Axınla getmək istərdinizmi?

Axınla getmək istərdinizmi?
29 dekabr 2014
# 10:58

«Daha ali bir vücud yaratmalısan. İlk təkan, öz-özünə diyirlənən təkər – qısası, yaradanın özünü yaratmalısan» (F.Nitsşe). Rejissor Asif Rüstəmovun “Axınla aşağı” filminin qəhrəmanı Əli də (Namiq Ağayev) oğlu Ruslandan mükəmməlik tələb eləyir.

Əli avarçəkmə üzrə məşqçidi. Arvadı (Mehriban Zəki) oğlu və özü kimi məşqçi sevgilisi (Aleksandra Andrzejevska) var. Oğlu üçün sərt ata, sevgilisi üçün özünü reallaşdırmağa fürsət tapmamış insan, arvadı üçün itirmək istəmədiyi ərdi...

Əli oğlunun da avarçəkmə ilə məşğul olmasını və ən yaxşı olmasını istəyir. Ondan ötrü Ruslan oğuldan çox, öz arzularına verilmiş ikinci şansdı. Əli - ata, həm də ata arxetipinin obrazıdı – sərt, cəzaverən tanrıdı və zəifliyinə görə oğulu cəzalandırır – ən vacib bir məqamda onu komandadan qovur. Tanrı kimi onun taleyini həll eləyir.

“Özündən ali bir şey yaratmalısan. Amma gərək əvvəlcə özün kamilləşəsən, cismən də, ruhən də təkmilləşəsən” (F.Nitsşe). Əli nəinki kamil deyil, həm də günahkardı. Öz xudbinliyi ucbatından oğlunu qurban verməyə məcbur olan İbrahim kimi. Bütün atalar bir az İbrahimdi. Buna görə də Əlinin qələbə anı həyatının ən böyük məğlubiyyətinə çevrilir. Buna görə sevinməyə imkan tapmamış oğlunun ölüm xəbərini alır.Əslində film bundan sonra başlayır.

Suda batmış Ruslanın cəsədinin axtarışları həm də Əlinin həqiqəti tapmaq cəhdidi – özünüdərk yoludu. Və bu yol, Əli oğlunun həlak olduğu yerdə əlləri, üzü böyürtkən şirəsinə – qana bulaşmış halda oturanda başa çatır.

Namiq Ağayevin Əlisi sərt ata rolunda o qədər inandırıcı görünməsə də, film irəlilədikcə bütün mimikaları, plastikası ilə əzab çəkən və anlamağa çalışan insanın duyğularını tamaşaçıya ötürməyi bacarır. Ekran qarşısında əyləşənlər də Əli ilə eyni çaşqınlığı, yorğunluğu, bezginliyi və sonda cəsədə baxmadan “odur” deyəndə hiss elədiyi ani yüngüllüyü yaşayır.

“Axınla aşağı” filminin Əlidən başqa, daha bir qəhrəmanı da var: Su. Bu filmdə su Əlinin olduğu hər yerdədi. Sevgilisi su gimnastikası üzrə məşqçidi, onun yaşadığı evin həyətində hovuz var, oğlu suda batır, evdə borular su buraxır.

Su Əlinin “maye halıdı”, vizuallaşdırılmış daxili dünyası – ürəyi, beynidi. Üzdən axar, hərəkətli, dibi bulanıq, torlu. Əli də su kimi düşdüyü hər qəlibə uyğunlaşaraq yaşayır. “Bu filmdə hər şey suyun ağırlığı altındadı” - bu da rejissordan. Yəni hamı axına tabedi, müqavimət yoxdu. Oğulun ölümü suyun səthini parçalayan, dibini bulandıran daş misalı çox-çox dərinlərdə gizlədilmiş bu həqiqəti üzə çıxardıb Əlinin, Leylanın və digərlərinin çiyinlərinə buraxmışdı. Ona görə də Əlinin arvadı ilə son səhnəsindəki “Tapdın? Tapdım” dialoqunda bir yüngüllük, rahatlıq var. Onlar artıq həqiqətdən azaddırlar, yenidən axına tabe ola bilərlər.

“Axınla aşağı” filmində katarsis yoxdu. Burda SOS (save our soul) çağırışı təkcə qapı zəngidi. Heç kim xilas olmaq istəmir. Yalnız hərəkətsiz qara su – sabitlik var. Axına tabe.

Rejissor Asif Rüstəmovun (ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, operator Ayxan Salar) “Axınla aşağı” filminin hədəfi seyrçinin emosiyaları yox, düşüncəsidi. Soyuq rənglər, soyuqqanlı təhkiyə, minimum musiqi, uzun kadrlar... Hər şey tamaşaçıya papağını qabağına qoyub fikirləşməyi təlqin eləyir.

Onun Əlisi, ədəbiyyat dərsliklərində yazılan cümlələrlə desək, “sabitliyi” seçmiş həmvətənlərimizin ümumiləşdirilmiş obrazıdı. Müəllif tamaşaçıya reallığı göstərir və onu sualla baş-başa buraxır: Siz də axınla aşağı getmək istəyənlərdənsinizmi? /xeber365.com/

# 1767 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #