Cibindən dərs cədvəli çıxdı, nənəsinin taleyini yaşadı, könüllü döyüş bölgəsinə yollandı - Vətən müharibəsinin tək qadın şəhidi haqqında maraqlı faktlar

Cibindən dərs cədvəli çıxdı, nənəsinin taleyini yaşadı, könüllü döyüş bölgəsinə yollandı - Vətən müharibəsinin tək qadın şəhidi haqqında maraqlı faktlar
4 may 2023
# 12:30

Bu gün Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub.

Onun atası — baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Çernobıl faciəsinin qarşısının alınmasında iştirak edərkən xəsarət alıb. Ata aldığı xəsarətdən 1993-cü ilin aprelin 7-də 33 yaşında dünyasını dəyişib. Həmin vaxt Arəstənin 4 yaşı olub.

Ailədə 2 qardaş 1 bacı olublar.

Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışova: Ailəsi 32 yaşını  onsuz qeyd edir

***
1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbində oxuyan Arəstə qısa zamanda müəllimlərin sevimlisinə çevirilib.

O, 2004–2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb.

2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist vəzifəsində işləyib. İşinə, dostlarına olan münasibətdə hər zaman seçilib.

44 günlük Vətən müharibəsinin ilk xanım şəhidi - FOTOLAR

***
Arəstə Baxışova 2019-cu il iyulun 12-dən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində işləməyə başlayıb.

Vətən müharibəsi başlayanda isə könüllü olaraq döyüş bölgəsinə yollanıb.

Bu gün şəhidimiz Arəstə Baxışovanın doğum günüdür - FOTOLAR | KONKRET

Hələ körpə yaşlarından atasının pencəyini, köynəyini geyinib onun kimi hərbçi olacağını deməsi hamıdan çox Arəstənin anası Məktubə xanımı narahat edib. Ana övladının bu sahədə üzləşə biləcəyi çətinlikləri əvvəlcədən təxmin edərək onu çəkindirməyə çalışsa da, heç bir faydası olmayıb. Qızının bu sahəyə olan sevgisi ananın qorxularını üstələyib.

Məktubə ana qızının hərbiyə yollanmasını bu cür xatırlayır: “ Dedi - Ana, mən hərbiyə düzəlmək istəyirəm. Dedim iki balan var. Zülmlə böyütmüşəm sizi. Yox, ana, gedəcəyəm. Mənə bir şey olsa, uşaqlarım sənə əmanət. Şəhid olacağamsa, o, mənim alın yazım olacaq - dedi. Balam ölümdən qorxan qız deyildi. O gedəndə qızı Zəhra anasının qucağında özünü çırpırdı. Mərdan isə sakit qarşılayırdı”.

Şəhid Arəstə Baxışovanın övladları analarından DANIŞA BİLMƏDİLƏR

***
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib.

Oktyabrın 23-də Qubadlı döyüşlərində yaralı əsgərimizi atışma bölgəsindən çıxaran zaman aldığı güllə yarasından qəhrəmancasına şəhid olub. Böyük izdihamla Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub.

***

İki övladının təhsilinə böyük önəm verən Arəstə onların savadlı yetişməsini arzulayıb. Qəhrəmancasına şəhid olan Arəstənin köynəyinin cibindən uşaqlarının dərs cədvəlinin çıxması onun bu arzusunun nə qədər böyük olduğunu hamıya sübut edib.

Şəhidimizin oğlu Mərdan televiziya verilişlərindən birində anası ilə bağlı xatirələrindən danışarkən bildirib: “Ən böyük arzum məhkəmə sədri olmaqdır. Anam bizi ticarət mərkəzinə aparmışdı, bizimlə şərt kəsmişdi ki, bizim bütün qiymətlərimiz yaxşı olsa, hər ay gətirəcək. Adi 3 alsam belə, anama deməyə çəkinərdim, çox ciddi idi. Başqa yolum yox idi, ancaq oxumaq, oxumaq. Müharibə vaxtı anamla danışanda mənə tapşırdı ki, nənənə, bacına yaxşı bax, dərslərinizi də yaxşı oxuyun”.

***

Nənəsinin adını daşıyan Arəstə elə onun taleyini də yaşayıb. O da nənəsi yaşda olanda 31 yaşında bu dünyadan köçüb. Onun şəhidlik zirvəsinə yüksəlməsi ilə ailə üçün bu tarix bir daha təkrarlanıb.

***

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Arəstə Baxışova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin 12.05.2021-ci il tarixli Qərarına əsasən, Arəstə Baxışova ölümündən sonra ingilis tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis edilən "Florens Naytingeyl medalı" ilə təltif edilib.

Arəstə Baxışova beynəlxalq “Florens Naytinqeyl” medalına layiq görülüb |  Report.az

# 2081 dəfə oxunub

Oxşar xəbərlər

# # #