news-inner
clock16:16 calendar-gray 29 Oktyabr 2014 view-gray8530 dəfə oxunub
view-gray8530 dəfə oxunub

Bakıda qeyri-adi toy-FOTOLAR

Bu günlərdə Asif Atanın Mütləqə İnam Ocağı öz qurallarından biri olan “Qutsal Beşikbaşı Mərasimi”ni həyata keçirmişdir. Ocaq hesab edir ki, xalqımızın qutsal ailə qurma ənənəsi indiki səviyyəsini ötməli və başlanğıcdan sonacan milli ruhumuza uyğun olaraq “Beşikbaşı Quralı” əsasında gerçəkləşməlidir. Həyatımızın bir çox sahələrində olduğu kimi, ailə qurma gələnəyimiz də sıradan çıxmış və milli ruha yad bir biçim almışdır. Hər bir xətdə özünəyadlaşma assimilyasiya deməkdir. Bu gedişat bizi gələcəyin mədəni xalqlar sırasından dışlamağa qulluq edir. Bu səbəbdən də Özümlüyümüzə gərək olan quralları gerçəkləşdirmək gərəkdir!

Mərasimdə çıxış edən Ocaq Yükümlüsü Soylu Atalı Birhan bəyin və Sevda xanımın ailə qurması münasibətiylə onların ağsaqqallarını, ağbirçəklərini, bütün yaxınlarını Asif Ata Ocağı adından təbrik edib: “Bildiririk ki, bu gün bu hadisə iki dövləti – Azərbaycanı və Türkiyəni təmsil eləyir. Başqa sözlə, bu qutsal gün iki türk dövlətinin hadisəsidir.

Biz, Asif Ata Ocağı olaraq, evlənənlərimizə beşik bağışlayırıq. Çünki, Atamızın buyurduğu kimi, ailənin əsas məqsədi dünyaya övlad gətirməkdir. Biz də hesab eləyirik ki, Birhan bəyin və Sevda xanımın millətimizə layiq övladları olacaq və bu beşikdə böyüyəcək. Buna görə də biz öz adımızdan, belə bir müqəddəs, ülvi hadisənin həm iştirakçısıyıq, həm də onlara xeyir-dua veririk.

Bizim Beşikbaşı ənənəmiz milli ruhu ifadə edir. Evlənənlərə ağsaqqal, ağbirçək xeyir-duası verilir, Ocağın adından Söz deyilir, Ruhani Sənəd verilir, Asif Atanın Birinci Qutsal Bitiyi – Mütləqə İnam Kitabı evlənənlərə bağışlanır, Evlənənlər əllərində Ocaq rəmzi olan məşəl tutub ailəyə sadiq qalacaqlarına and içirlər. Bundan sonra mərasim milli yöndə, milli axarda musiqiləşir, rəqsləşir, nəğmələşir. Ancaq biz bu gün, Birhan bəy və Sevda xanımın toyunda “Beşikbaşı Mərasimi”nin yalnız bir hissəsini icra edirik. Toyun əsas ruhu restoran qurallarına dayanır. Biz isə ərkimiz çatan qədər Söz deyirik. Arzu edirik ki, onlar öz müqəddəs ailə hadisələriylə türk millətinə, bu millətin qədrini bilən övladlar bəxş etsinlər.

Ailə təkcə iki fərdin hadisəsi deyil. Bütövlükdə millətin hadisəsidir. Ona görə el yığılıb iki fərdə ailə qurur. Millət ailədən başlayır. Ailə millət qarşısında sorumludur. Onlar təkcə özlərini təmsil eləmirlər. Təkcə özləri üçün deyillər. Onlar milləti yaradırlar. Ailə millətin təməli olduğu üçün onlar belə müqəddəs hadisənin məsuliyyətini daşıyırlar. Bu gün belə bir müqəddəs hadisəyə qədəm qoyurlar. Millətin davam olunması, gələcəyə getməsi zəminində həm fiziki olaraq, həm də mənəvi-ruhani olaraq iştirak edirlər. Fiziki anlamda o deməkdir ki, ailə quranlar millətimizi yeni nəsillə davam edirlər. Övladlara isə xalqın ruhani-mənəvi keyfiyyətlərini qoruyub yaşat¬mağı tapşırırlar, onlara əmanət edirlər. Biz öz özladlarımızı millətimizin ülvi, müqəddəs dəyər¬lərinə varis olaraq böyüdürük. Bax, bu varisliyi yetirmək, bu gün sizin, evlənənlərin, qarşınızda yeni məsuliyyət qapısı açır. Bir daha sizi qutlayıram və xoşbəxtliklər diləyirəm”.

Asif Ata evladlarından olan Nurtəkin Atalı evlənənləri qutlayaraq bildirib ki, ailə – sevginin yaratdığı vəhdət deməkdir: “İnam vəhdəti deməkdir. Min nəfərin içindən bir nəfəri seçirsən, onu qiymətləndirirsən, onu dəyərləndirirsən. Başqasının görmədiyini görürsən, onu sevirsən. Kişinin atalıq, fədakarlıq, cəfakeşlik yükü, məsuliyyəti ailədə aşkarlanır. Ailədə qadının analığı aşkarlanır. Qadının qadınlıq mehri, cazibəsi, fədakarlığı, qayğıkeşliyi aşklarlanır. Belə bir ülvi münasibətlər qalasıdır ailə. Arzu edirəm ora yad təsirlər dolmasın.

Asif Atanın belə bir sözü var ki, övlad ailə müqəddəsliyinin yetirməsidir, həm də onun məhsulu, onu sabaha daşıyan qüdrətdir. Siz ilk ailə quran deyilsiniz, sonuncu da deyilsiniz təbii ki. Bu yol davam eləyir. Amma sizin ailəniz özünəməxsus ahəngdə, özünəməxsus çalarda davam edəcək. Burda böyüyən övlad da sizin bu ailənin rəngini, çalarını daşıyıb öz ailəsində davam edəcək.

Atanın belə bir sözü də var ki, qadın təkcə övladına ana olmur, həm də ərinə analıq edir. Eləcə də kişi təkcə övladına deyil, qadınına atalıq edir. Belə bir müqəddəs günə görə sizi qutlayıram. Sizə bir ömür boyu xoşbəxtlik arzulayıram. Var olun.

Soylu Atalı: İndi mən, evlənənlərə Asif Atanın dünyabaxışını özündə daşıyan, xalqımızın, insanlığın mənasını özündə daşıyan, böyük bəşəri mahiyyəti özündə əks etdirən “Mütləqə İnam” kitabını hədiyyə edirəm. Bu kitab iki abedə yazılıb. Biri latın qrafikalı Azərbaycan abesindədir, ikinci Ocaq-türk abesi ilədir. Türk abesi bizdən başqa heç kim tərəfindən hələ ki işlədilmir. Biz türk abesini bərpa edib işləmişik. Bu abedə yazıb oxuyuruq. İki abe ilə hədiyyə etməkdə məqsəd odur ki, latın qrafikalı Azərbaycan abesində bugünkülər oxusun, türk abesiylə sabahkılar. Ona görə iki abedə olan bu kitablar sizin evinizin müqəddəs bir hadisəsi olur. Əminəm ki, siz də, Ocağın sizə bağışladığı bu müqəddəs kitabı qoruyub öz övladlarınıza əmanət edəcəksiniz. Onlar bu kitabı oxyub öz milli, insani, bəşəri varlığını dərk edəcəklər.

Bir daha üzümü tuturam məclis iştirakçılarına. Xatırladıram ki, bu hadisə Asif Ata Ocağının “Beşikbaşı mərasimi” adlanır. Lakin bu, Beşikbaşı mərasiminin balaca bir hissəsidir. Bunu geniş də ifadə etmək olardı. Bunun özünəməxsus çalarları var. Biz o ənənəylə xeyli toy eləmişik…

İndi isə istəyirəm ki, Birhan bəy və Sevda xanım ailə sədaqətinə and içsinlər”.

Birhan bəy və Sevda xanım ailəyə sadiq qalacaqlarına Ocaq və Ulus qarşısında and içdilər.

Sonda Soylu Atalı gənclərə bir daha xeyir-dua verib: “Andınız burda iştirak eləyənlərin şahidliyiylə millətimizin diqqətinə gedir. Ailəniz əbədi olsun! Bu ailə iki türk dövlətini təmsil elədiyi üçün böyük bir mədəniyyətin başlanğıcına qoşulur. Yəni iki dövlətdə yaşayan eyni köklü türk milləti ailə vasitəsiylə qaynayıb qarışır, bağlılıqlar dərinləşir. Siz də bu əməlin birbaşa daşıyıcıları olursunuz. Bu cür hadisələri qoruyub sabaha çatdırmaq şərəf və ləyaqətdir. Sizə bu məsuliyyətin öhdəsindən gəlmək diləyirəm, var olun!”

Bundan sonra Ocaqçılar – Soylu, Nurtəkin, Göylü, Güntay, Üstün Atalılar, Ocaqdostu Elçin Həsən evlənənlərlə beşik başında xatirə şəkilləri çəkdiriblər.

news-inner-user

12572 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti