Azərbaycanlı yazıçının Somadan HEKAYƏSİ

Azərbaycanlı yazıçının Somadan HEKAYƏSİ
19 may 2014
# 12:33

Azad Qaradərəli

Gözüyumulu çocuğun yazılmamış məktubu

Hekayə

Soma mədən şəhidlərinin xatirəsinə

Atacığım!

Neçə gündür gözlərim açılmır. Yox, e, özüm açmıram gözlərimi. Zatən bir kəz açmışdım, hər yanı qara gördüm – kömür qarası. Televizorumuzun ekranı belə qaralmışdı. Basdırılan mədənçi əmilərin meyiti də qaraymış deyirlər – mən onları görmədim ki, maalasəf...

Atacığım!

Bir kömürçünü diri çıxartmışdılar mədəndən. Bilirsən nə oldu? O da qapqara kömürə boyanmışdı. Ayaqqabıları daha çox. Dedi ki, tibb bacısına, qoy ayaqqabılarımı çıxardım, buraları qaraltmasın... Ağladım onda ata... Biz o qaralığın həsrətindəykən, kömürçü əmi belə də dedi...

Atacığım!

Şəhid dostlarının sayı 300-ü keçdi. Bir şey desəm məndən küsməzsən ki? Çox istəyirəm, bu ölü sayısı (pardon, şəhid deyəcəkdim) artsın... Umudum kəsildi axı... Heç olmasa sənin şəhid olduğunu eşidəydim. Qapqara cənazənə sarılaydım... Yoxsa, bu sözü mən necə daşıyım ata: itkin şəhid... Bu nə söz ya? Bu sözün heç rəngi də yox?

Atacığım!

Mədəndən sağ çıxan Ahmet əmi səni öz gözləriylə görmüş son anda. Dedi ki, atan sağ idi mən görəndə. Əllərini göyə açmış, dua edirdi... Dua edirmişsən? Bəs Allah sənin dualarını niyə eşitmədi? Hə, anladım, axı orada göy görükməz... Və bir də hər yan kömür qarası...

Dünən ilk kəz gözlərimi açdım. Bilirsən niyə? Dedilər 301-ci şəhid mədənçinin nəşini çıxarıblar, amma o qədər qaraymış ki, tanıya bilmirmişlər. Mən ora qaçdım həmən. “Sağ əlini açın, sağ əlini açın!” - deyib qışqırdım. “Niyə?” - deyə sordular. “Atam hər işdən gələndə sağ ovcunda bir konfet olurdu, mənə gətirərdi onu” - dedim.

Açdılar yumulu əli və qara bir şey görüncə umutlandım. Deyilmiş. Bu şəhidin son dəqiqədə yazdığı bir məktubmuş. Umudum qəhr oldu. Geri döndüm.

Neçə gündür gözüyumulu oturmuşam, atacığım... Sən gəlməyincə açmayacam gözümü... İstədim eyzən sizlər kimi nəfəsimi də tutam, amma olmadı. Bacarmadım. Gəl ata. Şəhid də olsan, gəl. Yoxsa mən bu sözü daşıyamam: “Qayıb şəhidin oğlu?” Ağır sözdür bu...

Atacığım!

Bu gün sən beşinci gündür ki, itkinsən. Bu düşündüklərimi yazmaq üçün açdım gözlərimi. Amma yazamadım. Axı sənin məzarın da yox. Hara qoyacam ki, bu məktubu? Gəl ata, diri, ya ölü, fərq etməz, yetər ki, gəl... Bax, deyirəm, gəlməsən, gözlərimi açmayacam...

# 1852 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #