Aytən Cavanşir: “Səkkiz dil bilirəm”

Aytən Cavanşir: “Səkkiz dil bilirəm”
13 oktyabr 2014
# 11:36

Kulis.Az Aytən Cavanşirlə müsahibəni təqdim edir.

- Aytən, tərcümə fakultəsi könüllü seçimin idi?

- Bəli, ixtisasları diqqətlə seçmişdim.

- Məktəb illərində yazırdın?

- Çox erkən yaşlarımda şeir yazırdım. Sonradan anladım ki, şeir mənlik deyil. Nəsrə yönəldim.

- Kitabların nəsr kitablarıdır, elə deyil?

-Şeiri uşaq yaşlarımda yazmışam. Çoxları yaradıcılığa şeirlə başlayır, sonradan yolunu müəyyənləşdirir və hansı janrda daha uğurlu ola biləcəyini anlayır. Həm də bu, ruh məsələsidir, nəsr və ya şeir yazmalı olduğunu qələmin yox, ruhun müəyyən edir.

- Xanımların əksəriyyəti şeir yazır. Nəsr yazan xanımlar azdır.

- Məncə, ya proza, ya da poeziya ilə məşğul olmalısan. Hər ikisini eyni vaxtda uğurlu aparmaq çətindir. Şeir yazmaq nəsrdən asan deyil. Şeiri yazan çoxdur, amma hər şair də yaxşı yazmır.

- Sən özün necə, şeir oxuyursan?

- Əlbəttə, oxuyuram. Şeir oxumaq maraqlıdır. Hazırda Latın Amerikası şairlərinin şeirlərini vərəqləyirəm, ancaq nəsri daha çox sevirəm. Konkret şeir axtarıb oxumuram. Yeri gəldikcə, qarşıma çıxdıqca zövqlə oxuyuram.

- Necə şeirlərdən xoşun gəlir?

- Şeir mənə toxunmalıdır. İçimi, ruhumu alt-üst etməlidir. İndi postmodern şeirlər populyardır. Qafiyə xatirinə şeirləri oxumuram. Bəzi şairlərimiz qadını vəsf edir. Satıcı öz malını təriflədiyi tək. Əksər şeirlər tərif üzərindədir - qara qaş, dəniz göz. Klassik ədəbiyyatımızda əksər şeirlər qaş, göz, kiprik, saç haqqındadır. Şeir isə daha ciddi bir şeydir, sən üç-dörd misrada kimisə məhv edə biləcək fikirlər yazmalısan.

- “Ayaqlarım üşüyürdü” kitabına adı özün seçmişdin?

- Şahbaz Xuduoğlu ilə məsləhətləşib bu adı seçdik. Kitabdakı ilk hekayənin adıdır.

- Bir qız kitab yazır və adını “Ayaqlarım üşüyürdü” qoyur. Çox açıq-saçıq olmasa da, erotik addır.

- Kitaba bu adı seçəndə səs-küy yaradacağını düşünməmişdim. Çünki normal yaradıcı insan kimi seçmişdim adı. Hər halda mənim zövqümü oxşayır, ürəyimcədir. Hekayənin məğzini aça bilir.

- Attila İlhan müsahibəsinin birində deyir ki, bir gənc romanını gətirdi və oxuyub dəhşətə gəldim. Romandakı bütün qəhrəmanlar xarici idi. Sənin də qəhrəmanlarının adı xarici adlardır...

- Bir neçə hekayəmdə xarici adlar var. Ad məsələsi məni zərrə qədər narahat etmir. Önəmli olan adlar deyil, hadisələr, insan taleləridir.

- Yəni burda reallıqdan qaçış, Azərbaycan adlarına ikrah yoxdur?

- Qətiyyən.

- “Ayaqlarım üşüyürdü” hekayəsinin qəhrəmanının adı Elisa idi.

-Hekayənin qəhrəmanı alman xanımdır.

- Ritorik sualdır, amma verəcəm. Niyə məhz alman, italyan yox? Ya da fransız...

- Planlı şəkildə baş verməmişdi, qurtarandan sonra gördüm ki, xanım almandır, anası sevgilisi ilə Brüsselə köçüb. Əsər bitəndən sonra onu kənar oxucu kimi oxuyuram, yazarkən transda oluram. Kitabda fransız və italyan adlarının olduqları hekayələr də var.

- Bu geniş diapazonlu təxəyyüldən irəli gəlir, yoxsa necə?

- Şüurlu şəkildə düşünülmür. Ad da xüsusi bir məsələ deyil. Yüz faizlik milliliyin olması şərt deyil. Hər yazıçının öz stili, üsulu var.

- İlk hekayəni oxuyanda mənə elə gəldi ki, Azərbaycan nəsri deyil.

- Ola bilər. Yazıçı öz üzərində işləməli, yeri gəldikdə özünü tənqid etməyi bacarmalıdır. Bütün kitablarını şedevr hesab edən yazıçılar var. Düzgün deyil, yazıçı səbrli və təmkinli olmalıdır.

- “Ayaqlarım üşüyürdü”də çox güclü bir emosiya, güclü duyğu var. Nəsrin bir işi də inandırmaqdır. Məncə, xarici adlarla da inandıra bilmisən...

- Bu, təbiidir. Sənin “Mustafa” romanında əsas qəhrəmanın Mustafa yox, Eduardo olsa inandırmayacaqdın? Mən təkcə bu xalq, bu dil üçün yazmıram ki...

- “Vəkil” romanını neçə yaşında yazmısan?

- Böyük fasilələrlə yazmışam. Birnəfəsə yazmamışam.

- İlk roman üçün xeyli qalındır...

- Süjet əvvəldən beynimdə vardı. Hardasa üç ilə yazmışam. 2012-ci ildə çıxıb. Bizdə deyirlər, birbaşa romana girişmək düzgün deyil. Amma mən yazmışam, yaradıcılıq planla deyil. Nəyin ilk, nəyin növbəti olmasını ruhumuz müəyyən edir.

- Nəsrlə ciddi şəkildə məşğul olmağı düşünürsənmi?

- Artıq məşğulam. Məsələn, həkim peşəsinə Tibb Universitetində yiyələnirlər. Yəni həkim istədiyi vaxt o sahədən uzaqlaşa bilər. Amma yaradıcılıq ayrı bir şeydir, bəziləri üçün bu sona qədər gedilən yoldur. Heç nə yazmayanda özümü boş hesab edirəm, mövcud olmuram. Bu da inanılmaz ağrı verir, fiziki ağrıdan daha kəskin ağrıdır bu.

- Facebookda çox az yazırsan...

- Hə, Facebook-da çox az oluram. Bəziləri üçün sosial şəbəkə həyat tərzidir, hər anlarını orada paylaşırlar. Mənim bir o qədər həvəsim yoxdur. Bəlkə, bir çoxları üçün yazıçılıq hobbidir. Mənim üçün isə dil öyrənmək hobbidir.

- Deyirlər, Facebook insanları mütaliədən uzaqlaşdırır...

- Ola bilər, bəlkə də uzaqlaşdırır, mən işin içində deyiləm deyə dəqiq bir fikir söyləyə bilmərəm.

- Hansı dilləri bilirsən?

- Rus, ingilis, italyan, fransız, çex dili. İtalyan və fransız dilini inkişaf etdirirəm.

- Bu qədər dil çox deyil?

- Daha çox dil bilmək istərdim. Portuqal dilini də öyrənmək istəyirəm. Kimsə başqasının geyiminə, daş-qaşına paxıllıq edir, mən isə çox dil bilən adamlara həsəd aparıram.

- Hansı dillərdə oxuyursan?

- Bildiyim bütün dillərdə oxumağa çalışıram. Onu da deyim ki, kitab oxumaqla istedad yaranmır.

- Dil bilmək və məlumatlı olmaq. Deyirsən ki, kitab oxumaqla istedad olmur. Amma sənin mütaliəli olduğun hiss olunur.

- Mütaliə başqa, istedad başqa. Necə ki aktyorda istedad anadangəlmə olur, bu da elədir. Adam sonradan aktyor ixtisasına yiyələnə bilər, akademik səviyyədə. Ancaq istedad özü olmalıdır ki, onu inkişaf da etdirəsən. Olmayan şeyin nəyini inkişaf etdirə bilərsən ki? Mütaliə şərt deyil, amma lazımdır.

- Məncə, sən çox kənara çəkilmisən. Sanki görünmürsən.

- Belə yaxşıdır. Bu, şüurlu seçim deyil. Bacardıqca təqdimatlara gedirəm.

- Elə adamlar var ki, bütün təqdimatlara gedir...

- Elə adamlar var, hamını tərifləyir, hamının təqdimatına gedir, olsun.

- Müəllif yazıları az yazırsan...

- Daha çox tərcümələr edirəm. Kinoyla bağlı da yazıram.

- Kinoya çox meyillisən...

- Ancaq Avropa kinematoqrafiyasına meyilliyəm. Xüsusən, fransız və italyan kinosunu sevirəm. Bu iki ölkə kino çəkməyi bacarır.

- Ədəbiyyata yeni gələn nəsillər - Qismət, Sahilə, Könül, sən, daha çox dünyanı görə bilirlər. Razısan bununla? Əvvəlki nəsillərlə müqayisədə daha hazırlıqlıdılar. Yoxsa əvvəlki nəsillə müqayisə edəcək qədər əvvəlki nəsli tanımadığını düşünürsən?

- Mən səninlə razı deyiləm. O dövrdə də, bu dövrdə də uzaqgörən yazıçı olub və var. Nəsil və zaman boş söhbətdir.

- Azərbaycan nəsrindən kimləri oxuyursan?

- Yaxşısı budur dünya ədəbiyyatından sual ver.

- Bu sualdan qaçışdır?

- Xeyr, sadəcə, mən özüm də bu ədəbiyyata aidəm, fikrimi özümdə saxlamağım daha düzgün olar.

- Yaxşı, dünya ədəbiyyatından kimləri oxuyursan?

- Drayzer, Düma, Hüqo bəyəndiyim yazıçılardır.

- Rus ədəbiyyatından?

- Tolstoy, Çexov. Rus poeziyasını da sevirəm.

- Bəs müasir dünya ədəbiyyatı? Məsələn, Milan Kundera?

- Ekonun dili ağırdır, ancaq bəyənirəm. Bizdə belə fikir formalaşıb ki, dili ağırdırsa, dahidir. Elif Şafaq dəbdədir, oxumamışam. Bəzən yazıçı məni sadəcə, cəlb etmir. Ümumiyyətlə, ad söyləməkdən çəkinirəm.

- Qulp qoyacaqlar?

- Qoyanlar var . Bəzən kitab qalır bir kənarda, adına qulp qoyurlar. Əslində, oxucunun fikri məni daha çox maraqlandırır. Onların elektron poçtuma və facebook səhifəmə kitablarım haqda göndərdikləri fikirləri məmnunluqla oxuyuram. Oxucu ilə ünsiyyəti sevirəm. Ən yaxşısı, heç bir qalmaqala, intriqaya baş qoşmamaqdır. Sakitlik mənə maraqlıdır, bir kənarda oturub yaradıcılığınla məşğul olursan. Ətrafdan təcrid olursan, bu, gözəl hissdir.

# 4592 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #