Rəqsanənin əxlaq inqilabı

Rəqsanənin əxlaq inqilabı
27 noyabr 2012
# 10:46

Yenə vurdular onu! Bu həftə 21 yaşı tamam olduğuna görə adını çəkmək istəmədiyim telekanal ən istedadlı jurnalistinin dili ilə şou-biznesin kötü yanlarının simvolu kimi onu göstərdi.

Əli qələm tutan da, tutmayan da, barmağı klaviaturaya yatan da, yatmayan da onu tənqid, bəzən təhqir etməyə qalxır. Sanki məmləkətin ən günahkar adamıdır və əgər o olmasa bütün işlər yağ kimi gedəcək!

Etiraf edirəm, mən ona pis baxa bilməmişəm heç vaxt. Mahnılarında səmimi bir ritm, səsində qəribə bir nisgil, söhbətlərində uşaqvarı bir sadəlövhlük görmüşəm. Bəli, onu da bilirəm ki, mindiyi maşının təkərlərinicə satsaq cavan bir yazara əməlli-başlı gün ağlaya bilərik. Bəs bu imkanı ona verən kimdir? Biz deyilikmi? Bəy dediyimiz nədir, bəyənmədiyimiz nədir?

Xalq artisti Aygün Kazımovanın həyatındakı 100 kişidən dəm vurmasından və Röyanın məşhur yağış “klip”indən sonra Rəqsanə bir az da qabağa getdi. Dünyaya atasız uşaq gətirdi! Basqılar şiddətlənincə, vəziyyəti bir az yumşaltmağa çalışdı: “Uşağımın atası, əlbəttə ki, var, sadəcə mən onun adını açıqlamaq istəmirəm!”

Bu yerdə, inanmazsınız, yadıma Cəfər Cabbarlının “Almaz” pyesi düşdü. Rəqsanənin timsalında vəziyyət bir az da qəlizləşmişdi: hadisə ucqar kənddə deyil, paytaxtın mərkəzində, hətta efirdə – xalqın gözü qarşısında baş verirdi! Və cəmiyyət böyük dramaturqun Almaz tərəfindən müdafiə olunan qəhrəmanından fərqli olaraq “günahkara” qarşı təpkisiz idi. Əcəba Cəfər Cabbarlı arzusunamı çatmışdı?!

Bir müddət mətbuat Rəqsanənin övladının atasını axtarsa da, bir şey alınmadı. Məsələ ilə bağlı ən ilginc açıqlama müğənninin özündən gəldi: “Şou-biznes məkanında onun adını bilməyən yoxdur. Hünəri çatan varsa buyurub söyləsin!”

Burda isə, yenə inanmayacaqsınız, Mircə Cəlilin “Ölülər”ini xatırladım. Hər kəs əskisi tüstülü olduğundan yaxasını kənara çəkdi, “ölüsünü diriltmək” istəmədi.

Rəqsanənin müdhiş həqiqəti efirdən axıdılan yalanlardan daha təhlükəsizdir!

Ömrü boyu yaltaqlıq edən, rüşvət alan, özündən məzlumun qanını sorub özündən güclüyə quyruq bulayan, şorgöz, əyyaş məmləkət kişisi öz mahiyyətinə uyğun bir qadına heç cür dözə bilmir. Əxlaqı yalnız qadının geyim-kecimində və rəftarında axtaran bu avaragor adam Rəqsanənin birbaşa onun komasını topa tutduğunun fərqindədir. Onun uydurduğu mentalitet qalası bu atəşlərə davamsızdır. O, ifşa olunur, əlindəki kartlar açılır. Üzdə namus-qeyrətdən danışıb daldada yüz oyundan çıxmaqlığı gözlər önünə sərilir.

Rəqsanə darmadağın edir!

Rəqsanə susdurur!

Rəqsanə, “siz busuz, çox yuxarıdan getməyin” deyir!

Rəqsanə həqiqət üçün özünü fəda edir!

...Eşitmişəm bu yaxınlarda toyudur, Allah mübarək eləsin!

# 7577 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #