Qadınlar niyə kişilər kimi dost ola bilmir?

Qadınlar niyə kişilər kimi dost ola bilmir?
4 avqust 2014
# 10:07

Azərbaycanda dostluğa dair yaxşı məsəllər, atalar sözləri eşidə bilərsən. Amma bir məsəl də var ki, biz onu dostluq haqqında kəlamların hamısından çox eşidirik: "Dost sənin sağ cibindir". Bu məsəli qətiyyən sevmirəm. Bu adamı dostluqdan küsdürən məsəldi.

Bencamin Franklinin çox gözəl sözü var: "Qardaş dost olmaya bilər, amma dost həmişə qardaşdır"...

Bunu qadınlar arasındakı dostluğa da aid eləmək olar: Bacı rəfiqə olmaya bilər, amma rəfiqə həmişə bacıdı.

Nərmin Kamalla bizim dostluğumuz çox uzun bir keçmişə dayanır. On ildən çox yaşı var. Bu on ildə Nərmin mənə həmişə bacı kimi olub. Heç vaxt bacım olmadığını hiss etdirməyib mənə. Məişətimdə kömək eləyib. Xəstələnmişəm xəstəxanaya gəlib qaça-qaça. Verilişə çağırıblar, paltarım olmayıb geyinib getməyə. Bir də görmüşəm budur bütün qarderobuyla qapımızdadı. Bijuteriya , sırğa-falan da gətirib. Hətta kosmetik vasitələr. Nərmin mənə rəfiqəlik elədiyi qədər ona əvəzini verə bilməmişəm. Çünki onunla tanış olanda mən artıq evli idim.

Rəfiqələr nə qədər ki, evli deyillər, bir-birlərinin sehrli simurq quşudurlar. Bir-birinə ehtiyacları oldumu, tüklərini oda tutur və bir-birinin köməyinə yetişirlər. Evlənəndən, dünyaya uşaq gətirəndən sonra isə çətinliklə görüşə bilirlər. Məişət problemləri çoxalır. Üstəlik Azərbaycanda qadınlar evdən çıxmaq üçün bir neçə instansiyaya müraciət etməlidirlər: ərə, qayınana varsa, qayınanaya. Qayınana qayınatadan icazə almalıdır ki, gəlin çıxıb hava almaq istəyir. Bu o qədər çətin bir işdi ki, İtaliyaya viza almaq bunun yanında su içmək kimi bir şeydi.

Universitet illərindən rəfiqəlik elədiyim qız vardı. Dörd il bir parta arxasında oturmuşduq. Sirlərimiz bir idi, ağlayanda bir ağlayır, güləndə bir gülürdük. Elə ki mən ailə qurdum, uşaq doğuldu, rəfiqəmlə nadir hallarda görüşə bildim. O da vaxt tapıb o, özü bizə gələndə. Rəfiqəm sevgilisinin şıltaqlıqlarından, onu incitməyindən danışırdı. Bu ərəfədə mən qucağımda ağlayan uşağı sakitləşdirməyə çalışırdım. Mənim problemlərimin yanında rəfiqəmin eşq zırıltıları çox zəif görsənirdi. Rəfiqəm danışanda qayğılanırdım ki, görəsən atası qızıma “Humana” almaq üçün pul tapa biləcəkmi? Tez-tez uşağı qoxulayırdım və ürəyimdə dua eləyirdim, axşama kimi batırmasın, pampersi qalmayıb.

Rəfiqəminsə ən böyük problemi sevgilisinə yazdığı məktuba cavabın gec gəlməsi idi.

Universitet illərimin ən yaxşı rəfiqəsi bir gün məndən bezdi. "Sən yaxşı dost deyilsən, mən bədbəxt olduğum halda, sən necə xoşbəxt ola bilirsən" dedi mənə. Həmişəlik getdi. Amma mənim xoşbəxtliyim nisbi idi, əslində o, məndən daha xoşbəxt idi. Mən onu başa düşürdüm, o, məni yox.

Azərbaycanda valideynlər qız uşaqlarının rəfiqələrini daha çox saf-çürük edirlər. Hətta qızlarının rəfiqələrini özləri seçən valideynlər var. Halbuki oğlan uşaqlarının dostlarını daha çox öyrənmək lazımdı. Çünki oğlan uşaqlarının qızlara nisbətən əhatə dairəsi daha genişdi. Qız uşaqlarının dostlarını analarına qədər tədqiq edirlər. "Anası çıxan ağacı balası budaq-budaq gəzər" məsəlinə dayanaraq.

Evli qadınların da rəfiqə seçimində işi ağırdı. "Dostunu göstər deyim kimsən"... bu məsəldən çıxış edərək qayınanalar gəlinlərinin qızlıq rəfiqələrini lupa altında tədqiq eləyirlər, həmişə onlara şübhə ilə yanaşırlar. Rəfiqələrdə "qüsur" tapan kimi gəlinin başına qaxır, sonra da uzaqlaşması üçün göstərişlər verirlər.

Kişilərin dostluğu ona görə daha uzunömürlü, dayanıqlı və etibarlıdı ki, onlar heç olmasa işdən sonra görüşə, bir yerdə çay, pivə içib söhbətləşə bilirlər. Buna görə əksəriyyəti arvadlarına hesabat verməyə borclu bilmir özünü. Ərlərini içki məclislərindən uzaqlaşdırmağı bacarmayan, araq dostlarından ayıra bilməyib son çarəni falçıya gedib əməl elətdirməkdə görən o qədər qadın görmüşəm ki. Amma hələ elə bir kişi görməmişəm ki, arvadını rəfiqəsindən ayırmaq üçün əsir qalsın.

Qadınların kişilərlə dostluğundan isə mən daha əvvəl danışmışam. Azərbaycanda qadınla kişinin dostluğuna şeytanla mələyin dostluğu qədər təəccüb edirlər.

# 3398 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #