İran inqilabının manifestini yazdı, Araz çayından meyiti tapıldı, qatili bilinmədi - Azərbaycanlı yazıçının müəmmalı sonu

Səməd Behrəngi

Səməd Behrəngi

24 iyun 2023
# 12:36

Bu gün azərbaycanlı yazıçı, müəllim, tərcüməçi, publisist Səməd Behrənginin doğum günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Səməd Behrəngi 1939-cu il iyunun 24-də Təbrizin Çərəndab məhəlləsində dünyaya gəlib. Anası Saranın və atası İzzətin ondan sonra iki oğlu və üç qızı olub.

Kirişçiliklə məşğul olan atası Bakıya gedən işçilərə qoşulub və bir daha geri qayıtmayıb.

***

Səməd ilk təhsilini bitirdikdən sonra, 1955-ci ilin sentyabr ayında Təbrizdəki Danişsəra məktəbinə daxil olub. 1957-ci ildən Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəblərində əllim kimi çalışmağa başlayıb.

1958-ci ilin sentyabr ayında Təbriz Universitetində inglis dili və ədəbiyyatı ixtisası üzrə təhsilə başlayan Səməd 1962-ci ildə universiteti bitirib.

***

Tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazıb.

Onun üçün əsas problem azərbaycanlı uşaqların öz ana dillərində təhsil ala bilməməsi idi.

***

Səməd Behrəngi və onun fikir dostları Azərbaycan kəndlərində folklor nümunələri toplayıb. Amma folklor nümunələri Azərbaycan dilində idi deyə, İran şahının qeyri-fars dillərilə əlaqədar siyasətinə görə çap olunmayıb. Sonradan həmin nağılları fars dilinə çevirərək nəşr etdirib.

İlk hekayələri "Adət", "Binam" 1959-cu ildə dərc olunub. Bundan sonra "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllarını yazıb.

Bir müddət Təbrizdə nəşr olunan "Mehdi Azadi" və "Adinə" qazetlərində məqalələri dərc edilib. Sonra, məqalələrini "Məcmueyi məqaleha" (Məqalələr məcmuəsi) adilə kitab şəklində çap etdirib.

Səməd Behrəngi İran uşaq ədəbiyyatının banisi hesab edilir. Həmkarları onu "Azərbaycan kəndlilərinin canlı dili", "Milli mədəniyyətin oyaq vicdanı", "Xalqa üz tutan", "Səyyar müəllim" adlandırıblar.

Onun seçilmiş əsərləri Bakıda "Məhəbbət nağılı" adı altında 1987-ci ildə buraxılıb.

Səməd Behrəngi heç bir siyasi təşkilata bağlı olmayıb. Heç şah dövründə siyasi təşkilat da yox idi, amma onun yoldaşları Behruz Dehqani, Əlirza Nabdil, Mənaf Fələki, Kazım Səadəti, Əşrəf Dehqani və başqaları Səmədin ölümündən iki il sonra İranın "Xalq Fədailəri" təşkilatını yaradıb və silahlı mübarizəyə qalxıblar. Behrənginin “Balaca qara balıq” əsəri İran inqilabının manifesti hesab edilir.

***


“Balaca qara balıq” 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

***

2014-cü ildə adına ədəbi mükafat təsis edilib.

***

1967-ci il avqustun 31-də Araz çayında (Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında) müəmmalı şəraitdə boğulub.

# 2453 dəfə oxunub

Oxşar xəbərlər

# # #