İsmayıl Şıxlının söyüşü

İsmayıl Şıxlının söyüşü
10 sentyabr 2015
# 09:20

Tapşırıq 136. Mətni köçürün, vulqar sözlərin nə məqsədlə işləndiyini söyləyin.

Otağa gur və zəhmli bir səs yayıldı:

- İtil, burdan, küçük!

Şamxal atasının qolundan tutub dartındı:

- Burax deyirəm sənə!

- Kəs səsini, qancığın balası!

- Ağzını təmiz saxla, dədə!

- Kəs deyirəm qancıqdan süd əmən!

- Südümə söymə!

- Ə, qoduq, mənim üstümə şeşələnirsən?!

(İsmayıl Şıxlıdan)

Məlumunuz olsun ki, bu 10-cu sinif şagirdləri üçün nəzərdə tutulmuş Azərbaycan dili dərsliklərinin birindən bir tapşırıqdı. Tapşırıq dərslikdə 90-cı səhifədə yer alır.

Sosial şəbəkələrdə tez-tez həmin səhifənin şəkli paylaşılır və istifadəçilər tökülüşüb tənqid edirlər. Yer-yerdən dərslik müəlliflərinin ünvanına tənqid atəşləri yağdırılır.

Tapşırığın şərhindən də göründüyü kimi şagirdlərə dilimizdəki vulqar söz və söz birləşmələri haqqında məlumat vermək üçün bu nümunə verilmişdir.

Əslində İsmayıl Şıxlının məşhur “Dəli Kür” romanından götürülmüş bu hissəni də, romanın özünü bütövlüklə oxumaq üçün də onuncu sinif şagirdləri kifayət qədər böyüyüblər. 16 yaşlarına çatıblar və bu da “16+” mətndir.

Əslində tapşırığın şərhi məni daha çox qıcıqlandırdı. Necə yəni mətndəki vulqar sözlər nə məqsədlə işlədilib?! Söyüşü niyə söyərlər?!

Mətndəki nümunədən də göründüyü kimi Azərbaycanda kişilərin öz qadınlarını söyməsi, təhqir eləməsi, aşağılaması yayğındır. Hətta bunu uşaqlarının yanında da eləməkdən çəkinmirlər. Görürsünüz ki, kişi oğlunun anasına söyür! Atasına yox! Çox dəhşətli bir reallıqdı. Amma bu belədir. Yazıçı realistcəsinə yazıb.

Hələ də uşaqlarının analarını üzünə söyən atalar yüzlərlədir. Uşaqlar gözlərini açandan bu söyüşləri eşidə-eşidə böyüyürlər. Guya ki, onuncu sinif şagirdləri söyüş nədir bilmirlər ki?!

Məktəb dəhlizlərində, oyun meydançalarında oğlan uşaqları daha betər söyüşləri bir-birinə söyləyirlər.

Vulqar söz və söz birləşmələri də dilimizin tərkib hissəsinə daxildir. Özü də bizim xalq qədər istedadlı söyüş söyən xalq yoxdur. O qədər istedadla söyüş söyür, qarğış edirik ki!

Rasim Qaracanın məşhur arqodeyimlər kitabı var. O, illər öncə çıxardığı kitabı bu yaxınlarda daha da genişləndirib. Xalq yaradıcılığının bir forması olan arqodeyimləri hətta qoruyub saxlamaq lazımdı.

O ki qaldı uşaqların söyüş söyməyinin yaxşı, yaxud pis hərəkət olmağına, əlbəttə, nə uşağın, nə böyüyün söyüş söyməyi yaxşı əlamət deyil. Mədəni adam söyüş söyməkdən qaçmalıdır. Dilini təmiz saxlamağı bacarmalıdır. Dilinin gözəlliyini qoruyub saxlamalıdır.

Amma söyüşü biz həddindən artıq böyüdürük. Atalar uşaqlarını söyə-söyə böyüdürlər, amma həm də onları elə tərbiyə edirlər ki, söyüş söyməyə görə adam öldürsünlər. Ölkəmizdə hər il onlarla adam söyüş üstündə bıçaqlanır, öldürülür və s.

Halbuki, onlar dilimizin tərkib hissəsinə daxildirlər. Uşaqlar bu deyimlərdən tapşırıq yazır, qiymət alırlar.

Necə ki, doqquzuncu sinif biologiya dərsliyində qadın və kişi cinsiyyət orqanlarının quruluşundan bəhs edən paraqrafları uşaqlarımıza öyrətməyi ayıb hesab edirik, ana dili dərsliyində də vulqar ifadələrdən bəhs edən paraqrafı öyrətməyi elə ayıb bilirik. Çox qəribədir.

Son olaraq: ingilis dilində söyüş söymək də, and içmək də “To swear” kəlməsiylə ifadə olunur. Bəlkə də ingilislər söyüşü bir o qədər də ciddi qəbul eləmədiklərinə görə söyüş üstündə adam öldürmürlər.

Köhnə şeirlərimdən birində belə misra vardı: “Şərq kişisinə hər şeydən çox təsir edir sözlər!”

# 1921 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #