Yol əhvalatı

Yol əhvalatı
28 yanvar 2016
# 12:01

Keçən həftə sonunu qızımla kənddə keçirməyə qərar verəndən az sonra onu avtobusla getmək üçün razı salmağa başladım və ona daha romantik yol məcarası boyun oldum. Bunu zəhmətkeş və komforta o qədər də meylli olmayan yaşlı nəslin nümayəndəsi olaraq hər şeyə daha asan yollarla nail olmağa çalışan gənc nəsli tərbiyə etmənin bir hissəsi hesab edirdim.

Avtovağzalda maşından düşərkən "xalturşik"lərin "hücum"unu nəzərə almasaq, hər şey planladığım kimi gedirdi.

Bar-bar bağıran "xalturşik"lərin mühasirəsindən çıxanda semestr imtahanlarından canını yenicə qurtarmış qızım yol çantasını çiyninə alıb, təkərli çantanı arxasınca sürüyə-sürüyə şəstlə yeriyəndə ekzotik bir ölkəyə səyahət edirmiş kimi nəşəli görünürdü.

İkinci çətin mərhələ rayon avtobusu yola düşənə qədər olacaq və mənim artıq əzbər bildiyim, qızımın isə xəbərsiz olduğu proseslər idi. Sürücünün vaxtdan düz on beş dəqiqə gec tərpənib məni gənc nəslin yanında biabır etməsi azmış kimi, həmin müddətdə salona kətə, bulka və simit satan dörd dəfə, boyunbağı, sırğa və üzük satan iki, ulduz falı, tərcümə və şeir kitabı satan üç, uşaq paltarı, şərf və corab satan bir dəfə daxil oldu. Qiymətlər fantastik idi, üzük, sırğa və boyunbağı dəsti bir manat, uşaq şalvarları cütü üç manat. Bütün bunların maya dəyərini fikirləşməyə fantaziyam çatmırdı. Bu "minibazar"da ən ucuz satılan isə şeir kitabı idi. Əvvəlcə biri, sonra cütü bir manat, daha sonra qırx qəpik. Kişi şeirləri əzbər dedikcə kitabın qiymətini bir az da aşağı salırdı. Adamlar isə daş kimi donuq baxışlarla baxırdılar. Sanki etiraz etməyə də heyləri qalmamışdı. Hətta son pərdədə səhnəyə daxil olan dilənçi də onların laqeydliyinin buzunu əridə bilmədi. Qadın bir az yalvarandan sonra əliboş, "sağ-salamat ged(məy)əsiz" janrında dua edib avtobusdan düşdü.

Realist və postmodernist nəslin əsl nümayəndəsi olaraq əcnəbi dil öyrənməyi şeir əzbərləməkdən asan hesab edən qızımın üzündə heç bir təsir ifadəsi görmürdüm. Bizim eyni cür düşünməyimiz imkansız idi. O, mənim kimi şeir kitablarının müqəddəs sayıldığı, satıcıların əsl satıcı, dilənçilərin əsl dilənçi olduğu dövrdə yaşamamışdı. Söhbət dövrlərin müqayisəsindən getmir, yanaşı oturmuş iki nəslin - qızımla mənim aramdakı, düşüncəmdəki fərqdən gedir.

Avtobus şəhərdən uzaqlaşdıqca bu fikirlər də mənim beynimdən canımdakı yorğunluq kimi çıxırdı. Çiskin yağışda damları işıldayan, hansı birinin olsa qapısını ərklə açacağın kimi doğma görünən rayon evləri, yovşandan başqa heç bir mənzərəsi olmayan, göz işlədikcə uzanan torpaqlar. Və nəhayət, bir vaxtlar atamın məni yola salıb-qarşıladığı, hələ də eyni mahnılar dinlənilən, demək olar ki, heç bir ştrixi dəyişməmiş, uşaqlığımın, valideynlərimin izi yaşayan o dayanacaq. Rayon mərkəzində ora-bura vurnuxan kəndlilər, tanış olmayan doğma sifətlər, palçıqlı yollardakı az qala mənimlə yaşıd köhnə sovet maşınları...

Aranı sevmək kasıb valideyni sevmək kimidir, təmənnasız və kövrək. Mən hər dəfə bir vaxtlar xoşbəxtlik dalınca gedirmiş kimi arxama baxmadan getdiyim bu yerlərə, böyük şəhərlərlə xəyanət etdiyim o kəndə daha böyük sevgiylə qayıdırdım. O kəndə, o evə bu misraları pıçıldamaq üçün:

"Uçurumun başındayam, hızır,

Ha itdi məni, ha itəcək..."

Bəlkə xoşbəxtliyə aparan yolların sonu elə uçurumdu. Bəlkə bir vaxtlar qızım da bunu anlayacaq. Anlayacaq ki, "Karnaval" filmində deyildiyi kimi, "ulduzlar heç yerdə doğulduğun torpağın səmalarında olduğutək parıldamır". Bəlkə bir gün qızım da öz uşaqlığının Bakısı üçün, böyük şəhərlərlə xəyanət elədiyi, avtobuslarında şeir kitabı satılan o şəhər üçün darıxacaq. Başa düşəcək ki, nəsillər arasındakı uçurum insanların günahı deyil.

# 1259 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #