Burda oğurluq ən adi işdir

Burda oğurluq ən adi işdir
30 may 2013
# 09:58

I hissə

II hissə

Parodiya

Parodiya təqlid edilən mətnin məzmunu dəyişdirərək istifadə etməkdir.

Parodiya bir ədəbi əsərin formasını məzmunundan qopardıb, o mövzunun yerinə başqa, tamam zidd bir mövzu yerləşdirirək gülməli bir uyğunsuzluq yaratmaqdır.

Bir məqama diqqət etməliyik : parodiya deyiləndə ağlımıza o dəqiqə məzə, lağlağı gəlsə də, parodiyanın məqsədi bir mətni təqdir etmək də olar bilər.

Yuxarıda metafictionda bəhs etdiyimiz hissədəki 6-cı bənd, yəni " Romanın başqa romanları üslub, forma və məzmun olaraq təqlid etməsi" fikri elə bir növ parodiyanın tərifidir.

Pastiş

Pastiş mətnin formasını, biçimini təqlid etməkdir. Lakin təkcə formanın təqlidi yox, məzmunun da təqlidi pastiş sayıla bilər. Pastişlər parodiya təqlidə söykəndikləri üçün bir-birinə bənzəyir, ancaq pastiş təqlidi parodiyadakı kimi istehza xarakterli deyil.

Parodiya ilə pastiş arasındakı əsas fərq istifadə edilən mətnin digər mətndə necə yerləşməsidir; yəni iqtibas edilənin mətndə istehzalı bir üslubla yerləşməsi çox vaxt parodiya, daha ciddi şəkildə yerləşməsi isə pastişdir. Məsələn, Orxan Pamukun "Qara kitab" romanında əsərin qəhrəmanı Qalibin yer altına enməsi və minarəyə çıxması, Dantenin "İlahi komediya"sındakı cəhənnəm və cənnət gəzintilərinin təqlidi, parodiyasıdır, "Qara kitab"ın forması isə "Min bir gecə nağılları"na çox bənzəməsiylə pastişdir.

İroniya

Postmodernistlər modernizmə tuşlanmış sərt tənqidi fikirlər səsləndirmək əvəzinə, ironiya vasitəsilə demək istədikləri üstüörtülü, ikibaşlı, çoxmənalı formada ifadə edirlər. İroniya postmodern əsərlərdə çox vaxt müxtəlif dil oyunları vasitəsilə edilir.

Plagiat

Plagiat başqasına aid mətni, mətn parçasını, fikri mənbə göstərmədən, mötərizə, dırnaq işarəsi qoymadan, hər hansı fərqləndirici üsula baş vurmadan ( məsələn kursiv kimi ) istifadə etməkdir. Elmdə və klassik sənətdə bu hörmətsiz, qeyri-ciddi iş sayılır, postmodernizm isə buna normal baxır. Fikri aydınlaşdırmaq üçün belə misal gətirək. Nazim Hikmətin məşhur "Kərəm kimi" şeirində dırnaq içində təqdim edilən "dərd çox, həmdərd yox" misrası Füzulidəndir, postmodern sənətkar bu şeiri yazsa, dırnaq işarələrini qoymaya bilər.

Plüralizm

İntibah tanrının mərkəzdə olduğu dünya görüşündən imtina edib, tanrının yerinə insanı qoymuşdu. Postmodern dünyada dünyada isə nə tanrı, nə də insan mərkəzdədir, mərkəz bir dənə deyil, mərkəz çoxdur.Bu mənada postmodernizm modernizmdən fərqli olaraq təkliyə, bir dənəliyə, avtoritarlığa hesablanmış hər şeyi rədd edir. Postmodern əsərlərdə bir-birinə zidd fikirlər yanaşı dura bilir. Kütləvi sənətə aid olan elementlərin postmodern əsərlərdə yer alması da plüralizmdir. Merilin Monronun, Çe Gevaranın, Mona Lizanın həqiqi mənalarından uzaqlaşıb sadəcə bir poster, istehlak məhsulu kimi görünməsi də bu yanaşmanın nəticəsidir.

Fokkema bunu "qeyri-iyerarxiya" prinsipi adlandırır. Postmodernist mühakimələri işarələmək üçün Fokkema "güzgü" ( kim baxırsa, ancaq onu göstərir ), "labirint" ( çıxılması mümkün olmayan, çıxış yolu onun içində yaşamaqdır), "xəritə" ( heç bir mərkəz yoxdur və heç bir iqtiqaməti göstərmir), "ensiklopediya" (istənilən yerindən açıb oxumaq olar ), "reklam", "televiziya", "qəzet", "fotoqrafiya" və kimi tipik söz-obrazlardan istifadə edib.

Karnavallaştırma

Kökləri Qədim Yunanıstana qədər gedən karnavallar qorxu, doqmatizm, hörmət və dindarlıqla yüklənmiş "rəsmi həyatın" vecə alınmadığı, ciddiyətin yerinə azadlığın keçdiyi, zaman və məkan sərhədləri bəlli olan şənliklərdir. Karnaval meydanında ikibaşlı istehza, gülüş, söyüş və müqəddəs olan hər şeyə qarşı hörmətsizlik, aşağılama sərbəstdir. "Rəsmi həyatda" qatı ictimai qadağalar ucbatından keçərsiz olan hər şeyə burda icazə var. Məşhur rus nəzəriyyəçisi Mixail Baxtinin ədəbiyyata bəxş etdiyi karnavalizm anlayışı əsərlərdə bir-birinə zidd görünən mövzuların, obrazların, personajların yan-yana gəlməsidir. Hər şeyin mümkün ola biləcəyini ifadə edən "anything goes" ( hər şey keçərlidir ) anlayışına sahib olan postmodern əsərlərdə müsbətlə mənfi, müqəddəslə adi, kübarla avara, məsum ilə qəddar bir-biriylə yanaşıdır.

Oyun

Postmodernizmin manifesti yoxdur, mütləq həqiqət hesab etdiyi şeylər yoxdur və təbii ki, öyrətmək iddiasında olduğu dərslər də yoxdur. Postmodern romançılar oxucunu maarifləndirmək, ona nəsə öyrətmək, dərs vermək əvəzinə, oxucunu və özünü əyləndirməyi düzgün sayırlar.

Postmodernizm modernizm qaşqabaqlı, qaramat görkəminin yerinə, hər şeyi oyun materialı kimi görən, həyata və sənətə əyləncə pəncərəsindən baxan yanaşmanı dəstəkləyirlər.

Yumor

Postmodern romançı ədəbiyyatı əyləncəli hala gətirmək üçün oyunlardan başqa, yumoristik cümlələrə də tez-tez müraciət edir. Bu yumoristik cümlələr modernist təhkiyəçinin ağırtaxtalı, hər şeyi bilən tanrıvari mövqeyinə də ironiyadır. Bir məsələni dəqiqləşdirək : modernist romanlarda da əlbəttə ki, bütün əsərlərdə olduğu kimi yumoristik elementlər olub, lakin modernist əsərlərdəki yumor qəhrəmanın vəziyyətinə uyğun işlədilirdi. Postmodernizmdə isə belə bir qayda yoxdur.

Kollaj

Postmodern roman xronoloji ardıcıllıqla nəql edilmir, əksinə, tədriciliyin yerinə, parçalılıq, bölünmüşlük, fraqmentallıq təqdir edilir. Bu fraqmentallıq əsərlərin içində qəzet xəbərləri, şeir, broşura, gündəlik kimi ünsürlərin girməsinə imkan yaradır. Postmodern roman bir-birindən fərqli olan mətnlər kollajı formasında qurulur.

Postmodern mətn konkret bir təhkiyə növündə israr etməyi sevmir, romançı istədiyi növə rahatlıqla keçə bilər. Əsərdən modernizm dövründə olduğu kimi "böyük sənət mahiyyəti" gözlənilmir. Modernist romandakı kollaj simmetriyaya can atırsa, postmoderndə əksinə fraqmentallığa meyllidir. Postmoder kollaj vasitəsilə mənt şərhə, yozuma açıq sonsuz sayda ziddiyətlərdən ibarət olur.

Detektiv

Əvvəllər detektiv əsərlər ancaq yüngül əyləncə məqsədilə oxunardı. Lakin strukturalistlərin bədii mətnlərə yeni yanaşması sayəsində detektivə maraq artdı. Borxes, Grillet, Calvino, Muriel Spark, Eko kimi yazıçılar detektivi öz məqsədləri üçün istifadə etməyə başladılar. Detektivin postmodern romanda çox işlənməsinin əsas səbəblərindən biri də detektiv xəttin oxucunu istər-istəməz mətni yozmağa təhrik etməsidir ; bu vasitə ilə oxucunu oyuna cəlb olunur və yazıçının uydurduğu, mətnə səpələdiyi işarələrin içinə düşür. Postmodern mətnlərdə oxucu köhnə detektivlərdə olduğu kimi onu intizarda saxlayan, həyəcanlandıran, beynini məşğul edən şeylərin cavabını yazıçıdan ala bilmir və məcbur olur özü bir cavab tapsın.

Realizm

Postmodernistlər modernistlər kimi "mütləq" həqiqətin arxasınca qaçmırlar, həqiqətin hər adama görə fərqli ola biləcəyini düşünürlər, beləcə, öz həqiqətlərinin yerinə mətnin həqiqətlərini təklif edirlər. Postmodernizmə görə dildən başqa reallıq yoxdur, buna görə də postmodernizm realla irrealın, qurama ilə həqiqinin iç-içə olduğu bir dünyadır. Postmodernin realizmə bu cür yanaşması fantastikanın, xəyaliyin, uydurmanın postmodern mətnlərdə geniş istifadəsinə gətirmişdir.

Tarix

Postmodernizmin tarixə münasibəti, modernizmdən fərqli olaraq, hamı tərəfindən qəbul edilən, mütləq, dəyişməz deyil. Postmodernizm tarixi hadisələrin də subyektiv yozumlarla fərqli izahlarının ola biləcəyini deyir. Postmoderndə fərqli yozumlara açıq bütün tarixi hadisələr modernizmdə olduğu kimi səbəb-nəticə əlaqəsinə tabe deyil, əksinə, bölünmənin, fraqmentarlığın hökm sürdüyü yeni dünyada dəyişən vəziyyətləri, mühitləri, fakt və hadisələr özü öz içində yenidən yazan bir tarix anlayışı ilə yazılır.

Postmodern roman tarixə baxışını tarixin əsas nöqtələrindəki qəhrəmanlardan alt səviyyədəki adi insanlara çevirir.Bununla postmodernizm tarixi ibrət alınası anlayışdan uzaqlaşdırıb, oyun materialına çevirmək məqsədi güdür. Orxan Pamukun dediyi kimi : "Tarixi romanları elmi-fantastika kimi oxuyun. Fantastika gələcək haqqında fantaziyalardır. Tarixi roman da keçmiş haqqında fantaziyalardır."

Qəhrəmandan subyektə

Modernist əsərlərdəki qəhrəmanın yerini postmodern əsərlərdə kimliyi qeyri-müəyyən olan, Kafkanın "Məhkəmə"sindəki Cozef K. kimi bulanıq tutur. Bu tiplər mətnin obrazlar, təsvirlərlə toxunmuş strukturu içində çevrilməyə, dəyişməyə açıq subyektlərdir. Fərdiliyin yox edildiyi postmodern mətnlərdə, qəhrəmanlara sadəcə subyekt demək daha doğru olar. Subyektlə obyekt, daxili dünya ilə xarici aləm, reallıq ilə quramanın sərhədinin yox olduğu postmodern mətnlərdə subyektin varlığı da konkret deyil. Modernizmin humanizmin təsirilə ilahiləşdirdiyi insan, postmodernizmdə ilahilik mərtəbəsindən yerə endirilib, oyun cəlb edilir. Postmodern mətndə modernist mətnlərdəki kimi ilahiləşdirilmiş insana ehtiyac yoxdur, çünki postmodern mətnlərin onun vasitəsilə demək istədiyi konkret mesaj yoxdur.

Obraz

Modernist romanda reallıqla əlaqəsi olan obrazlar, postmodern romanda gerçəkliklə əlaqəsini tamam kəsir. Türk ədəbiyyatşünası Yıldız Ecevit posmodern obrazın ilk rüşeymi kimi Kafkanın əsərlərinə müraciət edir: " Kafkanın "Məhkəmə" romanında məhkəmənin, "Qəsr" romanında qəsrin, ya da "Çevrilmə"də böcəyin konkret olaraq nəyin qarşılığı olduğu bəlli deyil, konkret bir şeyi simvolizə etmirlər, alleqoriya da deyillər. XX əsrin ilk yarısında Kafkanı araşdıran bir çox alman ədəbiyyatşünasları axırda çözə bilmədikləri bu obrazların adına müstəqil alleqoriya dedilər." Postmodern romanın təklif etdiyi bu individual obrazlar, məcazlar əsərin oxucu tərəfindən şərh edilməsinə, yəni romanın açıq mətn olmasına imkan yaradır.

Müəllifin ölümü

Postmodern roman üzünü tamamilə oxucuya tutur. Bütün cəhdlər statik olmayan dil yaradıb oxucu üçün mümkün qədər yozuma,şərhə açıq mətn yaratmaqdır. Mətnin yozuma açıq olması mətnin hər oxucuda ayrı-ayrı mənalara gəlməsinə imkan yaradır ki, bu da əsəri birqatlı, bir mənalı olmaqdan çıxardır. Bu vəziyyət yaranması üçün müəllifin də mətnə oxucu kimi yanaşması vacibdir. Postmoderizmin nəzəriyyəçilərindən Rolan Bart yazır ki, onun görmək istədiyi mətnin arxasındakı müəllif (author) yox, mətni oxuya-oxuya yazan, "ehtimal olunan", çox vaxt elə Rolan Bart olan oxucudur. Başqa sözlə, əsas müəllif yox, mətnin oxucu ilə əlaqə yaratmaq formasıdır. Barta görə bu müxtəlif cür təzahür edir : "Gah yazı prosesinin suç ortağı olan oxucu, gah mətnə müxalif olan oxucu, gah mətndən narahat olan oxucu, gah da oxumaqdan həzz alan oxucu."

Təkrar

Mənanı bulanıqlaşdırmaq, konkretlikdən, birqatlılıqdan çıxarmaq üçün postmodern əsərlərdə sözlər və hətta hadisələrin təkrarlanır. Bunu ən çox Alain Robbe Grilletin öz romanlarında istifadə edib. Təhkiyədə təkrarlardan istifadə həm təhkiyənin sürətini yavaşladır, həm düşüncəni asılılığa çevirir.

Formalizm

Kökü rus strukturalistlərinə gedən formalizm anlayışını qısaca belə izah edə bilərik : bir romandakı personaj, məkan, zaman, ya da əlavə ünsürlər romançının demək istədiyini deməkdən başqa bir işə yaramayan şeylərdi. Rus nəzəriyyəçi Viktor Şklovski bunu belə izah edir : "Don Kixot əslinə qalanda xarakter deyil, eləcə Servantesin ayrı-ayrı fikirləri, əhvalatları nəql etmək üçün istifadə etdiyi bir vasitədir."

Modernist romandan posmodernist romana dəyişən roman yazma prosesini türk alim Mustafa Kutlu belə ümumiləşdirir : " Əvvəllər romançıların məqsədi "problemi nəql" etmək idi, indi isə "problem" yoxdur, indi yalnız "nəqletmə" var."

Yıldız Ecevit isə belə yazır : "Türk oxucusu sosiallığı sevən oxucudur. Buna görə də romanı bir sənət nümunəsi kimi mənimsəmir, onu zövq üçün oxumur. Türk oxucusu yazıçını hələ də sosioloq, psixoloq, bələdçi, nə bilim, militan hesab edir. Oxucunun bu gözləntisini təmin etməyən usta yazıçılar isə - məsələn Oğuz Atay kimi - uzun müddət diqqətdən kənarda qalıb. Formalizm, üslubçuluq türk ədəbiyyatında az qala estetik cinayət hesab edilir"

Dil

Postmodernizm dilin konkret olmasına inanmır, dilin gerçəkliyi tam təmsil və təsvir edə biləcəyini inkar edir, buna görə də əsərlərdə dil oyunlarına gedərək oxucunun mətni başa düşmə cəhdlərini sındırır. Dil oyunları vasitəsilə postmodern əsərlərin vektoru real həyat yox, intertekstual dünyadır.

Poststrukturalist Jak Derrida strukturalist Fernind De Sössürlə dilin, yəni göstərənin, göstəriləni təmsil etmədiyi fikri il razıdır, lakin onun göstərinin göstərənlə izahında alim kimi konkret qənaətlərə varmaq cəhdinə gülür. Derridaya görə məna həmişə özünü ertələyir, yəni məna davamlı deyil, o, hər oxucuda ayrı cür təzahür edir. Deməli "gerçək", "doğru", "konkret", "mütləq məna" kimi şeylər ola bilməz.

Postmodern anlayışa görə yazıçının "mən burda bunu demək istəmişəm" deməsi absurddur.

Təhkiyəçi-oxucu münasibətləri

Postmodern romanda ( təhkiyədə ) təhkiyəçi personajdır. Təhkiyəçinin oxucu ilə münasibəti romantik ədəbiyyatda rastımıza çıxan və "ey oxucu" deyən təhkiyəçi tipindən fərqlidir. Postmodern romanda təhkiyəçi sadəcə hadisəni nəql edən deyil, o, artıq romanın əsas hissələrindən biridir. Və bu təhkiyəçinin nəqletmək başqa ona diqqətlə qulaq asan oxucu ilə zarafatlaşmaq, məzələnmək, onun zəkasını aşağılamaq, oxucunun oxuduğu mətni layiqincə qiymətləndirib-qiymətləndirmədiyini müəyyənləşdirmək və oxucunu aktiv olaraq mətndə iştirak etməyə dəvət etmək kimi vəzifələri var.

***

Postmodern kinonun ideoloqlarından sayılan Kventin Tarantinonun manifestal xarakterli bir ifadəsi var : "Bir növün içinə baş vurub, ordan əvvəllər xoşuma gələn şeyləri götürməyi və onları yeni formada təqdim etməyi sevirəm." Tarantino kult olmuş "Kriminal qiraət" ( Pulp fiction) filmini çəkəndə 31 yaşı vardı. Gənc olmasına baxmayaraq, öz epoxasının, dövrünün dilini ustalıqla mənimsəyən Tarantino, media erasının, ya da "simulyativ kainat"ın hər yerə dolduğu bir vaxtda öz reallığını yaradan və öz yaratdığı reallıqdan xarici reallığa baxan bir nəslin ən önəmli təmsilçilərindən oldu.

Tarantino vasitəsilə postmodern kinoda intertekstuallıq anlayışı aktuallaşdı.

İntertekstuallıq postmodernizmin kəşfi deyil ; bu fənd postmodernizmdən əvvəlki cərəyanlarda da olub. Lakin postmodernizmlə belə demək mümkünsə daha çox bütövləşib. İntertekstuallıq bir mətnin, yaxud filmin özündən əvvəlki əsərlərdən nəsə daşıdığını deyir və sənətçi bunu qabartmaqla, özündən əvvəlki mətnlərdən müəyyən hissələri açıqca öz əsərində istifadə etməklə, yaxud hansısa əsərə eyham vurmaqla orjinallıq, mütləqlik, müəllifin avtoritar mövqeyinə ironiya edir, yaratdığı əsərin sadəcə bir əsər olduğunu demək istəyir.

Tarantino bu üsuldan ustalıqla istifadə edir. Müəyyən mənada demək olar ki, Tarantinonun söykəndiyi ənənə Ridli Skotun "Blade runner" filmiylə başlayan ənənədir. Tarantinodan sonra isə bu ənənəyə söykənən "Matriks" filmi növünün ən yaxşı nümunələrindən, postmodern kinonun şedevrlərindən hesab edilir.

Ardı var...

# 4509 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #