Səfər Alışarlının keçmiş və gələcək haqqında xatirələri

Səfər Alışarlının keçmiş və gələcək haqqında xatirələri
26 avqust 2019
# 10:50

Kulis.az Məti Osmanoğlunun “Səfər Alışarlının keçmiş və gələcək haqqında xatirələri” məqaləsini təqdim edir.

İki il bundan əvvəl “Ədəbiyyat qəzeti”ndə nəşr etdirdiyi “Limb və alidada” hekayəsi mənə Səfər Alışarlının yaradıcılıq axtarışlarının dönüş nöqtəsi təsiri bağışlamışdı. 1999-cu ildə yazılmış “Avqust” hekayəsinin əsasında işlədiyi bu əsər ilə müəllif öz poetik üslubuna, təhkiyə tərzinə, obrazların təqdimatına, müəllif-mətn-oxucu münasibətlərinə yeni bir yanaşma təklif edirdi.

Əslində, ədəbiyyatımızda bu cür təcrübə indiyədək də olmuşdu və bunun ən parlaq nümunəsi İsa Hüseynovun “Yanar ürək” romanını 1980-ci illərin ortalarında “İdeal”a çevirərək yeni məzmunda təqdim etməsidir. “Yanar ürək”dən oxucuya tanış olan süjet, konflikt, həmin konflikti yaradan və yaşadan obrazlar müəllifin yeni təqdimatında fərqli ideyaların və idealın daşıyıcıları kimi çıxış edir. Özü də “İdeal”da dəyişən təkcə məzmun deyil, məzmunun əyninə mükəmməl biçilmiş forma, sanki qeybdən, “laməkan” bir instansiyadan ötürülən təhkiyə sistemi, detalların düzümü bədii düşüncə və oxucu zövqü üçün yeni bir istinad nöqtəsi müəyyənləşdirir.

Səfər Alışarlının “Avqust” hekayəsi ictimai yüklülük baxımından kifayət qədər tutumlu, dolu əsərdir. Bu əsər əsasında yeni bir hekayənin yazılmasını isə müəllifin ictimai baxışlarının, tarixə münasibətinin dəyişməsinin nəticəsi kimi deyil, yeni bədii təqdimat modeli axtarması kimi qiymətləndirmək mümkündür. Ən azından, mənim təəssüratım belədir.

Səfər Alışarlının “Avqust”a qayıdışı “İdeal”dakı kimi cəmiyyətə yeni ideal gətirmək istəyindən deyil, bədii sözə yeni ölçü sistemi təklif etmək (bəlkə də müəllifin öz yaradıcılıq imkanlarını yeni ölçülər sistemində sınamaq!) zərurətindən irəli gəlir. İstər “Avqust”, istərsə də “Limb və alidada” hekayəsində obrazlar yerin səthinin ölçülməsi fonunda verilir: geodeziya qrupu ərazinin xəritəsini işləyir. “Avqust”da həm psixoloji və peyzaj təsvirlərində, həm də təhkiyədə qızmar günəşin necə gəldi çəkilmiş kollektorların doğrayıb kvadratlara, trapesiyalara böldüyü quraq torpağa səpdiyi qaynar havanın yaratdığı ovqat dominantlıq edir. Şəhərdən gəlmiş geodeziya qrupu xəritə hazırlamaq üçün Muğan düzündə çalışır. Qrup yayın istisində torpağın səthini ölçdükcə qızmar günəş ilə quraq torpaq arasındakı insanların, xüsusən ilk müstəqil həyat təcrübəsi qazanan tələbə gəncin daxili dünyasının incə konturları psixoloji detallarla rənglənərək əyaniləşdirilir. İki zaman – gələcəklə keçmiş arasında yaşayan, həyatı qarşıda olan bu gəncin nə elə zəngin keçmişi, nə də böyük gələcək ümidləri var. Sadəcə, zaman onu qovura-qovura, qova-qova özünə də yad olan bir gələcəyə aparır. Onu da deyim ki, hər iki hekayədə zaman Sovet dövrüdür və “Avqust”da texnikumu bitirib əsgər gedəcək gənc üçün gələcək tam qeyri-müəyyəndir.

Hekayənin bədii strukturuna gəlincə, burada təhkiyə ilə məzmun arasında paralel axtarmağa dəyər: xəritə çəkilişi ikiölçülü sistemə əsasən aparıldığı kimi, müəllifin təhkiyəsi və obrazların təqdimi də əsas etibarilə ikiölçülü sistem çərçivəsində qavranılır. Əzizin düşüncələrində, psixoloji detallarda bu çərçivədən yumşaq kənaraçıxmalar olsa belə, təhkiyə səth və ya müstəvi üzərində üfüqi bucaqlar altında təqdim edilir. Mətndə (mətnin təqdim etdiyi hekayədə) istifadə edilən geodeziya alətləri də üfüqi səviyyələri ölçmək üçündür.

“Limb və alidada” hekayəsinin adında həm geodeziya, həm də bədii mətnin quruluşu baxımından yeni yanaşmaya işarə var. Hekayənin mətnində izahı verildiyi kimi, geodezistlərin istifadə etdikləri bu cihaz həm üfüqi, həm də şaquli bucaqları ölçür. Başqa sözlə, limb və alidada vasitəsilə təsvirin yalnız üfüqi səviyyəsi deyil, şaquli səviyyəsi də qeydə alınır.

Əslində, limb və alidada adlanan texniki cihazın hekayəyə gətirilməsi hekayənin süjet xətti, orada təqdim olunan hadisələr üçün elə bir prinsipial əhəmiyyət daşımır: yerölçənlərin baxdıqları cihazın içində nə gördükləri, yerin səthinə hansı bucaqdan baxdıqları oxucu üçün xüsusi maraq obyekti deyil. Ancaq bədii sözün fəzasının dəyişməsi – ikiölçülü sistemdən üçölçülü sistemə keçid əsərin poetik sisteminin dəyişməsi üçün faydalı bir vasitə rolunu oynayır. Qəhrəmanının gözü teodolit cihazında olan müəllif hekayədə baş verənlərin, eləcə də obrazların düşüncələrinin, məkan-zaman münasibətlərinin təqdimini üçölçülü sistemə keçirir. Bu isə oxucu ilə ünsiyyətdə, müəllif-mətn-oxucu münasibətlərində fərqli bir səviyyənin ortaya gəlməsini şərtləndirir.

Hekayənin əsas obrazı – əsgərlikdən sonra geodeziya idarəsinə işə düzəlmək üçün gəlmiş İlqarın bu qurğu haqqında ilkin təsəvvürü və təəssüratı heç də müsbət deyil: “Limb və alidada. Biri üfüqi bucaq üçün, o biri şaquli. Hər ikisini hələ texnikumdan xoşlamırdı, çünki ətrafında uşaqların daim basabas saldığı köhnə təlim alətlərində yan gözlük zərrəbinlərindən dairələrin paslı dərəcə ştrixlərinə baxmaq, baxıb da oradakı ölçünü tam dəqiqliyi ilə görmək müşkül iş idi. Elə bil dumanlı qapı gözlüyündən çölə baxırdın və gördüyün öz bulanıqlığı ilə səni görmədiyindən daha çox pərişan edirdi”.

Bu, əslində, həyatın axınından kənara çıxa bilməyən gəncin həyata baxışlarını, həyat haqqında təsəvvürlərini canlandırmaq, əyaniləşdirmək üçün maraqlı bir təqdimatdır: həyatda da dayandığı nöqtə, mövcud mövqeyi gəncin özü üçün dumanlı və bulanıqdır.

Səfər Alışarlının seçdiyi yeni forma həyata təzə atılmış gənci bizə həmin cihazın gözündən təqdim edir. Ancaq gəncin təkcə yaşadığı zaman deyil, keçmişi və gələcəyi də dumanlıdır. “...öz keçmişinə baxanda bütün heyrət və təəccüb hissi onu tərk edir, çünki ora yalnız qocalaraq sıradan çıxmış adlardan və daim yenilənməyi tələb edən köhnəlmiş xəritələrdən ibarətdir”.

Gəncin keçmiş haqqında təəssüratları qarışıq olduğu kimi, gələcəyə baxışı da nikbin və ürəkaçan deyil: “Əlibala ilə tanışlıq ... gələcəklə bağlı optimizmini və ixtisasa vurğunluğunu deyil, əksinə, ürəyindəki şübhələri artırdı”.

Qeyri-müəyyənlik içində vurnuxan gəncdən oxucu da qeyri-müəyyənlik içində ayrılır. Bakıda pul qazanıb, kənddəki anasına əl yetirə biləcəkmi? Ev sahibəsinin qızına dediyi kimi Moskvaya gedib təhsilini davam etdirəcəkmi? Ev sahibəsinin ona laqeyd olmayan qızı ilə macəra yaşayacaqmı? Bu sualların sayını artıra da bilərik. Hamısının da cavabı teodolit cihazının içindəki limb və alidada vasitəsilə alınan təsvirlər kimi baş-ayaq çıxacaq...

Nəsr poetikasının yeni səviyyəsinin təcrübədən keçirilməsi, təhkiyənin məkanının müstəvidən fəzaya köçürülməsi poetik düşüncənin sərhədlərinin dəyişməsinə, genişlənməsinə və yenidən qurulmasına təkan verir. “Saat” hekayəsində yalnız məkanın deyil, zamanın da üfüqi və şaquli bucaqlar altında təqdim olunduğunu görürük. Zamana həssas olan və bu həssaslığını evin divarlarına saatlar asmaqla ifadə edən qəhrəmanın gözlərində divardakı saatın əqrəblərinin yox olması və bununla da zamansızlıq effektinin yaradılması, yaxud saatın əsk istiqamətə işləyən əqrəbləri ilə bərabər zamanın geriyə axışı kimi detallar maqik realizm təcrübəsini xatırlatsa belə, bədii düşüncənin fərqli ölçülərini nişan verir.

Onu da qeyd etməyi zəruri hesab edirəm ki, bədii yaradıcılığın hansısa “izm” kölgəsinə sığınması böyük gələcək vəd etmir. Sosializm realizmindən postmodernizmə qədər nəzəriyyənin ədəbiyyata diktəsi xüsusilə Azərbaycan ədəbiyyatına miskin bir əyalətçilik gətirib və dünyanın kiçildiyi bir tarixi şəraitdə bu əyalətçilik daha eybəcər görünür. Bu baxımdan, Səfər Alışarlının yaradıcılığını hansısa “izmlə” bağlamaq çox çətindir. Onun bir nasir kimi fərqi bundadır ki, hazır nəzəri qənaətləri bədii təcrübəyə tətbiq etmir: onun əsərlərində nəzəri ümumiləşdirmə bədii sözün təbiətindən doğulur. Buna görə də Səfərin əsərlərinə “vahid” nəzəri postulatın tətbiqi mümkün deyil. Həyatın özünə baxışlar müxtəlif olduğu kimi, Səfərin obrazlaşdırdığı həyata baxışların da fərqli və müxtəlif olması tam təbiidir.

Burada janrın imkanlarını da nəzərdən qaçırmaq olmaz. Hekayə qəhrəmanın həyatının, bir olmasa da, məhdud sayda epizodunu canlandırmağa imkan verir. Həcmcə kiçik olduğuna görə poetik sistemin bütövlüyünü idarə etmək asan olan bu janrda təcrübədən keçirdiyi yeniliklər Səfər Alışarlının “böyük janra” keçidi üçün faydalı təməl təşkil edir. Bu baxımdan, “Qız və maneken” povesti Səfər Alışarlının qarşısında hekayə janrında sınaqdan keçirdiyi üçölçülü təqdimat sistemini reallaşdırmaq üçün yeni üfüq açır...

Povestdə insan-zaman-məkan münasibətləri ikiölçülü səthdə deyil, çoxölçülü fəzada təqdim olunduğuna görə informasiya bəzən zaman və məkan ölçülərinin sərhədlərindən kənarda olan irreal aləmdən ötürülür. Bu səbəbdən də burada təhkiyə və təhkiyəçi ilə oxucu arasındakı məsafə daha elastik və dəyişkəndir. Məsələn, hadisələrin Yaşar Musayevin iştirak etdiyi məkan və mühitdəki təqdimatında təhkiyəçi üçün əsas dayaq instansiyası Musayevin baxış bucağı olduğu halda, mərasim evindəki ağlaşma epizodunda bu instansiya mücərrədləşdirilir.

Əsərin süjeti kifayət qədər dramatik bir hadisə üzərində qurulub. Uzun müddət dənizdə 34-cü platformada çalışmış neft mühəndisi Yaşar Musayev ərizə yazıb təkidlə işdən azad olunur. Səbəb kimi də evdə tək qalan körpə qızının ağladığını göstərir.

Musayev platformadakı işindən azad olunandan sonra onun iş növbəsində hamımızı, bütün Azərbaycan ictimaiyyətini sarsıdan hadisə baş verir: dənizdəki güclü fırtına nəticəsində platforma yanır, iş növbəsində olanlar həlak olur...

Beləliklə, povestdə şahidi olduğumuz, hələ də ağrısını yaşadığımız real tarixlə mistika bir araya gətirilir və bu, əsərin poetik sistemində də öz ifadəsini tapır.

Musayevin qızının axşamlar aramsız şəkildə ağlayaraq atasını dəniz platformasındakı işindən ayrılmağa məcbur etməsi və bunun ardınca platformada yanğın baş verməsi, onun növbə yoldaşlarının fəlakətə uğraması əvvəlcə sürrealizmin daha sıx müraciət etdiyi ürəyədamma kimi qavranılır. Bir qədər sonra isə hadisələrin şüurdanxaric axını güclənir. İnsanın (Musayevin) itlə ünsiyyəti başlayır. İt obrazı əvvəlcə insanın təxəyyülündəkilərin canlandırılması təsiri bağışlasa da, tədricən təxəyyülün sərhədlərindən çıxır və həyatda baş verən proseslərin fəal iştirakçısına çevrilir. Bunun əsaslandırılması üçünsə müəllif əsərə daha maraqlı bir effekt gətirir: maqik realizm təcrübəsindən tanış olan şərtiliklər aktuallaşdırılır.

Yaşar Musayevin itin dişinin ağrımasını hiss etməsi və onu müəalicə etdirmək üçün “Şəfa” klinikasına gətirməsi, klinikada baş verən “çevriliş”, kəskin zərbə almış akademik Sərdarovun ölümdən qayıdışı və yeni bir həyata başlaması – real aləmdən fantaziya aləminə köçməsi və s. detallar magik realizm estetikası ilə səsləşir, lakin bunlar mətndə yamaq təsiri bağışlamır. Çünki oxucu özü də hiss etmədən bədii şərtiliklərin şərikinə çevrilir, mətn-oxucu “oyununun” tərəfi kimi çıxış edir.

Müəllif təhkiyənin gedişində maraqlı və mətnin məntiqi axarını pozmayan bir keçid verir: konfliktin ən gərgin yerində, təbliğatın kütlənin gözündə “düşmən” obrazını yaratdığı Nazimin yas mərasiminin təqdimatında karnaval estetikasının prinsipləri işə salınır. Assosiativ şərti məkan kimi seçilmiş “Yasəmən” mərasim evinin qadınlara aid 1 nömrəli zalında təqdim olunan yas mərasimi ciddiliyini itirib şouya çevrilir. Böyük nəzəriyəçi Mixail Baxtinin dünya ədəbiyyatşünaslığına gətirdiyi “karnavallaşdırma” anlayışı yas səhnəsini şərh etmək və onun mahiyyətini anlamaq baxmından əhəmiyyətlidir. Baxtinin karnavallaşdırma dediyi anlayışın əlamətlərindən biri də “şən nisbilikdir”: zahiri görünüşlə mahiyyət arasındakı, mövcud şərtlərlə və şərtiliklər ilə ürəyə daman başqa bir aləm arasındakı uyğunsuzluq bədii sözdə karnaval efferktinin həlledici komponentlərindəndir. Baxtinin nəzəriyyəsinə görə, karnaval gülüşünün bir xüsusiyyəti də var: “Bu gülüş həm də gülənlərin özünə yönəldilmişdir. Xalq özünü mövcud dünyanın bütövlüyündən ayırmır. Onun hələ axırı çatmayıb, o da ölərək doğulur və yenilənir. Xalq gülüşünün yeni əsrin sırf satirik gülüşündən mühüm fərqlərindən biri də budur”.

Məntiqlə, yas mərasimi öz mahiyyətinə görə el şənliyindən – karnavaldan fərqli olmalıdır. Lakin işin qəliz və tərs tərəfi də bundandır ki, Nazim müəllimin köhnə sevgilililərinin onun mirasının sahibi olmaq həvəsi mərasimi kütləvi bir tamaşaya çevirərək mahiyyətinən uzaqlaşdırır. Bu kontekstldə Güneyli-Qüzeyli Azərbaycanın hər yerində çox populyar olan “Səni deyirlər” diringisi də ağı kimi təqdim olunur. Hər halda, məclis əhli bunu “ağı” kimi qəbul edir və bundan ehtizaza gəlir. Çay içmiş qadınlar yavaş-yavaş fikirlərinin aydınlaşdığını, ürəklərinin genişləndiyini, ruhən dəyişdiklərini hiss etdilər. Hər kəs oturduğu yerdəcə gülümsünüb dingildənməklə çayın müalicəvi və şəfalı təsirini nümayiş etdirir, özünün cismən, xüsusilə sifətdən dəyişdiyini, cavanlaşdığını düşünürdü. Bu ümumi eyforiya və ekstaz halında mərasimdə iştirak edən məşhur müğənnilərdən birinin zalın dərinliyindən zil səslə mərhum Nazim müəllimə xitabla ucaltdığı “Səni deyirlər!” ağısı hər kəsi ayağa qaldırıb hərəkətə gətirdi”...

"Yasəmən" mərasim evindəki 1 saylı qadın zalında baş verənlərin karnavallaşdırılması zalı kənardan seyr edən xüsusi xidmət orqanlarının ekranında daha bariz görünür və pul hərisliyi xüsusi xidmət orqanının əməkdaşlarını da tədricən karnavala qoşur. Mətndəki karnaval əhval-ruhiyyəsi oxucuya sirayət edir və bununla da real ölçülər – limb və alidada bucaqları öz qüvvəsini itirir...

Əsərin baş qəhrəmanlarından biri manekendir – Musayevin qızına mağazadan oyuncaq kimi aldığı qadın maketidir. Əsərdə ən hərəkətsiz obraz da odur: onun hadisələrə və təhkiyəyə hər hansı müdaxiləsini, qeyri-adi proseslərdə iştirakını görmürük. Ona heç bir magik funksiya həvalə olunmayıb. Maneken mətndə simvol kimi daha çox maraq doğurur: hərəkətsiz və cansız görünən zamanın simvolu kimi.

Qız əlinə keçən oyuncaqları içinə doldurduğu manekenin doğacağını gözləyir. Bununla da simvol açılır: zaman hamilədir! Nəsə baş verəcək!

Müasir ədəbiyyatşünaslıq bədii ədəbiyyatın funksiyaları arasında “Kassandra başlanğıcı” anlayışına daha çox diqqət ayırır. Ədəbiyyatın ən vacib vəzifələrindən biri də onun gələcəkdən xəbər verməsi hesab edilir. Bu baxımdan, Səfər Alışarlının “Qız və maneken” əsərinin maraqlı cəhətlərindən biri zamanın nisbiliyi üzərində qurulmasıdır. Burada baş verən hadisələr keçmişə də aid edilə bilər, yaşadığımız günlərə də, gələcəyə də...

Rus nəzəiyyəçisi Şklovski şair Batyuşkova əsaslanaraq şeiri “gələcək haqqında xatirə” adlandırmışdı...

Səfər Alışarlının “Qız və manekeni” povestini də ömrünün müdriklik yaşına qədəm qoymuş yazıçımızın gələcək haqqında xatirələri kimi qiymətləndirə bilərik.

“Ədəbiyyat qəzeti”

# 2940 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #