AYB-nin qurultayı niyə gecikir? - Zamin Hacı yazır...

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

29 sentyabr 2022
# 09:00

Kulis.az Zamin Hacının “Sumqayıta gedən adamlar haqda məruzə” adlı yazısını təqdim edir.

“Coğrafiya – taledir”
(İbn Həldun, orta əsr ərəb filosofu)

Məni çoxdandır narahat edən bir ictimai-siyasi sualla hörmətli oxuculara müraciət etmək istəyirəm: “O qabaqlar Sumqayıta getmək istəyən adamlar vardı ha, onların hamısı, görəsən, gedib mənzil başına çatdılarmı?”

Qələt eləyib çıxırdın “20 yanvar” metrosundan, neçə belə yoldaş insana yaxınlaşırdı. Düzü, başqa metro stansiyalarının üstündə başqa şəhər və kəndlərimizə getmək istəyən, lakin 50 qəpiyi, 1 manatı çatmayan insanlar olurdumu, bilmirəm. Misal üçün, “Azadlıq prospekti” metrosundan çıxanda Gorədilə getmək istəyənlər, “Sahil”dən çıxıb Nargin adasına pulu çatmayanlar... Bunun hamısını imkan tapıb araşdırmalıyıq.

Yeri gəlmişkən, indi burda bir müdrik fikir yazıram, sosial şəbəkələrdə öz adınızdan basın getsin: “Bizdə azadlıq yalnız metronun adında mümkündür, o da prospekt şəklində”. Necə ağlıma gəldi, heç ağlıma sığışdırmıram. Azərbaycan Yazıçılar Birliyinin afyorizmlərlə iş şöbəsində müdir yeri boşdursa təşkilata üzv olum gərək. Qurultay olanda bu məsələni qaldırmaq lazımdır. “Məsələni qaldırmaq” – çox maraqlı ifadədir. Gözdən düşmək. Torpaq şöbəsi. Ana dilimizi bu kimi şeylərə görə sevirəm.

Bu arada AYB-nin qurultayı növbəti dəfə təxirə salındı. Artıq bu mistik təxirlərdən roman yazmaq olar. Belə bir süjet təklif edirəm: “Göydən bir mələk iclasa gəlməlidir, lakin idarənin zirzəmisində oturan dərin yazıçı dədələr hər dəfə yığıncağı təxirə salırlar, proje baş tutmur”. Orhan Pamuk bu cür süjetləri yaxşı qururdu, bir gün gəlib Natəvan klubunda detektivlərlə görüşəndən sonra normal cümlə də qurmağa çətinlik çəkir. Ona görə bizim “çağırıldığın yerə ərinmə, çağırılmadığın yerdə görünmə” ata sözümüz 21-ci əsrdə işləmir, məlumatınız olsun, bunu da yazın bir qırağa.

Ancaq həyat istənilən süjeti qatlayıb ayağının altına salır. Axı bu yazıçı qurultayının lap qabaq Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Şuşa geri alındı, qurultay olmadı. (Sözgəlişi, kimsə Tahir Kərimliyə qəlyan alsın, arzuya çatsın). Sonra Şabrana, meşəyə dəyişdilər. Meşədə qarışqalar şairələrin yumşaq yerindən dişləyə bilərdi, qocaman yazıçılarımız isə dovşan antrikotu udub boğulub ölərdilər, ona görə bu variant da təcili rədd edildi.

Üçüncü təklif qurultayı Bakıda keçirmək barədə idi. Uzun illərdən sonra yazıçılarımız nəhayət paytaxta yaxınlaşmışdılar, bunun özü olduqca mühüm, sevindirici fakt idi, lakin deyir sən saydığını say, gör şəhərin müdiri nə sayır: o boyda ziyalı idarəsinə bu boyda paytaxtda elə qurultayı (Allahınıza şükür edin, əvəzliyim qurtardı, yoxsa bu cümlənin başı yığılmırdı, mötərizəni də zülümlə qoymuşam) keçirmək üçün salon tapılmırdı. Vallah. Belə də açıqlama vermişdilər: “Boş şadlıq sarayı yoxdur, qurultay ona görə təxirə salınır”. Yalana bax. Məhərrəmlikdə Bakıda salon tapılmırmış...

Nəhayət, indi də Mətbuat Şurasının sədri, AYB sədrinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri və “10 sentyabr” hekayəsinin prezidenti Rəşad müəllim təzə arqument irəli sürüb. Sən demə qurultaya xaricdən qonaqlar gəlməlidir (Heminquey, Kafka, Tolstoy və başqa yoldaşlar), Rusiya və Ukrayna davasına görə sərhəddə çətinlik var, uçaq biletlərində problem çıxıb, Orhan Pamuk isə hətta taxıl daşıyan Odessa gəmisində gəlməliymiş, lakin Boğaziçində tıxaca düşübdür. Qonaqsız qurultay, uşaqsız ev.

Bizim Rəşad müəllimə şübhəmiz yoxdur. Birincisi ona görə ki, “525-ci qəzet”in rəhbəridir, bizdə 525 qəzet çıxır, söz azadlığ inkişaf etməsə, o qədər qəzet nə cür çıxardı? İkincisi də vardı, yadımdan çıxdı.

Sözümü nəyə gətirirəm? Bax, əgər Sumqayıta gedən adamların hamısı nəhayət Sumqayıta gedibsə, biz niyə şadlığımıza şitlik eləyirik, bu gözəl quruluşu bəyənmirik? Dünyada hər özündən deyən oğlan Sumqayıta gedə bilməyibdir.

Təbii, yuxarıdakı abzası qətiyyətlə yazmıram, əvvəlcə sosial tədqiqatlar aparmalıyıq, öyrənməliyik Sumqayıta gedən adamların neçəsi son illərdə həqiqətən Sumqayıta getmişdir. Bəlkə, onların bəzisi bizi aldadıb, Xırdalanda, Ceyranbatanda düşüb? Daha uzağa, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə, Beşbarmaq dağına (uca Tanrı hər kəsin ziyarətini, nəzir-niyazını qəbul eləsin, amin) gedənlər də ola bilərdi. Mən öz dörd gözümlə beş il qabaq Biləcəridə bir yoldaşa rast gəldim, ondan soruşdum ki, ay qağa, sən o Sumqayıta gedən adam deyilsənmi, mat qaldı yerində, dedi məni haradan tanıdın? Dedim, mən insan xiridarıyam.

Elə bu cür də demişdim: insan xiridarı.


# 2116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #