“Sənədli filmlərimizdə azadlıq çatışmır”

“Sənədli filmlərimizdə azadlıq çatışmır”
18 sentyabr 2014
# 13:29

Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.

Digər yazılar:

http://news.lent.az/kulis/news/9325

http://news.lent.az/kulis/news/9423

http://news.lent.az/kulis/news/9571

http://news.lent.az/kulis/news/9645

http://news.lent.az/kulis/news/9774

http://news.lent.az/kulis/news/9801

http://news.lent.az/kulis/news/10034

Adı: “Torpaq”

Janr: sənədli

Çəkildiyi il: 1989

Xronometraj: 19 dəqiqə

Rejissor: Vaqif Azəryar

Ssenari müəllifi: Toğrul Cuvarlı, Qismət Babayev

Operator: Amin Novruzov

İstehsalçı şirkət: “Debüt" Yaradıcılıq Birliyi

Süjet: Kinolent yaxın vaxtlara qədər Ermənistanda yaşamış, sonra öz doğma ev-eşiyindən qovulmuş iki yüz min azərbaycanlının acı taleyindən bəhs edir. Bu adamlar öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar.

Filmdə Alim Qasımovun ifasında M.Ə.Sabirin "Bizdə bu soyuq qanları neylərdin, İlahi" şeri zəminxarə muğamı üstündə səslən

Dosye: Vaqif Azəryar 1956-cı ildə Bərdədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. “Bakıda insan ovu”, “Çiçinin çiçəyi”, “Xudafərin-dərdi dərin”, “Qarabağ şikəstəsi”

“Qız qalası”, “Spasibo” filmlərinin müəllifidir.

Rejissorla söhbəti təqdim edirik.

- Vaqif müəllim, “Torpaq” filminin çəkiliş prosesindən danışın. Film harda, hansı şəraitdə çəkilib?

- Çəkiliş prosesi geniş məkanı əhatə edir. Bakıda, Şəmkirdə, Gəncədə, Qazaxda, Tovuzda və Gürcüstan - Ermənistan sərhədində çəkiliş apardıq. 1989-cu ildə hər yerdə komendant saatı tətbiq olunmuşdu. Ona görə çəkiliş həddən artıq çətin şərtlərdə oldu. Bir növ partizanlıq edirdik. Film çəkəndə materialla rahat rəftar edirsən. Amma, materialın özünü çəkmək problemdir. Bundan başqa, insanlara yaxınlaşmaq, söhbət, müşahidə etmək də çətin idi. Mən deyərdim ki, bu filmin çəkiliş prosesi filmdən daha maraqlı oldu. İmkanımız olsaydı filmin çəkiliş prosesini də lentə alardıq. Bizə hər cür maneələr törədilirdi. Çünki SSRİ-nin çökən vaxtı idi. Rəhbər vəzifədə işləyənlər qorxurdular, “sonrası nə olar” fikri ilə yanaşırdılar və ona görə əngəl törədirdilər. Bu səbəbdən çəkiliş prosesinin özü həm də çox informativ idi, həm də vəziyyəti dəqiq göstərirdi. Bu film demək olar ki, reportajdır. Kadrarxası mətn yoxdu, ancaq qaçqınlar danışırdı.

- Nə qədər müddətə çəkdiniz?

- Çəkilişin özü ay yarım oldu. Filmi yığanda əziyyət çəkdim, çünki bəzi hissləri çıxartmalı olduq, amma çox əhəmiyyətli kadrlar idi. Sadəcə, mənim debütüm olduğuna görə konkret xronometraj tələbi qoyulmuşdu. Həddindən artıq qiymətli materiallar filmə daxil olunmadı. Həm də mənə gen-bol imkan yaratmadılar ki, material imkan verirsə xronometrajı uzun olsun. Müəyyən maliyyə məhdudiyyətləri də vardı. Yəni laboratoriya xərcləri... Film kinolentə çəkilmişdi.

- Filmə daxil olmayan materiallar qalırmı?

- Kinostudiyada o vaxt elə bərbad günlər yaşandı ki, inanmıram, onlardan nəsə qalsın. Əgər o materiallar qalsaydı, əla film yığmaq olardı. Bu, zamanın havasını saxlayan filmdir. Biz keçmişin qorunmasından danışırıq. Amma faktiki olaraq keçmişi, tarixi özündə daşıyan materiallara biganə yanaşırıq. Hətta bədii kinonun özü 100 ildən sonra bir növ sənədli materiala çevrilir. Çünki keçmişin filmlərinə baxırsan, bədiilikdən başqa zamanın havasını hiss edirsən. Görüntü, dağılıb getmiş mənzərələr sırf tarix və sənət baxımından maraqlıdır.

- “Torpaq” efirə gedib?

- Yox, getmədi. Filmə reaksiya yaxşı oldu. O vaxt “Nizami” kinoteatrında dostum işləyirdi, direktor idi. Dostluğumuzun hesabına film bir həftə, jurnal kimi filmlərdən əvvəl göstərildi. İnsanların yaşantısı hamını təsirləndirdi. Amma indiyə kimi efirə getməyib. Hər dəfə getməməsi üçün bir səbəb tapılır. Əksinə, bu filmdə humanist yanaşma var. Hətta burda ermənilərə söyüş də yoxdur. Müşahidə metodu ilə insanlığı ifadə edirəm. Bunlar evlərindən haqsız yerə didərgin düşüblər. Evlərinə qayıtmaq istəyirlər. Həmin anda onların yaşantılarını ifadə edir.

- Bir epizodda adamlar yığışıb, gedə bilmədiyi evlərinə həsrətlə baxır. Bu, harda çəkilib?

- Gürcüstanda çəkmişik. Sadaxlı kəndinin o tərəfində - Ermənistanın Qızıl Şəfəq kəndində azərbaycanlılar yaşayırdı. Onları ordan qovmuşdular. Körpüyə də beton qoymuşdular ki, get-gəl olmasın. Orda rus əsgərləri vardı. İmkan olsaydı, keçib çəkərdik. Bu filmi cəsarətimizin hesabına çəkdik.

- Sənədli film həm də cəsarət tələb edir.

- Təbii. Amma orda çəkiliş imkanı olsaydı, materialda dramatizmi daha aydın ifadə edə bilərdik. Söhbət bir mövzunu işləyib, ortaya qoymaqdan gedirsə, o tərəfi də çəkməliydim. Hansısa vasitələrlə. Amma bu, təşkialti məsələlərlə bağlıydı. Bu halda materialın gücü daha da artardı. Alınmadı təəssüf ki. Mənim ümumiyyətlə, çəkiliş təcrübəmdə bir dəfə də olmayıb ki, rahat film çəkim. Həmişə stress vəziyyətlərində olub.

- Diqqətimi çəkən kadrlardan biri Leninin heykəlinə xüsusi aksent etməyiniz idi. Bu, ironiya idi, yoxsa?

- Səmimi çəkmişəm. Axı, bu, Leninin qurduğu quruluşdur. Zülmə düçar olmuş adamın onun heykəlinin yanında danışmağı düz olardı. Dəqiq yadımda deyil, onu ya Şəmkirdə, ya da Gəncədə çəkmişdik. Qaçqınlar orda internatda qalırdılar. Sözsüz ki, Leninin heykəlini bilərəkdən obyekt kimi seçmişdim. Başqa yerdə də çəkə bilərdim. Danışan adamın naturasından da çıxış elədim. Yeri gələndə, o, əliylə Lenini göstərirdi. Bu da fikrimlə üst-üstə düşdü.

- “Torpaq”reportaj üslubunda çəkilib. Maraqlı detal planlar, təsvirlər var. Bu filmi iki dəfə və həyəcanla izlədim, illər öncə çəkilməsinə baxmayaraq təəssüratı güclüdür. Amma indi sənədli filmlərə baxanda həyəcanı, təəssüratı almaq çətindir. Sizcə, bu nəylə bağlıdır?

- Məsələ, kimin nəyi görməyi bacarmasında və nəyi görmək istəməsindədir. Mənə elə gəlir ki, bununla bağlıdır. Rejissorun hadisəyə baxışından, analiz etmək qabiliyyətindən, ordan nəsə çıxarmaq olar anlayışından asılıdır hər şey.

- Yəni sənədli film rejissoru hamının gördüyünü yox, görmədiyini ortaya qoymalıdır.

- Sözsüz. Çünki hadisənin mahiyyətini göz qabağında olan şeylər açmır. Misal üçün, cinayət yerində müstəntiq hamının gördüyünü yox, görmədiyini görürsə, o, cinayətin izinə düşə bilir. Sənədli filmdə də belədir. Başqalarının görə bilmədiyini göstərirsən. Onu sən görürsən və başqalarına göstərirsən. Yapon estetikasında belə fikir var ki, gözəlliyi bölüşmürsənsə, deməli, onu tam yaşamamısan. Bölüşəndə qazanırsan. Rejissorun gördüyünü çəkməsində onun kim olmağı, təhtəlşüuru da özünü göstərir.

- Sizin 20 Yanvarla da bağlı filminiz var. Amma təəssüf ki, onu internetdə tapa bilmədim.

- “İnsan ovu”, “Xudafərin - dərdi dərin”, “Çiçinin çiçəyi” filmləri kinolentə çəkilib və Film Fondundadır. Surətləri yoxdur məndə. Film Fondu mütləq filmləri rəqəmsal formata çevirib, nümayiş etdirməlidir. Bunlar niyə qalıb çürüməlidir orda? Neçə dəfə müraciət eləmişəm, deyiblər ki, bizdə o avadanlıq yoxdur. Bu, elə də böyük vəsait tələb eləmir.

- Siz ekstremal situasiyalar rejissorusuz. Başqa formata marağınız olmayıb? Məsələn, etnoqrafik film formatına?

- “Çiçinin çiçəyi” etnoqrafik filmdir. Qubanın Çiçi kəndində xalça toxuyan qarı ilə bağlıdır. Açığı kəskin süjetlər, qarşıdurma, konflikt diqqətimi daha çox çəkir. Çünki hamının gözlədiyi kimi yox, tamam fərqli baxıram. Təbii, materialdan da asılıdır. Ola bilər, kəskin olmasın, yəni mövzu məni tutursa işləyirəm. Amma hər halda kompromis yeri qoymayan kəskin materialları sevirəm. Sənədliliklə bədiiliyin qarışığı olan filmlər də mənə yaxındır. Sənədlilikdə gerçəyi, bədiilikdə qeyri-adiliyi axtarıram. İkisi bir-birini tamamlaya bilir. Filmlərdə qroteskdən istifadə edirəm. Daha doğrusu, onun sənədli materialın içindən çıxmasında maraqlıyam. Məsələn, “Qarabağ şikəstəsi” filmində belə oldu. Yəni qrotesk fantaziyamın, uydurmamın nəticəsi yox, təbii olaraq meydana çıxdı. “Qarabağ şikəstəsi” filmində Kərim Nalə pilləkənin başında dayanıb danışır. Onu filmin obrazı kimi gördüm. Bu, süni situasiyadır, bir nəfər pilləkəndə dayanıb nəsə danışır. Özü də qaçqınların yaşadığı yerdə. Amma qaçqınlar buna heç fikir vermirlər. Orda aktyor olsaydı tamam başqa vəziyyət olardı. Kərim Nalənin fakturasının özü təbii idi, elə aparırdı ki, sanki burda film çəkilmir. O, öz dünyasından danışırdı ki, şeirlərimi oğurlayırlar və s. Absurdun elementi idi həm də. Bunun danışıqlarına heç kim fikir vermirdi. Kərim Nalənin bizim üçün sistemsiz və bizə mənasız görünən danışığına heç kəsin fikir verməməsi laqeydliyi ifadə edir cəmiyyətdə.

- “Qarabağ şikəstəsi” minimalist filmdir, bədiiliklə sənədlinin qarışığıdır, absurd, faciə, ironiya elementləri var.

- Bu filmin çəkilməsinə 10 gün vaxt verilmişdi, büdcə şərtləri daxilində... Sponsor filmidir. Mən onu 5 günə çəkdim. Səhər 8-dən axsam 1-ə kimi... Qənaət olunmuş pul yaradıcı heyətə qalsın deyə. Montajını Vaqif Mustafayevlə birgə eləmişdik. Ssenarist Əmir Pəhləvan idi. Bu filmi Şamil Mahmudbəyov çəkməliydi. Çəkilişdən əvvəl xəstəliyi üzə çıxdı. Alınmadı, mənə müraciət etdilər. Amma Kərim Nalə mənim ideyam idi.

- Çoxdandır çəkmirsiz, sifariş verilmir?

- Görünür, ehtiyac yoxdur. Müxtəlif yanaşmalara ehtiyac yoxdur. Nə olsun mən çəkmirəm. Qoy çəkənlər o müxtəliflik prinsipliyi ilə çəksinlər.

- Müstəqil, az maliyyə ilə çəkməyi düşünrsüz?

- Çoxdan belə bir fikrim var. Ədəbi material axtarıram. Minimum resurslarla maksimum fikri, emosiyanı ifadə edim, təsirə malik iş qoyum ortaya. Minimumu məkan, bir və ya bir neçə aktyorla işləmək mənasında deyirəm. Amma kino bir adamın işi deyil axı. Mən filmlərimi qəpik-quruşa çəkirəm. Bu da ekstremal, stress gətirən vəziyyətdir. Yarım milyona çəkilib rəfə atılan filmlərə baxanda düşünürəm ki, bu pulla necə filmlər çəkmək olardı.

- Müasir sənədli filmlərdə sizcə, nə çatmır?

- Azad düşüncə, sevgi. Sevgi hər şeyin əsasıdır. Sən çəkdiyin materialı sevməlisən, gördüyün işi sevməlisən. Sevdiyin işlə məşğul olanda yorulmursan. Kinoda sevgi çatmır.

Filmi burdan izləyə bilərsiniz:

# 3329 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #