Akutaqava, Nazim Hikmət və Adil Mirseyid

Akutaqava, Nazim Hikmət və Adil Mirseyid
20 may 2016
# 14:02

Otaqda qəribə bir sükut vardı. Duyğularım sükutun xəfif ahəngində beşik kimi yırğalanırdı. Nəsə yazmaq, bu hisslərin ömrünü mümkün qədər uzatmaq istədim. Bu anlar yazmaq cəhdini doğurub məni daha bir əzabdan qurtarmışdı.

Akutaqavanın “Yaradıcılıq əzabları”nı xatırladım. Bu əzablar onu son nöqtəyə gətirmişdi. Əzabdan o tərəfdə heç nə yox idi. Hər şey bu əzabla başlayır, bu əzabla bitirdi. O da bu əzaba son qoyub intihar etmişdi.

...Amma bu sükutun xatirinə əzaba dözməyə dəyərdi.

Akutaqava ölümdən çox yazırdı. İntihar halları düşünürdü.

Cürbəcür fantaziyaları var idi bu barədə. Hər halda intihar haqqında bu qədər çox düşünən (yazan) yazara rast gəlməmişəm.

Ona ümidlər yox, ölüm haqqında, ölümün gətirəcəyi hüzur haqqında düşüncələr həzz verirdi. Əslində isə həyatdan yox, yaradıcılıq əzablarından yorulmuşdu. Durmadan yazır, yazırdı. Məsələn, Şərqi Hindistanda onu heyran qoyan, hər 70 ildən bir çiçək açan palma haqqında – yəni həyatın qısalığı haqqında düşünməmək üçün bəlkə də.

Yaradandan küsmüşəm,

Məni xilas elə, ana

(A.Mirseyid)

Az öncə Adil Mirseyidi oxudum. Ağlamaq istədim. Özü də bərkdən. Elə ağlamaq ki, hamı eşitsin. Yəqin ona görə ki, rəhmətliyin səsini eşitmirdilər. Ya da özlərini görməməzliyə vururdular.

Deyirdi, bir dəfə bir dostum 20, ya 30 rəsmimə baxıb gördü ki, arasında bir dənə də portret yoxdu. Dedi, niyə adam şəkli çəkmirsən? Dedim, adamlar məni incidir. Amma buludlarla rahatam, ağaclarla rahatam...

Sağlığında onu çox axtardım, radioya çağırmaq istəyirdim. Nəhayət ki, nömrəsini tapıb özüylə danışdım. Gələcəm, desə də, gəlib çıxmadı. Pərt olmuşdum. Ürək-dirək verirdilər. Gəlmir gəlməsin, niyə qanını qaraldırsan. Gəlməsə də proqramı hazırladım. Dinləyənlər şeirləri yaxşı oxuduğumu söyləyirdilər. Başqa cür ola bilməzdi. Şeirlərini mən yazmışdım elə bil. Bu dərəcədə doğma idi.

Bu misralar mənə xüsusilə təsir etmişdi və hələ də dilimdən düşmür:

Mənim qatilim sağ gəzir hələ,

Bu şəhərin qızdırmalı küçələrində...

...Sükut o dərəcədə gözəl idi ki, heç bir ağrını qoymurdu içəri sızsın. Onlar elə uzaqdan-uzağa dişlərini qıcayır və qana susamış pələng kimi var-gəl edirdilər.

Sükut mavi rəngə çalırdı. Nazim Hikmətin dənizi kimi. O dəniz ki, orda çoxlu balaca balıqlar və böyük həsrətlər vardı. Nazim Hikmət o balaca balıq kimi özünü doğma dənizdə hiss etmək üçün nələrdən vaz keçməzdi ki.

Nazim Hikməti uşaqlıqdan tanıyıram. Atam ona olan sevgisini mənə ötürmüşdü. Mən də ceviz ağacı kimi böyümüşdüm. Göz yaşlarımı həmin ağacın pırıl-pırıl məhrabaya bənzər yarpaqları silmişdi.

Dostumdan ustad şairin kitabını alıb qaytarmamışdım. O kitaba görə həmin dostuma ömür boyunca minnətdar olacaqdım.

Bəzən mən də özümü həmin o balaca balıq kimi hiss edirdim.

Mənə elə gəlir, azadlıq Adil Mirseyid üçün də dəniz rəngində idi. Essesindən bir cümləni yaxşı xatırlayıram: “Azad insan, sən hər zaman dənizi sevəcəksən”. Hər halda Adil Mirseyidin radioya gəlməməsi ona olan suallarımı cavabsız qoymuşdu.

Sonra dedilər ki, qəribə adamdır o. Həm problemləri çoxdur. Xəstədir həm də.

Sonra Mirseyid xəstəliyin son həddinə çatmışdı. Xəstəxanaya onunla şəkil çəkdirməyə gedirdilər. O da heysiz başını azacıq da olsa yataqdan qaldırıb adamların arasından görünməyə çalışırdı.

Yazıq adam. Yenə görmürdülər onu.

Bütün həyatı boyu elə yaşamışdı.

Məşhur qobelendən bəhs etdiyi esseni xatırlayıram. Buna sənət əsəri də demək olardı. Qobeleni deyil, o yazını deyirəm. Elə qobelenlər çox idi, Adil Mirseyid isə tək idi.

Sonra bir dəfə gəldi redaksiyaya. Məni təqdim edib “Natiq Səfərovun qızıdır”, - dedilər. Üzü güldü. “Neçə il onunla bir otaqa işləmişik”, - dedi.

Yenə gələcəyini dedi.

Onu bir rəngkarlıq əsəri kimi xatırlayıram. Ya da bir şeir kimi. Başqa cür təsəvvür edə bilmirəm onu. Elə belə də qalacaq yaddaşımda.

Rəngkarlıqda yaxmaları özünəməxsus idi. Elə bilirsən, bir- iki yaxmayla işini bitirib. Ya da əsər hardasa yarımçıq qalıb. Hardasa həyatının davamını gözləyir...

Yaradıcı adamları onların ürəyi birləşdirir. Elə bir ürək ki, onlardan qabağa düşüb gəlir.

Akutaqava kimi.

Nazim Hikmət kimi.

Atam və Adil Mirseyidin özü kimi...

# 1120 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #