Azərbaycanlı ailəsində doğulan zənci uşağın atası kimdir?

Azərbaycanlı ailəsində doğulan zənci uşağın atası kimdir?
5 fevral 2018
# 10:33

Günel Natiq

İstirahət günü səhər erkən telefon səsinə hövlnak oyandım.

- Necə yəni Bikə xalanın gəlini zənci uşaq dünyaya gətirib? Ola bilməz, axı...

Dəstəkdəki səs coşub-gurladı:

- Mən elə əvvəldən bilirdim, o qız düz yuvanın quşu deyil! Qaragün gədəni də pis günə qoydu! Adam içinə çıxmalı halı yoxdur oğlanın!

Bikə xala (ad şərtidir) oğlunu keçən il evləndirmişdi. Uşaq gözləyirdilər. Bu da uşaq. Qaradərili. Zənci yəni. Aman Allah.

Sonra başqa biri xəbər gəldi ki, Bikə doğum evində elə haray-həşir salıb ki, xəstələrin birinin ürəyi gedib, biri vaxtından əvvəl doğuş edib və s.

Ardınca xəbər yayıldı ki, gəlin başını divarlara vurur, and-aman edir ki, ömründə zənci görməyib. Yəni görməyinə görüb, amma əlaqəsi olmayıb.

Sonra dedilər ki, Bikənin oğlu deyib ki, bu uşağı istəmirəm, aparın atasına verin. İndi bütün qohum-əqrəba uşağın atasını axtarır.

Yadıma gəlir ki, əvvəllər uşaqlar zənci görəndə bir-birlərinin ətəyini dartıb “ora bax, ora bax, zənci gəlir”,- deyə çığırışırdılar. Ya da zənciylə üz-üzə gəlmiş həmyerlimiz gözlərini bərəldib elə baxırdı ki, elə bil dəvə nalbəndə baxır. Zənci keçib gedəndən sonra da həmyerlimiz dönüb qara oğlanın arxasınca baxmaqda davam edirdi. Yəqin bu baxışlar zəncinin də arxasını dalayırdı.

Sonralar camaatımız qaradərililərə öyrəşdi. İndi daha əvvəllər olduğu kimi televiziya tamaşalarında zənciləri məsxərəyə qoymurlar. Yəqin, nəhayət anlayıblar ki, onların da bir heysiyyatı var.

Təsəvvür edin ki, hansısa xarici ölkədə sizin milli obrazınızı lağa qoyurlar. Nə düşünərsiniz? Milli təəssübkeşlik məqamında rəngin ağlığı-qaralığı heç bir önəm daşımır təbii ki.

Sonra zəncilər lap adiləşdi. Hətta o dərəcədə ki, kliplərdə qızlarımızın tərəf-müqabilinə çevrildi.

Ağzıgöyçəklər dedilər ki, Bikənin gəlini də qara oğlanların aludəçilərindən olmaya? Elə qadınlar var ki, zəncilərin fiziki görkəmindən xoşlanırlar, onların ehtiraslı olduğunu iddia edirlər. Zəncilərlə görüşən qızlar məgər yox deyil?

Az-çox insafı olanlar etiraz etdilər ki, Bikənin 18 yaşlı gəlini zəncilərlə tanışlıq qurmağa nə vaxt imkan tapdı? Qızı heç evdən çıxmağa da qoymurdular.

Bir də eşitdik ki, Bikənin gəlininin anası haray-həşirin ən qızğın yerində hadisə yerinə gəlib çıxıb. Bikə xala elə qudasının da abrını ətəyinə bükmək istəyirmiş ki, dərdli qadın heç ona fikir də verməyib. Birbaşa uşağın üstünə gedib, bələyini açıb baxıb və hönkür-hönkür ağlayıb.

Hamı qalıb məəttəl ki, bəs bu nə işdir?! Yəqin ana xeyirsiz qız böyütdüyü üçün özünə acıyır. Ya da rüsvay olduqları üçün xəcalət çəkir. Uzun sözün qısası, hərə özlüyündə bir şey düşünüb. Birdən arvad ağlamağını kəsib deyib ki, qızımın heç bir günahı yoxdur, əsl günahkar mənəm.

Hamı lap qalıb məəttəl. Bikənin gəlininin anası deyib ki, o vaxt ərimlə uşağımız olmurdu, biz də süni mayalanma üçün rəhmətliklə xaricə üz tutduq. Müayinədən sonra məlum oldu ki, ərimin sperması yetərsizdir, ona görə həkim bizə donor spermasından istifadə etməyi təklif etdi. Övlad sahibi olmağı çox arzulayırdım. Kişi də ailəmiz dağılmasın deyə etiraz etmədi. Amma bir dəfə tibb bacılarından biri ağzından qaçırdı ki, adətən donorluq üçün yerli camaat deyil, maddi çətinlik yaşayan gəlmə ərəblər və zəncilər öz xidmətlərini təklif edirlər. Mənim dalağım sancdı, 9 ay gərginlik içində gözlədim, qızım dünyaya gələndə sevincimin həddi-hüdudu yox idi...

Demək ki, həmin donor ya zənci imiş, ya da qanında zənci geni olan metis imiş - deyib Bikə xalanın gəlininin anası.

Arvadın bu açıqlamalarından sonra ara bir az sakitləşib. Ən azından aydın olub ki, gəlin ərinə xəyanət etməyib. Amma adamların qəlbinə yeni şübhə toxumları əkilib. Bu dəfə gəlinə bir də ayrı gözlə baxıblar. Gəlinin qaşı-gözü, sir-sifəti indi onlara başqa cür, əcaib gəlib. Bikə xala əlini bir dizinə, bir başına döyüb ki, bu nə işdir mən düşdüm, gör bir kimin törəməsini gətirib gəlin etmişəm, kimə ürcah olmuşam?

Əslində indi vəziyyət daha da qəlizləşib. Bikə xalanın da yuxuları qaraya boyanıb. İndi yəqin gecələr qara-qara yuxular görür. Belə çıxır ki, daha “bizimki deyil”, deyə uşaqdan imtina edə bilməzlər. Özləri də dərk edir ki, halalca uşaqlarıdır. Amma bununla barışmaq, zənci uşağına sahib olma gerçəkliyini həzm etmək çətindir.

Süni mayalanma mürəkkəb prosedurdur. Ələlxüsus əgər donor tanımadığınız bir şəxsdirsə. Demək ki, uşağın yalnız gələcəyini deyil, “keçmişini” də düşünmək lazımmış.

Adətən donor haqqında bilgilər sənədlərdə qeyd olunur. Amma ağla gəlməyən ehtimallar da ola bilər.

Bu əhvalat U. Folknerin “Avqust işığı” romanını yadıma salır. Əsərin qəhrəmanı Kristmas ağ doğulub, amma genində zənci qanı var. O bunu hiss edir və özünü tapmaqda çətinlik çəkir. Bir də hadisə 50-ci illərdə Amerikada, irqçiliyin ən şiddətli çağında baş verir. Oğlan həm zəncilərə bir doğmalıq hiss edir, onların spesifik qoxusunu hiss etməkdən xoşlanır, həm də öz kimliyindən ürkür.

Məsələn, əsərdə belə bir fraqment var ki, yeniyetmə oğlanlar yaxınlıq etmək üçün zənci qızını tövləyə gətirirlər, yaşıdlarından fərqli olaraq, Kristmas o qıza yaxın dura bilmir. İçindəki qarışıq hisslər baş qaldırır, qızı vəhşicəsinə döyməyə başlayır.

Bütün roman boyu qəhrəman öz zənci kimliyi ilə mübarizə aparır. Bu mübarizə ziddiyyətli məqamlar doğurur.

Yəqin Bikə xalanın qaradərili nəvəsinin ömrü də özü-özüylə mübarizədə keçəcək. Özünü həm sevəcək, həm də ürkəcək. Bütün ömrü özünü tapmaqda və qeyb etməkdə keçəcək.

O uşaq indidən ailədə dışlanıb, çirkin ördək balası kimi həmişə yad, ögey qalacaq. Kim bilir, hər şeydən, öz “qara” taleyindən xəbərsiz mışıl-mışıl uyuyan bu körpəni taleyin hansı gərdişi gözləyir...

# 3177 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #