Həzrəti Sabirləri kim yaradır?

Həzrəti Sabirləri kim yaradır?
10 fevral 2015
# 15:52

Ümidsizlik və çarəsizliklə geniş həcmli ilk tanışlığım 1993-cü ilə təsadüfə edir. Qubadlının işğalı əhalinin, mal-qaranın köçü ilə təkcə bizim kəndin yolunu zəbt etmirdi, qaçqınlığa doğru axışan bu güruhun xofu bizim rayonu da dəstədən geri qalmamağa təhrik edirdi. Gələnin nə olduğunu dərk etmədən, gedənin arxasınca düşməyi özümüzə borc bilmişdik. “Hər kəs vaxtilə qapımda çox ağırlamışam, boynunda duz-çörək haqqım var” minnəti ilə dost-tanışının ünvanına - “indi bizi çöldə qoymayacaqlar” ümidi ilə üz tutmuşdu. Ümidi özünə əsa edib yola düzülənlərdən biri də biz idik.

Müxtəsər, İmişlidə bir dost evində qalmalı olduq. Ailəyə elə bir maddi ziyanımız dəyməsə də, günbəgün hiss edilirdi ki, buradan nə qədər tez getsək, bir o qədər yaxşı olacaq. Çünki, evin “qaynana”sı hər gün molla, falçı yanına ayaq döyməkdən, qəribə-qəribə hərəkətlər edərək, gecə vaxtı evin bütün həndəvərini, ağacların dibini qızıl küpü axtaran kimi qazıq-qazıq etməkdən yorulmurdu. Çox sonralar onlarda qalan bir cüt balışımızı sökərkən, canavar başı çəkilmiş, ərəbcə nəsə yazılmış kağız parçalarını gördükdə anladım ki, bu arvadın bütün bu həngamələri bizim onların evində çox qalmaq qorxusundan və ümidsizliyindən başqa bir şey deyilmiş.

Əslində, qınamalı da deyildi. Əldən gedən rayonların bir-birinin ardınca boyunbağı kimi düzülməsi bu insanların da düzənini pozurdu. Üstəlik özü ilə aclıq, səfalət, məhrumiyyəti çör-çöp kimi gətirən qaçqınlıq selinin qarşısına bənd də tikilmirdi. Belə olan halda indi adını unutduğum qadının əməli də başa düşülən idi. Falçı cadusu, molla duası bizi geri götürməliydi.

O zaman anlamadığım və məni uzun müddət düşünməyə vadar edənsə, qadının oxumuşlardan olmasına rəğmən belə duaya, fala inanması idi. Rayon məktəbində kitabxanaçı işlədiyindən evi də kitabla zəngin idi. Baxan deyərdi ki, itirilmiş cənnət burda tapıla bilər. Yəni, cənnətin ayağının altında bu qədər real olmasına baxmayaraq, cəhənnəmi vəd edən əməllərə əl atması qəribə deyildimi? Üstəlik, bizim regionla müqayisədə bura dindar bir mühitə malik idi. Amma nə etməli?

Reallıq qarşısında intellekt, dini inanc belə tab gətirmir.

Nə yazıq ki, qadının qorxusu o vaxtdan bəri ölkəni bürüyəcək qədər böyüdü. Günləri aylar, ayları isə illər əvəzlədikcə torpaqları “bəlkə də qaytardılar” ümidi də yaşlı insanlarla birgə məzara gömülürdü, çörək növbələrində, soyuqda titrəyən, piştaxtalara düzülənlərə həsrətlə baxan uşağın gözündə isə ümid yaş damcıları kimi düyümlənirdi. Belə bir vəziyyətdə sehrli çubuğa, sehrbaza ehtiyac, saatlarla gözləməkdən taqətini itirən insan üçün növbəsi çatan çörək kimiydi. Müharibənin xarabalıqları altından əzgin çıxan millətin yaralarını artıq görücülər, falçılar sarımağa başladılar. Bağlanan zavod, fabriklərin yerini görücü, baxıcı, ekstrasens ofislərinin tutması beləcə təsadüfi deyildi. Görücü Məlahətdən başlayan bu yolla addımlayanlar isə günbəgün çoxaldı, zəmanəmizin qəhrəmanları təkcə kasıblara yox, zənginlərə də yolgöstərən oldular. Hətta daha qeyri-adi güc sahiblərinin evlərinə üz tutmağa da ehtiyac qalmadı, onlar insanların evinə televiziya ilə tez-tez getməli oldular. Allahla, şeytanla dalğası tutmayanların dalğasını televiziyalarımız peyk antenaları ilə rəqəmsal yayıma çevirdilər.

Postmodernst yazıçı Umberto Eko deyir ki, vaxtilə Allahın gözündən heç nə qaçmazdı və onun baxışı boz həyatı belə mənalı edərdi. Hər şeyi görən bu şahid it-bata düşdükdən sonra yerini nə aldı? Cəmiyyətin gözü. Yəni televiziyalar. Başqa sözlə, televiziya Tanrı missiyasını ələ götürüb və artıq insanlar onu izləyən gözün Tanrıdan çox televiziya olduğuna inanırlar.

Amma televiziya da yalansız yaşamağı tədricən unutduqca, insanlar ondan da üz döndərdilər. Nəticədə gedən tamaşaçıları dayandırmaq üçün Həzrəti İsa möcüzəsinin bənzərini yaratmaq televiziyaların bir nömrəli vəzifəsinə çevrildi. Və Həzrəti Sabirlər bu boşluğu nəinki doldurdu, həm də televiziyaların reytinq şkalasını əllərində saxlamağa nail oldular.

Bu baxımdan, Allahla insanın, insanla cəmiyyətin qırılan rabitəsinin, inamının yerini dolduranlar məgər günahkardırmı?! Həbsə atmaq, tonqalda yandırmaqla ümidsizlik bəlasından toplumu xilasmı edirik? Düşünürükmü, qeyri-real qüvvələrə tapınmağın insanın özünə inamı itdiyi zaman yarandığını? İnsanın həkimə, müəllimə, məmura, cəmiyyətə inamının itdiyi zaman yaranan iman olduğunu. Bu gün kimsə çıxıb desə ki, mən Şeyx Nəsrullah kimi ölü dirildirəm, sizcə inananların sayı az olacaq? Əsla yox. Çünki Asif ata demişkən, Şeyx Nəsrullah Cəlil Məmmədquluzadənin klassik “Ölülər”indən çox əvvəl dünyaya gəlmişdir. Onu insanın özünə yox, möcüzələrə inamı yaratmışdır. Şeyx Nəsrullahı yaradan həqiqət idisə bu gün üçün də keçərlidir.

Və bu gün insanların möcüzəyə yox, inama ehtiyacı var. Özünə inama. Ağlı, bacarığı, qabiliyyəti ilə addımlamağa, ayaqları üstə durmasına inanmağa ehtiyacı var. Ölmüş MƏNin dirilməsinə ehtiyacı var. Haqqının qanun kimi qorunmasına ehtiyacı var. Əks halda taleyi öz əlində olmayanların əlləri talelərinin oxunması üçün falçılara hələ çox açılacaq.

# 1243 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #