Fahişəyə bacı deyən oğlanın saflığı

Fahişəyə bacı deyən oğlanın saflığı
29 mart 2019
# 14:59

İnqilab Quliyev

Mahmud üç qardaşın ortancılı idi. Kənddə hamı onu "lələ" deyib çağırırdı. Bir az əqli çatışmazlığı olsa da kimsənin toyuq-cücəsinə, mal-qarasına daş atmazdı. Bizim uzun boylu, qaraşın, arıq lələni ya evlərinin aynəbəndində oturub siqaret çəkərkən, ya da mağazaya siqaret almağa gedərkən görmək olardı.

Mahmud sürətli danışan və sözlərin arasında tez-tez "Obşim, ala!" deyən biri idi. Başına gələn çox maraqlı hadisələr var. Kəndimizin əhalisi hələ də Mahmudun replikalarını bədii filmlərdən gətirilən sitatlar kimi öz aralarında, söhbət əsnasında istifadə edirlər. Onun ən məşhur xatirələrindən birini danışım.

O vaxtlar Salyan-Neftçala ərazisində özünü başçı elan etmiş bir şəxs var idi. Adı da Leysanov Bahəddin idi. O, ərazidəki bütün pambıqçılıq işlərinə nəzarət edirdi. Kim görsə qabağına qaçardı, kimsə bir sözünü iki eləməzdi. Bir gün Leysanovun anbarlarından birinə taxta-şalban gətirilir və bir günlük qarovulçu lazım olur. Axtarıb, bir qarovulçu tapırlar. O qarovulçu da kim olsa, yaxşıdır? Bizim Mahmud lələ! Gecənin səhərində məlum olur ki, anbarda taxta-şalban qalmayıb, hamısını oğurlayıblar. Xəbər Leysanova çatır. Leysanov əmr edir ki, o qarovulçunu tutun gətirin bura. Mahmudu gəlib aparıblar Leysanovun otağına. Leysanov da başlayıb bunu söyməyə, təhqir etməyə. Bir deyib, iki deyib, sonda Mahmud lələnin səbri tükənib və illərdir kəndimizdə yer-yer istifadə edilən o məşhur cümləni deyib:

"Ala, ala, obşim ala, taxta hara, şalban hara, Mahmud hara? Ala, obşim ala, p... yemə ala!"

Leysanov bu cümlədən sonra şoka düşüb. Ki, bu kimdir mənimlə belə danışır? Yanındakılardan birinin cəld Leysanovun qulağına əyilib Mahmudun azacıq əqli çatışmazlığını bildirməsindən sonra məsələ bir dəfəlik bağlı elan edilib.

Bir gün atam həyətdə gəzişəndə küçədən nəsə səs eşidib. Hasarın üstündən boylanıb çölə, görüb Mahmud küçənin o biri tərəfində arxası bizim evə sarı çöməlib, nəsə edir. Çıxıb küçəyə, yaxınlaşıb, görüb ki, Mahmud əlindəki çubuqla yerdə xətlər cızır və hər xətti cızanda sıra ilə deyir:

"Sı...? Sı...m?"

Qəribə fantaziya dünyası var idi. Bir gün kəndimizin kombaynerlərindən birini tutub. Bizim kənddə də mal-qaranın altından çıxan peyin daşınılıb küçədə bir yerə tökülürdü.

Çoxaldıqca ildə bir dəfə traktor gətizdirilib, təmizləyib arxasına yüklənilsə də peyin ildən ilə torpağın altına işləyirdi. Yəni 10-15 ildir peyin tökülən torpağı bir neçə metr qazsan, yenə də peyin çıxacaq. Mahmud lələ də bunu nəzərə alaraq kombaynerə deyib:

- Ay Asif!

- Hə, lələ-deyə kombayner cavab verib.

- Sənin bu kombaynın var ha! Hə?

- Hə.

- Obşim ala, bu peyinliyi qazsaq. Hə?

- Hə.

- Obşim ala, sonra sənin o kombaynını orda basdırsaq. Hə?

- Hə.

- Sonra 1 ay gözləsək. Hə?

- Hə də, hə. Sözünün canı nədir?

- Obşim ala, deyirəm ki, o kombaynı 1 ay o peyinin içində qalandan sonra çıxartsaq. Obşim ala, o kombayn p... dönər, dönməz?

Mahmud bu sualları kiminləsə məzələnmək üçün vermirdi. O sualların cavabı ona həqiqi mənada maraqlı idi. Az öncə oxuyub, güldüyünüz sualın cavabı Mahmud üçün bizim məişətdəki ən önəmli problemimizin həlli qədər önəmli idi.

Bir gün Mahmudu kənd uşaqları fahişə yanına aparıblar. İşini bitirəndən sonra fahişəyə deyib ki, bacı, borcum nə qədərdir?

O qədər saf, təmiz biri idi bizim Mahmud lələmiz.

Bir ara çobanlıq edirdi. Kəndin dələduzları sahəyə gedər, Mahmudun saflığından istifadə edib, qoyun zad alardılar. Bu hadisələr təkrarlandıqca sürüdəki qoyun sahibləri Mahmudu tənbeh edib, belə şey etməməsini tapşırırlar. Bu tənbehi beyninə yazan Mahmud bir gün yenə gəlib, qoyun istəyən kənd uşaqlarına deyir:

"Ala, sabah-sabah, tüklü-tüklü?!"

Hələ çox söhbətləri, yadıma düşmür.

Qonşusu Emin danışır:

“Yay ayları idi. İstinin cırhacır olduğu, itin də başını çölə çıxartmadığı saatlardı. Evdə yatmışam. Gördüm ki, kimsə çağırır - Emiin! Emiiin! Aaay Emiiin! Səsindən tanıdım ki, bizim Mahmuddur. Düşündüm ki, cavab verməsəm bir az çağırıb, gedər. Təxminən, 5 dəqiqə keçdi. Mahmud dayanmır. Eyni tempdə, eyni ritmdə çağırmağa davam edir. Nəhayət, çıxdım çölə ki, nə var, nə istəyirsən? Daş hasarın üstünə çıxıb bizim həyətə tərəf əyilmiş Mahmud duruşunu pozmadan soruşdu:

- Ay Emin, özümü nətər öldürüm ki, kimsə görməsin?”

2016-cı ilin yayı idi. Kəndə getmişdim. Həmişəki kimi gecələrim yuxusuz keçirdi. Hər səhər həyətə düşüb azanın səsini dinləyirdim. Türkiyədəki azanlar məni narahat edir, amma bizim kənddəki azanlar xoşuma gəlirdi. Yenə həyətə düşüb, sübh azanını dinləyirdim. Küçədən sürüyə gedən qoyunların, naxıra gedən inəklərin, bir də onları ötürən sahiblərinin səsləri eşidilirdi. Quşlar budaq üstündə gərnəşirdi. Səhərin şehi saçlarıma hopurdu. Azan bitdi. Öz-özümə düşünürdüm ki, əcəb ölməli səhərdir. Bu anda mollanın səsi minarədən bir daha yüksəldi:

"Cəmaət, bu gün Mahmud Oruc oğlu vəfat etdi!"

# 8004 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #