Arvadbaz, şorgöz atam...

Arvadbaz, şorgöz atam...
7 avqust 2019
# 14:24

Kulis.az Niyazi Mehdinin “Mən” olmağımın tarixçəsi...” yazısını ixtisarla təqdim edir.

Biz Bakıya 60-da o ümidlə köçdük ki, atamız "sevgilisindən" ayrılıb evinə qayıdar. Əslində, nənəm olmasaydı, ürəyi yumşaq, fağır, tərbiyəli anam bu "təpərli" addımı atmazdı. Atam isə "qızıxmışdı" (nənəmin sözü), Elmirə xanımdan ayrılmaq planı yox idi, ona görə də Bakıya gəlməyimizin xeyri olmadı. Hərçənd gəlməsəydik, bəlkə də bizdən tam uzaq düşərdi. Ancaq bizi atmamasında Partiyadan qorxmasının da rolu olmuşdu.

Anam Universitetin fəlsəfə fakültəsinin ilk buraxılışlarından idi, 60-cı illərin fəlsəfə üzrə bir çox müəllimləri onu əlaçı və əsl azəri qızı kimi tanıyıb hörmətini tuturdular. Atam bizi atsaydı, bu da onun nüfuzuna ləkə gətirərdi, - yaxşı bir azərbaycanlı qızını bədbəxt etmiş adam kimi.

Arvadbaz bir gənc olan atam, kəbinsiz seks hər cavana qismət olmadığı üçün, 18-19 yaşında ortaq ulu babanın soyundan olan Simuzər xalanı almışdı. Sonra Aqil məni onunla, - anası ilə tanış etdi. Simuzər xalanın görünüşü adi idi, ancaq deyəsən, gəncliyində qalın hörüyü ilə seçilirdi. Bu isə kənddə qızları çəkimli edən göstəricilərdən imiş (bizim Ortaçağ ədəbiyyatında zülfün küfrlə, kişiləri yoldan çıxaran seksuallıqla anışmasını yada salın). Yeri gəldi, bunu da deyim, saç məsələsində anamın öyünməli heç nəyi yoxdu, çünki saçı zəif idi və 40-50 yaşlarında o qədər töküldü ki, başının dibi görünməyə başladı.

Atam uşaq-muşağı vecinə almadan oğlu Aqili, arvadı Simuzəri kənddə qoyub Ağdamda texnikumda oxumağa başladı və burada anama vurularaq axırda evlənməyə razı saldı. Anam, demə, ölümündən qabaq Aqildən xeyir-dua almışdı ki, nəyə deyirsən, and içim, Musanın evli olub boşanmasından xəbərim yox idi.

Atam eyni vecsizliklə anamla davranmışdı. Bir nədəni şorgözlüyü idisə, o birisi şəhər qarşısında kəndçi kompleksi idi. Güman onun gözündə Ağdam Sarcalıya baxanda sovet adamına Paris görünən kimi görünmüşdü və ağdamlı qıza evlənmək bu "Parisə" düşmək yolu olmuşdu, Balzak romanlarında saçı pərişan Marius təkin gənclərin əyalətdən Parisə gəlməsinin motivinin oxşarı Azərbaycanda da vardı.

Atamın evlənməsində bu motivdən başqa anamın yaraşığını, xasiyyətini gözə alanda sevginin olmasını da qırağa qoymuram. Hərçənd o çox arıq idi, bu dərəcədə arıqlıqsa o çağkı şorgözlərə, aşiqlərə incəlik kimi görünürdümü? - bilmirəm. O çağlar azərilərin üstünlük verdikləri qadınlar Rubens qadınları idi. Mən özüm bu seksual "prioritetdən" qırx yaşından sonra qurtula bildim. 50 yaşımda isə Azərbaycanda dolu qadınlara tamahı, iri alma-armuda üstünlük verilməsini, içki məclislərində dostlarımın və özümün küpünəcən girməyimi (çox içməklə bağlı qardaşım Aqildən eşitdiyim deyim) bu kulturoloji silloqizmlə açıb anlatdım: bir nəsnə ləzzət verirsə, onun iki qat böyüyü iki qat, üç qat böyüyü üç qat ləzzət verəcək inamı bizi çaşdıran yanlış silloqizmdən gəlir. Axırıncı ilə ağıllanandan sonra özümə komanda verdim: içəndə dəm olan kimi içkini dayandır, çünki dəmsənsə, daha çox içdikcə iki qat, üç qat ləzzət olmayacaq!

Normal qadın bədənindən iki qat böyük olan qadın bədənindən iki qat ləzzət almaq ümidində olan kişilər bu içki aldanışının qurbanı olurlar.

Atam iliyinəcən ateist idi. 175 sm-ə yaxın boyu vardı, yaraşığı da az deyildi. Ancaq köklüyə meyli 35 yaşında onu dikinə durmuş düzbucaqlı qutuya çevirmişdi. Bakı Dövlət Universitetində fəlsəfədən, elmi-ateizmdən dərs deyirdi. Universitetdə heç kim onun qədər kök deyildi. Belə kök ola-ola arvadbaz da olasan?! - təəccüblü məsələdir. O mənim əyin-baş məsələsində vecsizliyimdən fərqli olaraq, geyiminə çox fikir verirdi. Həmişə bahalı kostyum tikdirib geyərdi. Əyninə böyük köynək tapa bilmirdi, ona görə pencəyin altında qalan yerində qoltuq altı tikişdə köynəyi başqa parça ilə genəltdirərdi. Başında şlyapa olardı və bu ona kostyumu ilə, köklüyü ilə birlikdə vəzifəli adam imicini verərdi. Qayaüstü rəsmlərdə qəbilənin başçısı yerdə qalanlardan böyük çəkilərdi. Oxşar olaraq uzun sürə köklük də insanın varlı, yeyib-içib yaşamasının göstəricisi kimi qavranılırdı. Yaxşı kostyumlu, şlyapalı kök adam azəri qavrayışına qeştalt psixolojinin dediyi patterndə "böyük adam" qəlibini verirdi.

Universitet müəllimlərinin öz modası vardı. 80-ci illərdə birdən-birə onlar şlyapanı Çe Qevara bereti ilə əvəz etdilər - papaq məsələsində çox konservativ olan azərilər zorla vəzifəli adamların şlyapasına alışmışdılar ki, universitet müəllimlərinin bir kəsimi beretə keçdi. Hardan gəlmişdi bu dəb? - bilmirəm. Bəlkə də Moskvadan gəlmişdi. Hər halda Tiflisdən, ya bereti sevən basklardan gələ bilməzdi. Moskva isə bereti Çe Qevaradan götümüşdü, məncə. Korrupsioner Sovet rejiminin paytaxtında Latın Amerikası partizanlarına, devrimçilərinə anlaşmaz gənclik sevgisi vardı. Bu sevgi Kastro-Xruşşov arasındakı dostluq sevgisi qədər qəribə idi.

İlk dəfə bereti professor Ağamusa Axundovun başında görməyim yadımdadır, bəlkə də bu moda universitetdə ondan başlamışdı və həməncə gəlib atama çatmışdı. Şlyapalı Musa beretli Musa oldu.

Mən isə o çağlar bu şlyapa məsələsindən elə qıdıqlanırdım ki, hətta 50 yaşında başıma nə qoyum? - sualı qarşısında duruxub qalanda şlyapa ideyasını yaxına buraxmadım.

Atam, görünür, bizim qarşımızda suç duyurdu, ona görə bizimlə kobudluq etməzdi, heç o biri qardaşlarım Fərhadla, Mehdi ilə də etməzdi. Bir dəfə çiməndə biz Elçinlə çox səs-küylə məzələnmişdik. "Bəsdirin!" sözünü vecimizə almayanda gəlib yüngülcə dalımızı şapalaqlamışdı. Bu bizim ömrümüzdə birinci və axırıncı ata silləsi oldu. Mənə elə gəlirdi ki, hamını evdə kötəkləyirlər, ona görə gizli öygü duyurdum ki, bizi döymürlər. Ancaq onu da deməzdim ki, atam bizimlə bağlı heç nəyi vecinə almırdı. Düzdür, necə oxumağımızı vecinə almırdı. Di gəl, nədənsə, birdən-birə saçımızı necə saxlamağımızı vecinə aldı. Mənim 9, ya 10-cu sinifdə bakenbard saxlamağım onu çox qıcıqlandırırdı. Bir dəfə hirsindən partlayaraq barmağı ilə bakenbardımın yarısını cızıb demişdi, buradan kəsmək lazımdır! 50 il keçib, ömrümdə min maraqlı olay olub, hamısı da yadımdan çıxıb. Bəs niyə bu barmağın çəkdiyi cızıq huşumda qalıb? - insan ruhunun, psixikasının sirləri haqqında sorular belə nəsnələrdən gəlir.

İki ildən sonra gördüm ki, atam özü də bakenbard saxlayır.

Onun bu qəribəlikləri Elçinin "Nimrod" romanına düşüb. Orada Nuh peyğəmbərin atam kimi sinik və ateist oğlu, - atam kimi dəqiqədə bir "kəneşnə, kəneşnə" deyən Xuş balasından (Nəmruddan) ala-bəzək gödəkcəni alır ki, oğlan uşağı belə şey geyməz. Zaman keçir Nəmrud görür ki, atası həmin gödəkcəyə özünü pərçimləyib alaçıqdan çıxır. Elçin mənə dedi ki, onunla atamız arasında gerçəkdən bu olay olmuşdu.

"Nimrod" romanı o çağlardandır ki, Tanrının dünya səhnəsində iştirakı dəqiqədə bir görünürdü, Nuh isə peyğəmbər olduğundan Tanrını hamıdan çox yaxından bilmişdi. Bu, yüz illər sonra oldu ki, Tanrı, sanki dünyanı buraxıb ondan uzaqlaşdı, daha adamlar arasından elçi seçmədi. Ona görə Tanrının "dünən filankəsin gördüyü Allah olduğu bir dünyada" Nuhun oğlu Xuşun ateistliyi adamı mat qoyur - bu nə axmaq adam imiş?!

Mənim atamdan söylədiklərimdən nəticə çıxarmayın ki, ona qarşı gizli nifrətim var. Yox. Biz uşaqları onun simicliyindən, üç arvadlılığından qəzəblənsək də çoxdan bağışlamışıq və Elçini, Aqili bilmirəm, mən onun üçün indi darıxıram. Əslində, simicliyi də müəllim maaşı ilə yaşamasından idi. Bakıda iki arvad, 6 uşaq, taksi xərcləri və baş müəllim, sonra dosent maaşı - simiclik etməyəydi, nə edəydi?! Xatirələrimi oxuduqca atam haqqında yaxşı nəsnələri də görəcəksiniz. Onun şəxsiyyətinə bu qədər yer ayırmamsa Froyddan gələn "ata-bala konflikti və sevgisi" probleminin Azərbaycan variantını düşünməkdir. Bir də İsa peyğəmbər demişkən, suçlama ki, suçlanmayasan. Bəs balalarım mənim haqqında nə düşünürlər, mən onlara, bilməzə, hansı travmaları vurmuşam? Bəlkə sonralar bunu onlardan soruşub araşdırdım.

İndi düşünürəm ki, mənim psixolojim atamın bir çox başqa xasiyyətlərinə protest olaraq formalaşmışdı. Froydun bir tezisinı öz üzərimdə dərindən duyuram. O deyirdi ki, oğullar 30-35 yaşınacan atalarına etiraz əsasında formalaşırlar. Sonra isə birdən ayılıb görürlər ki, özləri ataları kimidir. Dostum İlham (Səfərov, İnternyusun direktoru) mənə demişdi ki, 35 yaşınacan atamın qədrini bilmirdim, nə yaxşılıq edirdisə, düşünürdüm borcudur. Yalnız yaşlananda onu əziz adam kimi çox istəməyə başladım.

İndi mən də atamın xəsisliyinə etiraz olaraq formalaşmışdım və dayım kimi əliaçıq olmağa çalışırdım. Hərçənd pulum yox idi ki, bu xasiyyətimi geniş göstərim. Atam köklüyünə görə həmişə taksi ilə gedərdi. Ona görə taksiyə pulu qəpiyinəcən düz verərdi və buna görə taksi sürənlərin nifrətini qazanmışdı. Taksi məsələsini mən də bilirdim və utanırdım. Hətta bir taksi şoferi qəzəbindən onu maşından çıxmağa qoymayıb qaba sözlərlə dükanları gəzdirmişdi ki, qaytarmağa 3 qəpiyim yoxdur, gedək tapım verim. Sovetlər dağılandan sonra mən atamın bu xasiyyətindən utandığımı yadımdan çıxarıb özüm milli mədəniyyət naminə pulda dəqiqliyin tərəfində durdum, hətta bunu əsaslandırmaq üçün azərilərin pul psixolojisi ilə bağlı yazılar da yazdım.

Başqalarından seçilməyin ekzistensial önəmini qanan hər adam öz görkünü, imicini hamıdan ayıran davranışlar və düşüncələr üstündə qurur. Atamın başqalarından seçilmək istəyi onu bu istəyi ağlına gətirməyən yığnaq adamlarından ayırırdı. Pisi o idi ki, atamın işi-gücü gözdə-qulaqda durub kiminsə ağzından "inşallah", "Allah qoysa" sözlərini gözləməsi idi. Elə ki, biri bunu deyirdi, həməncə ateistik kinayə ilə onun Allaha güvənməsini ələ salırdı. Qabaqlar düşünürdüm ki, atam Sovet propaqandasından qorxub belə edir. Sovetlər dağıldı, atamınsa ateizmi qaldı. Hətta yaşı 70-i keçəndə belə, ölüm qarşısında hər ehtimala qarşı Allaha inanmadı.

Sonradan soruşanda bildim ki, anam da ateist imiş. Lap mat qaldım. Ancaq o, atam kimi döyüşkən ateist deyildi. Görünür, anamı Allahla ilgili uşaqlıqdan gəlmə quşqular yox, unievrsitetin fəlsəfə fakültəsində keçdiyi marksizm-leninizm belə dəyişdirmişdi. Hərçənd bir soru cavabsız qalır, niyə həmin fakültəni bitirmiş o biri tələbələrin çoxu üzdə ateist təkin danışsalar da, ürəklərində Allah sevgisini və qorxusunu gəzdirirdilər, mənim kövrək, zərif anamsa gəzdirmirdi? Ruhun qəribəliklərindən sirr istəyirsinizsə, bu da bir psixoloji sirdir! /edebiyyatqazeti.az/

# 4426 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #