Mənim Novruzum

Mənim Novruzum
15 mart 2016
# 15:43

Ayxan Ayvaz

Uşaq vaxtı Novruz gələndə həm sevinirdik, həm də bərk qorxurduq. Nənəm deyirdi ki, orda zopalı adamlar səni vurarlar, bir də ayılmazsan. Amma uşaq ki uşaq. Maraq məni üstələyərdi. Kəndin uşaqlarına qoşulub şənliyə gedərdim.

Bizim Muğanlı kəndində Novruz bayramı martın 22-də qeyd edilir. O vaxtdan indiyəcən. Özü də hər məhəllədə tonqal qalandığını, camaatın onun başına yığışdığını görməmişəm. Bizdə bayram elə-belə keçirilmirdi, əməlli-başlı dəm-dəsgah olurdu.

Nənəm demiş, qara geyimli, əlində zopa olan adamlar, bərli-bəzəkli qızlar, kosa, keçəl, rəngarəng paltarda qarşımıza çıxanlar vardı şənlikdə. Novruz yumurtası kimi rəngli keçirdi bizim bayramımız.

Bayramda kəndin cavan-cantaraq, qolu güclü oğlanları hazırlıq görürdülər. Kəndin mərkəzi yerində tamaşa tribunası qurulurdu, müxtəlif personajların paltarlarında kəndin əhalisini şənləndirən oğlanlar onları Novruzun gəlişi ilə təbrik edirdilər.

Kənd camaatı da qoşulurdu “rəngli adamlar”a, evdə tapdıqları qəribə geyimləri əyinlərinə keçirib zurna-balabanın səsinə qol qaldırıb oynayırdılar.

Xəz dərili geyimlərin üstündə çoxlu sayda zınqırov asılırdı. Yeridikcə əsim-əsim əsirdi zınqırovlar. Səslərinə itlər cavab verirdi: hərəsi bir tərəfdən hürüşürdü. Bu vaxt üzlərində aslanı təsvir edən maskalılar qabağa yeriyib nadinc uşaqların üstünə hücum çəkirdi, zopalarla onları vurub yerə yıxırdılar. Təzə-təzə onlardan yaman qorxurduq, sonra elə alışdıq ki, bizi vurmaları üçün az qala yalvarırdıq.

Çox maraqlı keçirdi Novruz şənliyi. Heç bitməsini istəməzdik. İndinin özündə də hərdən qohumlarımız Novruz şənliyindən şəkillər göndərirlər mənə. O şəkillər uşaqlığıma qaytarır məni. Yadımda qalan bir şey də var. Həmişə Novruz bayramı şənliyində üç bayraq asılırdı bir ağacın budaqlarından: Gürcüstan, Azərbaycan və Türkiyə bayraqları. Mən şəkillərdə yenə o bayraqları görürəm. Ancaq hər dəfə bu bayraqların sayını artırıram və bütün ölkələrin bayraqlarını tutmuş adamlar gözümün qabağına gəlir.

Əsl bayram elə bu olardı: bütün insanların toplaşdığı, dil, din, irq ayrı seçkiliyi etmədən, doya-doya, əylənə-əylənə, bir-birini sevə-sevə yaşamaq, yaşamaq.

Dünya bir bayram şənliyində birləşsə və heç bir millət digərindən seçilməyə. Bir mahnıda deyildiyi kimi; bütün dünya buna inansa, həyat bayram olsa, insanlar əl-ələ tutuşsa, birlik olsa...

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #