Hələ orta məktəbdə televiziya ekranlarından apardığı verilişlərlə tanıdığım, öyrəndiyim, sevdiyim dilçi və ədəbiyyatşünas, sonralar oxuduğum ali məktəbdə yuxarı kurslara dediyi mühazirəni hətta qapı arxasından da dinlədiyim müəllim, tamaşalarına bəzən bir zalda yanaşı əyləşib baxdığım dramaturq, özündən çox-çox kiçiklərə dost deyə biləcək bir insan, son illər taleyin xoş gərdişi ilə yaxından tanıdığım dövlət rəsmisi bu əsərlərlə qarşımda büsbütün qeyri-adi bir şəxs kimi canlanır...
Vaxt gəlir, hər şeyin yetişir sonu,
Bu nəydi qurtardı, yox oldu, getdi?
Bu da bir həyatdı, oynadıq onu,
Bu da bir oyundu, yaşadıq, bitdi.
Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox.
1995-ci ildə Kamal Abdullanın “Unutmağa kimsə yox” adlı, dram əsərlərindən ibarət bir kitabı çıxdı, önsözü də rəhmətlik Həsənağa Turabov yazmışdı. “Beyrəyin taleyi”, “Unutmağa kimsə yox”, “Kim dedi ki, Simurğ quşu var imiş”, “Bir, iki - bizimki”, “Hərdən mənə mələk də deyirlər” kimi əsərlərin (birincidən başqa, onu səhnədə xatırlamıram) uğurlu tamaşalarına baxmışam.
Nədənsə, sonralar daha dram əsərləri yazmadı.
2004-cü ildə “Yarımçıq əlyazma” gəldi dünyaya, Azərbaycan ədəbiyyatını çalxaladı. Hamımız şahidik ki, ədəbi, qeyri-ədəbi məclislərdə əsər haqqında bilən də fikir söylədi, bilməyən də, oxuyan da, ağızdan eşidən də. Kimisi bu əsər haqqında danışmaqla sadəcə özünü, nənəm demiş, biləndər göstərmək istəyirdi, kimisi ağzın açan kimi bəlli olurdu ki, oxuyub, amma heç nə anlamayıb və buna görə də müəllifi günahlandırır.
Təbii ki, oxuyub dərk edərək fikir söyləyənlər də var, çox deyil, amma var. Onların fikrini dinlədikcə oxuduğun əsər film kimi yenidən gözlərin qarşısından süzülüb keçir. “Yarımçıq əlyazma” o cümlədən, bir azdan söhbət açacağım hələlik sonuncu romanı kütləvi ədəbiyyat deyil, Kamal Abdullanın əsərləri kütlə üçün yazılmayıb.
Bunu söyləməklə özümü kütlədən kənara çəkmək fikrindən uzağam, amma bu da danılmazdır ki, kütləvi olan, əlçatan, tez anlaşılan hər şey əvvəl-axır bezdirir adamı. Hardasa dərinliklərə, qaranlıqlara, müəmmalara, miflərə, reallıqlara, miflə reallığın birlikdəliyi olan məkana baş vurmaq yanğısı yaranır bəzən. Bu yolu keçdikcə, yəni bu əsərləri oxuduqca, əslində illərdir tanıdığım, düşündüyüm müəllifin iç dünyasının yeni qatları, düşüncələri açıldı mənim üçün.
“Yarımçıq əlyazma” da, “Unutmağa kimsə yox” da hər biri əslində roman içində romandır. Nə var bir süjetin ucundan tutub onu sona çatdırmağa, “Unutmağa kimsə yox” kimi romanı yazıb bitirmək mənə görə o dünyanı görüb-gəlməkdir, ya da başqa dünyalarda olmaq.
Hər üç əsəri bir neçə il əvvəl oxumuşdum əslində, o vaxtlar da bu əsərlər arasında, hətta yuxarıda adını çəkdiyim dram əsərlərindən ibarət birinci “Unutmağa kimsə yox” arasında zəncirvarı bağlılıq görmüşdüm, indi bunu öz-özlüyümdə təsdiqləyib oturdum. Üç yox, bu dörd əsər qohum əsərlərdir, bir-birinin ardı deyil, amma bir-biri ilə, romana giriş sözü yazan Arif Acaloğlunun xoşladığım ifadəsi ilə desəm, genetik bağlılığı var. Bir əsil-nəcabət bağlılığı kimi yəni.
Belə bağlılığı İsa Muğannanın əsərlərində hiss etmişdim əvvəllər. Corc Orueldə də var. Müxtəlif dövrləri hansısa qüvvə bağlayır bir-birinə, ayrı-ayrı illərdə yazılan, çox fərqli zamanlardan bəhs edən əsərləri bir xətt birləşdirir. İsa Muğanna ilə Kamal Abdulla arasında həm də başqa bir yaxınlıq görünür. Hər ikisinin əsərləri onların öz dünyalarındakı miflərdən və eyni zamanda reallıqlardan danışır. Hər ikisinin əsərlərində özləri bəzən oxucunun gözünə görünür, bəzən oxucu zənnində yanıldığını düşünür. Hər iki yazıçının (ayrı-ayrı estetikada olsa belə) əsərləri heç vaxt birmənalı qarşılanmır. İsa Muğanna da, Kamal Abdulla da anlanmaqdan daha çox, qınanır.
“Unutmağa kimsə yox...” əslində real həyat hadisələridir, gözünə bir az mifologiya qatılmış reallıq. Özü də həm tarixdən, həm yaxın dünəndən, həm də bu günümüzdən danışılır. Tarixi şəxsiyyətlər də var orda, ədəbiyyatçılar da, elm adamları da, bəziləri tanıdıqlarımızdır hətta. Uydurulmuş obrazlar da var. Dəqiq olan odur ki, Kamal Abdulla hətta bizim uydurulmuş hesab etdiklərimizi özü inanaraq qələmə alıb. Ona görə də oxucu bəzən onun özünü də hadisələrin içində olanların bəzən birinə, bəzənsə digərinə bənzədir.
Personajların düşüncələri müəllifin öz düşüncələri imiş kimi gəlir adama.
“Unutmağa kimsə yox...”da mənfi, yaxud müsbət obraz yoxdur, insanlar var, fərqli talelər var və talelərindən irəli gələn həyat tərzləri görünür. Kimsə, həyatda olduğu kimi, nəyə görəsə qınanmır, sadəcə onun haqqında danışılır. Hadisələr bir-birini əvəz etdikcə indi bir ipucu tapıb hər şeyi anlayacağını zənn edirsən, amma romanın ortasına qədər bir hadisə o birinin ipucunu axtarır sənə vermək üçün, nəhayət, yarıdan sonra bayaqdan anlamaq üçün keçdiyin məşəqqətli yol hamara çıxır. Roman yarıdan sonra birnəfəsə oxunur. Elə bil əsərin qəhrəmanı ilə birgə deşifrə ilə məşğul olursan, o, “Çiçəkli yazı”nı deşifrə etdikcə, sən də əsəri yozmağa çalışırsan və sonda onunku yanlış olur, doğru yola sən düşürsən. Ona yanlış ipucu verilir, doğrusu səndədir, sənin düşüncəndə, onu sənə müəllif verir. Roman belə olar, içindən içinə lağım atırmış kimi müəllif adamı labirintlərdən keçirib düz yola istiqamətləndirir. Oxuyub başa çatanda hiss edirsən ki, tamam fərqli bir dünyaya səfərdən qayıdırsan. Müəllifin inandığı və əsəri bitirincə sənin də inanmağa başladığın paralel dünyadan. Artıq düşüncən xeyli durulur, elə bil bir az yaşa dolursan, dünyanın faniliyi belə daha umrunda deyil, əksinə, qarşıda ölüm deyilən bir qorxunc nəsnənin yerinə səni işıqlı nə isə gözləyir. Olacaqlara inanmağa nə var ki...
Olacağın olmağına nə var ki,
Bircə dənə olmayacaq ver mənə...
(K.Abdulla)
Romandan əvvəl müəllifin eyniadlı şeiri vardı. “Unutmağa kimsə yox” - dramda, şeirdə və romanda eyni ad. Kamal Abdullanın əsərlərinin hamısından keçən o önəmli xəttin məğzi, ruhu elə həmin bu “Unutmağa kimsə yox”dadır. Onun yaradıcılığının ekvatorudur “Unutmağa kimsə yox”.