Dini lağa qoyanlar

Dini lağa qoyanlar
27 iyun 2017
# 15:39

Uzun müddətdir fikir verirəm, bir sıra yazarlar, jurnalistlər sosial şəbəkələrdə də, real həyatda da diqqət cəlb eləmək, gündəmə gəlmək, söz-söhbətin mərkəzində olmaq üçün inanclı insanların hissləri ilə oynayır, onları alçaltmaqdan zövq alırlar. Dinlə məzələnirlər, orucu tutanları ələ salırlar, namaz qılanlara gülürlər... Guya özləri çox inkişaf edib, dünyanın yaranışını, gəlişini-gedişini dərk ediblər, indi də inanclı insanlara dırnaqarası baxırlar.

Məni bir sual düşündürür. Oruc tutmursan? Tutma! Namaz qılmırsan? Qılma! Dini qəbul eləmirsən? Eləmə! Bəs oruc tutanları, namaz qılanları niyə təhqir edirsən, niyə alçaldırsan? Məqsədin nədir? Nə qədər adam tanıyıram ki, məişət problemlərinin əlində aciz qalıb, evi yoxdur, kirayənin pulunu çatdıra bilmir, qayınanasından zəhləsi gedir, arvadı ilə yola getmir, axırda hirslənir, əsəbiləşir, dini söyməyə başlayır. Namaz, oruc və başqa dini ayinlər haqqında ağzına gələni danışır. Bu, nə deməkdir? Axı sənin problemlərinin səbəbi dində deyil. Sənin cəmiyyətdə normal insan kimi dolana bilməməyinin günahkarı kimdirsə sözünü ona deməyə hünərin çatmır, bəs dini niyə söyürsən? Axı hədəf din deyil.

Çox da dərinə getməyən müxalifətçilər demişkən, cəmiyyətimizdə problemlər çoxdur, məmur özbaşınalığı, bəzi-bəzi yerlərdə rüşvət halları mövcuddur, amma adamın başı üstündə Allah var, Azərbaycan din azadlığı baxımından normal bir ölkədir. Din dövlətdən ayrıdır. Heç kim heç kimə məcbur etmir ki, namaz qıl, oruc tut, hicab bağla... Və adını çəkmək istəmədiyim yazarlar, jurnalistlərə qol-qanad verən elə din azadlığıdır. Onlar isə elə bilir ki, din azadlığı inanclı insanların hissləri ilə oynamaqdır. Yox! Din azadlığı odur ki, sən oruc tutmaya da bilərsən, namaz qılmaya da bilərsən, hicab bağlamaya da bilərsən...

Sözü qoyub sözə keçmək olmasın. Bir qəzet redaktoru var. Bütün günü İslam dini haqqında ağzına gələni danışır. Qəzetinin yaxşı maliyyə mənbəyi də var, hər ay yaxşı pul verirlər. Ölkəmizdə İslam Oyunları keçirilirdi. Maliyyə mənbəyi baş redaktor tapşırdı ki, bir ay ərzində islam mədəniyyətini təbliğ eləsin, islam həmrəyliyi haqqında yazılar yazsın, yazdırsın, qəzetində versin. Ağzı nədir nəm-nüm eləsin. Həmin adam düz bir ay müvəqqəti din xadimi oldu.

Ölkədə belə insanlar çoxdur. Hər dəfə onları guya cəhaləti tənqid etmək adı ilə inanclı insanları alçaldan fikirlərini görəndə mən İslam dinini daha çox sevməyə başlayıram. İkincisi, dini tənqid etmək üçün gərək elə bir mənəvi ucalıqda olasan ki, insan tərəddüd eləsin, öz inancı ilə sənin aranda qalsın, bilməsin hansını seçsin, axırda qərara gəlsin ki, demokratiyadır, fikir, din azadlığıdır, qoy o, bu cür düşünsün, mən isə öz əqidəmdə qalım.

Sənin satmadığın dəyər qalmayıb, heç bir əxlaq ölçüsü tanımırsan, vicdan yox, daim şəri müdafiə eləyibsən, ictimai-siyasi həyatımızla bağlı bircə dəfə də olsun dilindən düz söz çıxmayıb, bəs mən niyə sənin sözünlə öz dinimdən, inancımdan dönməliyəm? Nəyə görə? Sən hansı mənəvi dəyərin daşıyıcısısan ki, öz inancına görə bir ay ac qalan, gündə beş dəfə Allaha ibadət edən, həmişə halal yaşayan, dilinə yalan söz almayan, əxlaqlı bir insan sənin sözünlə dəyişsin, dinindən dönsün?

Başqa bir tərəfdən, axı sənin məqsədin insanları maarifləndirmək deyil. Axı sənin cəmiyyət adında bir dərdin də yoxdur. Sadəcə, insanlarla mırt tutursan. Radikal dindarların törətdiyi əməllərlə radikal dinsizlərin əməlləri arasında fərq nədir? Biri adamı fiziki cəhətdən öldürür, o biri mənəvi cəhətdən. Guya bunlar müasir dünyəvi təfəkkürə malikdirlər. Guya qeyri-adi insandırlar.

# 2813 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #