"Çoşşa"nın müdrikliyi

"Çoşşa"nın müdrikliyi
13 yanvar 2014
# 16:30

Cəmiyyətimizdəki naqislikləri, insanların nəfs və qürurun əsiri olduğunu gördükcə yadıma Mirzə Əbdürrəhim Talibovun "Kitab yüklü eşşək" əsərinin qəhrəmanı "Çoşşa"nın nəsihətləri düşür, bu heyvanın insana münasibətini tez-tez xatırlayıram. Bəlkə, kimsə düşünər ki, bu qədər peyğəmbərlər, üləmalar, alimlər ola-ola niyə məhz eşşəyin- Çoşşanın nəsihətləri? Təsəvvür edirsinizmi, insana bir dahi yol göstərir, öyüd-nəsihət edir, amma biz buna o qədər əhəmiyyət vermirik və ya dəyərləndirə bilmirik. Çünki nəsihət edən birmənalı şəkildə hamıdan üst mövqedədir və onun dedikləri qəbul ediləndir və bu, təbiidir. Amma mədəni səviyyəsinə, savadına görə özündən qat-qat aşağıda olduğunu qəbul etdiyin biri səni tənqid edərsə və yol göstərərsə, bu tənqidlər və iradlar həqiqəti əks etdirərsə, o zaman analar demiş, "adamın yeddi qatından keçər".

Bir insan oğlu olaraq, həmcinsimin heyvan tərəfindən haqlı tənqidi mənə çox ağrı verir. Bəşəriyyət binayı-qədimdən bu günə didaktik materiallarla tərbiyələnməyə, həyatı dərk etməyə vadar edilsə də, virtual bir dünya olmasına baxmayaraq, bir metr torpaq üçün hələ də qan tökür, hərisliyinin qurbanı olur, hər gün bir addım əxlaqsızlığa doğru sürüklənir. Mövhumatın və cəhalətin içində çırpınır. Şəxsi mənafelər bəşəri mənafeləri tapdalayır və insan oğlu bu eybəcərlikləri özünün uydurduğu şeytanın boynuna atır. Hərdən cəmiyyətimizi bu cür görəndə Tanrının niyə məhz indi peyğəmbər göndərmədiyini də düşünür insan. Axı insanların düzgün yola çəkilməsi üçün bu gün müdrik sözünə daha çox ehtiyac duyulur.

Sonra da düşünürsən ki, bəlkə, cəmiyyətin pozulmasına peyğəmbər kimi tanıdığımız Adəm və onun həyat yoldaşı Həvva səbəb olub? Kini də, xəyanəti də, qardaş qanı tökməyi, oğurluğu, etdiklərini ört-basdır etməyi də biz insanın əcdadı sayılan Adəm və onun ailəsindən öyrəndik. Bəlkə də, bu əfsanə insanın mayasında nələrin olduğunu, nə ilə yoğrulduğunu göstərmək üçün yaradılıb və "sən daxilən bu cürsən"- deyə yaradanın bizə mesajıdır?

Əsərin ən maraqlı tərəfi isə insanın eşşəklə müqayisəsidir. Niyə it yox, at yox, meymun yox, məhz "Kitab yüklü eşşək"? Çünki bütün insanlar ən qaba, mədəniyyətsiz, avam, dünyadan bixəbər, tənbəl, özündənrazı adamları eşşəyə bənzədirlər. Hətta bu işgüzar və insanın bütün əzablarına daima boyun əyən heyvanın adını çəkəndə qarşı tərəfdən üzr də istəyirik. Bəlkə də, bu üzrü kimisə eşşəyə bənzətdiyimiz üçün eşşəkdən istəməliyik? Eşşək yeganə varlıqlardandır ki, insanla dostluğunun tarixi bilinmir. Həmişə, hər yerdə insana gərəkli olan bu heyvan, sadəliyinə və təvazösünə görə daima tənqidə və təhqirə düçar olur. Ədib eşşəyi bu səbəbdən seçmiş olmasın?

Digər tərəfdən əsərin adındakı ironiya çox maraqlıdır. Bəlkə də, bu adı seçməkdə müəllif elmlə, dünyagörüşlə, şüala əhatə olunmuş insanı leksikonumuzda özünə xüsusi bir məna daşıyan eşşəklə müqayisə edir. Nə qədər məlumatlı və ağıl sahibi olsa da, insanı şüursuz, savadsız, gördüklərini dərk etməyən, yaxşılıqla pisliyi dəyərləndirməyi bacarmayan bir eşşəkdən fərqi yoxdur demək istəyir. Günümüzdə də adam olmağı bacarmayan, dəblə ayaqlaşmaq üçün kitab oxuyan, oxuduqlarına görə özünə ən yüksək dəyəri verib ən ali bir insan kimi təqdim edən, əldə etdiyi bilik və bacarıqları təbiətin məhvinə yönləndirən, vəhşi təbiətin ən vəhşi varlığına çevrilən, şəhvət və şöhrətin əsiri olan yüzlərlə insan görə bilərik. Boğazında qalstuk, gözündə ziyalılığın simvolu kimi dərk etdiyi eynək, əynində kostyum olan kor əbləhlər kitabla yüklənmiş eşşəyi xatırladır. Xisləti isə demona xidmət etməkdir.

Düzdür, bu əsərə qədər istər bizim, istər şərq, istərsə də dünya ədəbiyyatında alleqorik yolla insanları tərbiyə etmək arzusunda olan böyük müdriklər olmuşdur. Lakin Əbdürrəhim bəy Talıbovun "Kitab yüklü eşşək" romanı əvvəlki əsərlərdən fərqli olaraq mövzuya yanaşma, heyvanın müşahidəsi ilə insanların tənqidi, məktub vasitəsi ilə əvvəlki sahibinə müraciəti, sondakı sual-cavabı insanı daha çox düşündürməyə vadar edir.

Bu baxımdan, böyük şəxsiyyət Əbdürrəhim bəy Talıbov cəmiyyətin eybəcərliklərini, insanın ən vəhşi "heyvan" olduğunu bu kiçik romanında böyük ustalıqla əks etdirib.

Çoşşanın dilindən deyilən aşağıdakı cümlələr insan xislətini aydın şəkildə ehtiva edir:

-Yerin, göyün ən şərafətlisi olmaq iddiası ilə bütün varlığı özünün alçaq məqamı hesab edən Sizin tayfanızdan hər kim səhər tezdən durub sübh vaxtı bir avaz çəksə, cümlə cəhana nə minnət qoyduğunuzu və özünüzü necə öydüyünüzü, cənab ali, bilərdiniz. Guya, gecə yarısı yuxudan durub alınlarını torpağa qoymaqla aləmi torpaqdan qaldırmışlar!.. Biz uzunqulaqlar zümrəsi isə dan yeri sökülməmiş ayılıb, lovğalanmadan, heç kəsə minnət qoymadan ruzimizə şükür edirdik. Bu məziyyət və üstünlüklərlə fazillərin əşrəfi ( gözəl əxlaqa malik insanların ən şərəflisi deməkdir. Burada ruhanilərin riyakarlıqlarına işarə edilmişdir) olmağa ləyaqətimiz vardır.

Bu abzasda müəllif əbalı, əmmaməli, görüntüdə ibadətkar görünən saxtakarlara işarə edir. Əslində, onlar ədalətə, bəşəriyyətə ibadət etməli olduqları halda, nəfslərinin və qarınlarının ibadətkarlarıdır. Bu cür ibadətkarlar dünyanın və bir qisim zəkalar tərəfindən din adlı bir məfhumun yaranışından sonra ortaya çıxmışlar. Arzularının ən alt qatında öz mənafeləri dayanan insan tipləri bu dünyadakı hökmranlıqlarını bu cür qurmuşlar və öz düşüncələrində olanlar üçün sanki bir sərmayə qoymuşlar. Digər bir qisim insan isə bu üləmaların arxasınca kor-koranə gedir, hansısa dinə mənsub olduqları üçün tanrının sevdikləri sırasında olduqlarını zənn edir, ona bəxş edilmiş bir ömrü bihudə xərcləyir.

- Mənim əziz ağam cənab aliyə məlumdur ki, eşşək ilə öküz arasında istər zahiri cəhətdən və istərsə xasiyyət etibarilə çox fərq vardır. Lakin bir sıra gözəl sifətlərdə hər iki cins bir-birinə oxşarsız da deyildir, o cümlədən xeyirxahlıqda: bir otlaqda çoxlu uzunqulaq ilə qaramal bir-birinə o qədər də əzab-əziyyət yetirmədən otlayır. Cənab ali, insafla deyiniz ki, bir stulda iki nazirin əyləşməsi və yaxud bir məmləkətdə iki əmirin (ərəbcə əmr verən mənasını daşıyır. Şərqdə “hökmdar”, “padşah” mənalarında da işlədilir.) hökmranlıq etməsi mümkündürmü? Nəfsin əsiri, ehtiras və tamahkarlığın düşkünü olan yaranmışların ən şərəflisi sizlər öz ləyaqətsizliyinizlə bərabər lovğalığın şiddəti üzündən dünyəvi məsələlərdə həmişə mücərrədlik və tənhalıq axtarırsınız.

- Biz eşşək tayfasının sizlərdən üstünlüyümüzdən biri budur ki, öz iştahımız qədər yeyib doyduqdan sonra sabahın azuqəsi və ehtiyatı fikrinə düşmərik. Çünki Allahı ruzi verən hesab edirik. Sizlər isə ilahi nemətlərdən faydalandığınız zaman ləzzət aparmaq, şükür etmək əvəzinə, azuqə və ehtiyat toplamaq xəyalı ilə öz hisslərinizi korlayır, nə yediyinizi belə bilmirsiniz.

"Ən vəhşi heyvan insandır". İnsan yaradılışdan kamil yaradılmayıb, ona kamilləşmək üçün imkanlar verilib. Bu imkanlar isə sonsuzdur.

İnsanı ən vəhşi heyvan halına gətirənlərdən birincisi düşünmə bacarığının olmasıdır. Düşündükcə uzaqlara baxar, uzaqlara getmək istər, uzaqlara getmək istədisə, əlindəkilər yetməz, bu zaman ətrafındakıları özününkü etmək istər, bunu bacarmadıqda isə əldə etmək üçün ən iyrənc yollar axtarıb tapar. Bu yollar isə qan-qada ilə yoğrulub. İçindəki nəfs ona bölüşməyə imkan verməz. Yaradılışın tək olduğunu düşündüyündən daima həmişə tanrısına oxşamağa çalışar: hər şeyə sahib, hər şeyə qadir, istədiyini edə bilən biri. Amma heç düşünmür ki, dünyaya gəlməsinə səbəb olan iki qüvvə var: qadın və kişi. Bəlkə elə yaradan da ikidir? İkilidir ki, dünyadakı tarazlıq qorunsun, ikilidir ki, bərabərlik bərqərar olsun.

- İkincisi, sizin təbiətinizə zəruri olan, özünüzə eyş-işrət üçün əsas şərt bildiyiniz yalan dolu həyatınız öz təbii təravətindən kənara çıxaraq, nəhayət dərəcədə natəmiz və üfunətli olmuşdur. Bu üfunətli mühitdən qurtarmağınız qeyri-mümkündür. Siz yalanla doğuldunuz, yalan mühit içərisində böyüdünüz, yalan içərisində də həyat sürdünüz. Adətinizi necə tərk edə bilərsiniz? Danışıqlarınız başdan-ayağa yalandır, dedikləriniz düşündüklərinizin əksinədir. Buna görə də yalan sizin üçün ikinci təbiət olmuşdur. Pis xasiyyət bir adamın təbiətinə ki oturdu...

- Avropalılar özlərini sərvətli və mədəni hesab edirlər. Bilmək lazımdır ki, onlardan yalnız az bir qismi var-dövlət sahibidir. Əslində, başağrısı olan bu hay-huy içərisində onlar özləri də israfçı axmaqlar və bədbəxt vəhşilər kimi yaşayırlar, bunu da özləri üçün xoşbəxtlik hesab edirlər. Qalanları isə mütləq yoxsul və həqiqi mənada möhtacdırlar.

Əsərdən gətirdiyimiz bu fikirlər qəhrəmanın bəşəri problemlərə səthi yanaşmadığını göstərir. Hiss edilir ki, eşşəyin adı ilə müəllif böyük bir fəlsəfə yaratmış, bəzən də tarixi əhvalatlarla zəngin biliyə malik olduğunu göstərmişdir. Məhz bu səbəbdəndir ki, oxucunun Çoşşaya böyük rəğbəti yaranır, onu sanki bir ustad filosof kimi dinləyir, hər fikrinə hörmətlə başını yelləyir. Düz dediyini təsdiq edir.

f.ü.f.d., dos. Şəmil Sadiq

# 1774 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #