news-inner
clock14:15 calendar-gray 15 Dekabr 2014 view-gray236 dəfə oxunub
view-gray236 dəfə oxunub

Xanım rəssam: “Eybəcər qadınlar daha maraqlıdır”

Kulis.az rəssam Könül Kəngərli ilə müsahibəni təqdim edir...

- Könül xanım, Bəhruz Kəngərli ilə hansı qohumluq bağlarınız var?

- Bizim ailədə rəssam yoxdur. Amma bu, genetik keçib mənə. Biz uzaq qohumuq. Mən tamam başqa sahəni bitirmişəm, xalçaçılığı. Amma rəssamlıqla çoxdandır məşğul oluram.

- Sizin rəsmlərdə Bəhruz Kəngərlinin mənzərələrinin izləri var.

- Mənim texnikam Bəhruz Kəngərlinin texnikasına yaxındır. Amma bilərəkdən yox, yəni baxıb bəhrələnməmişəm. Ona görə inanıram ki, bu, genetik kodlarla keçib.

- Onun nəslindən kimsə qalıb?

- Bəhruz Kəngərlinin övladı olmayıb. Onun eşitmə, nitq qüsuru olub. Gənc yaşlarında vəfat edib. Haradasa 200-ə yaxın əsəri qalıb.

- Portretlərinizdəki insanlar çox kədərli, faciəvi təsvir olunub. Bu, nədən qaynaqlanır?

- Ola bilsin çox humanist, yardımı sevən insanam. Mənə daha çox yoxsulluqda yaşayan insanlar, onların çəkdiyi əziyyətlər təsir edir. Və münasibətimi kətan üzərində büruzə verirəm. Məsələn, oturub hansısa kafedə yemək yeyəndə, bəzən axıradək yeyə bilmirəm, doyuram. Düşünürəm ki, məsələn Afrikada aclıqdır. Mən artıq doyduğum üçün yeməyə baxmaq istəmirəm, amma bunun həsrətində olan adamlar var. Bunlar mənə təsir edəndə işləyirəm. Bəlkə ondan qaynaqlanır.

- Bu gün müasir dünyanın ən böyük problemlərindən biri istehlakçılıqdır.

- Bu, məni çox narahat edir. Dəbdəbəli görünsəm də əslində dəbdəbədən uzaq adamam. İnsanlar mən tanıdıqca fikrini dəyişir. Ola bilsin, kənardan qlamur görünə bilərəm. Amma qlamurluğu sevmirəm. “Gəzmək üçün hansı ölkəni istəyirsən?” soruşsaydınız, İranın kəndlərini deyərdim. Yaxud Afrikanın yoxsulluqdan əziyyət çəkən ölkələrini... Avropa Bakı kimidir. Sadəcə insanlar, danışıq fərqlidir. Eyni texnologiya, eyni binalar demək olar ki... Amma dediyim ölkələrdə tam fərqli insanlar yaşayır. Bu, mənə daha maraqlıdır.

- Ümumiyyətlə, marka, brend aludəçiliyiniz varmı?

- Qətiyyən. Brend qiyafətlərim var. Ona görə yox ki, brenddir. Sadəcə xoşuma gəlib. Hardasa ucuz, xoşuma gələn paltar görsəm onu da alaram. Heç bir utancaqlığım, sıxıntım yoxdur buna görə. Brend geyməyən insanlara aşağıdan yuxarı baxanları qəbul eləmirəm.

- İşləriniz içində qadın portretləri xüsusi yer tutur. Niyə qadın sizə daha maraqlıdır? Yeri gəlmişkən, müsahiblərinizdən birində demişdiz ki, kişi bədəni məni cəlb eləmir...

- Dediyiniz müsahibənin başlığı xoşuma gəlməmişdi. Biədəb idi. Orda soruşmuşdular ki, qadın yoxsa, kişi bədəni? Əslində hər ikisi gözəldir. Mikelancelo kişi bədənini dünyada ali hesab eləyirdi. Çünki onun yaratdığı kişi obrazı ideal idi. O qadın bədəni çəkə bilmirdi demək olar ki. İki variant var. Birinci odur ki, gey olub qadın bədəninin incəliklərini duya bilməyib. Digər variant o ola bilər ki, o, doğrudan da kişi bədəni ideal sayırdı. Mənə görə gözəl qadın bədəni ən ali incəsənət əsəridir. Bunu belə başlıqla vermişdilər ki, kişi bədəni məni cəlb eləmir. Mənə yazmağa başladılar ki, oriyentasiyanı dəyişmisən? Deyirəm, yox hər şey normaldır. Sadəcə başlıq belədir. Siz elə fikirləşmirsiz ki, qadın bədəni daha gözəldir?

- Əksinə, sizinlə tamamilə razıyam. Sadəcə, başqa bir məsələdə ilişib qaldım. Məsələn, ispan rejissoru Almodovar da geydir, amma onun qədər qadın təbiətini hiss rejissor tapmaq çətindir...

- Homoseksual olsa da içində qadınlıq, qadın hormonları daha çoxdur yəqin. Normal bir kişi qadın bədənini daha yaxşı hiss edə bilməz, nəinki gey. Ola bilsin o, daha yaxşı hiss edir, göstərir. Gözəl olmayan qadın bədəni də var. Gözəl olan kişi bədəni də. Məsələn, kişinin kürək hissəsi, ayağının əzələlərini çəkmək maraqlıdır. Amma qadın bədənində incəlik var. Sanki allah qadını nazla yaradıb. Mən belə düşünürəm.

- Sizin gözəllik kriteriyalarınız nədir? Məsələn, intibah dövründə bu, dolu qadınlar idi. Yaxud gözəl olan maraqsız qadınlar da var.

- Vizual cəhətdən yanaşdıqda, natura kimi götürsək mənim üçün üzdəki ifadə əsasdır. Əgər hiperrealist əsər çəkirəmsə, onda istəyərəm ki, xarici görünüşü maksimum ideal qadın və ya kişi olsun. Amma mən impressionist rəssamam və mənim üçün əsas insanın üzündəki mimikalardır. Nə qədər çirkin olsa, o qədər xoşuma gələcək. Gözəl qadınların oxşar nöqtələri çoxdur: baxışlar, danışıq tərzi, iri dodaqlar. Yəni gözəl qadınlarda bir standartlıq var. Eybəcərlər isə standart olmur. Hər eybəcər inanın özünün tipajı olur, onlar daha çox individualdırlar. Sırf rəssam kimi yanaşanda belə düşünürəm.

- Naturaçılarla necə işləyirsiz?

- Naturaçılar əsasən sifariş edirlər. Yəni özlərini çılpaq çəkdirmək istəyən xanımlar olur. Naturadan işləməyi sevirəm. Amma bir mənzərə çəkəndə çox vaxt beynimi yoruram. O gördüyünüz mənzərədən (divara söykənmiş tablonu göstərir) heç yerdə yoxdur. Özümdən çəkmişəm. Mənzərəni təsəvvür edirsən, sonra baxırsan ki, nəsə boşluq var. Çox düşünürsən. Elə olur ki, pozursan rəsmi. Naturada isə hər şeyi yerində qoyub allah.

- Naturadan çəkəndə, olduğu kimi çəkirsiz ya, traktovka verirsiz?

- Baxır qarşındakı insana. Onun ötürdüyü enerjiyə. Bir dəfə ingilis dili kursunda olanda bir qızın üz cizgilərini çox sevdim. Onu tam oxşar şəklini çəkdim. Elə insan da var ki, onu tam tuta bilmirəm. Gördüyüm kimi, hiss etdiyim kimi çəkirəm. Elə insan da var tam olduğu kimi çəkirəm.

- Əsərlərinizi satırsızmı?

- Rəssamlıq mənim həm gəlir yerimdir, həm sənətim. Yaxşı ki, rəssam olmuşam.

- Bizim alıcıların tələbatı nəyədir: mənzərəyəmi, portretəmi?

- Təbii ki, insanlar öz portretini çəkdirməyə üstünlük verir. Bilmirəm niyə? Amma bizdə belədir. Portret çəkdirmək olar. Mən portreti o adama çəkdirərəm ki, məni gördüyü, hiss etdiyi kimi çəkəcək. Onda bu, mənə maraqlı olar. Amma bizim insanlar deyir ki, məni olduğum kimi çək. Əgər olduğun kimi istəyirsənsə, o zaman foto çəkdir. İstərdim ki, məni abstrakt əsərdə təsvir eləsinlər. Mənim rəsmimi Rəhim Haşımov çəkmişdi. Modilyani üslubunda. Orda tam mən deyiləm. Amma hiss olunur ki, məni çəkib. İfadəmi tutub. Bu, mənim ürəyimcədir. İnsanlar portretini sifariş versin, amma desin ki, sən məni necə görürsən elə çək. Dəqiq çəkməyimi istəyirsənsə, onda fotoaparatı götürüb selfi elə.

- Bəzi əsərlərinizdə ekspressionizmin təsiri hiss olunur. Bir kişi portretiniz var, Munkun “Haray”ını xatırlatdı.

- Hə, “Qışqırıq” əsərini deyirsiz. O, ekspressionizmə daha yaxındır. Amma o mənə yaxın texnika deyil. Sadəcə praktika elədim. Bu işi sərgilərdə çox istəyiblər. Narkomaniya ilə bağlı sərgilərdə məsələn. Sadəcə o qışqırıq mənə gəldi. Bəlkə də özüm elə qışqıra bilmirdim. Ona görə çəkdim. İki –üç əvvəl işləmişəm, onda çalışırdım ki, başqa üslublarda işləyim, bəlkə ürəyimə daha çox yatdı. Amma gördüm ki, öz üslubumda işləyəndə daha çox zövq alıram.

- Üslubunuz konkret nədir?

- Sırf impressionizm deyil. İmpressionistlər açıq təbiətdə, açıq naturadan çəkirdilər. Onlar qara rəngdən istifadə eləmirlər. Amma mən impressionizmin qolunu-qıçını qırıb öz üslubumu yaratdım. Ona daha çox yaxındır sadəcə.

- Məsələn, peşəkar bunu necə adlandırardı?

- Elə bil cərəyan olsaydı, indi sizə deyərdim onu. Ümumiyyətlə, yaradıcılığımda daha çox mənzərəyə və portretə üstünlük verirəm. Amma gələcəkdə çoxfiqurlu kompozisiyalar işləməyi planlaşdırıram.

- Elə bil əsəriniz olub ki, çox sevsəniz də satmısız...

- Çox təəssüf ki, olub. İsa Məsihin portreti idi. Yaxşı qiymət təklif elədilər, satdım.

- Bir neçə gün əvvəl danışanda dediniz ki, emalatxananız yoxdur. Ümumiyyətlə, rəssamların əsas problemləri nədir?

- Emalatxanam vardı. Sentyabra təhvil verdim. Kirayə götürmüşdüm, razılaşa bilmədik. Özüm təhvil verdim. Çətindir emalatxanasız. İndi evdə özümə şərait qurmuşam. Balkonda işləyirəm. Emalatxananın olması daha yaxşıdır, daha rahat işləyirsən. Rəssamların əsas problem emalatxanadır. İndi sərgi eləmək problem deyil. Amma mən edə bilmirəm. İşlər əlimdə qalmır, çünki gəlirim burdandır. Bir də bizdə sənət əsərlərinin yaxşısını seçə bilmirlər. Bizim insanlar standart mənzərə sevirlər. Mən işimi qoysam üç ay qalar qalereyada. Normal işi on faiz dərk edə bilir. Əksər insanlar ənənəvi, realist üslubda, aydın çəkilən rəsmlərə üstünlük verir. Ona görə də onlar alınır. Məcbursan, o üslubda işləyəsən ki, pul qazanasan. Öz üslubunda işləyəndə sərgilərdə alınır, amma çox az.

- Qadın rəssamların hansı problemləri var?

- Ərə gedəndən sonra olur. Mən ailəli deyiləm. Bilmirəm gedim, getməyim. Adam fikirləşir ki, getsəm, ailə, uşaq qayğıları ilə məşğul olacaqsan, çəkmək kənarda qalacaq. Kişiyə daha asandır. Qadın gərək elə bir insanla rastlaşsın ki, ya o da rəssam olsun, ya da səni çox başa düşsün, dəstək olsun.

- Yadıma gəlir ki, bir dəfə Facebook səhifənizdə çılpaq qadın rəsmi paylaşmışdız. Sizi qınayanlar oldu.

- Dediyim kimi bizim insanlar sənətə münasibətdə Avropadan nəinki geridir, hətta qat-qat aşağıdır. Dərk edənlər on faizdir. Çəkdiyim çılpaq rəsmləri paylaşa bilmirəm. Çılpaq rəsm paylaşanda qohum-əqrəba deyir ki, utanmırsan? Bir dəfə Facebookda sadəcə qadın silueti vermişdim. Orda açıq heç nə yoxdur. Bir qız yazmışdı ki, çox yaxşı rəssamsız. Amma ayıb olsun, mən istərdim yaxşı bir işlə məşğul olasan. Adam baxır ki, bu, nə düşüncə tərzidir?

- Küçədə maraqlı adam görəndə, rəsmini çəkməyi təklif eləmisiz?

- Xaricdə bunu demək olar. Bakıda çətindir. Bir dəfə Bakıda smit satan kişi gördüm. Çəkməyi o qədər istədim ki. Amma bildim ki, desəm, gəlib dayanmayacaq. Bizdə insanlar çox aqressivdir. Başında papaq, qolunda səbət, smitlər, üz quruluşu çox xoşuma gəldi. Dedim, dayı, rəssamam, olar sizin şəklinizi çəkim? Dedi, 100 manat ver sonra.

- Xaricdə yaşamaq fikriniz var?

- İtaliyada universitetə qəbul olunmuşdum. Çox şeylər qabağımı kəsdi. Qərarımı dəyişdim.

- Hansı rəssamları sevirsiz?

- Anri Matiss, Mone, Mane bir tərəfə, Mikayıl Abdullayev səviyyəsinə çatmağı çox istərdim. Mənim üçün dünyanın ən yaxşı rəssamı Mikayıl Abdullayevdir, o, mənim kumirimdir.

- Monika Beluççiyə çox oxşayırsız. Sizə bunu deyəndə qıcıqlanırsız?

- Yox, qıcıqlanmıram. Monika Beluççi gözəl qadındır. Sevdiyim qadındır. Saçım qara olanda daha çox oxşadırdılar. Mən özümü o qədər gözəl qadın hesab eləmirəm.

Monika aktrisa kimi sıfırdır. Mən belə düşünürəm. Çünki oynaya bilmir, çatdıra bilmir. Üzündə emosiya yoxdur. Ağlayanda, güləndə hiss olunmur. Aktrisa emosiyalarından istifadə eləməlidir ki, qarşısındakını inandıra bilsin.

Sevda Sultanova

Oxşar xəbərlər

Xəbər lenti

Məscid odunu - Mehriban Vəzirin yeni hekayəsi
18:27 31 Mart 2020
Tanınmış xanımlarımızdan "Evdə qal" kampaniyasına çörək hədiyyəsi - Fotolar
17:11 31 Mart 2020
Azərbaycanda anadan olmuş tanınmış yazıçı dünyasını dəyişdi
16:02 31 Mart 2020
Sevgilisinə görə 20 otaqlı ev tikdi, özündən 35 yaş cavan qızla evləndi, pula görə Üzeyir Hacıbəyova əsəbiləşdi - Cabbar Qaryağdıoğlundan maraqlı faktlar
15:19 31 Mart 2020
Ötən gecə Van Qoqun məşhur əsərini oğurladılar
14:32 31 Mart 2020
Ceyms Bond filminə 100 minlik zərbə
13:45 31 Mart 2020
Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır? - Sorğu
12:30 31 Mart 2020
Facebookda “zibil atan”ların təhlükəli səhvi
11:50 31 Mart 2020
Dahi şairimizdən Günün Şeiri
11:15 31 Mart 2020
Azərbaycanlı qarmon ifaçısı vəfat etdi
10:31 31 Mart 2020
"Santa Barbara" serialının ulduzu dünyasını dəyişdi
10:17 31 Mart 2020
Milli Konservatoriya Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
09:28 31 Mart 2020
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
09:00 31 Mart 2020
Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto
23:02 30 Mart 2020
Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
20:02 30 Mart 2020
Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020
"Qızıl palma budağı", "Oskar", "Qızıl Qlobus"... - Mükafatların qənimi “Parazitlər” filminin sirri
14:11 30 Mart 2020