Ədəbiyyata hörmətlə...

Ədəbiyyata hörmətlə...
6 sentyabr 2016
# 12:32

Ədəbiyyata dair qarşılaşdığım hər nə varsa, mənim üçün doğma və müqəddəsdir. Kitab, jurnal, qəzet, lap üzərinə xırdaca hərflərlə ədəbiyyat kəlməsi yazılan kağız parçası belə mənə bu doğmalığı, müqəddəsliyi hiss etdirir. Məndən olsa bu adda teatr, kinoteatr, park, kafe yaradardım. Və yaratdığım məkanların içərisinə səhifələrində səmimiyyət, müdriklik, sevgi və digər insani hisslərdən bəhs edən kitablar alıb yığardım. Sadaladıqlarımla yetinməyib bu şərəfli sözü iri hərflərlə plakatlara yazıb yolayrıclarına yapışdırardım. Çünki, insanlığı işığa aparıb çıxaracaq gücün adı ədəbiyyat və yenə də ədəbiyyatdır.

İndi yazacaqlarım bəlkə də yuxarıdakı fikirlərimlə ziddiyyət yaradacaq. Amma bir halda ki, yazırıq həqiqəti söyləməkdən başqa əlimizdən bir iş gəlmir. Beləliklə, ədəbiyyatın adını yolayrıclarına yazıb yapışdırmaq istəyən bəndəniz hələ lap çoxdan bilirdi ki, bu məmləkətdə “Ədəbiyyat qəzeti” nəşr olunur. Amma nə gizlədim, həmin qəzetin səhifələrinə toxunduğum zamanlar çoxdan unudulmuşdu. Son illər mətn adı altında verdikləri yazılarla, bayağı şeirlərlə rastlaşmağım gözümü o qədər qorxutmuşdu ki, ümidim hər yerdən üzülmüşdü. Əlqərəz, məni yenidən qəzetə qaytaracaq hansısa istedadlı möcüzənin baş verməsindən əmin deyildim. Bu səbəbdən də hissə qapılıb özümü aldatmaq ürəyimə toxunurdu.

Bu cür fikirlərlə zaman-zaman qafa yorarkən bir də gördüm ki, qəzet köşkündən “Ədəbiyyat qəzeti”ni alıb yola düzəlmişəm. Şaxtalı fevral ayı idi. Qəzetdə “Mənim üçün qızılgül” adlı hekayəm çap olunmuşdu. Evə çatanacan əlimdə tutmuş olduğum qəzetə bir qədər ürkək nəzərlərlə baxırdım. Vərəqləri çevirdikcə içimdən gələn bir səs yanıldığımı mənə sübut etməyə çalışırdı. Daha sonra bu səsə qəribə bir təəssüf hissi də hay verdi. Həmin qəzeti bir günün içərisində oxuyub bitirdim. Kitab kimi... Daha sonra bilgisayardan pdf variantları tapıb oxumağa başladım.

Kimlər yox idi burada? Xüsusən də gənc imzalardan şəxsən tanıdığım və tanımadığım, amma yazılarını, şeirlərini oxuduğum şairlərin, yazıçıların şeir və hekayələri, tərcümələri, əsərlər haqda resenziyalar, mətnlərin astarını üzünə çevirən yazılar məni qəzet haqda daha nikbin fikirlərə yönəlməyə səsləyirdi.

Mirmehdi Ağaoğlu, Cavid Zeynallı, Fərid Hüseyn, Hədiyyə Şəfaqət, Cavidan, Günel Eyvazlı, Könül Həsənqulu, Xatirə Nurgül kimi maraqlı və perspektivli imzalar ürəyimi açmırdı desəm yalan olardı.

Qəzet bu gün xüsusilə ilə tərcümə sarıdan üzləşdiyimiz boşluğu doldurur, Əyyub Qiyasın, Kənan Hacının tərcümələri ilə bu sahədə olan ciddi qüsurları kənara itələyirdi. Çoxdandı axtardığım lakin, izinə davamlı olaraq düşə bilmədiyim tənqidi yazılar istər çağdaş poeziyamız, istərsə də nəsrimiz haqda aktual olan problemlər tənqidçi İradə Musayevanın, Elnarə Akimovanın və Mətanət Vahidin qələmi ilə üzə çıxırdı.

Tarixi şəxsiyyətlər, yazıçılar, şairlər, rəssamlar haqqında maraqlı məqalələr də vaxtaşırı oxucuların ixtiyarına verilirdi. Bayaqdan sadaladıqlarımın heç biri quruca söz deyil. Fikrimcə, “Ədəbiyyat qəzeti” ədəbi mühitdə gənclər üçün açılan geniş bir pəncərədir. Bu pəncərədən istedadı olan hər kəs, xüsusən də gənclər rahatlıqla boylana bilərlər. Necə ki, boylanırlar. Və bütün bu rahatlığı biz gənclərə bəxş edən artıq iki ilə yaxındır ki, qəzetin inkişafı üçün əlindən gələni əsirgəməyən, ora istedadlı insanların toplaşmasına var gücü ilə qeyrət göstərən qəzetin baş redaktoru Azər Turandır.

Çox istərdim ki, ədəbiyyat adlı işığı sönməyə qoymayan, onun daha da gur, parlaq şəfəq saçması üçün əlindən gələni əsirgəməyən, istedadlı gənclərə cığır açan “Ədəbiyyat qəzeti” çıxdığı bu nəcib yol yolçuluğundan usanmasın.

Çünki indi gerçək ədəbiyyat sevgisinə, zövqünə və sözünə ehtiyacımız böyükdür.

# 3204 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #