Ədəbi tənqidimizin ədəbsizliyi

Ədəbi tənqidimizin ədəbsizliyi
10 iyun 2019
# 11:01

Bir dəfə ədəbi tənqid yazan bir şəxsdən soruşdum: “Heç olubmu, yaradıcılığını bəyənmədiyiniz adam haqqında tərifli yazı yazasınız?” Bilirsinizmi nə dedi? “Eeh, o qədər... Bəs nə edək, yuxarı tüpürürsən bığdı, ağaşı, saqqal.”

O vaxtdan mən ədəbi tənqidçilərimizə “ədəbi tərifçi” deyirəm. Başqa nə deyim ki?

Az qala hər gün ölkədə bir kitab çap edilir və ədəbi camiəmiz az qala hər gün bir kitab təqdimatına toplaşır.

Bir çoxları kitab təqdimatlarını böyük və kiçik toylara bənzədir, “sən gələrsən, mən də gələrəm” prinsipi ilə şair və yazıçılarımızın bir-birinin imza günlərinə getməsini sosial şəbəkələrdə lağlağıya çevirirlər.

Bir tərəfdən baxanda, görürük ki, formatda bənzərlik həqiqətən də var. Hansısa yazıçı və ya şair yeni bir kitabını isti-isti təndirdən çıxmış təzə çörək kimi dərhal təqdim etməyə tələsir və təqdimata da ancaq öz çevrəsində, öz çəkisində olan yazıçı və şairlər toplaşır. Şablon ssenari, şablon təbriklər, şablon fotoşəkillər və s.

Digər tərəfdən isə, son dövrlərdə formalaşmaqda olan normal oxucu ordusunun öz yazıçısını, öz şairini tanımasını, axtarmasını, görüşünə can atmasını da müşahidə edirik.

Bu da ümid verir düşünək ki, əslində potensial oxucu var, qalır potensial yazıçı və şairlə həmin oxucunu bir-birinə tanıtmaq, qovuşdurmaq. Həmin tanıtımdan sonrakı münasibət isə təbii proseslə öz axarını tapacaq, yəni, ya ömürlük ayrılacaqlar, yazıçı və ya şair də anlayacaq ki, mən doğru yolda deyiləm, başqa sənət tapmalıyam özümə, ya da ömürlük bir-birinə can atacaqlar – biri yazmaq, digəri oxumaq üçün.

Lakin çağdaş ədəbiyyatın ən yeni nümunələrini yaratmaqda olan ədəbi gəncliyin (hətta gəncliyi ötmüş ədəbi yetkinliyin) öz oxucusu ilə tanış olması üçün, öz çəkisini bilməsi üçün daha vacib bir vasitəçi qüvvəyə ehtiyacı var - ədəbi tənqidə.

O ədəbi tənqidə ki, yazıçı, şairlə oxucu, cəmiyyət arasında Sirat körpüsü missiyasını yerinə yetirməlidir. O Siratdan kimlər keçib oxucu rəğbəti olan ədəbi cənnəti qazanacaq, kimlər keçməyib oxucusuzluqdan ibarət ədəbi cəhənnəmdə qovrulacaq, bu artıq yolun keçilmiş tərəfində məlum olacaq. Keçilməmiş tərəfdə isə bizim hər gün gördüyümüz yazıçı-şair boynubüküklüyü, oxucu-cəmiyyət çaşqınlığı öz xaosunun harmoniyasında fırlanıb dolaşmaqda davam edəcək.

Və yenə də bir-birini tanıdığı, bir-birinə heyfi gəldiyi üçün bir-birinin kitabları haqqında tanıtım-rəy məqalələri yazıb çap etdirən ədəbi gəncliyə (yetkinliyə də) yuxarıdan aşağı ikrah və istehza ilə baxıb qımışacaq kimlərsə: “Özləri yazıb özləri tərifləyir, bir dəstə uşaq-muşaq” və s.

Suallar yaranır: Bəs siz necə olur ki, bu “özləri yazıb özləri tərifləyən” müasirlərimizin məhz bu yazıb-tərifləmə prosesini görürsünüz, nə yazdıqlarını, necə yazdıqlarını görmürsünüz? Niyə siz oxuyub tərifləməyəsiniz ki? Bəlkə həqiqətən də tərifəlayiq əsərlər yazırlar onlar? Və yaxud, niyə oxuyub tənqid etmirsiniz, yerlərini göstərmirsiniz? Bəlkə doğrudan da ədəbiyyatımızı uçuruma aparırlar? Axı nə vaxta qədər sosial şəbəkələrdəki ciddi-qəzəbli fotoşəkillərinizlə məchul nöqtələrə gözlərinizi zilləyib az qala dünyanın özünün də arxivə atdığı klassiklərdən sitatlar paylaşacaq, gözünüzün qarşısında doğulan yeni mətnləri görməzdən gələcəksiniz? Nə vaxta qədər ancaq “dənizdən işarə” gözləyəcəksiniz kiminsə əsəri haqqında yazı yazmaq üçün? Nə vaxta qədər ordan-burdan öyrəndiyiniz ədəbi terminlərlə özünüzün də yalan olduğunu bildiyiniz mətnlərdə ancaq vəzifəsi, pulu olan şəxsləri ədəbiyyatımızın sütunu kimi təqdim edəcəksiniz hamıya? İnanırsınız ki, o yazdıqlarınızı kimsə oxuyur? Əmin olun, heç bəlkə o “qəhrəman”larınızın özlərinin də səbri çatmır sonadək təriflərinizi oxumağa.

Belə çıxır ki, elə siz də özünüz yazıb, özünüz oxuyursunuz. Biz heç olmasa bir-birimizi də olsa, oxuyuruq...

Silkələnin, cənablar, ayılın və həqiqi ədəbi tənqidin nə olduğunu göstərin. Ya da etiraf edin ki, yoxsunuz.

# 2704 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #