Bankomat qarşısındakı Xurşidbanu Natəvan

Bankomat qarşısındakı Xurşidbanu Natəvan
11 iyul 2014
# 11:01

Səhər Əhməd yazır

Otuz-otuz beş yaşlarında, balacaboy, sısqa kişiydi. Bankomatın yanında dayanmışdı. Məni görəndə çəkilib yol verdi. “Yox, siz alın, sonra”,-dedim. Əliylə qeyri-müəyyən bir hərəkət elədi, qərarsız şəkildə anlaşılmaz nəsə dedi.

Başa düşdüm ki, pulu çıxarmağı bacarmır, bayaqdan kiminsə yaxınlaşmasını gözləyi, amma deməyə utanır. “Verin, kömək eləyim”,-dedim. Çəkinə-cəkinə kartı uzatdı.

Şifrəni soruşub balansı yoxladım. Pensiya kartıydı, balans da sıfır. Kartı qaytarıb qara xəbər verirmiş kimi “Balansınızda pul yoxdur”,-dedim. Başını qaldırmadan kartı aldı və heç nə demədən dönüb getdi. Amma bu, onun üzündə görmək istəmədiyim kədəri sezməyimə mane olmadı.

Bütün gün həmin adam haqqında düşündüm. Bu yaşda niyə pensiya alsın ki? Bəlkə də xəstədi, ya da hansısa təqaüdçü qocanın oğlu, ya qohumu, ya qonşusudu. Onun üzündəki ifadə yadıma başqa bir hadisəni saldı.

Bir dəfə “Nizami” metrosunun çıxışında arıq, dümağ saçlı bir qarı görmüşdüm. Bankomatın yanında dayanmışdı, sümüyü çıxmış əllərini bir-birinin üstünə qoyub ümidsiz baxışlarını uzaqlara dikərək gözləyirdi. “Ay nənə, pul olmayacaq bu gün, evinə get”, -deyirdilər ona. Amma qarı sanki reaksiya vermək qabiliyyətini itirmişdi.

Ətrafdakıların dediyinə görə hər ay günlərlə burda gözləyirmiş.

Qarının ümidsizlik ifadə edən baxışlarını hələ də unutmamışam. Onun duruşu əslində ən yaxşı cavab idi, hiss olunurdu ki, qarının bu dəmir qutudan başqa gedəcək yeri, ümid edəcək heç nəyi yoxdu. Bu, novruzəlilik deyildi, çarəsizlikdi. İnsan oğlunun kişili -qadınlı, uşaqlı-böyüklü kabusuna çevrilmiş çarəsizlik. Evinə çörək apara bilməyən atanın, dərman ala bilməyən xəstənin çarəsizliyi. Füzuliyə “Şikayətnamə”ni yazdıran çarəsizlik.

O çarəsizlik ki, mən hər dəfə bankomatdan pulsuz qayıdan adamların üzündə görürəm.

İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərində təsirləndiyim bir səhnə var. Yəqin ki, tarixi fakt deyil, müəllif təxəyyülünün məhsuludur. Xeyli də pafosludu. Amma nə deyirsiz, deyin, Qafqaz canişiniylə Xurşudbanu arasındakı həmin o çox güman ki, uydurma söhbət mənə qəribə təsir edir:

- Siz tək qızsınız, bu qədər mülk nəyinizə lazımdı?

- Mən tək deyiləm, knyaz həzrətləri. Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şor su içir. Kəndlərimizin əhalisi məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Mən onlara heç bir kömək edə bilmirəm.

Bu dialoqu İlyas Əfəndiyevdən, obrazlılıqdan, bədiilikdən, nədən istəyirsiz, soyundurun, yerdə quruca, çılpaq həqiqət qalacaq. “Mən tək deyiləm” həqiqəti. Bu ölkədə heç kimin tək olması mümkün deyil.

Hər dəfə kiməsə bankomatdan pul çıxarmağa kömək edəndə istəyirəm, balansında küllü miqdarda pul görüm. O tanımadığım adamı sevindirim, üzünü güldürüm. Bu xüsusda mən ancaq möcüzə arzulaya bilərəm. Əlimdən başqa heç nə gəlmir. Qüsura baxmayın, Kefli İsgəndərin dediyi kimi: “Sizin kimi xalqın mənim kimi də qəhrəmanı olar”.

# 2631 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #