Avtobusda məni soyan qadın

Avtobusda məni soyan qadın
11 oktyabr 2019
# 10:41

Kulis.az Səhər Əhmədin “Həyat və ədəbiyyat” essesini təqdim edir.


Səhər tezdəndi, payızdı, Bakıdı, dayanacaqdı, mənəm, balacaboy, sarışın bir qadındı, yanında daha sarışın dörd- beş yaşlı bir qız uşağıdı. Uşaq yanıqlı-yanıqlı ağlayır, anası onu sakitləşdirir, “Darıxma, indi avtobus gələcək, minəcəyik, yatacaqsan”. Uşaq daha bərkdən ağlayır, ayaqlarını yerə döyür, əliylə yoldan keçən başqa maşınları göstərir. Onun nə vecinə ki, anasının taksiyə verməyə pulu yoxdu, onun yuxusu gəlir, o yatmalıdır.

Avtobus gecikir, uşaq ağlayır, ana darıxır, mən ondan da betər. Balaca sarışının ağlaması içimdəki dumanlı hüzurdan tutmuş bayırdakı tutqun havaya qədər hər şeyi dəlmə-deşik edir. Payız səhəri uşaq ağlamasından çilik-çilik olub tökülür.

Hamı gedir, biz üçümüz qalırıq, deməli, eyni avtobusu gözləyirik. Biz gözlədiyimiz avtobussa gecikir...

Bu hekayəni beynimdə davam etmək istəyirəm. Amma sonluq alınmır. Avtobus gələcək, biz üçümüz də minəcəyik və ayrı-ayrı yerdə düşəcəyik. Hə, nə olsun?! Lap tutaq ki, mən bu hekayədə təkcə müəllif yox, həm də obrazam deyə, subyektiv olacam. Yaxşı, onda gəlin bu hekayəni sizə verim, siz davam edin, nəsə fərqli, gözləniməz bir sonluq uydurun, bir ideya çıxarın. Bacarmazsız, deyilmi?! Amma görün nə olur.

Avtobus gəlir. Gecikib deyə dopdoludu. Öndə, ümumiyyətlə yer yoxdu. Kartları öndəki sərnişinlərə veririk ki, ödənişi etsinlər, bizsə arxa qapıdan minək. Ana da kartı uzadır, onun da kartını alıb özümünküylə birlikdə irəli ötürürəm. Bir azdan kartın birini qaytarırlar. Balans sıfırmış. Məndən qabaq həmin qadın dillənir: “Mənimki boş deyildi”. Sakitcə qadının yaxın durmadığı boş kartı alıram. Qadınsa mənim iki gün əvvəl on manat yüklədiyim kartımı alıb orta qapıdan avtobusa minir.

Necədi, bu da sizə gözlənilməz sonluq...

Düzünü deyin, bu sonluğu heç biriniz düşünə bilmədiz, eləmi? Həyat bizim hamımızdan daha şeytani bir istedada malikdir.

Bax mən o üzdən iki gün bundan qabaq mübahisə etdiyim gənc ədəbiyyatşünasa elə inadla sübut etmək istəyirdim ki, həyat ədəbiyyatdan, ümumən, sənətdən daha zəngindi.

Mən ona belə deyirdim:

“Suriyada ödürülən uşağın son sözlərini xatırla: “Ana, uşaqları oyuncaq gülləylə vururlar da, hə?” Bu cümlə ədəbiyyatın ağlına gələ bilməz, o, bu qədər əclaf olmağı bacarmaz, bu sözləri demək üçün o gülləni, həqiqətən, öz bədənində hiss etmək lazımdı.

Və yaxud bir neçə il qabaq edam zamanı qandallı əlləriylə hamını salamlayıb gülümsünən o gənc oğlan. Hansı rəssamın əsəri o oğlan kimi dəhşətli şəkildə gülümsəyə bilər, mümkün deyil, sadəcə”.

Bax indi bu səhərki hadisə də sanki həmin söhbətin davamıdır.

...Avtobus uzaqlaşır, mən əlimdə balanssız kart, axmaq vəziyyətdə dayanacaqda dayanıb işə gecikəcəyimin əminliyini yaşayır və qadının hərəkətini həzm etməyə çalışıram. Bu süjetin sonudu, bundan sonra epiloq başlayır. Epiloqun süjetə dəxli yoxdu, o kompazisiyanın ünsürüdü.

Epiloqda mən artıq uşağı düşünürəm, o, indi avtobusdadı, üşümür, ağlamır, yavaş-yavaş yuxulayır yəqin. Uşağın anasının qoynunda uyuduğunu düşündükcə rahatlayıram, bayaqkı hüzur yavaş-yavaş qayıdır.

O süjetin müəllifi həyat idi, bu kompazisiyanın müəllifi isə ədəbiyyatdı. Həyat vurur, səndələyirsən, ədəbiyyat tutur, yıxılmırsan. Həyat bizi ananı qınamağa vadar edir, ədəbiyyat isə uşağı sevməyə. Həyat qabalaşdıqca ədəbiyyat incələşməyə çağırır, çünki bu, qalib gəlməyin yeganə yoludur.

Bir gün öncə şagirdlərimə keçdiyim əsər yadıma düşür. Mən dərsliyin, proqramın, qırx beş dəqiqənin imkanlarını mümkün qədər sıxıb əsərin əsas məğzini, Polyananın sözlərini şagirdlərin beyninə kod kimi yerləşdirməyə çalışırdım: “Atam uşaqlıqda mənimlə hər şeyə sevinmək oyunu oynayırdı”.

Mən məzmun üzərində çox dayanmayıb, ifadə və təsvir vasitələrini tapmağa vaxt itirməyib, şagirdlərimlə hər şeyə sevinmək oyunu oynayırdım. Çünki bilirdim ki, bu oyunu öyrənməlidirlər, vaxt gələcək həyat vuracaq, səndələyəcəklər, ədəbiyyat tutmalıdır ki, yıxılmasınlar.

Bu ədəbiyyatın danılmaz gücüdür, məhz bu üzdən o gün həmin ədəbiyyatçı mənim sənəti ( bir az da qəsdən) “kopya” adlandırmağıma haqlı olaraq etiraz edirdi. Mən də öz növbəmdə onun həyatı monoton və yeknəsək adlandırmasıyla haqlı olaraq razılaşmırdım.

Burda həm yaş fərqinin bilavasitə rolu var, həm də sənət müxtəlifliyinin. Müsahibim ədəbiyyatşünasdı, predmeti ədəbiyyatdı, mənsə yazıçıyam, predmetim həyatdı. Hər kəsin öz predmetini daha çox sevməsi təbiidir. Bir vaxtlar mən də ədəbiyyatşünas idim. Onun içində gizlənib yaşamağı xoşlayırdım. Amma indi daha çox həyatşünasam və öz “yeni sevgilimi” daha böyük anlayışla sevirəm. Düzdü, o, bir az əclafdı, amma çox orjinal əclafdı. Onu proqnozlaşdırmaq mümkün deyil, ən monoton anında belə möcüzə yarada, avtobus dayanacaqlarına belə hekayə yaza bilər.

Odur ki, mən son vaxtlar həyatın özünü oxumağa daha çox vaxt sərf etməyə çalışıram, heç bir yazıçı qələmi dəyməmiş bu bakirə əsər o qədər oxunaqlıdı ki. Bir-birindən maraqlı ruhları çözmək, fikirləri oxumaq, gözlənilməzlər sonluqlara heyrətlənmək.

Əgər prosesi bal istehsalına bənzətsək, həyatı çiçəklə, ədəbiyyatı ondan çəkilən balla müqayisə etsək, razılaşarsız, yəqin . Bal daha şirindi, düzdü, amma çiçəkdə şirə tükənən kimi bal istehsalı dayanacaq. Və mən bu prosesdə arı rolunu oynadığımdan müşahidə obyektim çiçəkdi.

...Tez-tez uşaqlarımın məni heyrətləndirdiyi məqamları yazıram deyə bu yaxınlarda bir nəfər soruşdu:

- Qəribədi, niyə sizin uşaqlarınızın başına həmişə maraqlı əhvalatlar gəlir?

Düşünmədən cavab verdim, amma cümləm özümün də xoşuma gəldi:

- Çünki onların anası yazıçıdı...

# 3055 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #