Burda fotoaparat adam öldürə bilər – REPORTAJ

Burda fotoaparat adam öldürə bilər – REPORTAJ
30 dekabr 2014
# 12:18

Kulis.az Bakı Dövlət Sirkində Yeni illə bağlı nümayiş olunan “Fəvvarələrin qış nağılı”ndan reportajı təqdim edir

Köhnə, təmirsiz, keçmişlə bağlılığı olan yerlərdə həyat var. Yoxsa, bu dekorativ parıltıların içində həyat yox olub gedir.

Uşaqlığımda gördüyüm kimi qalmış, hər detalı ilə o gözəl günlərin nə qədər uzaqda olduğunu yada salan Bakı Dövlət Sirkində həyat var, həyata dair hisslər var – uşaqlar var!

Gözəl-gözəl, gül balalar yapışıb analarının, atalarının, bacı-qardaşlarının əlindən, gəliblər Şaxta Babanın nağılına, daha doğrusu Bakı Dövlət Sirkinin təqdim etdiyi “Fəvvarələrin qış nağılı”na baxmağa.

Şaxta Babanın da, sirk ustalarının da, kloun və artistlərin də işi asan gəlməsin sizə... Onlar təlimçinin əlindəki qəndə görə mayallaq aşan ayılarla, çıxılmaz qalıb hündürlükdən aşağı tullanan pişiklərlə, odla oynayan akrobatlarla, küpəgirən qarılarla, quyruqlu şeytanlarla hər şeyin yaxşı olacağına, Xeyrin Şərə qalib gələcəyinə inandırmalıdırlar uşaqları. Amma bundan da qabaq özləri o nağılın dadını unutmamalıdırlar, özləri Xeyrə inanmalıdırlar. Bu da asan gəlməsin sizə...

Biz bu fikirlərdə ikən, nağıl da gözləmir ha, başlayır...

Zalı uğultu götürür – uşaqlar yağan qarın altında, yolkaların ətrafında dövrə vuran aktyorlara - qızlara oğlanlara əl çalırlar...

- Ay xala, ay bibi, ay qardaş, qarın yağmağına sonuncu dəfə nə zaman sevinmisən?

Nə vaxt? Stressli, gərgin həyatımızda bir neçə dəqiqəlik xoşbəxtlik, dərd-sərin unudulması bilirsiniz nə deməkdi? Uşaqlığa qovuşmaq kimidi.

Yaşamaq kimidi.

Düşünmək kimidi...

Ətrafımızda balacalar, əllərində peşməklər, səhnədə Şaxta Baba və gözəl qızlar...

Süjet ənənəvidir, amma həm də əbədidir: Şər - küpəgirən, şeytan və acıqlı “sehrbaz” Xeyri – Şaxta Babanı, Qar qızı, balaca Santanı məhv edib dünyanı idarə etmək istəyirlər. Amma olmayacaq bilirik: Xeyir Şərə – küpəgirənə, Şeytana və onun hamisi olan pis sehrbaza qalib gəlməlidir. Bir anlıq adama elə gəlir ki, hər şey uşaqların bax buna inanmasından asılıdır. Əlbəttə elədir.

Baxın, bu sehrbaz elə dəhşətlidir ki, uşaqlar bir anlıq qorxuya düşür, amma Xeyrin də qalib gəlmək gücü... Onun əlində də həqiqət kimi silah var. Bu həqiqətlə toqquşanda hər şey ovuq-ovuq olur...

Yaxınlaşıb uşaqları danışdırıram:

- Necə idi? Ən çox nə xoşunuza gəldi?

Çoxu heyvanları sevib. Arxa cərgədə bir uşaq atasına deyir: “Valşebnik” pisdir, onu çox istəmirəm, sən də istəmə”.

Uşaqlar alqışlarla ürəkdən Şərin cəzalanmasını istəyirlər. Onların istədikləri olur. Olur!

Xeyir qalib gəlir. Uşaqlar rahat-rahat nağıldan ayrılırlar. Sirk nağılı havada uçan çoxlu sabun qovuqcuqları ilə bitir. Pilələri düşürük. Uşaqlar danışa-danışa gedirlər.

Danışırlarsa, deməli təsirləniblər. Təsirləniblərsə, deməli, Bakı Dövlət Sirki bütün gücünü toplayıb Xeyrin qalib gəldiyi o nağıla uşaqları inandıra bilib. Bunun üçün hamı birləşib – akrobatlar, aktyorlar, texniki işçilər... Fəvvarələr, işıqlar, rəqslər xüsusi bir nağıl havası yaradıb. Təmirsiz şəraitdə belə xırdalıqlar bahasına başa gələn tamaşanı - nağılı qurmaq mümkün olub. Xatirələrimizdəki o şıq, qırmızı manejin indiki dəmir görkəmini işıqlar “rəngləyib”.

Akrobatların tryukları qübbənin solğunluğunu görünməz edib. Tamaşanın başlamağı kifayətdir ki, komforta, zahiri parıltıya önəm verən tamaşaçılar məkanın necəliyini unutsunlar.

Akrobatların tryuklarını çəkmək üçün pillələrə doğru əyilirəm. Əlində akrobatın təhlükəsizlik kəndirini tutmuş köməkçi işarə edir ki, fotoaparatın fləş işığını qoşmayım. Əlbəttə, akrobatın gözünü ani bir işıq qamaşdırsa, nələr ola bilər, bilirəm.

Sirk aktyorluğu çox çətin və təhlükəli peşədir. Bir anlıq heyrətin nə qədər əziyyətlər bahasına başa gəlməsini çoxu təxmin də etmir. Aylarla üzərində işlədiyin tryuk birdən alınmadı? Tamaşaçı o saat narazılığını bildirəcək, bunu unutmayacaq. O, yüksək peşəkarlıq tələb edir. O, daim formada olmağı tələb edir.

Qaldı uşaqlara, onlara verə biləcəyimiz ən yaxşı şey dünyalarını rəngarəng etmək, fantaziyalarını genişləndirmək, heyrətlənmək hissini itiləmək, zövqünü oxşamaqdır...

Qeyd: Moskva Dövlət Sirkinin aktyorlarının iştirakı ilə hazırlanmış “Fəvvarələrin qış nağılı” tamaşası yanvarın ortalarınadək davam edəcək. Biletlər 8, 10 və 15 manatadır.

# 3620 dəfə oxunub

Oxşar xəbərlər

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

14:00 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər