Nisyə “çubuş”, havayı ərik

Nisyə “çubuş”, havayı ərik
13 yanvar 2015
# 13:27

Evə gələndə gördüm ki, məhləmizdəki dükanda basabasdı. Axşamçağı adətən belə olur. Hamı işdən gəlib evinə bazarlıq edir.Belə olanda, çıxdım ki, çöldəki meyvələrə baxım. Gördüm qəşəng ərik var. Mən də əriyi çox sevirəm. Hətta çox vaxt arağı da əriklə içməyi xoşlayıram.

Əriyin birini götürüb yeyə-yeyə gəlib dükançıdan qiymətini soruşdum. Hardasa 1 manat-filan olar deyə düşünürdüm. Çünki bir-iki həftə bundan qabaq – axırıncı dəfə ərik alanda qiyməti 1 manata idi.

Dükançı dedi ki, ərik 2 manatdı. Mən də baxdım bahadı, almaq fikrindən daşındım.

Çıxıb çölə bir ərik də götürüb yeyə-yeyə girdim içəri. Dükançıdan soruşdum: "Bəs şaftalı neçəyədi?". Dedi: "1 manata". Sonra yadıma düşdü ki, şaftalı evdə təzə qurtarıb – 5-10 gün olar. Bunu da almaq fikrindən daşındım.

Yenə çıxdım çölə, bir ərik götürüb yeyə-yeyə girdim içəri. Dükançıdan soruşdum ki, bəs gavalı neçəyədi? Dedi: "1 manat 50 qəpik". Sonra yadıma düşdü ki, mən elə də gavalı xoşlayan deyiləm. Kənddə ağaclarda tökülüb qalardı, yeməzdim.

Yenə çıxıb çölə bir ərik də götürüb yeyə-yeyə girdim içəri. Soruşdum: "Bəs üzüm neçəyədi?" Dükançı qiyməti deməmiş yadıma düşdü ki, hələ üzümün vaxtına var. İndiki üzümlər "kitayski"di.

Yenə də çıxdım çölə - meyvələrin yanına. Bir ərik götürüb yeyə-yeyə girdim içəri. Bu səfər içəridə yadıma düşdü ki, hansı meyvənin qiymətini soruşacağımı unutmuşam.

Tez yenə çıxdım çölə. Gördüm yaxşı yaşıl alma var. Ona baxa-baxa bir ərik də götürüb girdim içəri. Soruşdum: "Bəs alma neçəyədi?" Dükançı dedi: "3 manat". Gördüm, yox, bahadı.

Yenə çıxdım çölə. Meyvələrə baxa-baxa bir ərik də götürdüm. Yeyə-yeyə girdim içəri. Dükançıdan soruşdum ki, bağışlayın, ərik neçəyə idi? Dükançı da tərs-tərs baxıb mənə dedi: "Çöldə ərik qalıbmı?"

Dükançı mənə necə tərs-tərs baxdısa, dilim tutuldu, çaşıb qaldım. Başqa nə alacağımı da unutdum. Çıxdım çölə ki gedim evə, birdən alacağım şeylər yadıma düşdü. Geri qayıdanda bir dənə də ərik götürüb yeyə-yeyə girdim içəri. Dükançı day söz tapmadı mənə deməyə. Mən də alacağım şeyləri istədim: çörək, 100 qram kolbasa, 50 qram pendir, 2 dənə pomidor və yarım kilo xiyar...

Gəldim evə, istədim aldığım şeylərdən özümə qəşəng bir şam yeməyi hazırlayam, birdən yadıma düşdü ki, araq almağı unutmuşam.

Təzədən qayıtdım dükana. İçəri girəndə bir dənə də ərik götürdüm, yeyə-yeyə girdim içəri. Bu səfər dükançı heç üzümə baxmadı. Dodaqlarının altında dedi ki, yenə əriyinin qiymətini soruşmağa gəlmisən? Mən də utana-utana nisyə bir araq - "çubuş" götürməyə gəldiyimi dedim. (Guya hər gün nağd alırdım da, bu gün nisyə imiş...)

Dükançı yenə də üzümə baxmadan, dedi: "Yerini bilirsən, get götür". Mən də gedib "çubuş"u götürüb çıxdım dükandan. Evə gedəndə bir dənə də ərik götürüb yeyə-yeyə getdim...

Bu gözəl şam yeməyindən və yüz qram “çubuş”dan sonra əlimi atdım ki, bir siqaret yandıram, ciyərlərim bayram eləsin, gördüm siqaretin qutusu boşdu. Tez qaçdım dükana, yoxsa bir azdan dükan bağlanacaqdı, siqaretsiz qalacaqdım. Qapının ağzına çatanda birdən gözüm yenə gözəlim ərik yeşiyinə sataşdı. Birini də götürüb yeyə-yeyə içəri girdim.

Dükançı bu səfər də əriklərdən yediyimi görüb heç dillənmədi. Heç başlamadı da başqa bir bəhanəylə məni danlamağa. “Ay nə qədər nisyə almaq olar, haçan verəcəksən, bir də sənə nisyə verməyəcəm-filan...”

Mən də yenə utana-utana dükançının stolun üstünə zərblə çırpdığı siqaret qutusunu götürüb qaçdım. Çölə çıxan kimi yenə yadıma ərik düşdü. Amma bu səfər yeşiyin içini nə qədər axtarsam da, bir dənə də ərik tapa bilmədim...

Evə çatanda fikirləşdim ki, nə yaxşı bu gün dükanda dükan sahibi özü yox, arvadı idi...

# 1782 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #