Bizim rayonun Parisi

Bizim rayonun Parisi
18 sentyabr 2014
# 14:52

Kulis.Az yazıçı Azad Qaradərəlinin “Mən Cəbrandan dönmərəm” essesini təqdim edir.

(Yazıda C.X.Cəbranın 2009-cu ildə “Şərq-Qərb” nəşriyyatında çap olunmuş “Sükutun poeziyası” kitabından istifadə olunub)

Mən ucqar bir kənddə doğulmuşam. Orada mədəniyyət adına tək bircə ibtidai məktəb vardı ki, onun da müəllimi atam idi. Vəssalam! Nə kitabxana, nə klub, nə uşaq bağçası...

Amma min kitaba dəyən sözlər bilən nənəm vardı ki, onun da sözləri məni yazı-pozu adamına çevirdi. Amma yalançı, bayağı və qafiyəpərdaz şair də edə bilərdi. Qanımın arasına orta məktəbi oxuduğum Mincivan qəsəbəsi girdi. Burada hər axşam film verilən kinoteatr, bir neçə məktəb, kitabxana və böyük bazar vardı. Üstəlik. Burada başqa millətlər də yaşayırdı. Burdan Bakıya, Yerevana qatarlar keçirdi...

Bu dəmiryolçular qəsəbəsi bizim rayonun balaca Parisi idi. Bakıda çıxan ən yeni romanı azı on gün sonra bura gətirirdilər. Sonra da həmin romanı oxumaqçün növbəyə dururdılar. Ən birinci dəbdə olan paltarı uzağı bir həftə sonra buranın aristokratları, sonra da hamı geyinirdi. Ən yeni xörəklərin resepti tezliklə Mincivana gətirilirdi. Ən təzə siyasi söhbətlər Tarışın pinəçi budkasında müzakirə olunardı. Kimi dolamaq lazımdırsa, onun da ssenarisi burada yazılar-cızılardı...

Burada hamı qəzet oxuyurdu.

Bu qəsəbənin dəmiryol məktəbi adnandı. Müəllimlərinə müəllim çatmazdı. Siniflərdəki 30 uşaqdan azı 20-si ali məktəbə girirdi.

Bakıda çoxlu mincivanlı yaşayırdı. Əlləri Moskvaya da çatırdı: dəmiryol biletiylə bütün ittifaqı pulsuz gəzmək olurdu.

Burada mədəniyyət əsl mənada qıcqırırdı.

Buranın avaraları, qumarbazları, lotuları, “türemşikləri” də adnandı. Amma onlar da savadlı idilər.

Mincivan şəxsən mənim bir avropalı kimi inkişaf etməyimdə böyük rol oynadı. Hətta o dərəcədə ki, uzun illər şərq kitablarından, Asiyadan qaçdım – ayağım yer tutuncan. Elə bilirdim ki, Sədi, “Qabusnamə”, “Min bir gecə” Asiyanın başının bəlasıdır... Əlbəttə, bunda mənim haqqım da vardı. Axı mən tək deyildim. Arxamda M.F.Axundovun, M.Cəlilin, Sabirin hənirtisini daim duymaqdaydım: “Harda müsəlman görürəm qorxuram.”

Bir Cəbran Xəlil Cəbran varmış. Uzun zaman bizdən gizlədilən Cəbran! Dərsliklərimizə salınmayan, tərcümə edilib yayılmayan Cəbran... Amma qərbi şərqə qatıb yoğuran, yeni bir nemət düzəldən Cəbran özü də şərqdən qərbə getmiş, sonra qayıtmış və getməyiynən qayıtmağından YENİ DÜNYA yaranmışdı.

Cəbran məni də Şərqə qaytardı.

“Yeddi dəfə öz ruhuma nifrət etmişəm:

Birinci dəfə, o yüksəkliyə qalxmaq üçün itaət edəndə.

İkinci dəfə, onun şikəstlər yanında axsadığını görəndə.

Üçüncü dəfə, ona asan və çətin arasında seçim etmək lazım gələndə asanı seçəndə.

Dördüncü dəfə, o zülm edib haqq qazandıranda ki, hamı belə edər deyəndə.

Beşinci dəfə, o, öz zəifliyi ucundan səbri güc kimi qələmə verəndə.

Altıncı dəfə, o, kifir bir simadan üzünü çevirəndə və bilməyəndə ki, bu onun öz simalarından biridir.

Yeddinci dəfə, o mədhiyyə oxuyub, bunu xeyirxahlıq zənn edəndə.”

Son qənaətim budur: təkcə şərqli təfəkkürüylə uzağa gedə bilməzsən. Zira təkcə qərbli təfəkkürüylə də çox məsafə qət etmək çətindir. Bunların birindən məhrum olana da Cəbranın sözü var: “Sən korsan, mən isə kar və lal. Elə isə gəl əl-ələ tutuşaq. Bir-birimizi anlamağa çalışaq.”

Sonda: Şərqi duymamaq, Qərbi bilməmək, Cəbranı bilməməkdən keçir. Şəxsən mən Cəbrandan dönmərəm.

# 1864 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #