Elçibəyin anası barmaqlarını niyə kəsdi?

Elçibəyin anası barmaqlarını niyə kəsdi?
11 noyabr 2014
# 13:06

Kulis.az ölümünün 10-cu ildönümündə məşhur tərcüməçi Natiq Səfərovun həyat yoldaşı Zümrüd Səfərovanın xatirələrini təqdim edir.

“Çarə ancaq ona qalır...”

Natiqin atası Əli Səfərov yüksək təhsil görmüş bir adam idi. Naxçıvan rus-tatar məktəbini bitirdikdən sonra əlaçı tələbə kimi Sankt-Peterburq Ali Akademiyasına göndərilmişdi. Orada da çoxsaylı tələbə arasında fərqlənməyi bacarmış, tələbə heyətinin fəxri üzvü seçilmişdi. Sonralar Əli Səfərov həmişə məsul işlərdə çalışmış, nazir vəzifəsinə qədər yüksəlmişdi. Əli Səfərov düzgün adam idi, təmtərağı sevməzdi, orta ziyalı həyatı yaşayırdı.

Müharibədən sonrakı illər idi, Naxçıvan camaatı yarıac, yarıtox yaşayırdı. Natiq çalışırdı ki, məktəb yoldaşları onun nazir oğlu olduğunu bilməsin. Qaynanam deyirdi ki, mən Natiqə təzə paltar, təzə ayaqqabı geyindirib məktəbə göndərirdim, qayıdanda əyin-başını toz-torpaq içində görürdüm. Bir dəfə Natiq məsələni açıb söylədi:

- Ay ana, o biri uşaqlar məktəbə köhnə paltarda gəlirlər, onların yanında təzə pal-paltarda görünməyə utanıram. Ona görə də üst-başımı hara gəldi, sürtürəm ki, təzəliyi bilinməsin...

Natiq atasına heç oxşamırdı, hətta onun tam əksi idi. Atası özünə çox yaxşı baxar, hər gün tezdən durub həyətdəki çiçəkləri qoxlayar, qaçar, idman edərdi. Həm ruhən, həm də fiziki cəhətdən öz qayğısına qalan Əli Səfərov düz 90 il yaşadı.

Bir gün Əli Səfərov Naxçıvandan bizə qonaq gəlmişdi. Bir mənə baxdı, bir Natiqə baxdı, dedi:

- A qızım, sən buna yemək vermirsənmi? Bu niyə belə arıqdır? Bax, mən hər gün səhər quymaq yeyirəm. Sən də ona quymaq ver, qoy yesin, bir az əmələ gəlsin.

Sabahısı gün tezdən durub quymaq bişirdim, Natiq quymağı yeyib işə getdi. Axşam evə gələndə gördüm heç halı özündə deyil:

- Əşi, bu gün az qala ölmüşdüm. Bu kişi quymağı hər gün necə yeyə bilir, başa düşə bilmirəm. Bu cür güclü quymaqdan sonra çarə ancaq doğmağa qalır!

“Gözəlliyi məhv etmək günahdır”

Natiqin özündən 20 yaş böyük qardaşı Abbas Səfərov hərbi həkim idi. Yaltada hərbi sanatoriyaya rəhbərlik edirdi. Abbas çox ciddi, intizamlı, məsuliyyətli, bir qədər də sərt adam idi. Uzun illər Rusiyanın bir çox şəhərlərində işləmiş, axırda Krımda məskən salmışdı. Abbas rus dilində səlis danışırdı, diksiyası çox düzgün idi, heç ruslardan seçilmirdi. Azərbaycanca danışanda isə elə bilirdin, Naxçıvandan bu dəqiqə gəlib. Halbuki 70-ci illərdə o, artıq 30 ilə yaxın idi ki, Azərbaycandan çıxmışdı.

1971-ci il idi, təzə evlənmişdik, Abbas bizi Yaltaya dəvət etdi. O, bizi şəhərin görməli yerlərinə aparır, katerlə Qara dənizi gəzdirir, “Botanika bağı” və s. ilə tanış edirdi. Bir gün “Ana abidəsi” adlı parka getdik. Abidə çox gözəl idi, ana qucağını elə açmışdı ki, sanki hamıdan imdad diləyirdi. Sanki dil açıb, “Qoy həmişə sülh olsun” deyirdi. Abidənin ətrafında, parkın içində zərif güllər, çiçəklər əkilmişdi, elə bil yerə xalı döşənmişdi. Gözümü bu gözəllikdən çəkə bilmirdim.

Natiq yavaşca mənə dedi:

- Yalandan de ki, o güllərdən dər ver, mənə, görək Abbas nə deyəcək?

Dedim:

- Yox, deyə bilmərəm.

Abbas öz aramızda danışdığımızı görüb soruşdu:

- Ə, Natiq, nolub?

Natiq qəsdən dedi:

- Əşi, heç nə, Zümrüd deyir ki, bu güllərdən bir dəstə dər, ver mənə.

Abbasın gözləri böyüdü:

- Doğrudan elə deyir? O, bilmir ki, dərmək olmaz?

Natiq:

- Əşi, hardan bilir? Bu bakılıdır, gülü də həmişə mağazada görüb, əkilmişini birinci dəfədir, görür. Eybi yox, qoy heç olmasa bircəciyini dərim, yazıqdır, görmürsən, necə baxır?

Natiq əyildi, guya gülü dərir. Abbas əlindən tutdu:

- Ay Natiq, bu nə işdi, tutursan? Bura sizin üçün Azərbaycan deyil, burda belə şey eləmək olmaz.

Natiq güldü:

- Qardaş, mən səninlə zarafat edirəm. Biz nə burda, nə də Azərbaycanda belə ədəbsizliyə yol vermərik. Bir də dünyanın harasında olursan ol, gözəlliyi məhv etmək günahdır.

“Mənim də əynim sevindi”

Natiqin ölçüləri kiçik olduğundan ona kostyum tapmaq müşkül idi. Dostu Vidadi Məmmədovla demək olar ki, ölçüləri eyni idi. Bir gün Vidadi Məmmədov Natiqə deyir:

- Univermağa yaxşı bir kostyum gəlib, düz bizim əynimizə görədir. Özüm üçün almağa gedirəm, istəyirsən, 70 manat ver, sənin üçün də alım.

Vidadi Məmmədov istedadlı olduğu qədər də baməzə adam idi, Natiq onun xasiyyətini bildiyindən şübhələnir, amma bir söz demir, pulu verir. Xoşbəxtlikdən həmin gün qonorar günü imiş.

Sabahısı gün Vidadi kostyumu alıb gətirir. Natiq də sevincək təzə kostyumunu geyinib işə gedir. İş yoldaşlarından biri:

- Natiq, kostyumun mübarək! - deyir - Vidadi alıb?

- Hə, hardan bildin?

- Bunu təkcə mən yox, bütün kollektiv bilir. Bəs xəbərin var, Vidadi onları hardan alıb?

- Univermaqdan alıb. 70 manata - Natiq deyir.

İş yoldaşı gülür:

- Vidadi yenə məzələnib, bəs bu kostyumu univermaqdan yox, “Detskiy mir”dən, uşaq geyimləri bölməsindən alıb. Özü də 35 manata.

Natiq kostyumun uşaq geyimləri mağazasından alındığını eşidib qəzəblənir. Tez Vidadini tapır. Vidadi onu görən kimi məsələni başa düşür:

- Ay Natiq, univermaqda bu kostyum doğrudan da 70 manatadır, nə fərqi var, hardan alınıb. Əsas odur ki, 35 manata mənim də əynim sevindi.

Natiq Vidadinin əynindəki eyni kostyuma görəndə onu gülmək tutur.

“Kimə niyyət, kimə qismət”

Bir gün yazıçı N. bizə gəldi. Əlində də Moskvada rus dilində çapdan çıxmış kitab vardı. Kitabı Natiqə bağışladı, dedi ki, rus dilində bir kitabım da çıxmalıdır. Moskvadan nəşriyyatda mənə dedilər ki, gələn dəfə gələndə, əsəri tərcümə etdir, gətir. Çünki mən onları başa salana qədər onlar da əldən düşür, mən də. Hər cümləni onlara sözbəsöz izah edirəm. Məsəlçün, yerdə it şöngüyüb oturub. Mən bədbəxt bunu ruslara necə başa salım? Yerdə şöngümüş vəziyyətdə otururam, yazıq-yazıq tərcüməçiyə baxıram, o da deyir, da, da, ya ponyala. Ya da “it kəsik-kəsik hürür”. Mən “ham” eləyrəm, dayanıram, yenə “ham” eləyirəm, ya da belə bir cümlə - “it quyruğunu bulaya-bulya çıxıb getdi”. Mən bulana-bulana gəzib göstərirəm. Tərcüməçi də birtəhər başa düşür. “İt ulayır”. O deyir “sobaka laet”? Mən deyirəm, yox, “laet” “hürür”- deməkdir, bu isə belə eləyir: “uuuuuuuuuuuuu”. Tərcüməçi də birini başa düşür, birini düşmür. Birtəhər zülmlə, gün ərzində 8-9 saat “etüd” göstərirəm. O qədər yıxılıb-dururam ki, mehmanxanaya gələndə bütün əzələlərim ağrıyır. Natiq, sən Allah mənə kömək elə.

Natiq tərcümədə, yazı işində çox tələbkar idi. Dedi, sən özün bilirsən ki, mən rus dilindən Azərbaycan dilinə çevirirəm, Azərbaycan dilindən ruscaya yox. N. çox xahiş elədi, axırda Natiqi birtəhər razı saldı. Natiq dedi ki, heç vaxt Azərbaycan dilindən ruscaya tərcümə eləmədiyimə görə, vicdanım yol verməz ki, sətri tərcüməmi bədii tərcümə kimi təqdim edim. Ona görə də mənim tərcüməm sətri tərcümə kimi qəbul etsinlər, özləri bədiiləşdirərlər. Sətri tərcümənin qonorarı bədii tərcümədən qat-qat az idi, Natiq bunu bildiyi halda öz fikrindən dönmədi, gecə-gündüz çalışdı, əsəri rus dilinə tərcümə etdi. N. əsəri Moskvaya apardı, qayıdanda dedi ki, nəşriyyatda əsəri bədii tərcümə kimi qəbul etdilər, heç redaktəyə belə ehtiyac olmadı, azərbaycanlı bir gəncin rus dilini belə incəliyinə kimi bilməsinə, belə səviyyədə tərcümə etməsinə isə heyranlıqlarını gizləyə bilmədilər.

Natiq bu sözləri kompliment kimi qəbul etdi və əhəmiyyət vermədi, dediyinin üstündə durdu. Bir müddətdən sonra kitab Moskvada rus dilində həm Natiqin, həm də ordakı tərcüməçinin imzasıyla çapdan çıxdı. Natiq gözlərinə inanmadı, necə tərcümə etmişdisə, olduğu kimi qalmışdı, bir söz belə dəyişilməmişdi. Qonorara gələndə isə Natiq sətri tərcümənin pulunu lap az miqdarda, Moskvadakı tərcüməçi isə heç bircə sətri də tərcümə etmədiyi halda, qat-qat artıq aldı. Necə deyərlər, kimə qismət, kimə niyyət.

"Bəlkə kontrabas alasan..."

70-ci illərdə Natiqlə teleradioda bir yerdə işləyirdik. 3 il idi, nişanlı idik. Redaksiyalarımızın qapıları bir dəhlizə açılırdı deyə, bir-birimizi tez-tez görürdük. Bir dəfə dəhlizdə qarşılaşdıq, mənim tələsdiyimi görüb soruşdu: "Zümrüd, hara gedirsən?" Mən: "Sevil bacımla univermağa gedirəm, məni gözləyir, tələsirəm", - dedim. Natiq: "Univermağa? Nə alırsız?". "Piano alacayıq, kredit kağızları da hazırdır", - dedim. Natiq: "Pianonu neynirsən? Sən bəyəm muzikantsan?" Dedim, yox e, cehiz üçün alıram, indi hamı pianino aparır. Natiq: "Bax, bizim evimiz çox kiçikdir, pianoya yer yoxdur, xahiş edirəm, pianonun yerinə kontrabas alasan".

***

Natiq olimpiya oyunlarına baxmağı çox sevərdi. O, hansı idmançının hansı növdə, hansı çəkidə necə nəticə göstərməsi haqda qeydlər aparır, nəticələri müqayisə edir, onları dəqiq yaddaşında saxlayırdı. Ən çox yüngül atletikanı sevərdi. Ümumiyyətlə, Olimpiya oyunları vaxtı o, dünyanın ən xoşbəxt adamı olurdu.

80-ci illərin ən isti ayı idi. Mən uşaqlarla anamgilin bağındaydım. Natiq isə Olimpiya oyunlarına baxmaq üçün şəhərdə qalmışdı. Onun Mənsurə adlı bacı əvəzi bir xalası qızı vardı. Bir yerdə böyümüşdülər, Mənsurə xanım Natiqdən 10-15 yaş böyük olduğu üçün ona uşağı kimi baxardı. Əliaçıq, ürəyiaçıq, həlim bir qadın idi. Biz bağda olanda Mənsurə xanım oğlanlarıyla Natiqə yemək göndərir ki, evdə təkdir, ac qalmasın. Natiqin xasiyyətinə bələd olan uşaqlar sonra gülə-gülə danışırdılar ki, biz qapını döydük, qapını açdı, salam verməyə belə vaxtımız olmadı. Dedi, xahiş edirəm, 20 dəqiqə danışmayın və televizora baxmağa başladı. Baxdıqca dəftərinə nəsə yazır, başqa dəftərlərlə tutuşdururdu. Bizə bu 20 dəqiqə o qədər uzun gəldi ki, bilmədik, nə edək. Gedək, ya qalaq.

Bir dəfə Natiqdən bu barədə soruşdum, dedim, ay Natiq, heç qonağı da belə qarşılayarlar? Natiq dedi, mən bu Olimpiya oyunlarını düz 4 il gözləmişəm. 4 il özüm üçün xəyal qurmuşam, kim necə çıxış edəcək, necə nəticə göstərəcək… Sən də deyirsən, qonaq belə gəldi, qonaq elə getdi. Birincisi, onlar qonaq deyil. İkincisi, mən bu cür adamam, necə varam, eləyəm. İstəməyən qəbul etməsin...

Kələki xatirələri

Natiqin dostlarından biri də mərhum prezidentimiz Əbülfəz Elçibəy idi. Onların dostluğu milli azadlıq hərəkatından 15-20 il əvvələ gedib çıxırdı. Elçibəy o vaxtlar Elmlər Akademiyasında işləyirdi. Natiqlə ədəbiyyatdan, milli ideyalardan, mənəvi dəyərlərdən uzun-uzun, maraqlı söhbətlər edərdilər. Natiq əsasən Qərb ədəbiyyatından, Əbülfəz bəy Şərq ədəbiyyatından danışardı. Çox vaxt mübahisə də edərdilər, bu da uzun sürməzdi. Əbülfəz bəy Natiqə ərəb ölkələrində tərcüməçi işləməyindən, Rəşid Behbudovun orda konsert verməyindən və müğənni ilə ordakı görüşündən danışardı: “Rəşid Behbudov əvvəl məni ərəblərdən bildi, sonra deyəndə ki, azərbaycanlıyam, çox sevindi. İki həmvətən xeyli söhbət etdik.”

1979-cu ilin ən isti aylarından idi. Bakıda nəfəs belə almaq olmurdu. Elçibəy bizi Kələkiyə dəvət etdi. Biz də ailəlikcə Əbülfəz bəylə qatara minib Ordubada yola düşdük. Qatardan düşüb taksiylə Kələkiyə çatanda, evdə Əbülfəz bəyin anasından başqa heç kim yox idi. Əbülfəz bəyin anası yaşlı bir qadın idi. Özü də ağır eşidirdi. O, bizə- “Gəlin evdə yoxdur, indilərdə gələr”, dedi. (Elçibəyin həyat yoldaşı nəzərdə tutulur). Natiq nənəylə görüşdü və mənə - tez ol, uşaqlar acdı, dur bir şey hazırla, - dedi. Samovara od saldım, stəkanları çıxartdım, pendir doğradım, ləmədə çoxlu Naxçıvan lavaşı vardı, üç-dördünü sulayıb yumşaltdım, hamımız birlikdə nahar etdik. Bu müddətdə nənə dinməzcə mənə baxırdı. İşimi qurtarıb, nənənin yanında yerdən oturdum. Mənim əynimdə o vaxt dəbdə olan uzun klin yubka var idi. Bu, nənənin çox xoşuna gəldi. Dedi: “Ay qızım, Əbülfəz deyəndə ki, Natiq şəhərli qızla evlənib, uşaqlarıyla bizə gələcəklər, dedim, yəqin burda heç bir şeyi bəyənməz. Bizim qohumlardan biri Naxçıvandan evlənib, arvadı bura gələndə heç nə eləmir, deyir, mənim ayağım asfalta dəyib, mən kənddə heç bir iş görə bilmərəm. Sən bakılısan, özü də uzun paltarda, samovara od saldın, Natiq sənə “dur” deyən kimi o dəqiqə durdun. Mən səni belə bilməzdim”.

Nənə ayağa qalxanda onun ayaq barmaqlarının olmadığını gördüm. Sonralar o, danışırdı ki, yeniyetmə olanda, 1905-ci ildə ermənilərdən qaçıb dağlarda gizləniblər, ailələrindən təkcə o xilas olub, neçə gün qar altında donmuş vəziyyətdə qalıb. Hər iki ayağının barmaqlarını o qədər don vurub ki, qadın həyatını qurtarmaq üçün baltanı götürüb barmaqlarını baltalayıb. Çox iradəli, mərd, möhkəm bir qadın idi Əbülfəz bəyin anası.

Əbülfəz bəyin gəlişini eşidib bütün kənd ayağa qalxmışdı, ətraf kəndlərdən belə onu görməyə gəlirdilər. Ev adamla dolub-boşalırdı. Sabahı gün Əbülfəz bəy, onun həyat yoldaşı Həlimə xanım və yaxın qohumları “Pəjməri” deyilən yaylağa yola düşdük. İnsanlar yolda Əbülfəz bəyi saxlayır, salamlaşır, hal-əhval tuturdular. Bəziləri isə yaylağa getmək üçün bizə qoşulurdu.

Yaylaqda çoxlu tut ağacları gördüm. Burada hər ailənin öz ağacı vardı. 41-45-ci il müharibəsində insanların köməyinə bu tut ağacları çatmışdı. Tutdan həm doşab bişirmiş, həm də qurudub qənd yerinə istifadə etmişdilər.

Yerə süfrə saldılar. Kababdan sonra tut ağaclarını çırpdılar. Şipşirin, bal kimi, qara, ağ tutlar nə qədər dadlı idi, deməklə qurtarmaz.

İllər keçsə də, Kələkidən yaddaşımda xoş xatirələr qalıb. Sadə, xoşxasiyyət, mərd adamları ilə.

***

Evliliyimizin ilk illəriydi. Bir gün Natiqin köynəyini yuyurdum, elə təzəcə “poroşoka” salmışdım ki, uşaq ağlamağa başladı. Köynəyi suda qoyub uşağı ovutmağa getdim. Qayıdandan sonra işə başlamaq istəyəndə köynəyin cibindən Natiqin vəsiqəsi çıxdı. Vəsiqədə şəkildən başqa heç nə qalmamışdı. Nə ad, nə soyad, nə möhür! Hamısını su yuyub aparmışdı! Özümü itirdim. Vəsiqənin üstünə bir az su gəzdirib qurutdum. Natiqin əsəbiləşəcəyindən çəkindim deyə ona heç nə demədim. “Yuyulmuş” vəsiqəni isə səhəri gün pencəyinin cibinə qoydum. Səhər Natiq işə getdi. Mən isə evdə özümə yer tapa bilmirdim, öz-özümə deyirdim, görəsən vəsiqə necə oldu? Axşam Natiq evə gələndə dedi: Heç bilirsən, bu gün başıma nə gəlib?”. Mən tez soruşdum: “Nə olub ki”? Natiq dedi: “Çox qəribə bir iş olub! Həftəlik əsgər verilişi üçün hərbi hissəyə getməliydim. Orda da jurnalistlər ciddi yoxlamadan keçirlər. Əlimi cibimə salıb vəsiqəmi yoxladım. Gördüm yerindədir. Sonra məndən çıxmayan iş, açıb içinə baxdım, gördüm vəsiqədə şəklimdən başqa heç nə yoxdur, bütün yazılar pozulub. Tez kadrlar şöbəsinə getdim. Dedim ki, bunu dəyişin, məni hərbi hissədə gözləyirlər, tələsirəm. Rəis bir vəsiqəyə baxdı, bir də mənə. Dedi, bu niyə bu kökə düşüb? Mən də dedim ki, bilmirəm, bir də gördüm ki, ad, soyad, hamısı silinib. Rəis əsəbiləşib dedi: “Öz-özünə?” Mən ondan da bərk əsəbiləşib dedim: “Hə! Öz-özünə!”

Özümü saxlaya bilməyib tez-tələsik soruşdum: “Nə oldu, verdi təzəsini?” Natiq: “Hə, verdi, amma üzündə elə ifadə vardı ki, verməsə ondan yaxşıydı” – dedi. Birdən mənə sarı döndü: “Bəs sən niyə belə həyəcanlısan?” Mən astadan: “Günah məndədir, köynəyi yuyanda cibinə baxmamışam.” Natiq əvvəl əsəbiləşsə də tez yumşaldı: “Mən də mat qalmışdım ki, yazılar öz-özünə necə yox ola bilər?”

Sabahısı Natiq kadrlar idarəsinə gedir və mənim əvəzimdən üzr istəyir. Ağır xasiyyətli rəis məsələdən hali olduqdan sonra qırışığı açılır və bu əhvalata bir xeyli gülür.

***

Natiqin yaradıcısı və redaktoru olduğu “Natəvan qızlar klubu” 70-ci illərdə radionun ən çox dinlənilən verilişlərindən idi. Bu veriliş xaricdə yaşayan soydaşlarımız arasında da əks-səda doğurmuşdu. “Natəvan qızlar klubu” gənclərin milli dəyərlərə, ənənələrə münasibətindən söhbət açır, sosial-mənəvi problemləri incələyirdi. Bu verilişə görə Natiq Jurnalistlər İttifaqının təsis etdiyi “Qızıl Qələm” mükafatını almışdı... Veriliş efirə gedər-getməz redaksiyaya saysız-hesabsız məktublar gəlirdi. Onların əksəriyyətinin məzmunu eyniydi – xüsusilə kənd yerlərində yaşayan qızlar valideynlərinin təkidilə erkən yaşda ailə qurmağa məcbur olduqlarından gileylənir, təhsil almaq, cəmiyyətə yararlı insan olmaq istədiklərindən danışırdılar. O illərdə İçərişəhərin girəcəyində indiki Gənclər Meydanının yanındakı binada “Natəvan qızlar klubunun” dinləyiciləriylə görüş keçirildi. Görüşə hər yerdən, ən ucqar rayonlardan belə gənclər gəlmişdi. Onlar öz problemlərindən danışır, çıxış yollarını müzakirə edirdilər. Tədbirin sonunda müvafiq təşkilatlara gənclərin problemləri barədə yazılı şəkildə müraciət də qəbul olundu. Sonrakı məktublarında gənc qızlar tədbir üçün redaksiyaya öz minnətdarlığını bildirir, bu görüşün onların həyatında yaddaqalan iz qoyduğunu vurğulayırdılar. Natiq verilişin mətnlərini axıcı və səlis danışıq dilində yazırdı, üç xanım aparıcı – Flora Kərimova, Amaliya Pənahova və Ofeliya Sənaninin ecazkar səsləri isə verilişin uğurunu artırırdı.

Günlərin birində Natiqlə səhər tezdən işə gələrkən idarənin foyesində bizi üç qız qarşıladı. Qızlar evdən qaçdıqlarını, bir daha rayona qayıtmayacaqlarını deyir, yeganə pənah yerinin “Natəvan qızlar klubu” olduğunu söyləyirdilər: “Biz oxumaq, təhsil almaq istəyirik, ailə qurmaq haqqında heç düşünmürük, amma evdə bizi anlamırlar, bizə yalnız siz kömək edə bilərsiz”. Natiq: “Biz ailənizlə danışıb onları yola gətirməyə çalışarıq, siz isə evinizə geri dönməlisiniz, böyük şəhərdə qala bilməzsiniz, axı bir gün deyil, beş gün deyil”-deyirdisə də, qızlar: “Yox, biz burda qalacayıq”, - deyə israr edirdilər, - “Özümüz də hərəmiz bir aparıcının - birimiz Flora xanımgildə, birimiz Amaliya xanımgildə, birimiz də Ofeliya xanımgildə qalarıq”. Natiq onları birtəhər dilə tutdu, qatara bilet alıb rayona yola saldı. Sonralar zarafatla deyirdi ki, bu minvalla əgər bir neçə dinləyici də gəlsə, məşhur filmdəki Novoseltsev kimi, bu ay naharsız qalmalı olacağam.

# 5749 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #