Azərbaycan yazıçısı üçün dünya iki hissədən ibarətdir: Biləcəridən o tərəf və Biləcəridən bu tərəf. Biləcəridən bu tərəfdə yazıb-yaradan, kitab nəşr etdirib təqdimat keçirən, haqqında böyük-böyük tənqidi yazılar yazılan qiymətli qələm adamlarımız üçün “Biləcəridən o tərəf” əlçatmaz, nağıllar aləmindəki sirli-sehrli dünyadır.
Azərbaycan yazıçısı “Biləcəridən o tərəfə” adlaya bilmir. “Biləcəridən bu tərəf”də isə vəziyyət o qədər də ürəkaçan deyil. Çap olunan kitablar satılmır, nəşriyyatlar yerli müəlliflərə demək olar ki qonorar vermir, tənqidçilərin böyük əksəriyyəti ancaq sifarişlə və tanışlıqla yazır, Ədəbiyyat İnstitutumuzdakı qocaman alimlər isə müdrik-müdrik susur.
Əlbəttə ki, istisnalar var.
Nizami adına Ədəbiyyat İnstitutunda bu ilin aprel ayında "Ədəbi proses - 2013" yaradıcılıq müşavirəsi keçirib və müşavirənin materialları kitab şəklində çap olunub. Təsəvvür edin ki, belə bir müşavirə sonuncu dəfə 30 il qabaq, 1984-cü ildə keçirilib və tədbirin materialları bir il sonra nəşr olunub.
“Biləcəridən bu tərəf”də Azərbaycan yazıçısı ehtiyac içərisindədir. O saytlarda və qəzetlərdə köşə yazmağa, müsahibə almağa, aşağı qiymətlərlə tərcüməçiliklə məşğul olmağa məhkumdur. Bəzi istisnalar olsa da, Azərbaycan yazıçısı kitablarından qazanc əldə etmir. Rəsmi statistikaya görə yaşı 15-dən yuxarı olan Azərbaycan əhalisinin təxminən 97 faizi savadlı olsa da, ölkədə təxminən 3000 adama bir kitab düşür, kitab mağazaları ziyanla işləyir, nəşriyyatlar nəşr etdirdiyi kitabları sata bilmir. Yerli yazıçıların kitabları 1000-1500 tirajdan artıq çap olunmur. Yazıçıya, şairə kitabdan qalan ən böyük qazanc təqdimatda çəkdirdiyi şəkillər, növbəti kitabın həyəcanı və iki-üç dostun təsəlli xarakterli yazılarıdır. Başqa heç zad...
“Biləcəridən o tərəf”də tanınan ədiblərimiz barmaqla sayılacaq qədər azdır. Dünyaya oxucusu Azərbaycan yazıçısından xəbərsizdir. Bunun da ən böyük səbəbi yazılan əsərlərin dünya dillərinə tərcümə olunmamağıdır. Məncə bu məsələ ancaq dövlət səviyyəsində həllini tapa bilər. Yerli yazıçının kitabına qonorar verməyən naşir, onun kitabının tərcüməsində nə dərəcədə maraqlı ola bilər? Kitabından qazanc əldə etməyən yazıçı hansı resurslarla kitabını dünyaya təqdim edə bilər?
Bircə çıxış yolu var. Azərbaycan dilində yazmamaq! Xüsusən gənc yazıçılar, ədəbiyyatla ciddi şəkildə məşğul olmaq istəyən ədiblər ana dilində yazmaqdan imtina etməli, xarici dili normal bilənlər xarici dildə yazmalı, bilməyənlər xarici dil öyrənməli, mümkün qədər xarici ölkələrə köçüb yaradıcılığını “Biləcəridən o tərəf”də davam etdirməlidir.
Ömür qısadır. Azərbaycan dilində oxunmayan kitablar yazıb, nəşr etdirib nəyə nail olmaq mümkündür? “Biləcəridən o tərəf”dən nə gəlsə bəh-bəhlə qəbul edən cəmiyyətimiz, böyük ehtimalla ingilis, alman, rus dilindən tərcümə olunan Azərbaycan yazıçısını bəh-bəhlə oxuyacaq, yaxınlarına tövsiyə edəcək, lazım gəlsə təbliğ də edəcək.
P.S. : Yazı polemikaya açıqdır. Daha doğrusu bu mövzunun polemikaya çevrilməsini səmimi qəlbdən arzu edirəm.