Yaylaq festivalında baş verənlərin günahkarı kim idi?

Yaylaq festivalında baş verənlərin günahkarı kim idi?
1 avqust 2022
# 12:01

Kulis.az Samirə Əşrəfin "Yaylaq festivalı nağılı" adlı yazısını təqdim edir.

Adam ayağını yorğanına görə uzadar

Atalar sözü

Yazımın əsası birbaşa iyulun 29-da Milli yaylaq festivalı barədə olduğundan mətndə atalar sözlərindən, el məsəllərindən, tapmaca və yanıltmaclardan istifadə etməli olacam.

Qoy, ellər məni qınamasın, yaylaq festivalında görmədiklərimi, eşitmədiklərimi yazımda sözlə təcəssüm etdirmək, tarixə qovuşdurmaq üçün el sözlərinə, məsəllərinə ehtiyac hissi duyuram. Qarayola yazıçı və media adamı kimi festivalın iştirakçısı olduğumdan məsələyə öz yanaşmamla münasibət bildirəcəm. Yəni həsri basa-basa dolanmayacam, ortaya gözümlə gördüyüm problemləri və onların yaratdığı sualları qoyacam.

Yorğan məsələsi

Kifayət qədər yaşım və təcrübəm olduğu üçün indiyə qədər az situasiya olub ki, ayağımı yorğanıma görə uzatmayım. Əksinə bir iş görməzdən, səfərə çıxmazdan əvvəl nəinki yorğanı, döşəyi, hətta balışı da nəzərə alıram. Yaylaq festivalı başlanan ərəfədə də məzuniyyətdə idim.

Fərqli media qurumlarında çalışan rəfiqələrimin festivala gedəcəyini eşidəndə, doğrusu, ürəyim atlandı. Bir az onların istəyi, bir az da öz təşəbbüsümlə festivala getməyi qərara aldım. Özüm də əslən Qarabağdan olduğumdan, amma uzun illərdir torpaqdan, kənd həyatından ayrı düşdüyümdən düşündüm ki, bir günlük səfər, dağ havası əhvalıma yaxşı təsir göstərər. Ancaq fələk də boş dayanmır axı. Sən nə qədər plan qurursan qur, nə qədər sayırsan say, o da öz işindədir. Beləliklə, fələk mənim ağlımı başımdan aldı, ayağımı yorğanıma görə uzada bilmədim.

İyulun 30-u, səhər saat 6:00-da Mədəniyyət Nazirliyinin jurnalistlərin yol səfəri üçün nəzərdə tutduğu avtobusun ətrafına yığışdıq. Hamı toplaşandan sonra Bakıdan Gəncənin Hacıkənd qəsəbəsi yaxınlığında yerləşən festivala yola düşdük. İlk baxışda qeyri-adi heç nə yox idi. Deyə-gülə səfərimiz başlandı. Ancaq avtobus tərpənəndən yarım saat sonra sürücünün avtobusu çox yavaş sürməsi məni şübhəyə saldı, dalağım sancdı. Belə astagəl sürücü ilə uzaq mənzilə bizim səfərimizdə mütləq bir əmma çıxacaqdı. Çıxdı da.

Təxminən saat ikinin yarısında yaylaq, festival adı qoyulan, əslində isə, açıq havada bazarı, ticarət mərkəzini xatırladan məkanın həndəvərinə, bir neçə kilometrliyinə çatdıq. Ətraf bildiyimiz sarı gil torpaq idi. Kilometrlərlə uzanıb gedən tıxacın içərisinə biz də düşməli olduq. Möhkəm isti, səs-küy, ətrafdakı qarışıqlıq artıq ilkin narahatlığımızı yaratdı. Bir az keçmişdi, məlum oldu ki, sürücümüz avtobus yolu ilə yox, xırda maşınların getdiyi yolla gəlib, buna görə də belə amansız tıxaca düşmüşük.

Təxminən bir saatdan sonra yaylağın keçirildiyi dağınmı deyim, təpəninmi deyim, ətəyinə çatdıq. Avtobusdan düşüb 500 metrə yaxın ərazini ayaqla qalxdıq. Hamımız yorğun, ac və gərgin idik. Buna baxmayaraq, təpənin başına qalxanda, jurnalistlər üçün ayrılmış məkanda əyləşəcəyimizi, nahar edəcəyimizi və dincimizi alacağımızı düşünürdük. Ancaq bu dəfə söhbətin içinə fələk yox, Mədəniyyət Nazirliyi sözün bütün çalarlarında barmaq elədi.

Təpənin başına qalxanda, qaldıq avara və sərgərdan. Oturmağa bir masa, bir stul belə tapmadıq. Tərəkəməliyi, elatlığı təlqin edəcək olan yaylaqda yerə kilim, palaz, xalça, cəhənnəm həsir belə sərilməmişdi ki, adamlar heç olmasa onun üstünə sərələnsin. Ətrafda dəhşətli xaos hökm sürürdü. Yerli əhali, başqa şəhərlərdən gələn adamlar və birbaşa festivala dəvət olunan qonaqlar hamısı bir-birinə qarışmışdı. Adamlar hara gəldi hərəkət edirdilər. Çünki konkret bir mərkəz yox idi ki, qonaqlar ora toplaşsınlar. Pərakəndəlik hökm sürürdü. İnsanlar daha çox pıqqapıqla qaynayan “kitayiski” samovarların yanında, anti-sanitariya şəraitində kabab bişirilən manqalların, kətə yayılan sacların yanında bərqərar olmuşdular. Kabab bişirən əmilər ətrafa qarşı bütün hissiyyatlarını itirmişdilər. Onların həmin məqamda bir məqsədləri vardı, çoxlu kabab satsınlar, pul qazansınlar, qazandırsınlar. Hətta hərdən mən o kabab bişirən əmilərin üzündə dərin peşmanlıq hissi də görürdüm. Onlar adamların çoxluğunu nəzərə almadıqları üçün kifayət qədər işçi qüvvəsinin təşkil olunmamasının peşmanlığını yaşayır, əllərindən çıxıb qarğıdalı, kökə, şirniyyat alıb aclığını yatırmağa gedən potensial müştərilərin ardınca həsrətlə baxırdılar.

Bəli, hörmətli oxucu, festival boyu yaylaqda dronla çəkilən, çadırların türk əlifbası ilə yazdığı “türk” sözü altında qurulan taxta kafelərdə bu cür həngamələr yaşanırdı. Orada böyük bir yarmarka, alver baş tutmuşdu. Anti-sanitariyanın baş alıb getdiyi, milçəklərin hər cür növünün qaynaşdığı bu məkanda oturmaq üçün bircə boş oturacaq yox idi. Adi suyun, şirniyyatın qiyməti şəhərdə satılandan iki dəfə baha qiymətə satılırdı. Taxtadan düzəlmiş kətillərin üstünə yan qoymaq üçün qan su yerinə axırdı. Əgər kababçı dayıların kababından, qutab bişirən xalaların qutabından, çayçı qaqaların çayından içmirsənsə, həmin kətillərə oturmaq olmazdı. Bunun üçün mütləq pul saymalı, xərcə düşməliydik. Əks təqdirdə ən azı çayçı qaqaların “mən bu yer üçün yer haqqı ödəyirəm” sözləri ilə qarşılaşmalı olacaqdın.

Biz jurnalistlər də təbii ki, nazirlik tərəfindən müəyyən olunmuş marşrut xətti ilə hərəkət edirdik, bizim bu xətdən kənara çıxmağa, kənar yerlərdə oturub qidalanmağa ixtiyarımız yox idi. Həm də qeyd etdiyim antisanitariya şəraitində qidalanmaqdansa, naharımızı gözləmək məcburiyyətində idik.

Səhər saat altıdan ayaq üstə, ac, yorğun və gərgin idik. Nazirliyin bizim üçün təhkim olunmuş nümayəndəsi Leyla Abbasi telefon vasitəsi ilə bizi cücəli toyuq kimi iki dəqiqədən bir yanına səsləyib bir az danlayır, əsəbiləşir. Daha sonra sakitləşib naharın yaxın vaxtlarda gələcəyinin anonsunu verirdi. Nahar isə gəlib çıxmaq bilmirdi ki, bilmirdi. Sonra məlum oldu ki, bizim bu başıbəlalı, içində iki cüt, bir tək xiyar və döş əti olan naharımız Mədəniyyət nazirinin tədbirə gəlişinə görə yubanır. Çünki nazirin gəlişinə görə yollar bağlıdır, buna görə də naharı gətirən maşın da bağlanan yolun bu tərəfində yox, məhz o tərəfində qalıb.

Deyirəm, nə qəribə adamlar var, əziyyət çəkmək, iyirmi, otuz toyuğu boğmalayıb, başını kəsib qanına qəltan etmək, onun döş ətindən dönər, mən nə bilim, buterbrod hazırlamaq, üstəlik, döş ətinin üzərinə nazik-nazik, lay-lay doğranmış xiyar qoymaq hara, ünvana, daha doğrusu, mədələrə çatıb həzm olunmasının qarşısını almaq hara, ey hörmətli nazir?! İndi jurnalisti, media nümayəndəsi, mətbuat işçisinin mədəsi olanda nə olar? Niyə belə ayrı-seçkilik salırsınız? Şəxsən mən bu yazıdan sonra “Mədələrin fərqi” adlı bir yazı da yazmaq istəyirəm. Həmin yazıda bir nazirlə, bir yazıçının, media nümayəndəsinin, mətbuat işçisinin mədəsinin fərqliliklərindən, (Seymur Baycan mətndə türk mənşəlli sözləri işlətməyimizə qarşı çıxıb, əsəbiləşsə də, türk mənşəlli sözləri köməyə çağırıb) mədələrin özəlliyindən, onların həzm etmə qabiliyyətindən, rəngarəngliyindən bəhs etmək istəyirəm.

Xiyar və çörək

Mənim “Gül və kitab” adlı köşə yazım var. Çoxdan yazmışam. Uşaq gününə həsr olunmuş yazıdır. Orada kitabın və ətirli güllərin faydasından bəhs etmişəm. İndi də istəyirəm xiyar və çörəkdən yazım.

Nağıl dili yüyrək olar. Nə qədər gec deyil, qayıdaq festival adlı nağılımıza. Bəli, gözlənilən nahar nəhayət 16:30-da bizə gəlib yetişdi. Nahar nə nahar! Mən hələ ömrümdə, 41 illik həyatımda belə nahar yeməmişdim. Toyuğun döş ətinin yan-yan düzüldüyü, kənarları yaşıl rənglərlə əhatələnmiş xiyar dilimlərinin yastı-yastı qoyulduğu təndir çörəyindən ərsəyə gəlmiş, xiyarının suyu, döş ətinin suyuna qarışmış, nazirin gəlişi səbəbi ilə yolda qalıb preslənmiş, el dili ilə desək, yaprıxmış, bir az ağırlaşmış, qupquru, adamı boğan, dadsız, duzsuz dürməyin dadını yəqin ki, ömrümün sonuna qədər unutmaram. Hətta maliyyə rəsmilərinin yaxın gələcək üçün proqnozlaşdırdıqları aclıq böhranı illərində həmin dürməyi həsrətlə, kədərlə xatırlayıb göz yaşı da axıtmağı düşünürəm.

Amma bütün bunları etməyəcəm. Çünki ayıbdır! Mənə yox. Bu festivalın təşkilatçılarına, bir də iki gündür, jurnalistləri hoydu-hoyduya qoyan, “festivala gediblər, qarın davası edirlər”, “yaylaq çətin şəraitdə olmalıdır” sözlərini deyən, yazan adamlara.

Əvvəla, mən sivil, artıq otuz ildən çoxdur ki, şəhər həyatına öyrənmiş, uzun illərdir bina evində yaşayan, smartfon telefondan, kompüterdən, metrodan, taksidən, təyyarədən istifadə edən internet əsrinin adamıyam. Gündəlik qida rasionum və rejimim var. Ona görə də bəli, həmin festivalda normal qidalanma, təmiz süfrə və oturacaqların olmasını gözləyirdim. Bunları məni ora aparan təşkilatçılardan tələb etmək, istəmək ən təbii haqqımdır. Bunun əksi ilə, antisanitariya vəziyyəti ilə rastlaşmaq, əlbəttə ki, biabırçılıqdır. Və bu, mütləq şəkildə bizi ora aparan nazirliyin nümayəndələrinin üzünə vurulmalıdır, onlardan hesabat tələb olunmalıdır.

Mədəniyyət Nazirliyi xiyar və çörək söhbətini ortaya atıb sonra da öz trollarını statusların altındakı şərhlərə yönəltməli deyil. “ASAN xidmət” könüllülərini, işçilərini trollinqə cəlb etməkdənsə, trolluğa xərclənən pulların qırağından, quyruğundan kəsib festivalı daha səviyyəli şəkildə təşkil edərdilər. “Asan Xidmət”in əməkdaşları və könüllüləri ona görə yetişdirilib ki, bu ölkə üçün innovativ, faydalı gənclər olsunlar, nəinki iyrənc trolluqla məşğul olan kəsim.

Yazılan yazıların, sosial şəbəkədə paylaşılan statusların altında qarğabazarı açan trolların ortaya atdığı bir neçə anormal tezislərə yuxarıda toxunmuşam. Ancaq istəyirəm onların başqa absurd yanaşmasına da aydınlıq gətirim. Trollar festivalla bağlı sosial şəbəkələrdə yazılan yazıların altında, xüsusilə, 44 günlük müharibəni əsas gətirərək, jurnalistlərin zəhmət çəkib festivalda da özlərini müharibədəki kimi hiss etmələrini, özlərini müharibədə döyüşən hərbçilərin yerində hiss etmələrini məsləhət görürlər. Bu absurd müqayisə gülməli, gülməli olduğu qədər də biabırçı yanaşmadır. Əvvəla, 44 günlük müharibədə media nümayəndələri kifayət qədər əziyyət çəkdilər. Günlərlə, həftələrlə səngərlərdə, müharibə şəraitində, təhlükəli ərazilərdə çəkilişlər hazırladılar, yazılar yazdılar, canlı efirlərə çıxdılar. Onlar dəfələrlə əsgərlərimizlə bərabər ölüm təhlükəsi yaşadılar. Hətta minaya düşərək həyatlarını itirən media nümayəndələrimiz oldu. Həmin trollara məsləhət görərdim ki, yazıçı Mirmehdi Ağaoğlunun konkret 44 günlük vətən müharibəsi zamanı cəbhə bölgəsində gördüklərindən və yaşadıqlarından, keçdiyi təhlükələrdən bəhs edən “Zəfərin izi ilə” kitabını tapıb oxusunlar. Tapa bilməsələr, mənə xəbər edərlər, mən onları istiqamətləndirərəm. Mirmehdi və onun timsalında digər media nümayəndələri, mətbuat adamları, jurnalistlər həmin günlər dağlarda, soyuq, şəraitsiz yerlərdə, müharibə şəraitində, ölüm təhlükəsi ilə üz-üzə qalanda siz harda idiniz, ey trollar?! Bəlkə, sizi trolluq üçün maliyyələşdirən nazirlərin, onların yaxınlarının, qohumlarının birinin həmin müharibədə burnu qanadı?

Amma media nümayəndələri bir nəfər kimi 44 günlük müharibədə səfərbər oldular. Bütün bunlar müharibənin bir parçası olmaq üçün, bu vətən üçün idi. Biz o ağır günlərdən ona görə keçdik, üç mindən çox şəhidi ona görə verdik ki, rahat yaşayaq, ömür-gün sürək. Keçmədik ki, trolların axmaq, absurd iddialarına görə linç olunaq.

Nəhayət, 44 günlük müharibə sevdalıları olan trollar bilirlərmi ki, festivalda otuza yaxın qazi əli çəlikli təpənin başında qalmışdı. Rəsmi, qalstuklu adamlar onlardan aktyor kimi istifadə edir, onlarla şəkil çəkdirir, amma qazilərin əyləşməsi üçün bir stul təşkil edə bilmirdilər. Rəsmilərə yaxınlaşıb bu barədə deyəndə, cavabları belə oldu: “Görmürsünüz, onlar şir kimi oğlanlardır”. Deməli, şir kimi oğlanlar həm müharibədə iştirak edib yarımcan olmalı, həm də gəlib çəliklə saatlarla günün altında ayaq üstdə qalmalı, onlarla şəkil çəkdirənlər üçün pozalar verməli idilər?!

Trollar, sizi maliyyələşdirən qurumlar zəhmət çəkib sizə çəkdikləri xərclərin hesablamalarını dayandırıb, meydana çıxsınlar, festivalın təşkilinə və piarına nə qədər vəsait xərclənib onu açıqlasınlar. Amma büdcə məsələsinə hələ var. Bu barədə yazımın sonunda.

Yağış və yol

Bir az da festivalın sonundan, yəni bitməyindən, yol əhvalatından bəhs edim. Mənzərəni təxminən belə vəsf etmək istəyirəm. Yüzlərlə irili xırdalı maşın, eni dörd, beş metr olan torpaq yol. Yağan yağış, çaxan ildırım, qaranlıq və xaos.

Mədəniyyət Nazirliyinin media üçün təşkil etdiyi (hələ festivala gör kimlər-kimlər təşkilatçılıq eləyib: “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və “Kap.az” – Fərqli Turizm MMC-nin təşəbbüsü, TİKA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Gənclər və İdman Nazirliyi, Dünya Etnoidman Konfederasiyası, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, KOBİA, Kənd Təsərrüfatı Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti və s. və i) festival marşrutunun biabırçılığı günün sonunda pik nöqtəyə yüksəldi. Yağış yağdığından bizim astagəl sürücümüz yola çıxmaqdan qəti şəkildə imtina etdi. Avtobusun kondisionerini və işıqlarını söndürüb 30-40 adamı qaranlıqda qoyub harasa getdi. Yağış gücləndikcə vəziyyət daha da ağırlaşdı. Nazirliyin nümayəndəsi haralarasa zəng vurur, danışır, amma bütün bunlar nahar yetişdi situasiyasında olduğu kimi nəticəsiz qalırdı. Amma yox, nahar axı bizə gəlib çatmışdı, bu dəfə bizə heç nə gəlib çatmadı. Nə köməkçi qüvvə, nə əlavə avtomobil və.s. Mədəniyyət Nazirliyinin ötən gün mətbuata verdiyi açıqlamasından media nümayəndələrinin avtobusdan evakuasiya olunduğu qeyd olunur. Ağ yox, ağappaq yalandır. Heç bir evakuasiyadan söhbət gedə bilməz. Avtobuslarda saat iki, üç, dördə qədər qalan adamlar olub. Ordakı məşum xəbər sosial şəbəkələrdə və bir neçə saytda yayımlanandan sonra rəsmilər işin şuluq olduğunu anlayıblar. El dili ilə desək, əl-ayağa düşüblər. Avtobusun dayandığı ərazidən iki, üç kilometr uzaqda yerləşən polis postunun yaxınlığına bir neçə maşın göndəriblər. Jurnalistlər də həmin palçıqlı, yağışlı ərazini ayaqla qət edərək o maşınlara əyləşib ərazidən uzaqlaşıblar. Yəni heç bir evakuasiyadan söhbət gedə bilməz. Burada yenə bir haşiyə çıxmaq istəyirəm ki, xüsusən, əli qələm tutan, dili yüyrək olan yaşlı media nümayəndələri jurnalistlərə irad tuturlar ki, yaylaq çətin şəraitdə olmalıdır. Adı üstündə yaylaq, dağ yeri, qoyun canavar və.s.

Onlara xatırlatmaq istəyirəm ki, Milli yaylaq festivalındakı yaylaq sözü rəmzi məna daşıyırdı. Yaylağa gedirdik deyə ayağımıza çarıq, belimizə də şal bağlayıb, çiynimizdə də badya daşımalı deyildik. Hər il Qobustan qayalıqlarında nə qədər tədbir keçirilir. Məntiqlə ora da əynimizdə qoyun dərisi, əlimizdə də nizə ilə getməliyik? Bu nə gülməli yanaşmadır. Bizə tutduğunuz bu kimi iradları indi mən festival təşkilatçılarına tərəf yönləndirirəm: qaş düzəltmək yerinə, həmişəki kimi vurub göz çıxartdınız.

Hər bir festivalın, tədbirin bir konsepsiyası, hekayəsi, cəmiyyətə ötürdüyü mesajı olmalıdır. Nəyi təbliğ edirlər, nə üçün edirlər və burada cəmiyyətin, mədəni, sivil insanın qazancı nədən ibarət olmalıdır. Milli yaylaq festivalı da mədəni bir tədbirdir və bu tədbirin keçirilməsi cəmiyyət üçün müsbət mesaj ötürməlidir. Festivallarda məqsəd bir qayda olaraq yenilikləri, nailiyyətləri nümayiş etdirir. Milli yaylaq festivalında, konkret olaraq yaylaq mədəniyyətindən, tarixdə Azərbaycanda yaylaq mədəniyyətinin yeri ilə bağlı nələr təqdim etdilər, nələri nümayiş etdirdilər və hansı tendensiyaları, tarixi faktları ortaya qoydular?

Suala özüm cavab verim. Heç nəyi! Festivalın konkret heç bir konsepsiyası yox idi.

Nəhayət, festivalın təşkilində adı keçən nazirliklərin və rəsmi qurumlardan festival zamanı və ondan sonra yaşanan bu qədər uğursuzluqlara, biabırçılıqlara görə media nümayəndələrindən, eləcə də cəmiyyətdən üzr istəmələrini, həmçinin festivala nə qədər büdcə təyin olunduğunu, bunun nə qədərinin festival üçün xərcləndiyini açıqlamalarını gözləyirik.

Son olaraq müəllif kimi gələcək üçün bir xahişim də var. Ya bu kimi festivallar normal, mədəni formada keçirilsin, ya da, ümumiyyətlə, keçirilməsin. Xoruz yox idi...

# 4985 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #