Əri ölən arvadın inək sağmağı

Əri ölən arvadın inək sağmağı
12 noyabr 2014
# 14:39

“Səni axtarıram” verilişində qız doğulandan üzünü görmədiyi anasını qucaqlayıb ağlayır. Bu səhnədən təsirlənmiş bacım həm də təəccüblənir: “Faktiki olaraq yad adamı görüb necə onun üçün ağlaya bilər axı insan?”

Mən yox, təcrübə cavab verir: “O qız anasına yox, anasız yaşadığı ağır illərə, çəkdiyi əziyyətlərə, eşitdiyi tənələrə, görə bilmədiyi sevgiyə ağlayır”.

Elçin Musaoğlunun “Nabat” filmində üzü göz yaşlarından parıldayan xeyli tamaşaçı var idi. Onların bəziləri doğulub-yaşadığı yeri tərk etməyin, içdiyin çayı belə bitirməyə macal tapmadan doğma evindən canını götürüb qaçmağın nə demək olduğunu bilirlər. Onlar itirdiklərinə-doğmalarına, torpaqlarına, o yerləri xatırladan hər şeyə göz yaşı tökür. Emosionallığı –təəssürat, yaşantı, xatirələri bir kənara qovub filmə başlayırıq. Yazdıqca filmə bir də baxır adam...

Filmin qəhrəmanı Nabat (Fatimə Motamed) süd dolu şüşələri sinəsinə sıxıb cığırla üzü kameraya-bizə sarı gəlir. Qadın – süd - torpaq. Bu gözəçarpan üç obyekt doğmalıqla, bətnlə, gəldiyimiz, olduğumuz yerlə assosiasiya olunur. Qadın gəlib tam bizə çatanda onun tövşüməyini hiss edirik, o, kameranı ötüb-keçir, addım-addım uzaqlaşır. Kamera onun ardınca baxır. Bu qadın Nabatdır. Hər gün kənddən aralıda yerləşən evindən çıxıb kəndə, süd satmağa gedir. Sakinlər düşmən hücumu qorxusu ilə, atılan mərmi atəş səslərinin həyəcanı ilə kəndi tərk edir. Nabat hər gələndə kəndi bir az daha boşalmış görür. Amma vaxtilə meşəbəyi işləmiş, evini də işinə görə kənddən aralıda tikdirmiş yataq xəstəsi ərinə boşalan evlər haqda heç nə demir. Və bir gün Nabat kəndi tamam boşalmış görür.

Elə ölən ərini də basdırmağa kimsəni çağıra bilmir. Onu təkbaşına aparıb şəhid oğlunun məzarı yanında dəfn edir.

...Bomboş kənd və Nabat. Nabat hava işıq ikən kəndin boş evlərini gəzir, evlərdəki çıraqları yandırıb pəncərəyə düzür, gecələrsə atılan atəş səslərini dinləyə-dinləyə kəndin çırağını yandırdığı evlərinə baxır.

Ola bilər, filmə baxmadan süjeti oxuyan adama əhvalat, xüsusən onun sonluğu poetik patriotizm kimi görünsün. Amma filmin əhvalatı həyati edən və həm də məhdud olmağa qoymayan iki-üç cəhəti var.

Əvvəla, filmdəki realist epizodlar poetikləşir - metaforaya elə orqanik keçir ki, müəlliflərin hansısa (poetik patriotizm kimi) məqsəd güddüyünü demək günah olar.

... Bomboş evlər və Nabat, tək canavar və Nabat. Bu epizodlardakı realizmdən poetikliyə keçid süni deyil, həyatidir, poetiklik, metaforalar situasiyanın özündəndir. Bu filmin əsas uğurlarındandır.

İkincisi, nə məkan, nə əhvalat lokallaşdırılır. Əhvalatın Qarabağ müharibəsindən, işğal olunan torpaqlardan getdiyini bilsək belə, onu hər hansı müharibə barədə film kimi də təqdim etmək olar. Yəni, belə filmlərdə adət etdiyimiz urapatriotik çalarlar, birbaşa oxunan tarixi həqiqətlər zorla filmə soxulmayıb. Rejissor hər şeyi əhvalatın özüylə, təsvirlə göstərməyə, görməyə çalışıb.

Amma əlbəttə ki, metaforalar yeni deyil, dəfələrlə işlənmiş metaforalardır: yerə tökülmüş meyvələr, çərəngüləsindən çıxmış qapı, ərin ölümünü xəbər vermək üçün küləyin qapı pəncərəni çırpması... Amma onların arasında çox təsirli və yeni olanı da var: Nabat inəyi sağa-sağa lap indicə ölən ərinə ağlayır. Ağca inəyin döşündən süd gəlmir, amma Nabat ağlayır, inəyin süd çıxmayan əmcəklərini əlləşdirə-əlləşdirə ağlayır. Əri lap indicə ölmüş qadın niyə inək sağsın ki? Bu məqamda inək sağmaq onun nəyinə lazımdır? Bu, kədərin qəribə ifadəsidir. Bəlkə də onun sığınıb ağlamağa Ağcadan başqa doğması yoxdur...

Filmin ən təsirli kadrları həm də Nabatın-kameranın boş evlərdə metaforik baxışla deyil, adi baxışla gördükləridir. Biz evi tərk edəndən sonra o əşyalar necə susur? Kamera yük yerini, yarımçıq buraxılmış səhər süfrəsini, zivədə küləyin yellədiyi uşaq paltarlarını, kənd evlərinin içini, güzgüləri, şəkilləri ləng templə çəkir. O boş evlərdə ən xırda əşya-kibrit qutusu belə dəhşətli nisgil ötürür. Sanki film bu kadrları göstərmək üçün yetişib.

Evbəev gəzib çıraqları yandıran (bununla kəndi də işğaldan qoruyan) Nabat fotoatelyedə dayanır. O, şəhid oğlunun şəklini axtarır, tapmadığında Çe Gevaranın təsvir olunduğu məşhur fotonu divardan açıb evinə aparır – Niyə Çe? Çeni bir şəkli belə qalmayan şəhid oğluna oxşatdığı üçün.

Nabatın kənddə qalmasının səbəblər var. Onu kəndə bağlayan doğmalıq, bağlılıqdan başqa həm də kimsəsinin qalmamağıdır. O ərini də oğlunu da kənddə dəfn edib. Bu qoca vaxtında ona boş kəndin evlərinin çıraqlarını yandırmaqdan, doğma yeri qorumaqdan başqa heç nə qalmayıb. Eləcə də canavarı açıb xilas etməsi də. O canavarı tələdən buraxır, amma canavar getmir. Nabat özünü canavarla eyniləşdirir. Bu yerdə vurğulanmayan bir paradoks var - Canavar getmir, çünki balaları var. Nabatsa getmir, çünki heç kimi yoxdur.

Nabat canavarı niyə xilas edir? Bəlkə də inəyini itirəndən sonra tamam tək qalmış qadının tanış bir canlını saxlamaq arzusu var. Tənha insan və bomboş kənd, əşyalar... metafizik bir atmosfer ötürür. Qadının yuxuda oğlunun qayıtdığını görməsi-qarabasması da bu mənada dəqiqdir: Boş yerdə mütləq bir ruh olacaq. Filmin finalı da bu metafizikanı tamamlayır: Skamyada oturub evinə söykənmiş Nabatın gözləri açıqdır, onun ölü, ya diri olduğu bəlli deyil. Bu peyzajı yağan qar tamamlayır-poetikləşdirir. Film bitir.

Bitir və insanın doğmalara, yaxınlara, saxladığı heyvana, yaşadığı torpağa, bağlılığını artırıb-əskiltmədən təqdim edən film kimi kino tariximizə düşür. Nabat obrazlaşıb kəndin bir parçasına çevrilir. Rejissor buna nail olur.

Daha bir uğur musiqinindir. Musiqi montajla orqanikləşir və onun filmə hər hansı bir pafos yükləmək təhlükəsi yoxdur. Operator işi (Əbdürrəhim Bəşarat) xüsusən filmin üslubunu təyin edir. Əgər kamera əvvəldə bir nöqtədə dayanıb Nabatı izləyirsə, kəndə girəndə onu nəfəsbənəfəs izləyir. Kənd boşalandan sonra isə kamera Nabatın “gözü” ilə baxır. Və o göz nəyi ümumi, nəyi böyük planda görürsə, bu onun-Nabatın seçimi olur.

Yalnızca baş qəhrəmanın-Nabatın qrimi aşırı təsir bağışlayır. Hər halda o, başqa sakinlərdən seçilir.

Kəndə daxil olan əsgərlər həm də filmə belə qəfil daxil olurlar. Bu kadrlar nə deyir? Onlar nə üçündür? Bir anda baş qaldıran arzudur, mesajdir - bəlli. Amma bu məqamlar filmə heç nə vermir. Bəlkə bizim tamaşaçıya nəsə verir. Çünki film bitəndən sonra qalxıb zaldan çıxan, qaynaşan adamların fonunda hələ də oturub fikrə getmiş adamlar var idi. Onlar filmin bitməsi ilə hələ barışmamışdı...

# 1972 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #