“Qadın corabları”haqqında
Kulis.Az yazıçı Azad Qaradərəlinin Cəlil Cavanşirin “Qadın corabları” romanı haqqında tənqidi məqaləsini təqdim edir.
Cəlil Cavanşirin “Qadın corabları” romanını oxumağa başlayanda bu sətirləri yazacağımı bilmirdim. Axı mən, birincisi, tənqidçi deyiləm, ikincisi də oxuduğum kitabların hamısı haqda yazmağa məcbur da deyiləm. Amma bəzi kitablar var ki, onlardan vaz keçə bilmirsən. Məsələn, Cəlildən daha gənc dostum, Slavyan Universitetinin Yaradıcılıq Fakültəsində dərs deyərkən tanış olduğum Səxavət Sahilin kitabından yazdığım kimi...
“Heç kimsə hünər nərdivanını əli cibində dırmanmamışdır... “ Müəllifini unutduğum bu deyimdə böyük həqiqət var. Yazı prosesi də bir hünər nərdivanı kimi düşünülsə, burada yazarın işi daha zor. Yəni, müasir yazıçı “Səid Səidənin sevgisinə qarşılıq almayınca 9-cu mərtəbəyə çıxıb özünü atacağını bildirdi...”, yaxud “Ey şanlı Vətən torpaqları..!” tipli ritorik, patetik cümlələrlə zəngin ədəbiyyat nümunələrinin artıq arxada qaldığını yaxşı bilir. Dünyanın klassik və müasir ədəbiyyat nümunələrini oxumuş, ədəbiyyatın təkcə “ədəb, ərkan və əxlaq” bildirmədiyini, bəlkə də bütün elmlərin və sənətlərin başında gəldiyini anlayan müasir yazar modern ədəbi düşüncəyə sahib birisi kimi hekayətin hekayədən, romantikanın romandan çox fərqli bir şey olduğunu da bilməmiş deyil.
Haşiyə: Bir dəfə gənclərdən “kultura” sözünün mənasını soruşdum və təəssüf ki, bilmədiklərini görüncə özüm izah etməli oldum. “Kultura” sözünün ilk anlamı “torpaq” mənasındadır. Yəni əkinçilik mədəniyyətindən başlanır o biri mədəniyyətlər də...
Yazıçı hər mənada əkinçidir. Amma onun əkinçidə olduğu kimi yançıları, köməkçiləri də olmalıdır. Səpin səpənlər, cütçülər, hodaxçılar, qoruqçular... (Yəni yazıçı romanı işləyərkən bir neçə adamın işini görə bilməlidir.)
Sözümün canı odur ki, modern düşüncəyə sahib yazıçı bir alim, bir tədqiqatçı, bir nağılçı və həm də bir etirazçıdır...
***
Cəlil Cavanşirin romanı bir bitkin süjetə malik, maraqlı təhkiyəsi olan, oxucunu ardınca apara bilən əsərdir. Yəni başladınsa, qurtarmaq istəyirsən. Həm də o qədər sadə bir quruluşa malikdir ki, hazırlıqsız oxucu da çətinlik çəkmədən onu oxuyub anlaya bilər. Mən müəllifin bazara işlədiyini düşündüm: indiki gənclik mürəkkəb konstruksiyalı, dili ağır mətnləri oxumaqdan qaçır axı.
Romanda kriminal hissələr, hətta bəlkə də düşünülmüş şəkildə oxucunu cəlb etməyə hesablanmış ekstremal süjetlər də var ki, məncə müasir ədəbi prosesi bunlarsız təsəvvür etmək mümkün deyil...
Amma...
Elə bilirəm ki, Cəlilin mənim təriflərimə ehtiyacı yoxdur və ədəbi tənəzzülümüzə səbəb olan yalançı təriflər nə mənim xörəyimdir, nə də gənc dostum bunu özünə rəva görməz.
Mən romanda nələri görmək istərdim?
Ceyms Coysu oxuyanda özümü qürurlu irland kimi hiss etmişdim, baxmayaraq ki, onu ölkəsindən qovmuşdular, amma o, bir irland qədər, bir dublinli qədər nəhayətsiz zəngin (daxilən), yaxud miskin (hər mənada) həmvətənləri ilə fəxr edirdi. Mən bunu görmək istərdim romanda.
Müəllifini hələ də tanımadığımız (əslində, bu o qədər də vacib məsələ deyil, vacib olan mətndir) “Əli və Nino”nu oxuyanda mən“ türk heysiyyətli, qərb qiyafəli” (Əli bəy Hüseynzadə) bir qəhrəmanın daxili dünyasını, mənən zəngin, sevgisinə sadiq obrazını və vətəni üçün canını belə verməyə hazır olduğunu görmüşdüm. (Xahiş edirəm, şüarçılıq kimi görünməsin, bu zatən o romanda belədir və sonda o, həqiqətən vətən uğrunda yadellilərə qarşı vuruşaraq şəhid olur.)
Tolstoyun, Dostoyevskinin, Cek Londonun, elə bizim Sabir Əhmədlinin romanlarında dövrün, epoxanın bütün izləri ilə yanaşı, geyimlərini, adət-ənənələrini, məişətini görə bilərsən. Hətta Milan Kunderanın romanlarından birinin qəhrəmanı Tomaşın saysız-hesabsız qadınlarından olan Sabinanın şlyapasının rənginəcən təsvir olunması....
Cəlilin romanının qəhrəmanı Nicat və dostları etirazçı gəncliyin nümayəndələridir, fəqət nəyə və kimə etiraz etdikləri açıqlanmır, yaxud ötəri deyilir, bunun mexanizmi əsərdə işlənməyib. (Əslində bu, eyni zamanda həm sağçı, həm solçu müxalifətin də bəlasıdır: 20 ildir kimə, nəyə və niyə etiraz etdiklərinin ideoloji əsasını işləyib hazırlaya bilmədikləri üçün əbədi müxalifətdə qalıblar.)
Əsərdə psixiatr var, amma ustalıqla işlənmiş psixoloji səhnələr azdır. Yəni əslində bu psixoloji roman olmalıydı, fəqət detektivə daha çox meyllənib.
Romanda fərdiləşdirmə çox aşağı səviyyədədir. Bu da obrazların danışığını çox bəsitləşdirir. Qadınlı-kişili hamı eyni söyüşü sanki əzbərləyiblər: ”Gicd..... oğlu!” Hətta bu o dərəcədə adiləşib ki, polislə digər obrazların yerini dəyşsən, bir fərq görünməyəcək – hamı müəllif kimi danışır, söyür...
Əsərin əsas qəhrəmanı Nicatın romanda çoxlu dostlarının adı keçir, amma Şahindən və psixiatr Orxandan başqa heç kim yadda qalmır. Yəni bircə ştrixlə də olsa, onların daxili keyfiyyəti, xarakterləri çözülə bilərdi.
Əsərin əsas obrazlarından biri olan Könülün iç dünyası yoxdur, mənəvi aləmi çox bəsitdir, amma bir də gördün Spinozadan danışmağa başladı.
“Corabı çox vaxt deşik olurdu və bu deşikdən görünən baş barmağını ciddi-cəhdlə gizlətməyə çalışırdı” – bu cümlədən sonra obrazın kimliyi, hansı ailəyə mənsubluğu və daxili təmizliyi üzə çıxır. Obrazın açılması üçün çox lazımdır bu cür təsvir – nə yazıq ki, bu kimi detallar romanda çox azdır.
Yazıçı özünü əsərin içərisində çox dərinlərdə gizlətməli, az-az hallarda zühur etməlidir. Amma burada tərsinədir: müəllif bizə əsəri oxumağa imkan vermir. Hətta arada təxminən belə sözlər də işlədir: əsər mənimdir, mən bilərəm, oxuyursan oxu, oxumursan, oxuma...
Yazıçı narkomanlığa, narkotik yayanlara qarşı amansız olmalıdır, bu, “Qadın corabları”nda da belədir. Amma əsərin “dartan” cayıllarını düşünəndə adamı qorxu bürüyür: yəni ölkədə narkomaniya bu boydadırmı? Hətta kənddə balaca bir oğlan belə dünışır: ”Kəndimizin həmişə dəyirmana yığışıb dartan cayıllarından bir az “ot” istədim.”
Əsərdə yerinə düşməyən, yaxud otuzdurulmayan söz və cümlələr var: “Nicat hətta namaz qıldığı vaxtlarda da allaha inanmamışdı.” (Bu hal ola bilər, amma bunun psixoloji açılımı olmalıydı.) Yaxud bir kəndli ata görün necə danışır: ”Gedin, həyatınızı qurun, mənim sizin ailənizə baxacaq qədər imkanım yoxdur.” (Əslində kəndli qoca təxminən belə danışar: ”Gedin ev-eşik sahibi olun, mənim yaxamdan əl çəkin.)
Belə bir əndirəbadi cümlə: ”Zəhərlənmək arzusu ciyərimdə qalmışdı.” Bu cümləni isə əsərə heç yaraşdırmadım: ”...Könüllə görüşüb bu məsələləri aydınlaşdırmasaydı, yəqin ki, Orxan baş götürüb hansısa bir hekayəyə-zada qəhrəman gedəcəkdi.” Belə bir cümləni də yalnız türkiyəli oxucu başa düşə bilər: ”Bir həyat qadınına aşiq oldum”. “Nicat hər dəfə bir bəhanə ilə onların başını yozurdu” – yozurdu sözü yerində deyil...
***
Elə bilirəm ki, bu əsər, göstərdiyim qeydlərə baxmayaraq, Cəlil bəyin yaradıcılığında yeni bir addımdır. Bu əsərdə yeni dünyagörüşlü, yaxud dünyagörüşdən məhrum gəncliyin yetişdiyini bizə həyəcanla xəbər verir müəllif. Vəziyyət o dərəcədə mürəkkəbdir ki, əsərin psixiatr qəhrəmanının özü belə psixiatra ehtiyac duyur. Vəziyyət o dərəcədə kritikdir ki, hərəkat adamlarının içinə soxulmuş birisi, əslində hərəkatı içəridən dağıdan muzdlu casusdur, amma əsər başa çatır, qəhrəmanların heç biri bundan xəbər tutmur. İş o çillədədir ki, hamını qorumağa borclu olan birisi arvadını və bacısını qoruya bilmir...
Əsərdə böyük bir sual işarəsi var: “Kimdir müqəssir?”
“İnsanı şərait formalaşdırır” (Monteskyo) deyən müdrik nə dərəcədə haqlı idi? Melanxoliya, ruh düşkünlüyü, sonda alkoqola və narkotikə təslim olmaq romandakı gəncliyin ən zəif cəhətləridir. Tez-tez dağılan ailələr, qadın və kişi anomaliyaları, sonsuzluq, maddi imkansızlıq, cəmiyyətdə tarazlığın pozulması, əxlaqi dəyərlərə arxa çevirmək roman qəhrəmanlarının ölən yeridir. Sevgi ilə oynamaq, sevən adamı barmağına dolamaq, kitabsızlıq, elmi biliklərdən uzaq düşmək, ədəbiyyatı və ədəbi istedadı ciddiyə almamaq gənclərin həm mənəvi, həm fiziki məhvinə səbəb olur. İstedadlı adama qiymət verməyən cəmiyyət qısırlaşır...
Ədəbi kluarlarda bu əsərin müzakirəsi nə dərəcədə olub, olmayıb, bilmirəm, amma bir onu bilirəm ki, Cəlil Cavanşir də daxil, bu nəsil tezliklə özlərinin bir neçə tənqidçisini, esseistini yetişdirməsə, vəziyyət yaxşı olmayacaq. Çünki əsərin yazılması və çapı azdır, onun oxucu və ictimaiyyət üçün şərhi də lazımdır. Əsərin nakam qəhrəmanı Nicat Aslan demişkən: “Əslində hər şey çox sadədir...”
Avanqard.net