədəbiyyata gələn nəslin ən istedadlı nümayəndələrindən biri Əli Kərimin yaradıcılığında bunun əyani nümunəsini görmək mümkündür; burada da ətrafla azacıq ünsiyyət, kontakta işarə söndürülüb, söz, necə deyərlər öz havasının içində fırlanır, o, ətraf gerçəkliyi izah etməyin bir yolunu tanıyır – bu aləmi bütövlükdə dartıb öz aurasına salmaq, orada həll etmək və bütün dünyanı bir deyimin içinə yerləşdirmək – fələklər yandı ahimdən... Bu məqamda söz əşyalaşır. Azərbaycanlıların Füzuliyə qarşısıalınmaz pərəstişi və onun sözlərini anlamadan bu sirli aləmə dalma burdan yaranır. Sovet dövrü poeziyasında söz-obraz isə daha çox ətraf aləmə “bulaşırdı”, orda dolaşır, özünə qayıda bilmirdi və bunun nəticəsində də bəzən poetik yaddaş qəzaya uğrayırdı.

Söz predmetə yaxınlaşdıqca, onun içinə qərq olduqca söz də, predmet də başqalaşır, ilkin və əzəli təbiətini dəyişir, onlar bir-birlərini nə qədər xatırlatsalar da, təkcə özlərinə oxşamırlar, bu başqalaşma, - əslində vahid obrazı və metafora şüurunu – dünyanı mükəmməl şəkildə əks etdirmək üçündür. “Söz axtardım, tapmadım, misram qopub töküldü özülsüz divar kimi...” (Əli Kərim), - burada əslində sözün əşyaya yaxınlaşmasının, onların bir-birinin içinə “düşməsinin” baş tutmaması təsvir edilib. Sözün predmetə “çatıb əşyalaşması” əslində metaforanın, bədii obrazın mətn boyunca poetik açımı, mənalara şaxələnməsi, vahid mənanın və beləliklə dünyanın atom kimi bölünməsi deməkdir; bu proses həm klassik ədəbiyyatda, həm də bayatılarda mükəmməl ifadəsini tapıb. “Sözün əşyalaşması” sözün mətndə işarə edilən hərəkətə çevrilməsi, necə deyərlər qabığından çıxıb yalnız hərəkəti ifadə etməsidir. Məsələn,

Araz gəldi, yan axdı,

Dibindən min can axdı.

Vətən sarı baxanda

Ürəyimdən qan axdı.

Yaxud:

Gəmim dəryada qaldı,

İşim fəryada qaldı.

Sən mənim baxtıma bax,

Yar sevdim, yada qaldı.

Və ya:

Qərəzim xaki-dəri-yarə gədalıqdı mənim,

Mən gədazadəyə bax, rütbeyi-şah istəyirəm. (S.Ə. Şirvani)

Yuxarıda nişan verdiyimiz mətləb – sözlə əşyadan kənarda bütün gerçəklik işarələrinin söndürülməsi, yaxud gerçəklikdən əşyanın bətninə köçürülməsi və burada yeni gerçəklik yaratması ağla və təsəvvürə gəlməyən təbəddülatlar doğurur. Söz əşyanın adi gözlə və fəhmlə bilinməyən daxili sirlərini açır, dünya adiləşir, o boyda möcüzələrin müqabilində dünya bir az da “mənasızlaşır”, hər şey – bütün baxışlar əşyaya – sözün qərq olduğu, qəzaya uğradığı əşyaya doğru zillənir. Belə bir ortamda şeirin dünyaya qarşı durmaqdan başqa əlacı qalmır.

Nəsr mətnindən fərqli olaraq burada ətrafdakı sosial ziddiyyətlər açılmır, ətrafla sosial dialoq ehtirası yaranmır. Şeirdə bu kimi cəhdlər onun mayasına qoyulan missiyanı öldürür – şeirdə söz özü-özünün ölçüsünə çevrilir, elə buna görə də dünyanı “olmadığı kimi” göstərmək üçün ən dərin, necə deyərlər “işıq sönən” dərinliyə baş vurmalısan. Əkilməmiş ağacdan dərilməmiş narın gətirilməsi sözün içindəki məna dərinliyinin ən zülmət yeridir - burada göz-gözü görmür, burada göz, artıq görmə orqanı kimi də sıradan çıxır, əzəli missiyasını itirir. Əli Kərimin yuxarıdakı şeirində isə sahman yalnız öz ölçüsünə çevrilən söz tapıldıqdan sonra yaranır. Sözün yamacına baş qoymaq “düzənliyin” – bütün ölçülərin silinib mənanın ən dərin yerinə gömülməsi anlamını verir. Əli Kərimin başqa bir şeirində “nizamlayıcı ünsür” tapıldıqdan sonra yerlə göy birləşir, kainat bir nöqtənin, bir mətləbin içinə yerləşir – beləliklə, Əli Kərimin bütün şeirlərində poetik enerjinin paylanma istiqaməti hər şeyin sanki bir dillə danışmasına, hər şeyin, bütün ölçü və parametrlərin bir qəlibə sığışmasına doğrudur. Ən kövrək məqamda “çayın dil açıb, “Əli” deməsi, bulağın özünün yox, dibindəki daşların görünməsi” – əşyaların anidən yoxa çıxması və onların zahirən bir sifətdə görünməsi şübhəsiz ki, gözlənilməz və uğurlu gedişdir (əslində isə, burada “gediş” sözü yerinə düşmür, bu, poetik sistemin özünü bu formada ifadə etməsidir). Başqa bir şeirində bu tipli “aldadıcı” gediş gözlənilməyən ovqatın, hissin, duyğunun daha da dərinləşməsinə xidmət edir. “Gəl, Azərim” şeirində “səni görmək üçün kədərimi qoymuşam ayağımın altına” ilk baxışda nikbin ovqat yaratmağa xidmət edir, ancaq elə oradaca işlədilən “qalmışam boylana-boylana” ovqatı kəskin dəyişdirir, kədəri ən çıxılmaz məqama kökləyir. Yəni burada poetik sistem həm üfüqü, həm də onu şaquli kəsən xətti eyni momentin içində verir, - şeirin əsas məqamı, bütün dərinliyi göstərən anı məhz budur, mətndəki qəfil obrazlar, söz birləşmələri olsa-olsa bəlirtidir; “sevinc dilənçisi” kimi tədqiqatçıları diqqətini yayındıran birləşmələr yüzdə-yüz mahiyyət səciyyəsində deyil. “Habilin ilan dili çıxarması” Əli Kərim şeirinin kəşfi deyil, əsl tapıntı kamandan, quşlardan, bulaqdan, yerə dəyən damcıdan... çıxan bütün səslərin bir dilin içində möcüzə yaratmasıdır. Yerə dəyən, düşən... damcıdan şeir yazmaq asandır, ancaq bu suyun azaq izlərini göstərmək metaforalarla tarix yazmağa bənzəyir...

Keçən əsrin 60-cı illər poeziyasında Əli Kərimlə yanaşı Fikrət Qoca, Vaqif Səmədoğlu, N.Həsənzadə, F.Sadıq və başqa şairlər dövrün, zamanın diqtə elədiyi mətndən ayrılıb yeni kontekst yaratmağa çalışırdılar. 60-cı illərdə poeziyaya gələn şairlərin bəxti bir də onda gətirmişdi ki, onların qarşısında hər cür novatorluğu müdafiə edən Rəsul Rza vardı. Bu mərhələnin yekunu kimi R.Rzanın “Mənim fikrimcə” məqalələr kitabında həmin dövrün bütün təbəddülatları ilə rastlaşmaq mümkündür. R.Rzanın gənc şair Vahid Əziz haqqında məqaləsi, Əli Kərim, F.Qoca, İsa İsmayılzadə və Ələkbər Salahzadəni filoloji cəhalətdən qorumaq məqsədi güdən yazıları bu gün üçün də aktualdır. Əli Kərim 60-cı illərin sonunda dünyasını dəyişdi, qəfil ölüm onun “iri çaplı silahlardan” tənqid atəşinə tutulmasını dayandırdı və həm də filoloji dərkinin əsasını qoydu. Ancaq Fikrət Qoca başqa olmaqla digər altmışıncılar bundan sonra ədəbiyyata hər gələn yeni nəsil tərəfindən tənqidə məruz qaldı. Qəribədir, Fikrətin yeni obraz və metaforalarından ironiya ilə danışan filosof A.Əfəndiyev 80-ci illərin sonunda bu metaforalardan aşıb-daşan Əli Kərim haqqında ən yaxşı yazısını yazdı. Bu yazı həm də Əli Kərim haqqında Azərbaycan tənqidində deyilən ən mükəmməl söz idi. Demək, bu məqamda yenə də gələrik əsas mətləbə: məsələ heç də ayrı-ayrı şairlərin dünyaya gətirdkləri yeni obrazların qəlizliyi, təzəliyi, türfəliyi ilə əlaqədar deyildi, məsələ zaman-zaman Azərbaycan poeziyasında gedən “sınmalar”, qırılmalar üstündə idi və dərindən-dərinə bunlarla bağlı idi. 60-cıların son korifeyləri – Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbraylzadə adı keçən dövrün poetik məntiqinin nəticəsi də adlandırla bilər. Bu üç şairin arasında müəyyən yaş fərqləri olsa da və onların hər birinin poetik taleyinin digərindən tam fərqlənməsinə baxmayaraq meydana qoyduqları bədii təfəkkür nümunələri Azərbaycan poeziyası üçün gözlənilən idi. Bu üç şairin hər biri haqqında Rəsul Rzanın “uğurlu yol” tipli “uğurlama” yazısı var. Yuxarıda adını çəkdiyimiz Vahid Əzizin şeirlərindən Rəsul Rza ruh coşqunluğu və ehtizaza gələrək danışdığı halda, deyək ki, Vaqif Səmədoğlunun bir neçə şeiri haqqında təmkinlə, həm də fövqəladə ürək açıqlığı ilə bəhs edirdi. Çox məşəqqətli və ağır yaradıcılıq yolu keçmiş Rəsul Rzanı bu şairlərin yolu, istedadı və düşüncə tərzi heyrətləndirirdi.

Vaqif Səmədoğlunun şeirləri ardıcıllıq mənasında yox, məna, ideya baxımından bir bütöv mətn olmağa meyllidir, ilk qələm təcrübələrindən son şeirlərinə qədər. Yəni, müvafiq kontekstdə nə qədər fraqmentar görünsə də, əslində Vaqif Səmədoğlunun yaradıcılığı bir tam – bir mətn olmağa çalışan stixiya baxımından çox böyük maraq doğurur və fikrimizcə, məhz bu nöqtədə maraqlı filoloji araşdırma perspektivi görünür.

Fikirlər təntiyib, sustalır bir-bir,

Kaş ki, ömrü boyu uşaq qalaydım.

Ay ata, deyirəm, sənsiz dünyada,

Kaş ki, övladın yox, şeirin olaydım...

Çıxış nöqtəsi budur, ... kaş ki, övladın yox, şeirin olaydım... Vaqifin yazılarında səsini başqa bir səsə qatıb çatdırmaq, kadr arxasından danışmaq, ürəyində yara kimi qövr eləyən həqiqəti quş dili ilə çatdırmaq... kimi cəhətlərin olması bu mətnlərin təhlilini “qəlizləşdirir”. Şeirdə, poetik mətndə yalnız şairi axtarıb-bulmağa öyrəncəli oxucu üçün bunu izah etmək çətindir. Bütün hallarda bu bir adamın izinə düşüb tam fərqli ovqatla rastlaşmaq qaçılmazdır. Bizə belə gəlir ki, hər bir poetik mətndə şeir deyilən nəsnə itmiş nəbzin tutulması anlamına uyğun gəlir. İtmiş nəbz tutulduqda şeir ürəyin ağrıyan yerini nişan verir, bu məqamdan etibarən alt-üst (hardasa əcaib-qərayib) müqayisələrə ara verilir, küy aradan qalxır, dünya, gerçəklik şairin üstündən yeriyib sərhədləri aşır, təbii anlamaq mənasında “dil problemi” aradan qalxır, çünki, əvvəldə dediyimiz kimi, bu səs, bu dil birbaşa deyil, bir “quş boğazıyla” çatdırıldığı üçün artıq bizim anladığımız “təbii dil” anlayışını ötüb keçir; ümumən şeirdə, poetik mətndə hər şey məhz “ötüb keçmə” anından sonra təkan götürür və Vaqifin şeirlərində bu təkan çox güclüdür. Və bəlkə elə buna görədir ki (səbəblərdən biri ola bilər ən azı), onun mətninə gözlənilməzlik ovqatı hakim kəsilir, həmişə (lap əvvəldən) gözlənilməzliyin yolunu gözləyirsən. Məhz bu səbəbdən, Vaqifin bu tipli “fraqmentar” mətnləri daha çox böyük bir müşahidənin nəticəsi təsiri bağışlayır. Zahirən “döngəsiz” olan mətləblərin içi, dolanbacları təsəvvür edildiyindən də mürəkkəb və qəlizdir.

... Burda yurd salma, gülüm,

Bura vətən yeridir.

Üfüqə gedənlərin

Gözdən itən yeridir...

Vaqifin mətnlərində şeir obrazı var – hər şey bu obrazdan keçərək ad qazanır, müəyyənləşir, çərçivəyə düşür, yaxud mövcud çərçivəni vurub-sındırır. Bu obrazın açımı təqribən belədir ki, keçmişlərdə deyildiyi kimi, “lirik qəhrəman” hər şeyi – dünyanın mənasını, ömrün, həyatın faniliyini, taleyin başa qaxınc olmasını .... məhz bu burulğan içində arayıb-bulmaq istəyir.

Vaqif Səmədoğlunun bir sözü də var: bu dünyada oxunmamış bir nəğmə yoxdu, ancaq qəfildən və təzədən yada düşəndə hər şey dəyişir, onun şeirləri də köhnələrin qəfildən dirilməsi, söz kimi açmasıdır...

Altmışıncıların son pleyadasından sonra poeziyaya gələn şairlərin – Adil Mirseyid, Vaqif Bəhmənli, Aydın Əfəndi, Səlim Babullaoğlu, Salam Sarvan, Qulu Ağsəs, Elxan Zal, Nicat Məmmədov, Qismət, Fərid Hüseyn, Şəhriyar, Aqşin, Narıngül, Anar Amin... adı çəkmədiyimiz onlarla şairin yaradıcılıqları son pleyadanın meydana qoyduğu irsin həm davamı, həm də müəyyən mənada inkarı olmaqla maraq doğurur. Hər on illikdə və ya müəyyən dövr başa çatdıqdan sonra özünü qabarıq şəkildə göstərən bu “əksliklərin vəhdəti” və ya “inkarla təsdiqin vəhdəti” ümumən bədii yaradıcılıq üçün son dərəcə xarakterikdir. Ancaq bu tendensiyaların bir-birini təqib etməsi, arada, yəni, belə deyək, ədəbi nəsillərin “suayrıcında” – bu kritik nöqtədə yeni üslubların doğulması ümumi təmayüllərin daha qabarıq şəkildə üzə çıxmasına yardımçı olur və təkan rolunu oynayır.

Bu mənada 80, 90 və 2000-ci illər Azərbaycan poeziyasında çox parlaq imzalar və özünüifadə baxımından bədii kəşflər mövcuddur. Bizdə, bir qayda olaraq 80-ci illərdə ədəbiyyata – poeziya və nəsrə gələnləri “itirilmiş nəsil” adlandırırlar. Bu termin müəyyən mənada keçid dövrü ilə bağlı olsa da, bədii yaradıcılığın spesifikası, daha konkret şəkildə desək, ədəbi nəsil anlayışının təbəddülata uğraması və sair digər vacib və təyinedici əlamətlərlə səciyyələnir. 80-ci illərin “ədəbi təsərrüfatındakı” bu dağınıqlıq (bu mənada “itmiş nəsil” anlayışından bəhs etmək özünü doğrultmur) həmin nəslin nümayəndələrinin məhz 90 və 2000-ci illərdə yeni enerji və niyyətlə parlaması ilə özünü bir daha sübuta yetirdi. Elə bu səbəbdən bəzən sırf 90-cı illərdə yaradıcılığa başlayan şairləri nədənsə 80-ci illərə aid edirlər, çünki 90-cılar özlərindən əvvəlki nəslin susduğu mətləbləri dilləndirməklə daha çox məşğul oldular. Zahid Sarıtorpaq, Əlisəmid Kür, Adil Mirseyid, Akif Əhmədgil, Əhməd Oğuz və başqa şairlərin yadacılığı dastan, folklor poetikasına qayıdışı, daha doğrusu bu sistemdə şeirə çevrilmək arzusunu şiddətlə bildirən mətləblərdən yapışdılar. Bu məqamda Dilsuz Mustafayevi xatırlamaq yerinə düşər. Onun ilk gənclik illərində çap edilən şeirlər kitabı başdan-ayağa Dədə Qorqud sözlüyünə, epos xarakterə, epik təəssüratların poetik arsenala çevrilməsinə həsr edilmişdi. Ancaq, fikrimizcə, adı çəkilən şairin mövzularının davamı kimi Əhməd Oğuzun, daha sonra isə Elxan Zal Qaraxanlının təcrübəsi söz deməyə daha çox əsas verir. Bütün bunlarla yanaşı adı çəkilən şairlər arasında Əlisəmidin bir qrup şeirləri onların axtarışları, poetik emosiya və ehtirasları baxımından daha xarakterikdir. Əlisəmiddə ruhda, ürəkdə, beyində... gəzib-dolaşan bədii mətləb birbaşa mətnə çevrilir və bədii kəşf xarakteri daşıyır. Əlisəmid həm də adi əhvalatların ən kədərli, ən qüssəli yerlərini sanki hamıdan tez tapır və bu “lazımsız” detallardan elə bir tikili inşa edir ki, bədii ixtiranın birbaşa bədii mətnə çevrilməsinə sözün yaxşı mənasında təəccüblənirsən.

Keçən əsrin 80 və 90-cı illərində iki şairin Həmid Herisçi və Salamın yaradıcılığı bu dövr və şairlərimizin sonrakı axtarışları üçün aşkarlayıcı element rolunu oynayır. Həmid Herisçinin özü poeziya yaradıcılığından nisbətən tez ayrılsa da, az bir zaman içində onun yaratdığı nümunələr özündən sonrakı nəslin yaradıcılığına güclü təsir göstərdi, bizim modern ədəbiyyatda bir Həmid Herisçi üslubun olması artıq mübahisə obyekti deyildir. Həmidin az sayda şeirlərinin əsas uğuru, daha doğrusu bu az sayda nümunələrin ədəbi prosesə təsir göstərə bilməsi onunla əlaqəlidir ki, Həmidin mətnində əsas strukturyaradıcı element sadəcə söz yox, həm də ritmdir. Bu səbəbdən onun ritmindən qaçmaq sadəcə mümkünsüzdür.

90-cı illər poeziyasında Salam Həmiddən fərqli poetika nümayiş etdirdi, onun kiçik mətn parçasında (cəmi üç bənd) düzüb-qoşduğu, sıx sıralarla verdiyi obrazlar, təşbeh və metaforalar o dövr üçün və uzun müddət ərzində təravət kimi dəyərləndirildi – sanki balaca bir quş dənizi dimdiyində qaldırıb hamıya görsətmək istəyir! Ancaq zahiri effekt Salama qalib gəldi, bu “keyfiyyət” onun mətnlərində o qədər çoxaldı ki, nəfəs almağa fürsət qalmadı. Havasızlıq bu şeirlərin axırına çıxdı. Bu iki şairin ədəbi prosesə təsiri iki fərqli istiqamətdə getdi- birincisi ritmlə, digəri metaforik düşüncə tərzi ilə.

90 və daha sonrakı illərdə Azərbaycan poeziyasına təşrif gətirən imzalar haqqında danışmaq eyni zamanda bu poeziyanın filoloji problemlərini çözməyin çətinliklərindən bəhs etmək deməkdir. Fikrimizcə məhz bu illərdə “klassik şeir anlayışı” müəyyən dərəcədə təbəddülata uğradı və elə hadisələr baş verdi ki, uzaq altmışıncı illərdəki Ələkbər Salahzadə də əbədi tənhalığından qopub ayrıldı. Bir nəslin, bir imzanın sükut içində milli poeziyaya, milli poetik düşüncəyə əzəmət aşılayan bir tənha fiquru özündən asılı olmadan diriltməsi və onun həqiqi dəyərini oxuculara çatdırması, doğrudan da əlamətdar hadisədir. Ələkbər Salahzadə haqqında danışanda onu daha çox rus poeziyasının Xlebnikovu ilə müqayiə edir və bu böyük şair haqqında mətləb burdaca bitirdi. Ancaq 90-cı illərdə bir çox ismin, xüsusən Səlim Babullaoğlunun yaradıcılığı, meydana qoyduğu poetik təcrübə bizm təsəvvürlərimizdəki “poetik anlayışları” dəyişdirdi. Hər bir ədəbi nəsil, belə demək olar ki, bir funksiyadır və mövcud olduğu-yazıb-yaratdığı dövrdə məhz müəyyən mətlərblərin həlli baxımından inşa edilən bədii mətn dövrün bədii mətniqinə çevrilir. Bu funksiya həm də ümumən milli poetik kontekstdə bəzi “anlaşılmaz” mətləblərin izahına, daha doğrusu insanların gerçəklik haqqında təsəvvürlərinin sınırlarının genişlənməsinə xidmət edir. Bu hal, diqqətlə araşdırılarsa, bütün dünya ədəbiyyatında mövcuddur. Məsələn Tomas Sternz Eliot. Şeirləri bir yana, əgər yaradıcılığı dövründə bir neçə məlum tənqid esselərini yazmasaydı, bu gün o dövrdə gedən prosesləri tam şəkildə anlamaq bəlkə də çətin olardı. Səlimin yaradıcılığı, bədii mətnləri ilə ortaya qoyduğu funksionallıq məhz belə bir cəhəti ilə diqqəti çəkir: bədii mətndə hissin, duyğunun şəklinin cızılması, konturlarının göstərilməsi, şeirin içindəki sönümş vulkanın, adi qaydada, insanın içində danışdığı sözlərin, bu funksiyanı yaradan ritmin özünün təhkiyə elementinə çevrilməsi, fikrimizcə Səlimin mətnlərinin özəyini təşkil edir. Bu kontekstdə elə nümunələr var ki, bizim dildəki “simlərin tufanı” ifadəsini yada salır, yəni, musiqi alətinin simləri elə köklənib, elə tarım çəkilib ki, adi havanın titrəyişindən həyəcana gəlib öz-özünə oxyua bilər; yaxud elə nümunələr də var ki, özünəqədərki ənənəyə şaquli münasibət, şaquli proyksiya sərgiləyir... Ümumi şəkildə götürdükdə bu nəslin axtarış və yaradıcılıq nümunələri hər şeydən qabaq şairin öz içi, içindəki iztirab və dəhşətli tarixçələrlə oppozisiyada, onlarla tərs mütanasib möqveqdə üzə çıxır. Təqribən belə:

Kaş ki, bir gün yaza biləydim öz həqiqi tarixçəmi,

Məndə məni yox, Səni nişan verə biləydim, Səni!...

Yaxud, yuxarıda adını çəkdiyimiz Əlisəmid Kürə həsr edilən şeir parçası:

Üzüyünün qaşına göz yaşı qoy,

Gildir-gildir ağlamazmı girdələr?

Yer girdədir, gəzərgidir, bəzirgan,

Sübhə yetən yolçu şehdə dincəlir...

Bu məqamda nəticə olaraq bir məsələni vurğulamağın labüdlüyü üstünə gəlirik: bu gün müasir Azərbaycan şeirində iki istiqamət mövcuddur: poeziyanın sənət, özü də məşəqqətli sənət bilindiyi məqam və şeirə sadəcə özünüifadə, ənənənin davamı olaraq bilindiyi məqam; bütün təsadüflərdə, bütün xalq və millətlər üçün ikincinin üstünlüyü, birincinin görünməməsi ilahi şərtdir, çünki əsil olan şey yerin təkindən, onun dərin qatlarından əldə edilir. Bu gün modern Azərbaycan şeirində Qismət, Könül Həsənqulu, Jalə İsmayıl, Fərid Hüseyn, Şəhriyar del Gerani və sair imzalar var, əsas odur ki, onlar lokal bir məkanda yox, müasir dünyanın ritminin dərindən hiss edildiyi bir məmləkətdə yaşayırlar.

# 3936 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #