Rusiyaya gedən azərbaycanlının kədərli tarixçəsi

Rusiyaya gedən azərbaycanlının kədərli tarixçəsi
17 oktyabr 2019
# 13:30

Kulis.az İnqilab Quliyevin “Mən haradan biləydim” yazısını təqdim edir.

Babamın sağ vaxtları idi. Maddi vəziyyət sarıdan korluq çəkmirdik. Ya da bunu hiss edəcək yaşda deyildim. Babam sovet vaxtında uzun illər neftçilik edib - mühasib imiş, yaxşıca qazanıb, elə qazandığını da kefinə, yeyib-içməyinə, gəzib-görməyinə xərcləyib. Təqaüdə çıxandan sonra da yaxşı təqaüd alırdı. Kənd yerlərində nisyə alver həmişə populyar olub. Məncə, olacaq da. Adətən, nisyə alver böyük yaşayış yerlərində, bir-birini tanımayan insanların yaşadığı ərazilərdə mümkün olmur. Bizim kənddə isə digər əksər kəndlərdə olduğu kimi hər kəs hər kəsi ənkə-böyüyünə qədər tanıyırdı. Daimi alver etdiyimiz mağaza babamın qardaşı oğlunun mağazası idi. İstədiyim vaxt mağazaya girib, istədiyim şeyi götürüb çıxırdım. Elə bilirdim ki, havayıdır. Daha doğrusu, bilmirdim. Yəni bu aldığım şey-şüyün qarşılığında bir şey verildiyindən xəbərsiz idim. Əslində, bu haqda düşünsəydim gedişatı özüm üçün aydınlaşdırardım. Sadəcə, düşünmürdüm. Yəni düşünəcəyim şeydən xəbərsiz idim. Qatıq deyə bir ağartı məhsulu olduğundan xəbəri olmayan adam qatığın turşuyub-turşumadığını özlüyündə necə müzakirə edə bilər ki?! Hə... Onu deyirdim axı, sən demə, ay boyunca mağazaya girib, götürüb, çıxdığımız şey-şüylərin pulunu bizimkilər ayın axırında verirmişlər. Mən haradan biləydim?!

Əvvəllər kəndlərdə sayılı sayda xeyriyyəçi insanlar olurmuş. Kənd mağazalarına girib, bütün nisyə dəftərini açıb, kəndçilərin borclarını ödəyib gedirlərmiş. Bəzən də mağaza sahibindən xahiş edirmişlər ki, səni and verirəm kapital məbədinə, kimliyimi kimsə bilməsin. Kimisi sinəsini qabardaraq borcunu ödəmək məqsədi ilə mağazaya girəndə borcunun silindiyini öyrənirdi, kimisi də boynu-bükük halda evdəki vəziyyəti ifadə edən cümlələri ağızından tökə-tökə içəri girərkən:

- Ay İsmət, valla deyiblər ki, birinci gün sosialı verəcəklər, alan kimi gətirib borcumu ödəyəcəm. Bir dənə yağ ver, kişi üçün də bir dənə siqaret, yaz o birilərin altına, birinci gün pulu alan kimi hamısını gətirib verəcəm.

Ardından mağaza sahibi vəziyyəti ərz edər. Bir anlıq xoşbəxtlik. Borcu ödəyənin dirilərinə dua, ölənlərinə rəhmət.

- Onda bir dənə də duz ver, ay İsmət.

Gülən qadın yeyin yerişlə evə doğru irəliləyir. Alqışlar. Pərdələr bağlanır.

Cabbar kişi də kənd mağazasına bir xeyli borcu olan bəndələrdən biri. İki-üç aydır elədiyi alver ayın axırında aldığı veteran təqaüdündən çox çıxır. Təqaüdü aldığı kimi aparıb mağazaya versə də borcu bağlaya bilmir ki, bilmir. Görür belə olmayacaq. Balaca dəstirxanını atır çiyninə, yol alır Rusyətə. Arvada deyir ki, “darıxma, siz alverinizi edin, mən hər ayın axırı pul göndərəcəm.” Gedir, iki ay sonra 40 şirvan göndərir. O biri ay 65 şirvan. Burada vəziyyət yaxşılaşır. Üstəlik, arvadı mağazaya borc ödəməyə gedəndə borcun ödəndiyi xəbərini alır. Xəbər göndərir ki, “ay Cabbar, bəs hal-qəziyyə belədir, borc ödənib, əlimizdə də bir az sən göndərdiyindən, bir az təqaüddən az-maz bir şey var, çıx gəl, ta az sürün Rusyətin küçələrində!” Cabbar fikirləşir ki, arvad darıxıb, yalan danışır, kimdir əşi mənim borcumu ödəyən?! Pah! Ölmüşdü Xankişi! İşləməyə davam.

Cabbar bu qərarı verdiyində Tula şəhərinin tulalar dolaşan bir küçəsinin tinindəki nimdaş, rütubət qoxan, taxta bir kafedə son pivəsini bitirmişdi. Qabda qalan son noxudları qabıqlarını çıxarıb, külqabının içinə atdıqdan sonra yeyirdi. Cabbar illərdir Rusiyada yaşayan xalası oğlunun yanına getmişdi. Bütün kənd əhalisi kimi o da xalası oğlunun pula pul demədiyini, gündə bir Nataşa ilə fırlandığını düşünsə də ora getdiyində tam əksi olan bir mənzərə ilə qarşılaşmışdı və Cabbar xalası oğlunun ona verdiyi yataqdan başqa heç nə olmayan, divarları rütubətdən qabıq vermiş otaqda qaldığında hələ də noxudu qabıqlı yeməyin sağlamlığa zərərli olduğuna inanıb, buna xüsusi diqqət yetirirdi.

İlk günlərdə bir azərbaycanlı vasitəsi ilə dülgər sexində işə başlamışdı. Evə ilk pulu göndərəndən sonra pəncərədən baxmaqla qapı ağzında gözləyənlərin qarnını doyura bilməyəcəyini anlamışdı. Məcbur dülgər sexindən ayrılan Cabbarın pəncərə sifarişi alarkən tanış olduğu bir müştərinin "İş lazım olsa, mənimlə əlaqə saxla'' cümləsi yadına düşdü. Əsli Rustavidən olan bu adamın restoranlarından birində aşpaz köməkçisi kimi işə başlayan Cabbar işlədiyi ikinci həftədə əlinə qaynar suyun tökülməsindən sonra məcbur qalıb, oradan da ayrıldı. Cabbar ikinci ay evə göndərdiyi pulu da dolanışığını necə, haradan, hansı pulla idarə etdiyindən baş aça bilmədiyi xalası oğlundan borc alıb göndərmişdi.

Bir neçə gün əli ilə əlləşən Cabbarın bu Tula küçələrində düz-əməlli iş tapa biləcəyi barədə çox da ümidi qalmamışdı. Lakin geri qayıda bilməzdi. Qohum-qonşunun "Getdi, orda da bir barmağa dərman ola bilmədi, suyu süzülə-süzülə qayıdıb gəldi" deməsini həzm edə bilməzdi. Bunu deyən insanların Cabbarın geri gəlməsinə sevinib, "Bay-bay! Gör kim gəlib, ə?!" deyib var gücü ilə qucaqlaşan, üç gün Cabbarı xərcə salıb, qayıtmağının sağlığına vuran insanlar olacağı isə Cabbarın qüruruna viaqra kimi təsir edirdi. Gecələr öz-özünə "Kaş heç gəlməyəydim, azdan-çoxdan, bir təhər dolanırdıq, mənə lazım idi?" tipli tənqidlər yönəltsə də sonda başını yastığın altına soxub, yatmağa çalışırdı. Təxminən, 30 saniyə sonra gözlərini açıb, "Mən hardan biləydim e, ala?" deyib, yenidən yuxuya getməyə cəhd edirdi.

Cabbar Rusiyadakı fəaliyyətini azərbaycanlıların işlədiyi bazarda özünə bir piştaxta tapıb, bir neçə il sonra sonlandıracaqdı.

Beləcə, səkkiz il keçir. Nəhayət, əldən-ayaqdan düşmüş, üz-gözünü saqqal, saqqalını ağ tük basmış keçəl Cabbar kəndə qayıdır. Görür, illərdir işləyib göndərdiyi pulla arvadı əməllicə dam-daş tikdirib. Təsərrüfatı böyüdüb. Vəziyyət yaxşıdır. Soruşur ki, “ay Tükəz, sən Həzrət Abbas, o vaxtı həqiqətən o boyda borcu ödəmişdilər?!” Tükəz iki əlini qaldırıb, “kül elə axmaq başuva!” deyib, Cabbara doğru yelləyərək, “mən o vaxt rus xaçına söyürdüm, ədə?! Dedim ki, ödənib də... Səə yalan borcum var idi?! Boş-boşuna ömrünü çürütdün orda. Mən də pulu tolazlamamaq üçün dam-daş tikdim, qoyun-quzu aldım.”

Cabbar köynəyinin döş cibindən siqareti çıxarıb damağına qoyduqdan sonra kibriti yandırıb siqaretə tutuşdurur. Başının arxasını iki aşağı-iki yuxarı qaşıyır. İlk qullabın tüstüsünü buraxır-"Mən haradan biləydim?!"

# 2706 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #