Sizin kimi atalardan imtina edirik!

Sizin kimi atalardan imtina edirik!
30 oktyabr 2019
# 11:15

Etiraf edim ki, əlli metrlik hovuzu bu başdan o başa üzə bilmirəm, hər səhər 15-20 dəqiqə, saatda 6 kilometr sürətlə qaçıb, duş qəbul edib cavanlaşmaq kimi imkanlardan məhrumam. Ona görə, 70 yaşlı məmurlar qədər gənc deyiləm. Heç bir kriteriyam uyğun gəlmir.

Ən əsası, bu qədər havayı yaşayıb neft üçün də tutarlı iş görməmişəm. İstənilən halda, ömrü daha 25 ili görməmiş biri kimi, çox hörmətli burjua seçmələrinin izni ilə mən də özümü gənc hesab etmək, hiss etmək istəyirəm. Amma sizinlə qətiyyən, "gənc yazar", "gənc rəssam", "gənc ofisiant", "gənc resepşın", "gənc xadimə", "gənc kassir" kimi, "mən olduğum kimiyəm, əvvəl necə, indi də elə" deyən beyindənkəm biri kimi yox, az qala hər gün dəyişməyə can atan "prosto" gənc kimi danışmaq istəyirəm. Uzun müddətdir ancaq ağaclarla ünsiyyətdəyəm axı. İnsanları yadırğamışam. Bu yaxşıdır, ya pis, sonra müzakirə edərik.

Bilmirəm, səbəb nədir, lap uşaqlıqdan o vaxtlar daha adını bilmədiyim təsəlli adlı məfhumdan zəhləm gedib. Təkcə zəhləm getsə nə vardı, yaşamaq daha rahat olardı, həyat üzümə daha səmimi gülümsəyərdi, tutalım, dişlərini ağartmazdı, avara kənd uşağı kimi hırıldamazdı.

Üzr istəyirəm özünü cavan hiss edən bütün böyüklərdən: təsəllidən zəndeyi-zəhləm gedib. Ən betəri də bilirsiz nədir? Kimsə inamla deyir: "Hər şey yaxşı olacaq!"

Hə, elə sənin təpən haqqı! Tutalım, yaxşı olacaq, sənə dəxli var? Görürsən, vəziyyət gərgindir, düzələsi deyil, alınacaq kimi görünmür. Ömrümün bu, heç vaxt hovuz üzü görməmiş, üzməyi belə bacarmadığı çağında mənə niyə təsəlli verməyə çalışasan axı? İmkan ver dərdimizi bölüşək də. Və ya bölüşməyək. Susaq da, sus da, nolar, nə olar? Ömrün boyu susmaqdan daxili həzz almısan, susmaqla ömür sürürsən, mənə çatanda dilin niyə açılır?

İnsanlar bir-biri üçün hər şeyin yaxşı olmasını istəyə, diləyə, arzu edə bilməz. Mümkün deyil. Biz "Sırlar dünyası"nda yaşamırıq. Bizim həyatımızın arxa fonunda o zırıltılı, zarıltılı kaman səsi yoxdur. Olsa-olsa, Afətin "Sığmazam" təranələri səslənir. Çünki mahiyyətimiz odur. Biz dərdimizi dingildəyərək yaşayırıq, faciəmizə tullanıb-düşürük. Məsələn, ömür bitir, amma biz hələ də səhər durub saatda 6 kilometr qaçmağı uğur hesab edirik, bunu utanmadan dilə gətiririk. Xəcalət də çəkmirik. Niyə utanaq ki? Elə deyil?

Toplum olaraq kimisə, kimlərisə təsəlli etmək üçün sinov gedirik. Bu böyük ənənə, böyük irsdir, əslində. Atalarımızdan qalıb. Bilirsiniz hansı atalardan? Sual ritorikdir, xətrinizə dəyməsin. Mən biləcəm, siz bilməyəcəksiniz? Yox, təbii ki. Amma yenə də xatırladım: "Yaxşı at özünə qamçı vurdurmaz" deyən atalarımızdan... Bu yerdə arxa fonda Afətin "Sığmazam" "tuş"u eşidilir. Remastered versiyada. Daha sürətli. Hətta o qədər sürətli ki, lent fırlanır, bir-birinə dolaşır, Afətin səsi Manafın səsinə bənzəyir, Manaf da dönüb olur adamyeyən. Səs kəsilir. Lent qırılır. Təsəvvür elədiniz? Dəhşətlidir. Ürpəşdim, Alla haqqı!

Məncə, çox ali və xeyli ağsaqqal atalarımız bu sözü fikirləşəndə əməlli əziyyət çəkməyib. Hətta, dönə-dönə üzr istəyirəm, kəlmənin yaranma prosesində beyin öz iştirak funksiyasından imtina edib. Atıram, dişi fikirləşib, ya da dilçəyi. Ola bilsin, o vaxtkı atalarımız hovuzda üzməyi bacarmayıb. Ya da səhərlər qaçmayıb. Heç neftə layiq olmaq üçün də bir iş görməyiblər. Özlərini cavan hiss etməyiblər və sair. Nə bilim, bilmirəm. Sadəcə təxmin edirəm, o vaxt dəyərli və möhtərəm atalarımız bu sözü ilk dəfə min-bir işgəncəyə, zorakılığa məruz qalmış, təhqir edilmiş, alçaldılmış bir qadın "ər evi"ndən "ata evi"nə gələndə deyib.

Prosesi ona görə bu cür təxmin edirəm ki, o vaxt əcdadlarımızın yaxşı xırdalaya bilmədiyi qızılı indi onun xələfləri layiqincə xırdalamaqdadır. O qədər xırdalayıblar, indi həmin qadınların xələfləri bu kimi tayfa və icma nümayəndələrinə diqtə etməyə başlayıb ki, ortada heç qızıl yox imiş. Hətta qızıla aid əsər yox imiş. Bu, böyük çaxnaşma arasında hansısa qadın xələf sinəsini meydanlara verib əlində bayraq açır və o bayraqda yazılır: "Yaxşı at dədəndi!".

Nə olur? Aləm dəyir bir-birinə. Təsəlli hoqqabazlığı yerlə-yeksan olur. Kişi xələflər hikkədən, kin-küdurətdən boğulub meydanlarda bayraq tutan, bütün toplumu təşkil edən qadınların bir ovuc səsini, hayqırışlarını başlayır öz şəxsiyyətinə, mahiyyətinə uyğun "təhlil" etməyə. Hansı formada? Təhqir təzahüründə. Hamı bir nəfər kimi ödəyə bilmədiyi kredit borcunun acığını, etiraz edə bilmədiyi müdirinin hikkəsini, baş çıxara bilmədiyi həyatın əzabını söyüşə çevirib tökür qadınların üstünə. Onlar da bütün haqsızlıqları, iyrənclikləri tapdalayıb qışqırırlar: "Şiddətə susma, şiddətə dözmə!"

Möhtəşəmdir!

Bu qadınlar deyir: "Bizə təsəlli yox, yaşamaq lazımdır, ölmək istəmirik".

O adamlar deyir: "O evdən meyitin çıxacaq!"

Belə beyin, belə düşüncə tərzi olar, ay qadanızı alsınlar?

Xalqın mentalitet diktaturası beləcə yerlə-yeksan olur, başlayır, məhv olmağa.

Daha sivil, daha azad, daha bəşəri cəmiyyətin yaranması üçün küçələrdən qadınların ayaq səsləri, gülüş, etiraz, mahnı, alqış səsləri gəlir.

Mötəbər atalarımızın nəsihətamiz kəlamları tarixə qərq olur. Silinir. Günah özlərindədir. Adama deyərlər, vaxtı-vaxtında üzərdin, səhərləri saata altı kilometr qaçardın da. Di məhv ol. Dadına heç məmurlar da çata bilməz. Onlar cavanlığını yaşayır. Sizinsə, atalar, dövranınız bura qədər sürəcəkmiş. Biz - sizin qızlarınız, sizin kimi atalardan imtina edirik! Sizin xələfləriniz bizim boğazımızı kəsməkdə, qanımızı tökməkdədir. Qızlarınız ölür, atalar!

"Şiddətə susma, şiddətə dözmə, qadınları qətl etmə!”

# 4887 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #