Boşanmış qadınları işə götürənlərin tələbləri

Boşanmış qadınları işə götürənlərin tələbləri
11 yanvar 2018
# 10:37

Samirə Əşrəf

Ötən yay çimərlikdə əyalətdən uşaqlarını dənizə gətirmiş bir qadınla tanış oldum. Elə ilk söhbətdəcə məlum oldu ki, qadın təzəlikdə ərindən boşanıb. Səbəb isə ərinin ona illərlə qayğı göstərməməsi, hətta döyüb-söyməsi olub.

Sizə deyim, bu prosesdə oğlanın müəllimə anasının da rolu az olmayıb. Əlqərəz qadın boşanır, iki uşaqla kəndin bu başından o başına atasının evinə köç edir, keçmiş ər isə elə həmin kənddən cavan qızla ikinci dəfə ailə həyatı qurur.

Qadının siması, dalğın baxışları onun dərin əzablar, mənəvi sarsıntılar keçirdiyindən xəbər verirdi.

Həmin gündən sonra xeyli müddət ona telefon vasitəsi ilə məsləhətlər verir, səbirli olmağı, övladlarını böyütmək üçün həyatına davam etməyi tövsiyə edirdim.

Yay fəsli ötüb getdi. Uzun müddət ondan heç bir xəbər çıxmadı.

Bu yaxınlarda şər qarışan vaxtı telefonun mesaj bölməsinə qadından mesajlar gəlməyə başladı. İşə düzəldiyini, şirkət rəhbərinin onun üçün hər bir şərait yaratdığını, lakin sonradan həmin cavan və ailəli rəhbərin ona gizli sevgi təklif etdiyini yazırdı.

Qadın müdirə qarşı müəyyən hisslər bəslədiyini etiraf etsə də, onun ailəli olduğunu bildiyindən “eşq” təklifini cavabsız qoyur, işdə məhəbbət macərasını rədd edir.

Dünənə qədər mələk cildinə girmiş şirkət rəhbəri qəfildən iblisə çevrilir, sevirəm dediyi qadının işlərində qüsurlar tapmağa, işə gəliş-gediş vaxtlarını güdməyə, anlayışı olmayan digər işlərlə yükləməyə başlayır. Keçmiş ərindən yediyi dəyənəklərin ağrısı unudulmamış, cəmiyyətdə qarşılaşdığı bu cür təhqiramiz hərəkət qadında şok effekti yaradır. Son çarə isə işdən çıxmaq olur.

Qadının başına gələnləri biləndən sonra içimdə qəribə bir acıma duyğusu baş qaldırdı. Tək həmin qadına qarşı yox, ümumiyyətlə digər insanların cəmiyyət tərəfindən məruz qaldığı aldanışlara görə.

Mənsub olduğumuz bugünkü cəmiyyət insanlara düzgün münasibət qurmaq, rahat yaşaya bilmək azadlığı vermir. Boşanan qadının başında bütöv nəsli də keşik çəksə, yiyəsizlik damğası dərhal alnına vurulur.

Yaxud da hansısa kişi həqiqətən sevdiyi boşanmış qadına sevgisini açıq etiraf etmir, əksinə onu ələ keçirməkdən ötrü cürbəcür eybəcər vasitələrdən istifadə edir.

Hamı kiminsə qarşısında günahkardır.

Heç kimin vicdanı rahat deyil. Günahsızın yanında dayanmaq insanlara sərf etmir. Çünki hərənin özünə görə yalanı, günahı və sirri vardır. Azlığa qoşulub fərqli görünməkdənsə, çoxluğa qarışıb gözdən itmək, uzaqlaşmaq daha məqsədəuyğundur...

# 2456 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #