İstedadsız yazıçılarımızın beynəlxalq uğuru

İstedadsız yazıçılarımızın beynəlxalq uğuru
27 avqust 2017
# 21:27

Bir də görürsən ki, Azərbaycanda adı it dəftərinin qulağında olmayan bir şair, yazıçı deyir, mən Türkiyədə beynəlxalq mükafata layiq görülmüşəm. Və problem burasındadır ki, düz deyir. Mən dünyanı o qədər gəzib-dolaşmamışam, ancaq gedib-gələn adamların danışığından belə nəticəyə gəlirəm ki, İtaliyada mükafat almaq, uğur qazanmaq Azərbaycandan qat-qat asandır. Türkiyəni isə lap su yoluna döndəriblər. Şair var ki, mən Sahil metrosunun yanında bir bakal pivə içib evə gələnə kimi o, qardaş ölkədən mükafat alıb geri qayıdır. Şəkil-zad da çəkdirib paylaşır. Şəkillər adamı lap yandırıb-tökür.

O günü biri deyir, məni daha çox Amerikada, Fransada, Türkiyədə oxuyurlar. Kişinin oğlu daha Azərbaycanı bəyənmir. Bu yalana görə əslində, Fransa da, Amerika da Azərbaycana müharibə elan etməlidir, Türkiyə ilə gediş-gəlişimiz kəsilməlidir. Başqa biri isə deyir ki, mənim filan ixtiram İngiltərədə filan mükafata layiq görülüb. Amerikanın filan universitetin filan fakültəsində məndən dərs deyirlər. Sən demə, bunların hamısı potensial Lütfi Zadəymiş!

Azərbaycan Yazıçılar Birliyində prezident təqaüdü ala bilməyən şairlər acığa düşüb beynəlxalq mükafat layiq görülürlər. İşi də elə tez düzüb-qoşurlar ki... Bir göz qırpımına məsələ hazırdır. Hərəsi gündə bir konfransa gedib-gəlir. Təkcə Azərbaycanda yox, elə Türkiyənin özündə də beş-altı gic şair və yazıçılar var, bütün günü Bakıya səfər edirlər. Yəqin onlar da gedib Türkiyədə deyirlər ki, Azərbaycanda belə qarşılandıq, elə qarşılandıq... Qarşılanmaq da nə qarşılanmaq! Yazıçılar Birliyində Fikrət Qoca ilə görüşürlər, ikinci mərtəbəyə qalxıb ayaq üstü söhbət edirlər, nə bilim, diplomdan-zaddan düzəldib verirlər əlinə ki, bu da sənin beynəlxalq mükafatın!

Azərbaycandan elə şairlərin, yazıçıların Amerikada kitabı çap olunur, təqdimatı keçirilir, əlin üzündə qalır. Dünyanı mənasız eləyən bu cür səy adamlardır. Öz vətənində düz-əməlli hörməti olmayan, oxunmayan bir adam maraqlıdır ki, Almaniyanın nəyinə lazımdır?

Bizim saxtakarlığımız artıq Azərbaycana sığmır, dünyanın işlərinə də barmaq eləməyə başlamışıq. Beləcə hər şey - dünya da saxtalaşıb. Əminəm ki, istedadı, savadı olmayan bir adam prinsipə dursa Azərbaycanın və hətta dünyanın tanınmış yazıçısı, şairi, müğənnisi ola bilər. Lap dünya sözündən iyrənirsən. Dünya o qədər balacalaşıb ki, insanlarımız günorta yeməyini İtaliyada yeyib işə qayıdır. Getmişkən, pulun verib bir kitab da çıxartdırır. Burdakı səy nəşriyyatlardan dünyanın hər yerində var.

Sözüm ondadır ki, bu gün Azərbaycanın dünya ilə mədəni əlaqələri əsasən, sarsaq şairlərin, sarsaq yazıçıların, sarsaq müğənnilərin, ümumən sarsaq sənət adamlarının hesabına qurulub. Ciddi adamların demək olar ki, heç biri bu işlərə qarışmır və məşğul da olmur. Yəni dünyada tanınıb-tanınmamaq təəssüf ki, sanballı bir adamın vecinə də deyil. Məsələn, İsa Hüseynov üçün heç vaxt maraqlı olmayıb ki, İngiltərədə onu tanısınlar. Halbuki, Almaniya doğrudan da İsa kimi böyük bir yazıçını tanımalıdır.

Əslində, məzmunsuz şair, yazıçı ilə Türkiyədə, İsveçdə, Rusiyada, Amerikada tanınıb biabır olmaq daha pisdir, elə deyilmi? Ona görə də dünyaya bütün pəncərələri bağlamaq lazımdır, qoy mənasız səsimizi eşidən olmasın!

# 2732 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #