Asudə vaxtımda Çingiz Hüseynovun “Amneziya” haqqında qeydlərinə ötəri göz gəzdirdim. Bircə “biri vardı, biri yoxdu” başlanğıcı əskikdi. Öncə oxuduğuma inanmadım, sonra yazıçının imzasının saxtalığı şübhəm yarandı. Yox, deyəsən, hər şey yerindəydi. Tənqiddən başqa. Yəni bircə sağlam tənqidi qeydlər görmədim.
Vaxtı Məmməd Səid Ordubadinin arxivindəki məktublara xərcləmək daha düzgün bildim. Kitab nə vaxtdı ki, siyirmədə toz basırdı. Epistolyar janrın həvəskarı olmasam da, səbrimi basıb onu sonadək oxudum və seçimimdə yanılmadığıma bir oxucu kimi sevindim – vaxtı faydalı xərcləmişdim.
Nəhəng proletar yazıçısının ünvanına gəlmiş məktublar arasında üç şəxslə yazışmanı dönə-dönə oxudum. Cild-cild əsərlərin müəllifi haqqında kif basmış miflər bir anda gözümdə toz oldu. Sovet ədəbi məktəbinin qabaqcıl simasının ustad ədib heybəti, yazmaq istedadı...saymadığım daha nələr, nələr, demə, yalnız quru sözmüş.
Yazıçıya məntiqli iradlar tutan iki oxucudan biri orta məktəb şagirdiydi. Onun qeydlərini təkrar-təkrar oxudum. Təsəvvürə belə gətirmək olmur ki, Azərbaycandan kənarda, Xarkovda, 1949-cu ildə Svetlana adlı bir qız sovet ədəbi məktəbinin bütünü sındıra bilərmiş. 17 yaşlı onuncu sinif şagirdinin “Dumanlı Təbriz” əsərində tapdığı qüsurları eyni tarixdə yazılmış digər bir oxucu məktubunda da görmək mümkündür. “Qılınc və qələm” romanına iradları ilə Rza Cəfərov nəhəng proletar yazıçısına mat elan edir.
Məktublardan bir neçəsi Məmməd Səid Ordubadinin əsərlərinin rusa tərcüməsini edən Əziz Şərifə aiddir. Sonuncu da yazıçının əsərində ustad-yazar adına yaraşmayacaq qüsurlar tapıb və Əziz Şərif dönə-dönə vurğulayır ki, nöqsanları müəyyən etmək, iradlar bildirmək, onları müəllifə çatdırmaq tərcüməçi-tənqidçinin vəzifəsidir və əslində bu, yazıçının da marağında olmalıdır. Əziz Şərif qeyzlənmiş proletar yazıçısının hirsini ədəblə soyutmaq istəyir: “Bax, aşna, bu həmşəri söyüşlərini boşla. Mənim hiddət və acığımı nədə gördün? Hər necə olsa, mən sənə hiddətlənmirəm. Aramızda bir elə məsələ də yoxdur ki, hiddət və acığa səbəb olsun. Mübahisə mümkündür və lazımdır. Mən də mübahisə təriqilə öz fikirlərimi sənə yazıram. Əgər sən acıqlanırsansa, o başqa məsələ. Məncə, sən də acıqlanmazsan. Əvvəla, səhhətə zərərdir, ikincisi, də adamı tez qocaldır. Aramızdakı mübahisə bədii mübahisədir. Ancaq hər ikimiz şəxsi ucuz izzət-nəfsi buraxıb obyektiv olmalıyıq”.
Kitabı təkrar tozlanmaq üçün yerinə qoyub düşündüm: o uzaq zamandan bu günə nə dəyişib? Bir oxucu kimi kənar müşahidəm göstərir ki, kəskin şəkildə cəbhələnmiş çağdaş ədəbi mühitdə tənqidin yoxluğu ilə yazıçı hikkəsi yanaşı durur. Nə bədii iliyi azalmış Yazıçılar Birliyində, nə də külündə közü güclə seçilən azad yazarların Ocağında mənfi rəy deyəcək və ona dözüm gətirəcək müəllif yoxdur. Halbuki mübahisə mümkündür və lazımdır. Həm ədəbi divlərlə, həm də ədəbi cırtdanlarla. Əksini isbatlaya biləcək şəxs varsa, tənqidi qeydləri ilə irəli çıxsın.
Çingiz Hüseynovla mübahisə
20 may 2011
11:00
2517 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024