Çörəyə yox, prezervativə ehtiyacı olanlar

Çörəyə yox, prezervativə ehtiyacı olanlar
4 iyun 2014
# 13:09

Sevda SULTANOVA

Belində körpəsi, yanında bir neçə azyaşlı uşağı olan somalili qadın ərzaq yardımı almaq üçün növbəyə dayanıb.

Əfqanıstan kəndində təbii fəlakət baş verib. Yoxsul görkəmli, beş-altı uşaqlı ailə məzlumca boyunlarını büküb yerlə-yeksan olmuş daxmalarına baxır.

Onların üzündə, duruşunda rahat yaşamın, həyat sevgisinin, ondan zövq almağın işartısı yoxdur.

Bu insanlarda həyat sanki ölüb.

Mən başa düşürəm ki, dünyaya uşaq gətirmək hər şeydən əvvəl insanın instinktiv duyğusudur.

Amma çox ağır şərtlərdə yaşayan insanlar canlıya həyat vermək məsələsində instinktini adlayıb, şüurlu düşüncə ilə hesablaşmalıdır.

Yəni özünə rahat həyat qura, minimum ehtiyaclarını ödəyə bilməyən, öz qayğısına qalmağı bacarmayan, qeyri-insani şərtlərdə yaşayan yetkin insanın yeni bir insanı həyata gətirməsi nə qədər doğrudur?

Düşünülmüş şəkildə uşaq dünyaya gətirmək daha çox qərb cəmiyyətinə aiddir.

Şərq mentallığında isə uşaqsız ailə mövcud ola bilməz.

Bizdə toplum etik çərçivəni aşaraq uşaqsız ailəyə hökm kəsir: bədbəxt ailədir, uğursuzdur və s.

Hətta ibtidai-qəbilə düşüncəmiz atalar məsəli ilə daha da möhkəmlənib: “Uşaqsız ev suyu sovrulmuş dəyirmana bənzəyir”.

Çünki bizim mentallıqda uşaq sevgidən çox, qanunauyğunluq, zərurət kimi doğulur.

Uşaq nəslin davamçısıdır və valideynlərin, nənə-babanın merkantil, eqoist maraqlarının nəticəsidir.

Onlar üçün uşaq övlad toyu görməkdir, qocalanda qabağına bir çay qoyanı olmasıdır, qulluq edənidir və s.

Ona görə də azərbaycanlı imkanlarının məhdudluğunu, sosial problemlərini, şəraitini, psixoloji buna hazır olub-olmadığını nəzərə almadan mütləq uşaq doğur. Özü də bir yox, bir neçə uşaq.

Başqa cür desək, biz uşaq məsələsinə praqmatik, realist yox, metafizik, fatallıq kimi baxırıq.

Məsələn, gənc cütlük, normal şəraiti olmayan evdə yaşayır, gəliri yetərli deyil.

Qayınana, qayınata, qohum-əqrəba, nəsil-nəcabət gənc ailənin canına daraşır, başının ətini yeyir ki, bir uşaq azdır, sonsuz öləcəksən, birini də doğ, Allah da ruzisini yetirəcək.

Növbəti uşaq da gəlir, amma Allahın ruzisi gəlib çıxmaq bilmir.

Uşaqlar böyüdükcə problemləri, tələbatları çoxalır. Valideynin isə onların tələbatını ödəmək üçün gücü yetmir.

Nəticədə gücsüzlükdən doğan aqressiyasını uşaqlarına yönəldir.

Uşaqlar isə qeyri-sağlam mühitdə psixoloji ailə travmaları ilə böyüyür.

Son vaxtlar mənim stolüstü kitabım olan və hər bir azərbaycanlının oxuması vacib olan “Arxetipik azərilər: mentalitein simaları”nda Həsən Quliyev bu haqda yazır:

“Azərbaycanlılar arasında “təsadüfi uşaqlar” fenomeni mövcud deyil: ənənə boşanma ilə sonuclanan təsadüfi nikahlar və təsadüfi erotik təcrübələr imkanını istisna edir. Bir qayda olaraq uşağın dünyaya gəlməsi uşaqların taleyi üçün məsuliyyət daşıyan valideynlərin və yaxın qohumların ümidlərinin doğrulmasına dəlalət edir. Uşaq ailə vəzifəsinin qanunauyğun məhsulu kimi dünyaya gəlir....

Azərbaycanlıların həyatı ailəsiz dolğun və yetərli deyil, ailə isə uşaqsız normal hesab oluna bilməz. Bu vəzifənin uğurla gerçəkləşməsi naminə hər kəs özünün şəxsi həyatını qurban verir.

....Azərbaycanlılar dünyaya başını itirmiş məhəbbətin stixiyası və yaxud seksual hisslərin öz-özünə yaranan coşqunluğu nəticəsində gəlmirlər. Onlar ənənə alqoritminin hər kəs üçün dəqiq şəkildə müəyyənləşdirdiyi ailə missiyasının yerinə yetirilməsi nəticəsində doğulurlar”.

Normal ailə dünyaya niyə insan gətirdiyini, ona nələrin verə biləcəyini dərk etməlidir.

Somalili ailələrin isə ərzaqdan çox, cinsi tərbiyəyə, prezervativ yardımına ehtiyacları var.

# 8602 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #