İtimizi qucaqlayıb üzr istədim

İtimizi qucaqlayıb üzr istədim
6 noyabr 2019
# 11:22

Kulis.az Oğuz Ayvazın “Balaca Qodi” yazısını təqdim edir.

Həmişə arzum olub ki, həyət evim olsun, it saxlayım. Gün-ay dolaşdı, Tanrı mənim arzumu yerinə gətirdi. Günlərin bir günü evimizə ala-bula bir küçük gətirdim. Yoldaşım, qızım sevinirdi. İlk gecə bizimlə yatdı. Adını Qodi qoyduq. İlk günlər küçüyümüz içinə qapanıq, miskin görünürdü. Heç qızımla da oynamırdı. Günlər keçdikcə özünə gəlməyə başlayır, atılıb-düşürdü. Yazda onun üçün həyətdə yuva düzəltdim. Artıq evdə yox, həyətdə olacaq, bizi qoruyacaqdı. Hürməyə başlamışdı. Gecələr göyüzünə baxıb ulayırdı. Hər hürüşündə elə bilirdim, evə oğru girməyə çalışır. Ancaq Qodi bizi səsləyir, yemək istədiyini bildirirdi.

Qodi artıq 9 aylıq yeniyetmədi. Hər səhər işə gedərkən arxamca gəlir. Məni avtobusacan ötürür. Bir dəfə özü də avtobusa girdi. Aləm bir-birinə dəyməzmi! Qadınlar, kişilər vay-şüvən qopardılar. Uşaqlar isə gülüşürdülər. Sürücü üstümə çəmkirdi ki, rədd elə o iti. Qodini də başa salmaq Allahın dərdi. Birtəhər onu avtobusdan düşürdüm. Pəncərədən üzündəki dərin kədəri sezdim. İçimdə sürücünün qarasına deyindim.

Qodi məni hər görəndə üstümə tullanır.

Bir dəfə toya gedirdim, atıldı üstümə, pencəyim, şalvarım palçığa bulaşdı. Əsəblərim tarıma çəkildi və iti təpiklə vurdum. Zingildəyib qaçdı. Onu ilk dəfə vururdum. Ancaq yenə də məni təqib etdi, yola saldı. Həmin günün gecəsi toyda bərk içmiş, keflənmişdim. Evə sarı gələndə it yenə üstümə tullandı. Onu vurduğuma peşman olmuşdum. Əyilib Qodini qucaqladım, ondan üzr istədim, sonra hönkürdüm. Ağladığımı görüb ulamağa başladı. Üzümü-gözüm yaladı. Özümə gəldim. İçindəki hüdudsuz sevgi qarşısında baş əydim. “İlahi”, - dedim – “Bu qarşılıqsız, təmənnasız sevgini biz insanlara niyə bəxş etmədin?!”

Qodi kefsiz olduğum zaman hiss edir. Atılıb-düşür ki, eynim açılsın. O, həyatımda ən sadiq dostumdu.

Bu yazını oxuduqca yəqin ki, çoxlarınız Yaponiyadakı Hatiko köpəyinin hekayəsini xatırlarsınız. Hatiko hər səhər sahibini işə yola salır, işdən qayıdana qədər stansiyada onun yolunu gözləyir. Günlərin birində sahibi infarkt keçirir və ölür. Köpək sahibini 10 il eyni stansiyada gözləyir.

Necə də dəhşətli sevgidir. Bir gün mən də ölsəm, yəqin, Qodi dayanacaqlarda məni axtaracaq. Ancaq Qodiyə o qədər inanıram və güvənirəm ki, o istəmədikcə, mən ölmərəm.

# 4427 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #