Kinonun qoca qarğaları...  

Kinonun qoca qarğaları...  
27 iyun 2013
# 10:15

“Əşşi, bizimkilər kino çəkə bilir?” – elə ki Azərbaycan kinosunun bu günündən söhbət düşdü, az qala hamının dilindən bu daşdan ağır, tənədən betər sözlər qopur. Şəxsən məndən ötrü bu məşhur və mənfur cümlənin, düşüncələrdə daşlaşmış fikrin ağırlığı utanc gətirici nədir, üstəlik, xəcalət vericidir. Müdafiə edirsən, qarşına fakt qoyurlar: ssenari köhnə estetika, rejissor işində fantaziya deyilən şey yox, dialoqlar bayağı, aktyor oyunu süni, səsyazma qüsurlu və başqa nələr...

Bunları görmək üçün mütəxəssis olmaq lazım deyil, orta statistik tamaşaçının “maraqlı deyil, yapışmır” deməyi, əslində, sadalanan bu komponentlərin yerinə olmadığının sübutudur. Məsələ onda deyil ki, illərdir Azərbaycan kinosu can verməklə məşğuldur, dərd həm də ordadır ki, bu can verən zavallının halına ya vəlvələdən, ya zəlzələdən yanan olmayıb.

Ortalıqda hər mənada yaxa cıran (!) adamlar illərdir yığılıb qalan problemləri həll etməkdə acizdirlər, əlbəttə. Amma doğrudanmı bu illər ərzində həqiqi canıyananlar olub? Yəni öz mənafeyini, marağını güdməyən, içində kino sevgisi gəzdirən bir ovuc ziyalı olmadımı, bu işin bir çözümünü düşünsün?

İkicə gün əvvəl kinostudiyanın direktoru Müşfiq Hətəmovla müsahibədə etdik. Bu qosqoca zavallı binanı təpədən dırnağa qədər süzmək bəsdi ki, bizdə niyə kino yoxdur sualına cavab tapasan! Cavab tapasan və utanıb yerə girəsən! Bu miskin binanın həyətində avaralanan süləng itdən tutmuş qapı-bacasından asılan paslı qıfıllara qədər hər şey adamın qəlbini sonu görünməyən ümidsizliyə yuvarladır.

O qoca göyərçinlər təkcə utandığından başını qaldırıb dik baxa bilməyən Cəfər kişinin heykəlini yox, həm də bizim ümidlərimizi murdarlayırlar. Bu miskin tikilinin qapısından içəri ayaq basdınmı, adama nəyi xatırlatsa yaxşıdır - mağaranı: qaranlıq, səssiz, vahiməli...

Heç onca dəqiqə keçmədi, bizimki müsahibə yox, dərdləşmək oldu: bir az sərt, bir az miyana suallarla kinoya cavabdeh şəxsin saqqızını oğurlaya bildik. Və söhbətboyu məndə kinomuz üçün doğrudan-doğruya iş görmək, əlləşib-vuruşub illərlə yığılıb qalan problemlərin öhdəsindən gəlmək istəyən insan təəssüratı yaradan Müşfiq bəyin tez-tez nigaranlıqla diktofona baxıb, nəyisə dilinin ucunda öldürmək niyyətini sezəndə, səsyazanı da söndürdüm. Qoy, olsun!

Və yenə üstüörtülü danışsa, illər boyu itirilən çox şeyə təəssüfləndiyini acı-acı sezdirsə də, mən o görüşdən çox şeyi anladım. Anladım ki, ortalıqda bir nəsil itib, daha doğrusu itirilib, kinoya aid hər nə varsa dağıdılıb. Qalıb bir həsir, bir də Müşfiq Hətəmovun kinostudiyası! O kinostudiya ki, divarları arasında kiminsə başına güllə sıx, xəbər tutan olsa, deməli, bizdə kino da var, üstəlik kinoteatr da! Və o görüşdən kinonun gələcəyi haqqında böyük ümidlərlə ayrıldım. Nə xoş ki, Müşfiq Hətəmov tənqidə açıqdır, mətbuatla sağlam münasibət qurmağa can atır, gənclərin özünütəsdiqi üçün şərait yaratmağa çalışır. Təki hər şey düşündüyüm kimi olsun, nə vaxtsa sadəlövh düşüncələrə qapılmağımın utancını yaşamayım!

Bəli, Azərbaycan ədəbiyyatından tutmuş kinosuna qədər hər sahədə məhz gənclərin özünü reallaşdırmağı problemi var. Qadağalar boğazacan, yol kəsən Ərəbzəngilər hər yerdə, zəhmi dağdan ağır ağsaqqal-əməkdarlar onlarla... Biz İlqar Fəhminin, Sevda Sultanovanın ssenarist, Rövşən İsaxın, Elxan Rzayevin, Əli İsa Cabbarovun, Fehruz Şamıyevin rejissor, Gülzar Qurbanovanın, İlqar Cahangirovun, Rza Rzayevin, Rasim Cəfərovun aktyor potensialını ekrandan görmək istəyirik. Adını çəkdiklərimin potensialına bələdəm, üstəlik şəxsən tanıyıram, lap bir köynək özümə yaxın bilirəm deyə adlarını çəkdim.

Əlbəttə, mənim tanımadığım, onlarla istedadlı insan var ki, ya bayağı seriallarla baş qatırlar, ya da... ya da necə deyərlər, papağı günə verib boşuna ötən günlərinin, içlərində reallaşmayıb ölən istedadlarının əsəbini-qəzəbini xırd eləməklə məşğuldurlar. Biz Kurasavanın, Trierin, Məcidinin filmlərini istəmirik, billah! Bizə sevinci sevincimizdən, kədəri kədərimizdən olan, əzilən-ucalan, aqibəti-güzəranı gözümüzün qabağındaca yellərə pay olan AZƏRBAYCANLInın həyatına “ekran tutan” filmlər lazımdır.

Bu ölkədə bizim gözümüzü sevindirən neçə film çəkdiniz ki, əvəzində sağlam tənqid, bərbəzəkli tərif eşitmək istədiniz?

# 2493 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #